“Mənim aləmimdə sükut məhvə bərabərdir”

 

Xalq artisti Fuad Poladovla müsahibə

 

– Bakıda doğulub böyümüsünüz, amma müsahibələrinizdə, uşaqlıq xatirələrinizdə İsma­yıllıda keçən yay tətilinizdən xüsusi danışırsınız. Bəl­kə, elə buna görədir ki, obrazlarınızda təkcə şəhər adamına məxsus kübarlıq yox, həm də əyalət, təbiət adamına xas olan bir çılğınlıq, təbiilik var. Biz ha­mımız uşaqlıq adlanan məm­ləkətdən gəlirik. Maraqlıdır, sizin «məmləkət»iniz necə bir yer idi?

– Məmləkət deyəndə, ana nənəm İsmayıllıda yaşayırdı. O vaxtlar üç aylıq yay tətilində onun yanına gedirdik, tətili orada keçi­rirdik. Kənd həyatının öz gözəllikləri var: insan üçün həm uşaq­lıq məktəbidir, həm də təbiətlə tanışlıq dövrüdür. Məsələn, mən üzməyi dənizdə yox, çayda öy­rənmişəm. İlk dəfə kənddə at çapmışam, ağaca çıxmışam. İlk dəfə teatrla bağlı "eksperiment­lərimi" –səhnəciklərimi də orada göstərmişəm. Rayonda olduğum dövrlər yaddaşımda çox işıqlı bir xatirə kimi qalıb. Düzdür, bu dövr uzun sürməyib, ibtidai sinfi bitirdikdən sonra uşaqlığımın Ba­kı mərhələsi başlayıb. Dram dərnəyinə get­mişəm, televiziyadakı uşaq verilişlərində aparıcılıq etmişəm, böyük aktyorlarla tə­rəf müqabili olmu­şam. Bunlar hamısı uşaqlığımın xoş, silinməz və yadda­qalan xatirələridir.

– Tarkovski de­yir ki, məşhur "Güzgü" filmini, böyüdüyü mühitin, insanların ona təsiri, uşaqlıq qorxuları və sevinc­ləri barədə çəkib. Bir aktyor kimi, uşaqlıqda yaşadığınız müsbət və ya mənfi məqamlar yaratdığınız obrazlarda öz ək­sini tapıbmı? O hisslər nədəsə köməyinizə gəlibmi?

– Hisslər köməyimə gəlib ,de­məzdim. Şəhər və kənd mühi­ti bir-birindən kəskin fərqlənir. Mənim oynadığım rollar, əsa­sən, şəhər tipajlarıdır. Amma "Küçələrə su səp­mişəm" filmindəki Xəlil, bir də Dram teatrında "Darıxma, ana" tamaşasında oynadığım Aftandil hardasa rayon obraz­ları idi. Belə rolları yaradanda, əlbəttə, uşaqlıqda ətrafımda olan tay-tuşlarımdan yadda qalan nələrisə obraz­larıma qatmışam.

– Deyirsiz ki, özünüzü tanıyandan və xa­tırlayandan aktyor olmaq istəmisiniz. Özünüzlə tanışlıq nə vaxt baş verib?

– Onu bilsəydim nə vardı ki... Özüm yadıma gələndən, daha doğrusu, hələ məktəbə getmədi­yim illərdə qəzet köşklərin­dən əcnəbi aktyorların şəkillərini alıb alboma yapışdırırdım. Yadı­ma ilk gələn o albomdur. Sonra, gördüyünüz kimi, bu uşaq həvəsi cücərdi, böyüdü, qol-qanad açdı.

– Dövrün ən istedadlı aktyor­ları ilə tərəf müqabili olmu­sunuz, ən peşəkar rejissorlarla işləmisiniz. Sizə elə gəlmir ki, bugünkü gənclərlə müqayisə­də xeyli şanslısınız? Məsələn, indi onların müasiri və kumirisiniz, amma İncəsənət Univer­sitetində dərs demirsiniz, sizi teatrda mütəmadi görmürlər.

– Əlbəttə, daha şanslı idim. Am­ma icazə verin bu "mütəmadi gö­rünmək" fikrinizlə razılaşmayım. Çünki mən sənətə başladığım ilk gündən necə iş başında olmu­şamsa, bu gün də eləyəm. 45 ildən artıqdır ki, səhnədəyəm və bir gün olsun boş dayanmamışam, darıxmamışam. Əlbəttə, cavanlıqda elə olurdu ki, ildə 3-4 rol oynayırdım, amma yaşa dolduq­ca seçim edirsən. Yəni, hansı rolları oynamaq istəyirsən, onunla tamaşaçıya nə çatdırmaq istəyirsən. Və getdikcə rolların sa­yı azalır. İndi də şikayətçi deyiləm. İki teatrda işləyirəm deyə, yaşımı nəzərə alıb, hər teatrda ildə bir rol oynayır, bir filmə çəkilirəm. Gənc­lərlə ünsiyyətə gəlincə, elə bu dəqiqə dərsdən gəlirəm. Artıq on ildən çoxdur ki, Milli Konserva­toriyada aktyor sənətinin əsasları fənnindən dərs deyirəm. Ondan əvvəl də 10 il İncəsənət Universitetində işləmişəm. İllər sonra Sə­yavuş Kəriminin təkidi ilə yenidən dərs deməyə başladım.

– Akademik Dram Teatrından Rus Dram Teatrına keçdiniz, daha sonra Teatr Xadimləri İt­tifaqının nəzdindəki “Zəfər” stu­diyasında çalışdınız. Bu dəyi­şikliklər darıxmağınızla bağlı idi? Və bir də, maraqlıdır, alternativlər olsaydı, bu yola davam edərdinizmi?

– Darıxmaq yox, axtarışla bağlı idi. Oturub nəyisə gözləmək mənə xas deyil. Hiss edəndə ki, burada baş verənlər səni qane etmir, ba­şa düşürsən ki, yeni bir şey axtarmaq lazımdır. Mən də həmi­şə axtarışlara üstünlük vermişəm və tapmışam. İyirmi il Akademik Milli Dram Teatrında işləyəndən sonra Rus Dram Teatrında yeni nələrsə tapdım. Sonra “Zəfər” stu­diyasında çalışdım. Bu həm tamaşaçı, həm də repertuar rənga­rəngliyidir. Məsələn, əgər ancaq Azdramada qalsaydım, heç vaxt Çexovun və ya bir çox dünya dra­maturqlarının əsərlərində oynaya bilməzdim.

Dayanmaq sə­nət adamı üçün durğunluqdur. Bir dəqiqə də dayanmaq olmaz. Dayandınsa, nəyisə gözlədinsə...

– Vısotski Hamleti 33, Benedikt Kamberbetç 38, siz isə 54 yaşınızda oynamısınız. Ümu­miyyətlə, Hamletin yaşı var­mı?

– Hamletin yaşı yoxdur. Ham­let elə bir zirvədir ki, onu hər aktyor, hətta aktrisa da fəth et­mək istəyir. Fransız aktrisası Sara Bernar belə, bu obrazı canlandırıb. Bir də ki, 50 yaşını ke­çən adam Məcnunu, Koroğlunu oynaya bilər, Hamleti oynaya bilməz?

Hamlet çox mürəkkəb obraz­dır və burada əsas məsələ sənin bu obrazla nəyi necə deməyindir. Məsələn, "Olum, ya ölüm?" monoloqunu sən bugünkü tamaşaçıya nə cür çatdırırsan? Onda hansı hissləri oyadırsan? Bilirsiniz, bu sənətə ciddi yana­şan hər bir aktyorun Hamleti oynamaq arzusu olur. Mə­nim hələ illər öncə Ham­leti oynamaq imkanım olub. Heç 40 yaşım yox idi, Opera və Balet Teatrının rejissoru Əflatun Nemətzadə Azdrama­da hazırlıq işlərinə baş­ladı. Əmr də verilmişdi, amma sonra rəhbərliklə ziddiyyətlər yarandı və iş alınmadı. Mən Hamlet kitabını artıq bağlamışdım, amma Azərpaşa Ne­mətov məni inandırdı və razılıq verdim. Yaxşı ki, razılıq verdim.

– Aktyorlara tez-tez "oynadığı­nız obrazlardan hansı sizə da­ha yaxındı?" sualı ilə müraciət edirlər. Səhv etmirəmsə, siz də "Küçələrə su səpmişəm" fil­mindəki Xəlil obrazının adını çəkmişdiniz. Sizcə, biz tama­şaçılar niyə oxşarlıq axtarırıq, niyə aktyordan oynadığı rola adekvat həyat, davranış gözlə­yirik?

– Bunu o sualı verənlərdən soruşmaq lazımdır. Amma məncə, bu sualın məğzi odur ki, sizin xarakterinizlə yarat­dığınız obraz arasında hansı bənzərliklər, oxşarlıqlar var. Mən demişəm ki, qəhrəmanlarımla aramda belə bir bənzərlik, yaxınlıq yoxdur. Bir­cə Xəlil obrazını vurğulamışam. Çünki onun düşdüyü vəziy­yətlərə mən düşmüş olsaydım, adekvat addım atardım. Aktyor hansısa qəhrəmanda hansısa cəhəti sevib onu canlandırır. O, qəhrəmana valeh olur və deyir ki, görəsən, bunu səhnədə necə canlandırmaq, necə yaratmaq olar? Obraz nə qədər mürəkkəbdisə, aktyor üçün bir o qədər maraqlı olur. Hər bir tamaşaçı­nın öz qəhrəmanı var. Buna görə, tarixi şəxsiyyətləri, məşhur insanları oynamaq çox çətindir. Kinoya, teatra bir ba­laca marağı olan tamaşaçının beynində, içində öz Hamleti olur. İndi sən Hamleti elə yarat­malısan ki, həm onunku olsun, həm də sənin­ki.

Aktyor mənən, daxilən o qədər zəngin olmalıdır ki, iç aləmi ob­raza da hopsun, tamaşaçı üçün onun oxuduğundan və gördü­yündən fərqli bir qəhrəman yarada bilsin. Buna görə də, aktyor daim öz üzərində işləməlidir. Mənim aləmimdə sükut məhvə bərabərdir.

– Aydın Talıbzadə sizin haqqı­nızda "Fuad Poladov pauzanı oynayır" deyir. Bayaq dediniz ki, aktyor mənən, daxilən zən­gin olmalıdır. Sizcə, bu zən­ginlik sözsüz oynamağınıza xidmət edirmi?

– Hələ cavan vaxtlarımda rus re­jissorlarından birinin fikrini oxu­muşdum. Bu söz həmişə beynimdə fırlanırdı: "Aktyor nə qədər böyükdüsə, pauza da o qədər böyükdü". Fikirləşir­dim ki, bunun sirri nədədir, sükutu necə oynamaq olar. Sonra filmdə bunun əyani sübutlarını gördüm. Bir dəfə televiziyada məşhur bir müğənni oxuyurdu. Arxada daya­nıb, skripkada onu müşayiət edən ortayaşlı bir qadın var idi. Öz partiyasının başlamasını gözləyirdi. O skripkaçının sükutu məni daha çox cəlb edirdi, nəinki müğənninin ifası. Əgər aktyor, həqiqətən, ya­ratdığı qəhrəmanı səhnədə yaşaya bilirsə, o, susanda da maraqlı olur. Səhnənin hansı küncündə dayanır­sa dayansın, maraqlı olur. Əgər sən, həqiqətən, obrazı yaşayırsansa, tamaşaçı üçün maraqlı olacaqsan. Mən sükutun sirrini bunda görürəm.

Pauza o demək deyil ki, səh­nədə dayanıb susasan və sadəcə, nəfəs alasan. Yaşamalısan, o danı­şanda sən nə düşündüyünü çat­dırmalısan. Bəzən filmdə iki nəfər söhbət edir, biri danışır, o biri ona qulaq asır. Və görürsən ki, o qu­laq asan sənin üçün daha maraqlı­dı. Çünki onda ikinci plan, üçün­cü plan işləyir, o düşünür ki, "bu mənimlə niyə belə danışır", "bu sualı niyə verdi", "məndən nə cavab gözləyir".

– Qacarı səhnədə izləyənə qə­dər, mənim üçün o, kitablardan oxuduğum Qacar idi. Amma tamaşadan sonra Qacar deyəndə artıq gözümün qarşısında Fuad Po­ladov canlanır. Siz ona can ve­rirsiniz, belə deyək, ruh üfürürsünüz. Maraqlıdır, bu günə qədər yaratdığınız ob­razlardan hansı sizə daha çox hopub?

– Bayaq dediyim kimi, hər tamaşaçının öz Qacarı, Hamle­ti var deyə, bu qəhrəmanların yaşadığı dövrü, ictimai-siyasi vəziyyəti oxumalı, öyrənməli olursan. Amma bu o demək de­yil ki, oxumaqla iş bitir və obraz hazırdır. Bir diletant sual var – "obraz üzərində necə işləyirsi­niz?" Bu sualın cavabı yoxdur. Deyim ki, oxudum, öyrəndim, məndən əvvəl oynayan aktyor­ların ifasına baxdım, yerişini fi­kirləşdim, sözlərini əzbərlədim və çıxdım oynadım. Onda hər adam deyər ki, bunu mən də bacara bilərəm. Burada elə incə nüanslar var ki, onu sözlə ifadə etmək olmur. Elə bil şairə deyirsiniz ki, şeiri necə yazır­san? Mən necə yaratdığımı hiss edirəm, ancaq bunu sözə çevirə bilmirəm. Hazırlıq prosesində, məşqlərdə onun necə canlan­dığını, ürəyinin, başının, gö­zünün nə vaxt yarandığını hiss edirəm, duyuram və bilirəm ki, hazırdır.

Deyirlər, aktyorluq peşədir, amma zahirən belə görünür. Olduqca ağır işdir, aktyorluq. Sən vərəqlərə yazılan sözlərə can, ruh verirsən. Sözdə möv­cud olan adamı səhnədə canlan­dırırsan. İndi bu peşə ucuzlaşıb. Kimə daş atırsan, aktyora, dra­maturqa, ssenaristə, rejissora dəyir. Əslində, çox çətin, həm də maraqlı sənətdir. Gərək bu xəstəliyə yo­luxasan. Yoluxdunsa, nəsə alı­nacaq, yoluxmadınsa, get-gedə ucuzlaşacaqsan. Bütün bu ucuzlaşmalar da ha­mısı təzyiqlə bağlıdır. Ekran­dan da, tamaşaçı salonundan da baxırsan ki, aktyor sənə təzyiq edir. Təzyiqlə "mənə bax", "mən yaxşıyam" deyir. Amma tamaşaçıya təzyiq yox, təsir et­mək lazımdır. Biz təsirlə təzyiqi səhv salmışıq.

– Bir çox tarixi şəxsiyyətləri canlandırmısınız. Maraqlıdır, ki­minlə, hansı tarixi şəxsiyyətlə eyni dövrdə yaşamaq istərdi­niz?

– Sezar, Əmir Teymur, Napo­leon, Qacar, Timon, ... Onlarla ta­rixi qəhrəmanı oynamışam. Am­ma Napoleon mənə həddindən artıq maraqlı gəlir. Onun həyata baxışı, dövrü, siyasəti, başqala­rından fərqli davranışları olduq­ca maraqlıdır.

Real həyatda qəhrəmanları­nız kimdir?

– Real həyatda özüm üçün qəhrəman axtarmıram. Qəhrəmanlarım səhnədədir.

– Sizə elə gəlmir ki, teatrı ma­raqlı və baxımlı etmək getdik­cə çətinləşir? Teatr, tamaşaçısı ilə dil tapmaqda çətinlik çə­kir?

– Əslində, sənət həmişə bir addım öndə, bir pillə yuxarı­da olmalıdır. Səhnə, podium nə üçündür, ora niyə çıxırsan? Tamaşaçı sənə ona görə aşağıdan yuxarı baxır ki, ona nəsə çatdı­rasan. Bu gün isə teatr öz tama­şaçısından geri qalıb. Teatrın za­manla ayaqlaşmaq problemi var. Əgər müasir dramaturgiya qıtlığıdırsa, klassikaya müraciət etmək lazımdır. Amma klassikaya da fərqli yanaşmaq lazımdı. Tamaşa­çıya nə demək, nəyi çatdırmaq istədiyini yaxşı bilməlisən. Yox­sa repertuarı, səhnəni tarixi şəxsiyyətlərlə doldurmaq nəyə lazımdır?

– Belə bir fikir var ki, teatr kinoda və televiziyada yox, ancaq öz içində yeni for­ma axtarmalıdır. Teatrda minimalizmə, postmodernizmə yer yoxdur. Milli Dram Teatrı da eksperiment məkanı de­yil. Gənclərin bu teatra cəlb olunması da birmənalı qarşı­lanmır.

– Öz təcrübəmə əsasən deyi­rəm ki, Milli Dram Teatrının indi­ki rəhbərliyi qədər gənc rejissor və aktyorlar üçün münbit şərait yaradan rəhbərlik olmayıb. İsrafil İsrafilov "bəyənmirəm" deyən rejissorları teatra çağırdı, dedi ki, gəlin, tamaşa qoyun, daha yaxşı­sını hazırlayın. Aktyorlardan da soruşdu ki, nə oynamaq istəyir­siniz? Buyurun, gəlin, oynayın. Necə deyərlər, bu meydan, bu da şeytan. Aktyorlar var idi, yaşla­rı 60-ı haqlamışdı. Deyirdilər ki, ömrümüz getdi, bizə şərait yaradılmadı. Onlara da deyildi ki, gə­lin, oynayın. Amma təzyiqlə yox, təsirlə oynayın. Meydan veriləndən sonra da gördük ki, "kral çılpaq" imiş.

Tofiq Kazımovdan sonra 25 ildən çox idi ki, bu teatr süni nəfəs aparatı ilə yaşayan orqanizmə bənzəyirdi. İndiki müdiriyyət onu aparatdan ayırdı və can­lı həyat verdi. Dedi ki, teatrın vəziyyəti budur, ya qolunuzu çırmayıb buna bir əncam çək­məlisiniz, ya da aparıb bas­dırmalısınız. Bütün dövrlərdə teatrda təzə qan lazımdır. Am­ma gərək o qanın "qrupu" eyni olsun, bir-birinə uyğun gəlsin.

Bəlkə, ad çəkmək istəməyə­cəksiniz, amma maraqlıdır, meydandan üzüağ çıxanlar kimlərdir? Gənc aktyor­lardan bəyəndikləriniz var­mı?

– Neçə ildir, İlqar Cahangirin, Elşən Rüstəmovun yaradıcılığı­nı izləyirəm. Hikmət Rəhimov, Anar Heybətov da istedadlı və ümidverici gənclərdir. Onların işlərinə maraqla baxıram, uğurla­rına öz uğurum qədər sevinirəm. Görürəm, seçdikləri yol düz yoldur. Amma bəzən görürsən ki, onları yollarından azdırmağa çalışırlar, lazım oldu-olmadı yükləyirlər. Tofiq Kazı­mov teatra dəvət etdiyi gənclərin 2-3 illik repertuarını əvvəlcədən müəyyən edirdi. Ona görə də teat­ra hökmən yaradıcı rəhbər, yəni baş rejissor lazımdır. Onun mis­siyası həddindən artıq böyükdür. Hər rəhbər baş rejissor ola bilməz, hər rejissor da rəhbər. Bu mənada Ədil İsgəndərov və Tofiq Kazımo­vun adları Azərbaycan teatr tarixində qalıb və qalacaq. Çünki onlar bu yükü qorxmadan çiyin­lərində daşıyıb, gördükləri işin altına imzalarını atıblar. Mehdi Məmmədov da baş rejissor olub, amma uzun müddət yox. O, bu işin ağırlığını və çətinliyini dərk edərək uzaqlaşıb, sadəcə, iki il­dən bir tamaşa hazırlayıb. Ədil İsgəndərov və Tofiq Kazımov isə teatrın yükünü, ağrısını daşıyıblar.

Stanislavski deyir ki, bir var, özünü sənətdə sevmək, bir də var sənəti özündə sevmək. Özü­nü sənətdə sevmək odur ki, gəl­din, tamaşanı hazırladın, alqışla­rı qazandın və getdin. Sənəti özündə sevəndə isə, onun ağrısı da, se­vinci də sənə doğmalaşır.

Deyirlər, kino ilə müqayi­sədə teatr aktyorun istedadsızlığını daha tez və daha qabarıq üzə çıxarır. Həm ekran, həm səhnə təcrübəsi kifayət qədər böyük olan Fuad Poladov bu fikirlə razıdırmı?

– Əlbəttə, razıyam. Bu gün baxdığınız seriallarda çox nadir hallarda peşəkar aktyorlar gör­mək olar. Aktyorluğu o qədər ucuzlaşdırıblar ki... Serialda, kinoda bu, olar, amma teatrda aldatmaq müm­kün deyil. Səhnə güzgüdür və hər şeyi olduqca şəffaf göstərir. Səhnədə aldatmaq və gizlənmək olduqca çətindir.

Teatr mənim üçün də kino ilə müqayisədə daha doğmadır. Əgər seçim qarşısında qalsam, teatrı seçərdim. Mən səhnəni, səhnədə gedən prosesi çox sevirəm. Kino bir qədər texniki, mexaniki işdir. Düzdür, böyük aktyor orada da böyük aktyordur, burada da. Teatrda ən incə detal tamaşaçının gözü qarşısında baş verir. Ona görə də çətindir və həm də maraqlıdır.

– Tamaşaçılar onlarla şeiri sizin ifanızda dinləyib və sevib. Maraqlıdır, sizi ən yaxşı ifadə edən misralar hansıdır?

– Özümü bədii qiraət ustası hesab etmirəm. Düzdür, pis oxumuram, sadəcə, özünəməxsus ifadə etməyə çalışıram. Məni ifadə edən misraya gəlincə, yəqin ki, Bəxtiyar Vahabzadənin "bircə ondan razıyam ki, özümdən narazıyam" misrasını qeyd edərdim. İstəyirəm, son nəfəsimə qədər bu narazılıq davam etsin.

– Deyirsiniz, şeir oxuyanda da çalışmısınız ki, başqalarından fərqlənəsiniz. Sizə elə gəlmirmi ki, uğurunuzun sirri başqalarından fərqlənmək cəhdlərinizdədir?

– Ümumiyyətlə, gərək insan fərdiyyətini yaratmağı bacarsın. Həmişə bir fərd kimi özümü formalaşdırmağa çalışmışam. Hər bir sənətkar buna can atmalıdır. Vaxtilə Ədil İsgəndərovun, Tofiq Kazımovun oturduğu kabinetdə oturub onlar kimi olmaq olmaz. Gərək özünü tapasan. Baxıram ki, teatrda bəzi aktyorlara korifey sənətkarların geyindiyi otaqda yer veriblər, onlar da elə bilir ki, bu yeri həmin korifey sənətkarların səviyyəsində olduqları üçün qazanıblar.

Mən filankəsin davamçısı, təkrarçısı yox, özüməm. Bir gün Xalq rəssamı Altay Hacıyev dedi ki, portretimi çəkmək istəyir. Əsərdə yuxarıda Ələsgər Ələkbərovun, aşağıda mənim şəklim, ortada isə Dram teatrının binası əks olunmuşdu. O, portretin adını "Nəsillərin dialoqu" qoymuşdu. Bəlkə də, tablonun adı "Nəsillərin davamı" olsaydı, məni qane etməzdi. Nəsillər arasında əsas olan dialoqdu. Mən həmişə ünsiyyətin tərəfdarı olmuşam.

 

Leyla ƏLİYEVA

Redaksiyanın qeydi: Mərhum sənətkarla müsahibə 2015-ci ilin 13 fevralında alınıb.