Elçin: “Yazıçı tərcümə prosesi zamanı artıq müstəqil deyil, çevirdiyi mətnin ixtiyarındadır”

 

Yaşarın Xalq yazıçısı Elçinlə müsahibəsi

 

– Elçin müəllim, Azərbaycanın ən mütaliəli yazarlarından biri kimi, dünya ədəbiyyatının şah əsərlərindən tutmuş, ən gənc müəlliflərin yazdıqlarına qədər, demək olar ki, heç bir dəyərli bədii nümunə sizin diqqətinizdən kənarda qalmır. Bu mənada, yəqin ki, dilimizə tərcümə olunan əsərləri də izləyirsiz. Bu gün Azərbaycanda heç vaxt olmadığı qədər bədii tərcümə bumu yaşanır, bu vaxtacan yal­nız adlarını eşitdiyimiz müəl­liflər, əsərlər ana dilimizdə "danışır". Amma bu proses sistemli aparılırmı? Keyfiyyət kəmiyyətlə ayaqlaşa bilirmi?

– Yaşar, sən düz deyirsən ki, bu gün bizdə bir tərcümə bumu yaşanır. Ancaq bunun yaxşı tərəf­ləri olduğu kimi, pis tərəfləri də az deyil. Mənim bu tərcümələrin hamısını oxumaq imkanım yox­dur, ancaq tərcümə olunan bu təsərrüfatın elə ancaq adlarına baxmaq, onları sadəcə vərəqləmək kifayətdir ki, bu kəmiyyətin içində xeyli dərəcədə bayağı, səviyyəsiz, zövqsüz, primitiv yazıların və eyni səviyyəli də tərcümələrin olduğunu görəsən. Eyni zaman­da, səviyyəli, lazımlı əsərlərin də tərcüməsi bəzən qüsurlu olur, ori­jinal səviyyəsinə qalxa bilmir.

Bu prosesi sənin dediyin kimi sistemli aparmaq çətin məsələdir, "lisenziyalı tərcümə" mümkün deyil, Mərkəz bütün tərcümə nəşrlərinin bədii-estetik redakto­ru ola bilməz. Burada, məncə, əsas məsələ əyanilikdir. Yəni Mərkəz elə tərcümələri meydana çıxar­malıdır ki, onlar öz səviyyələri ilə nümunə olsunlar və oxucunu primitivlik və zövqsüzlük ba­taqlığından uzaqlaşdırsınlar.

– Aydın məsələdir ki, "Bibliya"nı oxumadan Dostoyevski, Folkner, Bulqakov, hətta Markes, Aytmatov kimi yazıçıların bir çox əsərlərini tam dərk etmək mümkün deyil. Və təəssüflər olsun ki, "Bibliya" hələ də dilimizə tərcümə ol­unmayıb. "Uliss" də, "Doktor Jivaqo" da... Bu siyahını xey­li uzatmaq olar. Elçin müəl­lim, bilmək maraqlı olardı, Siz hansı əsərləri Azərbaycan dilində görmək istərdiz?

– Sovet dönəmindən nəhəng və qiymətli bir tərcümə ədəbiyyatı bizə miras qalıb. Aydın məsələdir ki, onların hamısı yüksək səviyyə­li tərcümələr deyil, ancaq onlar bir küll halında bizim dünya ədəbiy­yatı ilə tanışlığımızda mühüm rol oynayıb. Ən çatışmayan cəhət o olub ki, bu tərcümələrin böyük əksəriyyəti orijinaldan yox, ikin­ci dildən çevrilib, yəni, misal üçün, Servantes, yaxud Balzak ispan dilindən, ya da fransız dilindən rus dilinə çevrilib, son­ra da rus dilindən Azərbaycan dilinə tərcümə olunub. Bu məna­da təskinlik yalnız ondadır ki, rus ədəbiyyatını – Qoqolu, Tolstoyu, Dostoyevskini, Çexovu... biz bila­vasitə orijinaldan tərcümə etmişik.

Digər tərəfdən, inzibati-ideoloji sərhədlər var idi və tərcümə bu sərhədləri keçməkdə aciz idi. Sən "Bibliya"nı deyirsən, heç "Quran"ın da tam və mükəm­məl müasir tərcüməsi yox idi. Yadıma gəlir, mən tələbə olarkən rəhmətlik Əli Fəhminin tərcümə etdiyi bir neçə surə makinadan çıxmış kağızlarda əl-əl gəzirdi. İlahi kitablar bəşəri sərvətdir və hər bir xalqın bu bəşəri sərvəti öz ana dilində oxuyub, əxz və dərk etmək imkanı olmalıdır. Mən çox istərdim ki, Antik ədəbiyyat da, qədim Çin, yapon, hind ədəbiyyatı da Azərbaycan dilinə tərcümə edilsin. Özü də yalnız yazılı bədii ədəbiyyat yox, miflər, fəlsəfi traktatlar, tarixi əsərlər. Gənc bir tarix həvəskarı Plutarxı oxumadan gələcəyin böyük tarixçisi ola bilərmi? Vaxtilə rəhmətlik professor Əli Sultanlı antik ədəbiyyatla bağlı müntəxəbat tərtib etmişdi, ancaq bu, dəryada damladır. Ayrı-ayrı tərcümələr də var. Misal üçün, “İliada”nı Mikayıl Rzaquluzadə, “Odisseya”nı isə Ələkbər Ziyatay rus dilindən tərcümə ediblər. Bu gün də o tərcümələri nəşr etmək olar, ancaq bir şərtlə ki, onların üzərində ciddi poetik və tekstoloji redaktə işi aparılsın. Dantenin, Bokkaççonun, Şekspirin, Molyerin, Bayronun, Hötenin, Balzakın, Hüqonun, Dikkensin və bu qəbildən başqa böyük müəl­liflərin, eləcə də rus klassikləri­nin vaxtilə Azərbaycan dilinə tərcümə olunmuş əsərlərini də Mərkəz məhz tərcümə baxımın­dan "gözdən keçirə" və onları bədii-estetik cəhətdən, eləcə də dilimizin müasir inkişafı baxımından "təmir" edə, dirçəldə bilər.

– Məlum olduğu kimi, Sizin şəx­si yaradıcılığınızda tərcümənin xüsusi yeri var. Hələ ədəbiyyata gəldiyiniz gənc yaşlarınızdan bu sahə ilə də ciddi və ardıcıl məşğul olmuş, dilimizə xeyli dəyərli əsərlər tərcümə etmisiz. Bu siyahıda pyeslər də var: Molyerin "Jorj Danden", "Skapenin kələkləri", Pirandellonun "Axmaq", Sartrın "Yalnız həqiqət", Abenin "İstehkam" pyesləri Sizin tərcümənizdə işıq üzü görüb. Son illər teatrlarımız xari­ci dramaturqların əsərlərinə daha çox müraciət edir. Həm vəzifənizlə, həm də dramaturq kimi şəxsi yaradıcılığınızla əlaqədar təmasda olduğunuz teatrlarımızın bu yanaşmasını necə dəyərləndirərdiz? "Kənar" müəlliflərə üstünlük ver­məklə teatrlarımız udur, yoxsa uduzur?

– Teatrlar səviyyəli əsərlərə üstün­lük verməlidir, bu – "kənar" da ola bilər, özümüzünkü də. Meyar – bədii-estetik səviyyədir. Yalnız bir cəhəti qeyd etmək istəyirəm ki, sovet dönəmində bizim teatrımız XX əsr dünya dramaturgiyasında və teatr sənətində gedən estetik pro­seslərdən kənarda qaldı, dediyim həmin ideoloji-inzibati sərhədlər, misal üçün, absurd dramaturgi­yanı yaxına buraxmadı. Ona görə də bu gün birdən-birə İoneskonun, yaxud Bekketin absurd pyesləri­ni tamaşaya qoymaq nəinki çətin, hətta heç mümkün də deyil, çünki ilk növbədə tamaşaçılarımız buna hazır deyil. Biz gərək həmin ideoloji-inzibati sərhədləri keçməyən əsərlərin, həm də yalnız dramatur­giya nümunələrinin yox, nəsrdə də, poeziyada da, fəlsəfi-estetik fikirdə də müxtəlif təmayülləri ifadə edən əsərlərin tərcüməsinə, oxucuların bu əsərləri qavramaq üçün hazır­lanmasına xüsusi fikir verək.

– Tərcüməmizin yaralı yer­lərindən biri də dublyajdır. "Azərbaycanfilm"in bir vaxtlar dublyaj etdiyi bir neçə filmi çıxsaq, bu sahədə görülən işlər qeyri-qənaətbəxşdir. Son illər kütləvi şəkildə dublyaj olunan filmlərdə, seriallarda isə nəinki keyfiyyətdən danışmaq müm­kün deyil, hətta əksər məqam­larda sətri tərcümə belə yan­lışlıqlarla doludur.

Yeri gəlmişkən, məşhur "Mah­mud və Məryəm" romanınız bu yaxınlarda Türkiyə kinema­toqrafçıları tərəfindən ekranlaşdırılıb. Bilmək maraqlı olar­dı, Azərbaycan türkcəsində yazıb, Türkiyə türkcəsində səsləndirmədə baxdığınız ro­man-kino dil və tərcümə baxı­mından Sizdə hansı təəssürat­ları oyatdı? Dublyaj peşəkarlığı ilə bağlı bu iki qardaş ölkə arasında hansı keyfiyyət fərqlərini görə bildiz? Ümumiy­yətlə, bizdə bu sahədəki vəziyyəti necə dəyərləndirərdiz?

– Doğrusunu deyim ki, "Mah­mud və Məryəm"ə ilk dəfə Tür­kiyə türkcəsində baxanda mənə bir az qeyri-adi gəldi, ancaq o qeyri-adilik tez də doğmalaşdı. O ki qaldı dublyaj məsələsinə, bizdə Türkiyədən fərqli olaraq, peşəkar dublyaj tərcüməçiləri yox­dur. Dublyaj təhkiyə deyil, canlı danışıqdır. Əgər fikir vermisənsə, Avropa, Amerika filmlərində sse­nari müəlliflərindən əlavə, çox zaman ayrıca dialoq müəllifləri də olur. Elə bilirəm ki, Mərkəz sırf dublyaj tərcüməçilərinin yetişdirilməsində də effektli fəaliyyət göstərməlidir.

– Tərcümə nəzəriyyəsi ədəbiy­yatın olduqca zəngin və maraqlı sahəsi olsa da, bizdə diqqətdən kənarda qalıb. Odur ki, əksər bədii tərcüməçilərimiz sırf intuisiya və yaradıcı təxəyyüllə işləyir. Siz ədəbiy­yatşünas-alim kimi də xey­li əsərlər müəllifisiz. Bizdə tərcümə nəzəriyyəsi sahəsində olan boşluqları doldurmaq üçün hansı təklifləriniz var?

– Tərcümə nəzəriyyəsi ədəbiy­yat nəzəriyyəsinin mühüm və tərcümənin miqyası artdıqca, yeni keyfiyyətlər əldə edildikcə, get-gedə müstəqilləşən bir qoludur. Biz­də tərcümə problemləri ilə məşğul olan, misal üçün, Fəridə Vəlixanlı kimi ayrı-ayrı səriştəli ədəbiy­yatşünaslar var, ancaq ümumi­likdə tərcüməni onun tarixindən tutmuş müasir təcrübələrinəcən ehtiva edəcək tərcümə nəzəriy­yəsi istənilən səviyyədə deyil. Güman edirəm ki, bu işdə də Mərkəz öz sözünü deməlidir və deyəcək.

– Bu bir həqiqətdir ki, Azər­baycan dilinə tərcümə­lərin böyük əksəriyyəti məhz yazıçılar tərəfindən edilib. Necə deyərlər, zər qədrini zərgər bilər. Peşəkar tərcüməçidən fərqli olaraq, yazıçı əsəri təkcə çe­virmir, həm də yaradır. Bu zaman o, yenə də peşəkar tərcüməçidən fərqli olaraq "meydanda", mətn­lə "ünsiyyət qurmaqda" daha sərbəstdir.

Elçin müəllim, necə bilirsiz, tərcüməçi təxəyyülünün hü­dudlarına sədd, sərhəd qoyul­malıdırmı və yaxud ümumiy­yətlə, tərcüməçinin mətndən kənar təxəyyülü ola bilərmi?

– Tar kamançanın müşayiəti ilə hansısa bir muğamatı çalan­da kamança onu təkrar edir. Tarzən virtuozdursa, kamançaçı da eyni virtuozluqla onu təkrar­layır. Bu kontekstdə tar müəllif­dir, kamança isə tərcüməçi. Yazıçı tərcümə prosesi zamanı artıq müstəqil deyil, çevirdiyi mətnin ixtiyarındadır. Oxucu həmin yazıçının yox, əsəri tərcümə olunan müəllifin üslubunu görməlidir. Burda, əlbəttə, bir sıra suallar meydana çıxır. Misal üçün, müəl­lifin dili qurudur, tərcümə edən yazıçının isə dili şirindir. İndi necə olsun? Quru təhkiyə ilə yazılmış bir roman şirin dilli bir roman nümunəsinə çevrilməlidir? Bax, tərcümə nəzəriyyəsi bu yerdə öz sözünü deməlidir.

Bizim Beydulla Musayev və Cahanbaxş, İshaq İbrahimov, yaxud Mustafa Əfəndiyev kimi peşəkar tərcüməçilərimizlə bərabər, Məm­məd Arif Dadaşzadə və Mikayıl Rəfili, Əkbər Ağayev və Məm­mədağa Sultanov, Mübariz Əlizadə kimi ədəbiyyatşünas alimlərimiz, Mirzə İbrahimov, yaxud Ənvər Məmmədxanlı, yaxud da Əhməd Cəmil, Əliağa Kürçaylı, Böyükağa Qasımzadə və bir çox başqaları kimi yazıçı və şairlərimiz də tərcümə ilə məşğul olublar. Onların qələmindən çıxan "Faust"dan, "Şahnamə"dən tutmuş "Anna Karenina"ya, "Səfillər"ə, "Sakit Don"a qədər o tərcümələr xüsusən qiymətlidir ki, həmin tərcümələrdə tərcüməçilər yox, tərcüməçilərin vasitəsilə müəl­liflər özlərini ifadə ediblər.

Mən Cabbar Məcnunbəyovun tərcüməsində "Başsız atlı"nı az qala altmış il bundan qabaq oxu­muşam, sonralar çox xoşladığım həmin romanı bir neçə dəfə rus dilində oxumuşam, ancaq bu gün də "Başsız atlı"nın məhz Azərbay­can dilindəki ab-havası mənimlədir. Çünki Cabbar Məcnunbəyov Mayn Ridi duyub, hiss edib və məhz onu oxuculara təqdim edib.

– Nobel mükafatı böyük ədəbiy­yat müstəvisində bəlkə də çox cılız görünür. Hətta bu müka­fat təsis olunandan bəri onlarla, bəlkə də yüzlərlə nəhəng yazıçı bu addan kənarda qalıb. Amma istəsək də, istəməsək də, bu addan böyüyü hələ ki, yoxdur. Və qəribəsi də budur ki, ədəbiy­yat üzrə yüzdən artıq Nobelçidən cəmi ikisi müsəlmandır. Necə bilirsiz, bu məsələdə də dini ayrı-seçkilik var? Bir də son Nobel mükafatçısı Patrik Modianonun yaradıcılığı haqqında fikirlərinizi öyrənmək istərdik.

Mən əvvəllər də demişəm, indi də təkrar edirəm ki, Nobel mükafatı almaq, əlbəttə, şərəfli bir hadisədir, bu mükafat müəllifə də, onun xalqına da başucalığı gətirir, ancaq bu mükafat heç vəchlə ədəbi meyar deyil. Bu baxımdan yüzlərlə misal gətirib, müqayisələr apar­maq olar. Elə sonuncu mükafatı götürək. Mən Modianonun "Qaranlıq dükanlar küçəsi" romanını rus dilində hələ sovet vaxtı, 80-ci illərin sonlarında oxumuşdum və bildiyim dərəcədə bu əsər onun ən yaxşı romanı he­sab olunur. Yadımdadır ki, o roman qısa bir cümlə ilə başlayırdı: "Mən heç kiməm".

Sonralar onun kiçik povestləri­ni oxudum, gördüm ki, həqiqətən "heç kimlər"in istedadlı yazıçısıdır, yəni onun əsərlərinin – hər halda mən oxuduqlarımın – qəhrəmanları "heç kim" olsa da, olmasa da, alt qatında "heç kimlər"in həyatı, düşüncəsi, taleyi durur. Bu əsərlər, heç şübhəsiz ki, ciddi ədəbiyyat nümunələridir. Ancaq Modianoda, mənə görə, Murakami dərinliyi yoxdur. Murakami xislətin elə dərinlərinə gedə bilir ki, ora, yenə də mənə görə, Modiano girən kol deyil. An­caq Nobeli Murakami yox, Modiano aldı.

Mən Nobel mükafatının əhəmiy­yətini və miqyasını qətiyyən azalt­maq fikrində deyiləm, sadəcə, Nobel mükafatı da bütün başqa mükafatlar kimi ədəbi meyar de­yil. O ki qaldı dini ayrı-seçkilik məsələsinə, güman etmirəm ki, belə bir ayrı-seçkilik var. Müxtəlif hallarda başqa ayrı-seçkilik­dən danışmaq olar – siyasi-ideoloji ayrı-seçkilik. Baxın, rus ədəbiy­yatının beş nümayəndəsi Nobel mükafatı alıb: Bunin, Pasternak, Şoloxov, Soljenitsın, Brodski. Mən Soljenitsını tam oxumuşam, ancaq böyük ədəbiyyat nümunəsi kimi mənim üçün onun ikicə əsəri var: "İvan Denisoviçin bir günü" povesti və "Matryonanın həyəti" hekayəsi.

Soljenitsın böyük rus vətəndaşıdır, buna söz yox, an­caq Bulqakov, Platonov, Paustovski, Qrossman, Rasputin – ilk ağlıma gələnlərin adını çəkirəm – onlar bəyəm Soljenitsından aşağı yazıçılardır? Mən hələ No­beldən kənarda qalmış Tolstoyu, Çexovu, elə Qorkinin özünü demirəm. Yaxud Blok, Mayakovski, Yesenin, Axmatova, Axmadulina, Voznesenski Brodskidən aşağı şairlərdir? Əlbəttə yox. Mən “siyasi-ideoloji ayrı-seçkilik” dedim, ancaq bunu da qeyd edək ki, belə bir ayrı-seçkilik, misal üçün, SSRİ-dəki Stalin mükafatından fərqli olaraq Nobel mükafatında mütəmadi xarakter daşımır, tək-tük hadisələrdəndir. Stalin mükafatı – Stalin ifşa olunduqdan sonra SSRİ Dövlət mükafatı adlandı – çox zaman bədiiliyə görə yox, mövzuya görə verilirdi. Kommunist partiyasını, rəhbərləri vəsf edən, xislətdən yox, "sosializm quruculuğu"ndan, pambıqçılıqdan, neftdən, metallurgiyadan, heyvandarlıqdan və sairdən bəhs edən əsərlər Stalin mükafatı alırdı. Əlbəttə, istisnalar var idi, ancaq bunlar məhz istisna idi. Stalin mükafatlarının imtiyazları da Nobel mükafatından az deyildi ki, çox idi. O əsərlər dərsliklərə salınırdı, klassika elan edilirdi, müəlliflər deputat təyin olunurdu və sair.

Semyon Babayevski romanlarına görə altı-yeddi dəfə Stalin mükafatı almışdı, indi o, hardadır və kimdir? Aydındır ki, bu baxımdan Nobel mükafatı qat-qat artıq dərəcədə elitardır, mötəbərdir, müstəqildir. Bir cəhəti də qeyd edim ki, dil məsələsi də ciddi faktordur. Ərəb, yaxud fars dilində yazırsan, səni ərəblər, yaxud farslar oxuyur. İngilis dilində yazırsansa, səni dünyanın yarısı tanıyır. İstisnalar var, ancaq küll halında dil məsələsi çox ciddi amildir.

– Söhbətimizin sonunda dəyərli vaxtınızı bizə ayırdığınıza görə bir daha Sizə dərin təşəkkürümüzü bildirir, Tərcümə Mərkəzinin, onun mətbu orqanlarının gələcək fəaliyyətiylə bağlı təklif və məsləhətlərinizi eşitmək istəyirik.

– Yaşar, təklifim də, məsləhətim də, istəyim də budur ki, Tərcümə Mərkəzi bizim Mənəvi Mərkəzimizə çevrilsin. Biz səninlə əsasən bədii ədəbiyyatdan danışdıq, ancaq aydındır ki, Tərcümə Mərkəzi yalnız bədii ədəbiyyatla məşğul olmayacaq. Elmi, siyasi, fəlsəfi ədəbiyyat da diqqət mərkəzində olacaq. Eyni zamanda, yəqin ki, klassik və müasir Azərbaycan ədəbiyyatının, elminin ən yaxşı nümunələrinin də xarici dillərə çevrilməsi Mərkəzin əsas funksiyalarından biri olacaq.

Uzun sözün qısası, uğurlar, uğurlar və bir daha uğurlar!

 

 

Redaksiyanın qeydi: müsahibə 24 oktyabr 2014-cü ildə alınıb.