Cəlil Cavanşir - Gedə bilməyən adamın şeiri

Gedə bilməyən adamın şeiri...


Hara çıxıb gedəsən?
Getməyə yer də yoxdu...
Vida etməyə adam,
Sıxmağa əl də yoxdu...
Daha yazmaq da olmur bu boyda tənhalığı...
Bir az can sıxıntısı
Bir az nigarançılıq
Ürəyim boş, əlim boş
ağlayıram, susuram
Qapı zəngi çalınır, pəncərəyə qaçıram.
Daha darıxmaq olmur, adam kimi darıxmaq...
Mayın tam ortasında üşüyürəm, donuram.

Sıxır məngənəsində məni soyuq divarlar.
Bu qapının o tayı günəşlidir, istidir.
Hardasa çox uzaqda öləziyən ümid var.
Ən böyük faciədir kişi ümidsizliyi...
Sən sonuncu ümidsən Bu yadlar arasında
Bircə dəfə "getmə" de, qalım birgə yaşlanaq.
Bircə dəfə dilindən gözəl səslənsin adım.
Yaxşı xatırlayıram sonunucu gedişimi,

Pencəyimi götürdüm, getdim və qayıtmadım...

Bax, getsəm, bu küçələr səni darıxdıracaq... 

 

Darıxan adamın şeiri

 

bilirsən də, 
mən darıxan adamam
bilirsən də,
çox içirəm gecələr
bir də hava tutuldumu...
zülümdü!
sonra hamı yaddan çıxır
yada düşür bir nəfər...
allah haqqı darıxıram
qurban olum qayıt gəl...

bir az saat əqrəbləri, 
bir az gecə vicdansız
qıvrılıram, 
sıxılıram
ürəyim səksəkədə
niyə belə daşürəksən, 
niyə belə amansız?
qayıtsaydın, 
sabahacan sevişərdik 
bəlkədə...
allah haqqı darıxıram
qurban olum qayıt gəl...

indi elə tənhayam ki
indi elə təkəm ki,
biri çağırsa adımı,
diksinərəm səsindən
lənət olsun bu gecəyə
mən elə sərxoşam ki
gəlsən bir də viski al gəl,
beləəə...
lap yekəsindən
allah haqqı darıxıram
qurban olum qayıt gəl...

gecə hələ yarı deyil
siqaretim qurtarıb...
kimə deyim “siqaret ver”
axı mənim kimim var?
bilirəm ki, gələcəksən
siqareti unutma
bircə qutu bəs eliyər
təki çıxım sabaha
sabah özüm də alaram...
vicdan haqqı pulum var
allah haqqı gicləyirəm
qurban olum qayıt gəl...

 

***


Şairin gecə ayini


Gecənin içindəki işığa dikilir baxışlarım - yorğunam, sərsəriyəm
şeirin üstünə yeriyirəm
gecəni udum-udum içirəm
sabahın adamsızlığına gedirəm
And olsun qaranlığa ki,
yalan danışdığını bilirəm...
Ulduzlar qədər uzaqsan və mən səni sevirəm.
Qutudakı son siqaretə uzanır əllərim,
Qutudakı son kibrit dənəsini yandırıb, qaranlığa atıram.
Alışır gecənin bağrı, gecəyə od vururam.
Qaranlığın alışan bağrında bir siqaret yandırıb,

bir içki süzürəm özümə
bir udum soyuq içirəm, bir udum gecə içirəm,

bir nəfəslik işıq çəkirəm ciyərlərimə
sənə durmadan zəng edirəm, sənə durmadan zəng edirəm
və telefonum söndürülüb...
Fələstində bir uşaq vurulur ürəyindən, qan süzülür barmaqlarımdan.
Bir sərsərisi də azalacaq şəhərin,
Çünki çıxıb gedirəm.
Beynimdə qancıq köpəklər ulaşır və bir fahişə düşür maşından

Küçə qaçır ayaqlarımın altından, ulduz axır

Mən maye halındayam indi, darıxmağın maye halında.

Özümü içirəm bütün gecələrin sağlığına.
Göz bəbəklərim ovcumda, səni axtarıram.
İçimdə əcaib sancı var, hamilə olduğumu düşünürəm

Qərib və avara gecələrlə sevişən,
Və qorunmayan küçə şairiyəm..
Bir işıq dirəyinin kölgəsinə çəkilib şeir doğuram.
And olsun bu qaranlığa ki, səni zərrə-zərrə unuduram.