Sergey Yeseninin 1 şeirinin 6 tərcüməsi

 

Прощай, Баку

 

Прощай, Баку! Тебя я не увижу.

Теперь в душе печаль, теперь в душе испуг.

И сердце под рукой теперь, больней и ближе,

И чувствую сильней простое слово: друг.

Прощай, Баку! Синь тюркская, прощай!

Хладеет кровь, ослабевают силы.

Но донесу, как счастье, до могилы

И волны Каспия, и балаханский май.

Прощай, Баку! Прощай, как песнь простая!

 В последний раз я друга обниму…

Чтоб голова его, кaк роза золотая,

Кивала нежно мне в сиреневом дыму.

 

Май 1925

 

Böyük rus şairi Sergey Yeseninin “Əlvida, Бакı” şeirinin Azərbaycan dilinə altı tərcümə variantı

 

Ələkbər Ziyatayın tərcüməsi

Əziz Bakı, əlvida! Son görüşdür, əlvida.

Bir həyəcan, bir kədər könlümü etmiş vətən.

Ürəyim narahatdır bu ayrılıq çağında,

Adi dostluq sözünü hiss edirəm dərindən.

 

Ey Azər övladının yurd-yuvası, əlvida!

Damarımda qan donur, gücdən düşür qollarım.

Ən xoş anlarım kimi çıxmaz yadımdan amma,

Xəzər dalğalarıyla, Balaxanı baharı.

 

Salamat qal, ey Bakı! Sən sadə bir nəğməsən,

Son dəfə öz dostumu qoy bağrıma basım, qoy!

İstərəm yasəməni tüstülərin içindən

Qızılgültək başını üzümə tərpətsin o!

                                                        1955

                           

Rəfiq Zəkanın tərcüməsi

 

Əlvida, ey Bakı, vəfalı şəhər!

Səni mən bir də görmədim, bəlkə!

Qəlbim eşqinlə çırpınar, döyünər,

Ey mənə mehriban olan ölkə!

 

Əlvida, ey Bakı, günəşli şəhər!

Ey şüalandıran fikirlərimi!

Mənə ilham verən səmavi

Xəzər – Məni tərk eyləməz məzara kimi!

 

Əlvida, ey Bakı, gözəl mahnı!

Susuram, səndən ayrılarkən mən.

Bir qızılgültək əy qızıl başını,

"Əlvida! Əlvida!" deyək sən, mən...

                                               1964

 

 

Əhməd Cəmilin tərcüməsi

 

Əlvida, Bakı! Daha çətin bir də görüşək...

İgid könlümə dolan qorxudur, qəm-qüssədir.

İndi əlimin altda daha bərk sancır ürək,

İndi daha dərindən duyuram ki, dost nədir.

 

Əlvida, Bakı! Ey Şərq üfüqləri, əlvida!

İnan, qanım soyusa, taqətdən düşsəm də mən.

Aparıram, gedəcək mənimlə ta qəbrəcən

Balaxanı mayı da, Xəzər dalğaları da.

 

Əlvida! Salamat qal nəğməli könül kimi!

Qoy mən son dəfə öpüm barı dostu, yoldaşı...

Bənövşəyi tüstüdə əyilsin qoy gül kimi

Dostun uğur diləyən, "yaxşı yol!" deyən başı.

 

                                                        1974

 

Əliağa Kürçaylının tərcüməsi

 

Əlvida, Bakı! Səni mən bir daha görmərəm.

İndi mənim qəlbimdə kədər, qorxu səsi var.

Ürəyim daha yaxın, xəstəhal vurur bu dəm,

Daha möhkəm duyuram – sadə dost kəlməsi var.

 

Əlvida, Bakı! Mavi türk səması, əlvida!

Qüvvədən düşürəm mən, damarımda donur qan.

Mən bir səadət kimi apararam məzaracan

Balaxanı mayını, Xəzər dalğasını da.

 

Əlvida, Bakı! Sadə nəğmə kimi əlvida!

Son dəfədir sıxıram sinəmə dostumu mən...

Onun başı qoy qızılgül kimi bu son anda

Yellənsin vida deyə yasəmənlər içindən.

                                                        1975

 

 

Firuz Mustafanın tərcüməsi

 

Səni görməyəcəyəm, əlvida, Bakı!

Qəlbimi sarıbdı kədər, qüssə-qəm.

 Ürəyim köksündən çıxacaq sanki

Dostumsan – bu sözlər çıxır dilimdən.

Əlvida, türk göyü – əlvida, Bakı!

Ürəyim sonuncu anları sayır.

Qəbrəcən könlümdə qalacaq bil ki,

 Xəzər ləpələri, Balaxanı mayı.

Nəğmətək əlvida! Əlvida, Bakı!

Öpürəm mən, gözüyaşlı dostumu.

Yasəmən tozunda qızılgül kimi

Əyilir köksümə başı dostumun.

                                               2005

 

İsaxan İsaxanlının tərcüməsi

 

Əlvida, Bakı! Bir də görməyəcəm səni, əlvida!

Açılmayır yenə könlüm, duyub hicran havasını.

Bax necə şiddətlə vurur əlimin altında ürək,

Yalnız indi anlayıram dost sözünün mənasını.

 

Əlvida, Bakı! Sən ey mavi türk səması, əlvida!

 Damarımda donur qanım, tükənir bax gücüm mənim.

Ən xoşbəxt anlarım kimi apararam məzara, Balaxanı

«1 May»ını, bir də dalğasın Xəzərin. Əlvida, Bakı!

 

Sadə, həzin bir nəğmətək əlvida!

Qoy son dəfə qucaqlayım, silim dostun göz yaşını.

Yasəməni tüstülərin içindən bir qızılgültək,

“Yaxşı yol” diləsin mənə, tərpədərək o başını.

                                                                  2009