Vivyen Linin "küləklə sovrulan" həyatı

Bölmə: Art 19.11.2018

 

Vivyen Li dünya kinosunun ən parlaq və sevilən simaların­dan biridir. Ecaz­kar gözəlliyi, zəngin daxili aləmi və yaratdığı obraz­ları yaşamaq istedadı onu hələ sağlığında əfsanəyə çevi­rib. "Küləklə sovrulanlar" filmindəki Skarlet, "Arzu tramvayı" filmindəki Blanş rollarına görə iki dəfə "Oskar" mükafatı­na layiq görülüb. Teatrda da bir-birindən maraqlı rollar yaradan aktrisa Kleopatra, Cülyetta, Ledi Maqbet kimi klassik obrazlarla sevilib.

Üç yaşından səhnədə

Vivyen Meri Hartli 1913-cü il no­yabrın 5-də Hindistanda anadan olub. İngilis əsilli atası Ernest Hart­li zabit olub və Hindistanda xidmət edib. Damarlarında irland, fransız və ingilis qanı axan anası Gertruda Robinson isə ev işləri və uşaqların tərbiyəsi ilə məşğul olub. Vivyenin valideynləri Londonda tanış olublar. Toydan bir qədər sonra cütlük şəhər-şəhər, ölkə-ölkə gəzib. Darcilinq şəhərində anadan olan Vivyen də sonra ailəsi ilə birlikdə Banqlora köçüb və uşaqlığının böyük hissəsi bu şəhərdə keçib.

Aktrisa haqqında yazılan çoxsaylı məqalə və kitablarda onun hələ üç yaşında səhnəyə çıxdığı qeyd olu­nub. Üçyaşlı Vivyen Hindistan­da xidmət edən ingilis hərbçiləri qarşısında çıxış edib və "Balaca Bo Pip" şeirini oxuyub. Aktrisa­nın anası da həvəskar teatr trup­pasında çalışıb. Valideynləri ba­laca qızın yaradıcı potensialının üzə çıxması üçün əllərindən gələ­ni ediblər. Anası Vivyeni Hans Xristian Andersen, Lyuis Kerol, Redyard Kiplinq yaradıcılı­ğı və yunan mifologiyası ilə tanış edib. Balaca Vivyen evə gələn xü­susi müəllimlərin köməyilə dünya ədəbiyyatını, poeziyanı, musiqini mükəmməl öyrənib.

1920-ci ildə 7 yaşlı Vivyen İngil­tərəyə yola düşüb. Burada gələcək aktrisa "Müqəddəs könüllər" mo­nastırında təhsil alıb. Monastırda o, sonralar məşhur aktrisa olan Morin Osallivanla dostlaşıb və səhnəni fəth etmək qərarına gəlib.

İlk nikah və ilk film

Təhsilini Avropada davam et­dirən Vivyen 1931-ci ildə İngiltə­rəyə – valideynlərinin yanına qa­yıdıb. Valideynləri onun aktrisa olmaq istəyini müsbət qarşılayıb­lar. Atasının köməyilə o, Londondakı Dram Sənəti Akade­miyasına qəbul olunub. Öz üzə­rində yorulmadan çalışan Vivyen peşəkar aktrisalıq yolun­da inamla addımlayıb.

Akademiyada təhsil aldığı illər­də aktrisa, vəkil Herbert Li Holmanla tanış olub. Vivyendən 13 yaş böyük olan vəkil Holman incəsənəti və teatrı qətiyyən sevməyib. Mühafi­zəkar təbiətli Herbert sevdiyi xanı­mın işləməsinə kəskin etiraz edib. Bütün ziddiyyətlərə rəğmən Vivyen və Herbert 1932-ci il dekabrın 20-də ailə həyatı qurublar. Ev işləri, ailə qayğıları ilə məşğul olan Vivyen Akademiyanı çətinliklə də olsa ba­şa vurub. 1933-cü ilin oktyabrında aktrisanın qızı Syuzanna dünyaya gəlib. Amma Vivyen səhnəsiz, sənətsiz yaşaya bilmədiyini çox tez anlayıb. Ev qadını obrazından be­zən Vivyen 1935-ci ildə "Skvayr kəndi" komediyasında səhnəyə çıxıb. Eyni ildə aktrisa "İşlər yo­lundadır" filmi ilə kinoda debüt edib. "Xeyirxah adamın maskası" tamaşasındakı rolu ona məşhurluq gətirib. Tənqidçilər gənc Vivyenin ifasını olduqca yük­sək qiymətləndiriblər.

Elə ilk tamaşadan sonra aktrisa Vivyen Li Holman adını qısaltmaq qərarına gəlib. Prodüserinin ona təklif etdiyi "Eypril Morn" təxəllüsünü bəyənməyən gənc qız Vivyen Li olub.

 

 

Olivye ilə tanışlıq

 

"Xeyirxah adamın maskası" ta­maşası aktrisanın həyatını dəyişib. Nümayişlərin birində əfsanəvi aktyor Lourens Olivye Vivyenin qrim otağına gələrək, uğurlu çıxışa görə onu təbrik edib. Vivyen və Lourens tezlik­lə dostlaşmağı bacarıb. "İngiltərə üzərində alov" filminin çəkilişləri zamanı bu dostluq sevgiyə çevrilib.

Hər ikisi evli olsa da çəkiliş pro­sesində yaranan münasibətləri giz­lətmək mümkün olmayıb. Lourenslə yaşadığı eşq macərası Vivyenin daha da məşhurlaşmasına və yeni rollar qazanmasına səbəb olub.

Li sevimli aktyoru və rejissoru Lourensin "Old-Vik" teatrında ha­zırladığı "Hamlet" tamaşasında Ofeliyanı oynayıb. Vivyenin və Olivyenin həyat yoldaşları boşanma­ğa razı olmadıqları üçün cütlük yeni mənzilə köçmək qərarına gəlib.

"Yankilər Oksfordda" filmin­də aktrisa Robert Teylor, Layonel Berrimor və Morin Osallivanla tə­rəf müqabili olub. Məhz bu film Vivyen Lini Birləşmiş Ştatlarda məşhurlaşdırıb.

Nəhayət, 1940-cı ilin fevralında Vivyen və Lourens Santa-Barbarada nikah bağlayıb. Mərasimdə özlərindən başqa, yalnız iki nikah şahidi iştirak edib.

Li və Olivye "Ledi Hamilton" filmində tərəf müqabili olublar. Vivyenin yaratdığı Emma Hamilton obrazı onun Hollivud ulduzu statusunu möhkəmləndirib. Film və aktrisa İngiltərə Baş naziri Uinston Çörçilin sevimlisinə çevrilib.

1939-cu ildə ekranlara çıxan "Küləklə sovrulanlar" filmi isə aktri­saya dünya şöhrəti gətirib. Skarlet roluna görə Vivyen ilk "Oskar"ını qazanıb. Bu gün də çoxları Vivyen Lini məhz Skarlet Ohara kimi xa­tırlayır.

Xəstəlik baş qaldırır

Vivyen və Lourensin Brodvey səhnəsində hazırladığı "Romeo və Cülyetta" tamaşası gözlənilən ma­rağı qazanmayıb. Uğursuzluq bü­tün maddi və mənəvi gücünü bu layihəyə sərf edən cütlük üçün əsl faciə olub.

1943-cü ildə cütlük İngiltərə­yə qayıdıb və Li Şimali Afrika turnesinə çıxıb. Aktrisa səh­hətində yaranan problem ucba­tından turneni yarımçıq qoyub. Həkimlər Vivyen Liyə vərəm ol­duğunu deyəndə əsəbləri onsuz da zəif aktrisa huşunu itirib. Qısamüd­dətli müalicədən sonra "Sezar və Kleopatra" filmində oynayan Vivyen hamilə olduğunu öyrənib.

Bədbəxtlikdən körpəsini itirən aktrisa dərin depressiyaya düşüb.

Tamaşaların birində özündən çı­xan Vivyen Lourensə hücum çə­kib və səbəbsiz-filansız qışqırmağa baş­layıb. Huşunu itirən Li ayılanda olanları xatırlamayıb.

Vivyen səhhətinə görə bir çox layihələrdən kənarda qalıb. Maniakal depressiyadan əziyyət çəkən Li çətin xarakterli aktri­sa imici qazanıb. Buna görə də çox vaxt rejissorlar onunla işləməkdən boyun qaçırıblar.

1940-cı illərin sonlarında Li və Olivye cütlüyü teatrda yaratdıqları sil­silə obrazlar sayəsində müna­sibətlərini yolu­na qo­ya biliblər.

Cütlüyün Avst­raliya və Yeni Zellandiya turnesi böyük uğurla ke­çib. Amma yuxu prob­lemi ucba­tından Vivyen çox vaxt səhnəyə çıxa bilməyib, onu dublyoru əvəz edib.

Özünü faciə janrında sınamaq qərarına gələn Vivyen Li Tennesi Uilyamsın "Arzu tramvayı" tamaşasında Blanş Dyübua obrazını canlandırıb.

Tamaşa 326 dəfə oynanılıb. Eyniadlı filmdə Marlon Brando aktrisanın tərəf müqabili olub. Sonralar müsahibələrinin birində aktrisa Blanş Dyübua obra­zının onu dəli­lik həddinə çatdırdığını etiraf edib. Filmdəki obrazına görə Li ikinci "Oskar"ını və "BAFTA" mükafatı­nı qazanıb.

Küləklə sovrulanlar...

"Arzu tramvayı"ndan sonra aktrisa cəmi üç filmdə – "Tünd-göy dəniz", "Roma baharı – missis Stoun" və "Səfehlər gəmisi"ndə rol alıb.

1953-cü ildə "Fil cığırı" filminin çəkilişləri zamanı Vivyen növbəti əsəb sarsıntısı keçirib. Aktrisa dər­hal Londondakı psixiatriya xəstə­xanasına aparılıb. Onun əvəzinə baş rolu Elizabet Teylor oynayıb.

Mütəmadi depressiya və əsəb pozuntularından əziyyət çəkən Vivyen Li kino və teatrdakı işlərini yarımçıq qoymalı olub. Müalicə onu tamamilə üzüb, Lourenslə münasibətləri də dözülməz həddə çatıb. Evdən və Vivyendən uzaqlaşan aktyor çəkiliş meydançasında həmkarı Coan Plouraytla tanış olub və eşq yaşayıb.

Vivyen Li ilə yaşamağın mümkünsüzlüyünü görən Lourens Olivye 1960-cı ildə boşanmaq istədiyini bildirib. Aktrisaya boşanmaq qərarını teleqramla yazıb göndərən Lourens bir il sonra istəyinə nail olub. Vivyendən boşanan kimi də Coan Plouraytla ailə qurub və cütlüyün üç uşağı dünyaya gəlib.

Tezliklə Vivyenin xəstəliyi ağırlaşıb, 1967-ci ildə isə növbəti vərəm tutması ölümlə nəticələnib. 1967-ci il iyulun 7-də 53 yaşlı aktrisa Londondakı evində gözlərini əbədi yumub. Vəsiyyətinə əsasən, Vivyen Linin nəşi yandırılıb və Şərqi Sasseks qraflığının yaxınlığındakı gölə səpilib.

Son ana qədər aktrisa Lourensə sədaqətini qoruyub, çoxsaylı təkliflərə və sevgi etiraflarına baxmayaraq bir də ailə həyatı qurmayıb. "Vivyen Olivyeni çox sevirdi, buna şübhə ola bilməz. Son günə qədər aktyorun şəkli onun çarpayısının yanında idi. Olivye onun həyatının yeganə sevgisi olub", – Olivye Lourensin oğlu Tarkuin xatirələrində belə yazıb.

Leyla