Vətən mənə oğul desə...

 

Vətən mənə oğul desə

Buyruqlara sığışmayan inaddım,
Çox qanadlar yorub salan qanaddım.
Ulduzlara barmaq silkib daş atdım,
Nizamlara baş əyməzdi nizamım.

Qayaları haçalardı qüdrətim,
Buludları parçalardı qüdrətim,
Şimşəkləri qıçalardı qüdrətim,
Yorulanda nur mizrablı ozanım.

O selablar seləliyim yalanmış,
Ötən günlər çalağanmış, çalanmış.
Bircə kövrək xatirələr qalanmış,
Onu da ki, ha çevirim, ha sanım...

Vətən mənə oğul desə, nə dərdim,
Mamır olub qayasında bitərdim.
Bu torpaqsız harda, nə vaxt, nə dərdim –
Xəzanımdır, xəzanımdır, xəzanım.

Dünənimi döşdən asan deyiləm,
Dünənimə qəbir qazan deyiləm.
Ürəyimsiz kəlmə yazan deyiləm,
Nə qədər ki, öz əlimdi yazanım.

 

Əlvida, dağlar

Bəlkə bu yerlərə bir də gəlmədim,

Duman, salamat qal, dağ, salamat qal!

Dalımca su səpir yoxsa buludlar? –

Leysan, salamat qal, yağ, salamat qal!

 

Qıy vuran qartallar yox oldu çəndə,

Nərgizlər saraldı şehli çəməndə.

Ey qaragöz pəri, dalımca sən də

Boylan, salamat qal, bax, salamat qal!

 

Gəldim, qarşıladı güllər-çiçəklər,

Gedirəm, əl edir boz biçənəklər.

Nidamı çaylara dedi küləklər:

Bulan, salamat qal, ax, salamat qal!

 

Dağların pələngi, şiri də sənsən,

Şairi də sənsən, şeiri də sənsən.

Varı, bərəkəti, xeyri də sənsən –

Çoban, salamat qal, sağ-salamat qal...

 

 Qayıdarsan

 

Belə dönmə, ismi dönük deyilsən;

Gileyin var: yağdırıb get, yağıb get.

Qayıdarsan: yol göyərər, yol donar,

Keçdiyimiz yola bir də baxıb get!

 

İnnən belə dəmin dəmdə, qəmin kəm...

İnnən belə toy-büsatlar səninki.

Göz yaşların gərək olmaz yəqin ki...

Gözlərini gözlərimə sıxıb get.

 

Aldatmaq da aldanılmaq deyilmi?

Zəhər satmaq zəhər almaq deyilmi?

Yaxşı quyu tərs badalaq deyilmi? -

Elə birdi: yıxılıb get, yıxıb get...

 

Tufan dəli, il tağında gül zərif,

Tez töküldü ömrümüzün gün zəri.

Barı ayır yadda qalan günləri,

Yaddaşının bir ucuna yığıb get.

 

Qopdu bir səs, qopdu bir tağ qalamdan,

Göyərçinlər perikdi dağ qalamdan,

Eşqim qalan bu üçbucaq qalamdan

Əlində cam, dilində şam çıxıb get...

 

 Azərbaycan – dünyam mənim

 

Azərbaycan – qayalarda bitən bir çiçək,

Azərbaycan – çiçəklərin içində qaya.

Mənim könlüm bu torpağı vəsf eləyərək,

Azərbaycan dünyasından baxar dünyaya.

 

Azərbaycan – mayası nur, qayəsi nur ki...

Hər daşından alov dilli ox ola bilər.

“Azərbaycan!” deyiləndə ayağa dur ki,

Füzulinin ürəyinə toxuna bilər.

 

Oğulları Kür gəzdirər biləklərində,

Oğulların göz atəşi gözəl əridir.

Azərbaycan səhərinin bəbəklərində

Qütb ulduzu, dan ulduzu gözəlləridir.

 

Tariximə qara xətli hicri, miladı

Qılıncların qan ağzıyla yazılmadımı?!

Babaların boz çöllərə bənzər muradı

Qızıl bayraq dalğasından yaz almadımı?!

 

İllər olub – kürrələrdə dəmir olmuşuq.

Sərhədlərdə dayanmışıq küləkdən ayıq.

Od gölündə, buz çölündə gəmi olmuşuq,

Biz Bakının ilk səadət carçılarıyıq.

 

Min illərlə zülmətlərə yollar açıqdı,

Dalğalandı Sabirlərin ümman dünyası.

Azərbaycan qatarı da yollara çıxdı,

Dağılanda Qoca Şərqin duman dünyası.

 

Azərbaycan – mayası nur, qayəsi nur ki,

 Hər daşından alov dilli ox ola bilər.

“Azərbaycan!” deyiləndə ayağa dur ki,

Ana yurdun ürəyinə toxuna bilər.