Səməd Vurğunun sürgündən xilas etdiyi “Yaxşı kişi”

Bölmə: 23.11.2018

 

Görkəmli aktyor, Xalq artisti Məmmədrza Şeyxzamanovu daha çox "Əhməd haradadır" filmində oğ­lunun axtarışına çıxan Şirin kişi, "Tütək səsi" filmində sazı sinəsinə basıb "Ruhani"ni dilləndirən köhnə çuxalı İsfəndi­yar kişi rolları ilə xatırlayırıq.

Məmmədrza Şeyxzamanov 1915-ci ildə Gəncədə anadan olub. İki yaşında atasını itirib. Ailənin bütün yükünü çiynində daşıyan anası Böyükxanım Gən­cədəki toxuculuq fabrikində işlə­yərək uşaqlarını saxlayıb.

Azərbaycan Xalq Cümhuriyyəti süquta uğrayandan sonra müstə­qillik tərəfdarlarına qarşı "təmiz­ləmə əməliyyatlar"ı bu nəsildən də yan keçməyib – repressiyaya məruz qalanlar arasında onların yaxınları da olub. Bu da, təbii ki, ailənin gələcək taleyinə təsirsiz ötüşməyib. Onlar təqiblərə məruz qalıblar, olmazın əziyyət­lər və çətinliklərlə üzləşiblər.

Hələ orta məktəb illərindən sa­vadı, istedadı ilə digər şagirdlər­dən fərqlənən Məmmədrzanın kiçik yaşlarından aktyorluq sə­nətinə marağı olub. O, orta təhsil aldığı müddətdə teatr məktəbinə də daxil olub. Məmmədrza Şeyxzamanov 1934-cü ildə Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrının re­jissoru Həbib İsmayılovun təşəb­büsü ilə bu sənət ocağına dəvət edilib. İlk dəfə Ə.Həmidin "Hind qızı" tamaşa­sında Brahma adlı kiçik rolda çıxış edib. Bu, gələcək aktyorun sənət zirvəsinə doğru ilk uğurlu addımı olub.

O, teatrda işləyərkən peşə­kar yaradıcılıq prosesi ilə tanış olub, aktyorluq sənətinin ənənələrini mənimsəyib. Bura­da çalışdığı dövrdə "Vaqif" (El­dar), "Fərhad və Şirin" (Fərhad), "Yaşar" (İmamyar), "İki qar­daş" (Yuri) və digər tamaşalar­da yaddaqalan obrazlar yaradıb. 1954-cü ildə Azərbaycan Dövlət Akademik Dram Teatrında işə başlayıb. Bu, onun sənət yolunda yeni uğurlarına yol açıb, yaratdığı müxtəlif səpkili obrazlarla tanınıb və sevilib.

Məmmədrza Şeyxzamanov müx­təlif xarakterli ob­razların öhdəsindən bacarıqla gəlib. Rollarında olduğu kimi, həyatda da əsl Azərbaycan kişisinin tipik nü­munəsi olub. Xaraktercə mətinliyi, mərdliyi, düzlüyü, zəngin dünya­görüşə malik bir şəxsiyyət olması hər zaman sənət dostları tərəfindən xüsusi vurğulanıb. Həmkarlarının dedikləri­nə görə, ünsiyyətcil və yaradıcı bir insan kimi onunla çalışmaq asan olub. O, hamıyla öz dilində danışarmış. Yaxınları, dostları arasında isə belə bir adla qəbul olunub: "Yaxşı kişi".

Ancaq həyat, bu yaxşı kişinin üzünə gülməyə başlayanda onu yenə fa­ciələr haqlayır. Məmmədrza Şeyx­zamanov ailəsi ilə birlikdə rep­ressiyaya məruz qalır. Səbəb isə qohumluq əlaqələri, pantürkist damğası olur. Aktyor xanımı və azyaşlı qızı ilə birgə Qazaxıstanın ucqar vilayətlərindən biri­nə sürgün edilir və 7 il əzab dolu sürgün həyat yaşayır. 7 ildən sonra akt­yorun amnistiya­sı ilə bağlı qərar çıxsa da, bu sənədi ondan gizlədirlər. Ancaq sonda Məmmədrza dözməyərək qəti qə­rarını verir və bir gecə ailəsini də götürüb gizlicə doğma Gəncəyə qayıdır. Öz vətənində də qaçaq həyatı yaşa­yır, xeyli müddət Gən­cədəki qohum-əqrəbasının evində gizlənmək məcburiyyətində qalır. Ancaq nə yaxşı ki, dünya əsl insanlardan xali deyil. Xalq şairi Səməd Vur­ğun aktyora dayaq olur. Onu hələ Gəncə teatrında "Vaqif" tamaşa­sında oynadığı vaxtlardan tanıyan şair Şeyxzamanovun sənədlərini düzəltdirir və nəticədə o, ikinci sürgün həyatından qurtulur.

Aktyor 1955-ci ildə "Bəxtiyar" filmin­də Rəcəbov rolu ilə böyük ekrana çıxır. Bununla da onun kino karyerası başlanır. Ardınca Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiya­sının istehsal etdiyi bir çox filmlərdə rol alır. "Qızmar günəş altında"da Alı kişi, "Leyli və Məcnun"da Dərviş, "Bir qala­nın sirri"ndə həkim Eldostu, "Onu bağışlamaq olarmı"da polkovnik Qurbanov, "Qatır Məmməd"də Gəncə qubernatoru, "Nəsimi"də Şeyx Əzəm kimi yaddaqalan obrazlar yaradır.

Azərbaycanın teatr və kino sə­nətindəki xidmətlərinə görə bir çox fəxri adlar alan Xalq artisti, Dövlət mükafatı laureatı Məmmədrza Şeyxzamanov 1984-cü ildə vəfat edib.

 

Sevinc