Qәlәm

Olanım qәlәmdi vardan, dövlәtdәn,

Dövlәtdәn uzağam, vardan uzağam.

Özüm öz nökәrim, özüm öz bәyim,

Özüm öz qulluqçum, özüm öz ağam.

Qaşımı qaldırıb baxan deyilәm,

Dövlәt sümürәnә, var udana mәn.

Yemәyә bir loxma çörәk tapanda

Min şükür deyirәm yaradana mәn.

Qızılla, gümüşlә, ipәklә, tüllә

Xurcunum, fәrmәşim basılı deyil.

Asılı deyilәm mәn bir adamdan,

Bir adam da mәndәn asılı deyil.

Mәni düz yolumdan döndәrә bilmәz

Beş adam, on adam, yüz adam, canım.

Uçan bulud kimi, axan su kimi,

Әsәn külәk kimi azadam, canım.

Elә bu azadlıq bәsimdi mәnim,

Neynirәm dövlәti, neynirәm varı?

Neynirәm dilimi gödәk eliyәn

Qızılı, gümüşü, malı, davarı?

Bәsimdi, şeytana demәli sözü

Şeytanın üzünә şax deyirәmsә.

“Hә” demәli işә “hә” deyirәmsә,

“Yox”demәli işә “yox” deyirәmsә.

Mәnә qәlәm verib bu azadlığı,

Elә bu әlimdә tutduğum qәlәm.

Hәrdәn qadın kimi, hәrdәn qız kimi

Dizinә baş qoyub, yatdığım qәlәm.

Qәlәmin dizindә yata-yata mәn

Yuxular görmüşәm, dürlü yuxular.

Köhnә qala kimi, qalaca kimi

Sehrli yuxular, sirrli yuxular.

Ruhum uçub mәnim, ruhum qovuşub

Avara, Xәzәrә, Huna, Oğuza.

Qәlәmә demişәm dәrdim olubsa,

Qәlәmim dә açıb, deyib kağıza.

Qәlәmim olanda güclü oluram,

Çaşmayan adamı mәn çaşdırıram;

Bu gidi dünyanın pişiyini mәn

Ağaca, divara dırmaşdırıram.

Qәlәmim olanda qorxu bilmirәm,

Niyә qorxmalıyam mәn axı, niyә?

Olanım qәlәmdi vardan, dövlәtdәn,

Onun da qiymәti otuz qәpiyә.

Nә yaxşı ki, qәlәm otuz qәpikdi,

Nә yaxşı ki, deyil od qiymәtinә.

Nә yaxşı ki, qәlәm bazarda getmir

Maşın qiymәtinә, at qiymәtinә.

Axı otuz qәpik otuz min deyil,

Kimәsә borclu da qala bilәrәm.

Bu yazdığım qәlәm әlimdәn çıxsa,

Gedib ayrısını ala bilәrәm.

 

Sәrçә balası

İlahi, mәnә yox, mәn istәmirәm,

İlahi, yazığın gәlsin bu qıza.

Elә elәmә ki, oğlanlar, qızlar,

Kişilәr, arvadlar gülsün bu qıza.

Elә elәmә ki, vüsal yerinә

Göz yaşı danışsın, qәhәr danışsın.

Bir qızdan bir bölük adam danışsın,

Bir qızdan bir böyük şәhәr danışsın.

Elә elәmә ki, bu qız bu eldә,

Dilә-dişә düşsün mәndәn ötәri…

Sәrçә balasıdı bu qız bu saat,

Boynunu uzadıb dәndәn ötәri.

Bu qızın bu saat mәndәn umduğu,

Mәndәn istәdiyi dәn mәndә yoxdu.

Bu qız ay istәyir, ay yoxdu mәndә,

Bu qız gün istәyir, gün mәndә yoxdu.

Sevgi yoxdu mәndә sevәm bu qızı,

Elә axan suyu belә döndәrim.

Çevirәm özümü kәpәnәyә mәn,

Bu qızı çiçәyә, gülә döndәrim.

Sәndәn çiçәk olmaz, sәndәn gül olmaz,

Mәndәn dә kәpәnәk, sәrçә balası.

Durduğumuz yerdә biz niyә duraq,

Biz niyә tәrpәnәk, sәrçә balası?

Lap belә tәrpәndik, lap belә getdik,

Sәn deyәn, mәn deyәn olası deyil.

Sәrçә balasısan sәn bu dünyada,

Şair ki kәpәnәk balası deyil.

Kәpәnәk olmuşam dünyada bir vaxt,

Qanadım da olub bilmәk istәsәn.

İstәyim dә olub özümә görә,

İnadım da olub, bilmәk istәsәn.

O qanad,

o inad,

o istәk hanı,–

O qanad,

o inad,

o istәk öldü.

Bircә gün çәkmәdi gәlib-getmәyi,

Kәpәnәk doğuldu, kәpәnәk öldü.

Ağca pambıq kimi,

ağca yun kimi,

Diddilәr, diddilәr o kәpәnәyi.

Daraşıb qanadlı, әlli-ayaqlı,

Yedilәr, yedilәr o kәpәnәyi.

Hanı o kәpәnәk, hanı o sevgi?–

Yaşamır, yaşamır, sәrçә balası.

Bu ağ kәpәnәklәr o kәpәnәyә,

Oxşamır, oxşamır, sәrçә balası.

…Sәn ey yeri, göyü yaradan kişi,

Uzaq görünürmü ordan yer sәnә?!

Bu qıza bu boyda sevgi vermisәn,

Mәnә dә bir azca sevgi versәnә.

Sәni dә düşәsәn mәnim günümә,

Sәnin göyün olsun,

quşun olmasın.

İlahi, neylәsәn, sәn mәnә eylә,

İlahi, bu qızla işin olmasın…