"Yaşadığım ömürdən özümə bir gün belə ayıra bilməmişəm"

Bölmə: Müsahibə 28.11.2018

Aydınyol.az saytının suallarını tanınmış şair Zakir Fəxri cavablandırır:

– Zakir müəllim, bu il 70 yaşınız tamam oldu. Bu 70 il, necə deyərlər, sadəcə rəsmi, sənədli-sübutlu ömür payınızdı. Amma zahirən də, daxilən də yaşınızdan xeyli cavan görünürsüz. Bu təzadı nə ilə izah edərdiniz?
– Yaşımın neçə olduğu yalnız Allaha bəllidir. Hərdən uşaq, hərdən cavan, hərdən də min ilin ahılı oluram... Hardan bilim yaşım neçədir – bu haqda düşündüyüm yadıma gəlmir... Yəqin, bir gün qulağıma pıçıldayacaqlar ki, daha qonaq qaldığın yetər, dön geri... Səmavi kitablarda da deyilir ki, insan hər axşam yuxuya gedəndə ölür, səhəri dirilib dünyaya yenidən göz açır. Yaşadığın bu bir günün 70 ilə, 50 ilə bərabər olub-olmadığını kim hesablayır, zamanı nə ilə ölçür?
İki yaşım varmış. Həyətdəki təndirdə çörək yapırmışlar, anamgilin söz-söhbətə başı o qədər qarışır ki, bir də baxıb görürlər ki, yüyrükdə yoxam... Qışqırıq qopur, ora-bura qaçışıb məni axtarırlar, xeyli vaxt keçir. Həyətimizdə iri, dərin su hovuzu vardı. Demə, hovuza düşmüşəm, suyun dibində yeriyə-yeriyə qapı axtarıram... Hansısa bir əl məni sudan çıxarıb. Anama zarafatla deyirəm ki, məni doğub iki il saxladın, suda boğuldum, sulardan da doğuldum...

Yolumu sapdım, deyəsən,
Bu dünyaya azıb gəldim...
Göy üzü dərddən çatladı
Qoşulub bir damla suya
Mən, o çatdan sızıb gəldim...

Gördüm dil açıb çöl-bayır,
Göylərdən yağış diləyir...
Bir qarı günlərin sayır,
Bir qoca ömrün ələyir.

Gördüm qanadlanır quşlar,
Bir səsə... Azan tərəfə...
Adamlar ardımca gəlir,
Gəlir mən azan tərəfə...

– Söhbətlərinizdə, hərəkətlərinizdə, dostlara, hətta düşmənlərə münasibətinizdə belə qəribə bir şairanəlik var. Şairlik təkcə sənətiniz deyil, həm də həyat tərzinizdir desək, yanılmarıq? Özünüz necə düşünürsünüz?
– Dünyanın özü Allah tərəfindən şairanə yaradılıb, – gündüzü – günəşli, gecələri aylı, ulduzlu, okeanlar, dənizlər, irili-xırdalı çaylar, dağlar, düzənliklər, meşələr, min cür bitkilər, gül-çiçəklər... Bu dünyanı ancaq şairanə yaşamalı, dərdini də şairanə çəkməlisən.

Göylərin yeddi qatından
Qəriblərin ovqatından
Qəmlərimin çatından
Keçib, sinəmə tuş gəldin,
Xoş gəldin, dərdim, xoş gəldin!

Yelkən oldun, üzdü gəmim,
Çiçəklədi qüssəm, qəmim.
Tumurcuqladı qələmim.
Qaşsız baxtıma qaş gəldin,
Xoş gəldin, dərdim, xoş gəldin!

Gözündən yüz bulaq oydum,
İçdikcə demədim, doydum
Mizan-tərəziyə qoydum
Sevgimlə başa-baş gəldin
Xoş gəldin, dərdim, xoş gəldin!

– Siz həm də dünya poeziyasının korifey şairlərinin əsərlərinin tərcüməsi ilə məşğulsunuz. Bu şeirlərin harmoniyasına düşmək, müxtəlif millətləri və düşüncələri təmsil edən şairlərin duyğularını yaşamaq şəxsi yaradıcılığınıza təsir edirmi?
– Şeirlərini dilimizə çevirdiyim şairlərin düşüncələri, hiss və duyğuları, yaratdıqları obrazlar mənsub olduqları xalqların kimliyinə bir açardır. Onlar səni əllərindən tutub müəlliflərinin doğulduğu yerlərə, mənsub olduqları xalqların, yaşadıqları ölkənin keçmişinə, bu gününə aparır, istər-istəməz onlara doğmalaşırsan. Baxırsan ki, bütün xalqlar ayrı-ayrı qitələrdə, torpaqlarda yaşasalar da, müxtəlif din və təriqət daşıyıcıları olsalar da, bir atanın, bir ananın – Adəmlə Həvvanın övladlarıdı. Onları bir-birindən ayrı-ayrı ideologiyalar, “qayda-qanunlar” ayırır, ayrı-ayrı millətlərə, irqlərə bölür... Uşaq anadan olanda kimliyini, dilini bilmir, onlara dili də, kimliyini də biz öyrədirik, hansı dildə danışsaq o dildə danışır, hansı havanı oynasaq, o havanı oynayır...
Həmin şairlərin yaradıcılığıma heç bir təsiri olmayıb, sadəcə onlar mənə yüz illərin dostu, yol yoldaşı təsiri bağışlayıblar. Mən öz taleyimi yaşayıram, bu taleyi heç bir şair həmkarıma da arzulamıram və kimsənin bu taleyi yaşamağa gücü yetəcəyinə də inanmıram...

– Siz publisist, yazıçı kimi də tanınırsınız. Müəllifi olduğunuz “Dustaqxanadan dustaqxanaya” romanı 90-cı illərin ən populyar əsəri kimi əldən-ələ gəzirdi. Fikir və duyğularınızı misralarla deyil, bəzən nəsrlə oxucuya çatdırmaq istəyi nədən yaranır?
– Bu suala qismən cavab verdim. Yaşadığım taleyi şeirlə ifadə eləmək xırda epizodlardan ibarət ola bilər, bütöv halda onu ancaq nəsrlə – hekayətlərlə ifadə etmək mümkündür. Mənim üçün poeziya və nəsr bir yuvadadır. Yaşadığım ömürdən özümə bir gün belə ayıra bilməmişəm, hansısa bir günü özümə həsr etdiyim yadıma gəlmir. Allaha yalvarmışam və hər zaman yalvarıram ki, üçcə ay məni özümə bağlasın, hər şeydən ayırsın ki, o romanı, “Dustaqxanadan dustaqxanaya”nı tam bitirib azad olum.

– Yaradıcılığınıza əsaslı təsir göstərən şair, yaxud şairlər olub?
– Yaradıcılığıma təsir edən heç bir şair olmayıb. Sevdiyim, ruhuma doğmalar olub, ən çox da Füzuli və bayatılar. Sonralar isə ən doğmalarım – Ramiz Rövşən və Vaqif Bayatlı.

– Nə vaxtdan bəri yazmaq istədiyiniz, amma hələ ram edə bilmədiyiniz şeirlər varmı? Bu sualı ona görə ünvanlayırıq ki, son vaxtlar oxucularınızı yeni şeirlərinizlə sevindirməkdə bir qədər xəsislik edirsiniz. Zakir Fəxri bu susqunluğa nə vaxt son qoyacaq?
– Olmağına, xeyli yarımçıq şeirlərim var. Hansı yarımçıq şeir özünü səsləsə, ondan başlayacağam.
Susqunluğa gəlincə, dəyərə qiymət verilməyəndə susqunluq olur.