“Dilin zənginliyi birbaşa ədəbiyyatla bağlı məsələdir”

 

Aydınyol.az saytının suallarını millət vəkili Fazil Qəzənfəroğlu cavablandırır

 

– Fazil müəllim, bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan dilinin saflığının qorunması, dövlət dilindən istifadənin təkmilləşdirilməsi ilə bağlı bir sıra mühüm sənədlər imzalayıb. Ölkədə bu sahədə olan vəziyyəti necə qiymətləndirirsiniz?

– Dilimizin qorunması, təkmilləşməsi istiqamətində Azərbaycan Prezidenti tərəfindən atılan bütün addımlar təqdirəlayiqdir. Bu, dil məsələsinə vətəndaş həssaslığının artırılması baxımından da olduqca əhəmiyyətlidir. Bununla yanaşı, anlamaq vacibdir ki, dil məsələsini arzuolunan səviyyədə görmək üçün cəmiyyətimizdə dil mədəniyyəti amilinin inkişafı vacibdir. Yəni dili fərmanlarla  təminat altına almaq nə dərəcədə əhəmiyyətlidirsə, canlı şəkildə onu yaşadan, istifadə edən, cilalayan insanların ona bir mədəniyyət dəyəri kimi baxması da bir o qədər mühümdir.  

– Təbii ki, hər bir xalqın dili daim hərəkətdə, inkişafdadır. Aktuallığını itirən, işlənməyən sözlər sıradan çıxır, onları yeniləri əvəzləyir və bu proses daim davam edir. Bu məsələdə ədəbiyyatın, yazıçının, tərcümənin və tərcüməçinin rolunu necə dəyərləndirirsiniz?

– Dilin hərəkətliliyi və zənginliyi birbaşa ədəbiyyatla bağlı məsələdir. Çünki xalq şifahi nitqdə dilin  hüdudlarını çevik şəkildə açmağa meyilli olmur, bu prosesə daha mühafizəkar yanaşır. Bizim dil ingilis, fransız, alman, rus dilləri kimi dünyanın ən yayğın dilləri ilə müqayisə oluna bilməz, bu səbəbdən də dilin sinonim zənginliyini artırmaq üçün çəkinmədən qapıları açıq saxlamaq lazımdır. Bunun nəticələrindən qorxmaq doğru deyil, hər bir dilin nüvəsində, onsuz da, özünüqoruma mexanizmləri mövcuddur. Elmi terminologiyanın genişlənməsində tərcüməçinin və tərcümənin faydası əvəzsizdir. Eyni zamanda ədəbiyyat yeni sözlərin, sinonimlərin, ideomatik ifadələrin istehsalçısı kimi məsuliyyətli rolu öz üzərinə götürməlidir.  

– Təəssüf ki, dünya mədəniyyətinin inciləri sayılan bir çox elmi və bədii əsərlər var ki, hələ də dilimizə tərcümə olunmayıb. Mütaliəli millət vəkili kimi, ilk növbədə hansı əsərlərin ana dilimizə tərcüməsini vacib hesab edirsiniz?

– Fikrimcə, tərcümə sahəsinə dövlət həmişə xüsusi diqqət ayırmalı, keyfiyyətli və ixtisaslaşmış tərcümə məktəblərinin yaranmasını stimullaşdırmalıdır. Azərbaycanda mütaliə vərdişini mənimsəyən cəmiyyət inkişaf etməyib, insanların çoxu bilgi və informasiyanı şifahi dinləmədən qazanmağa meyillidir. Bu səbəbdən də çoxlu əsərlərin tərcümə olunması onların geniş və faydalı şəkildə oxunması mənasına gəlmir. Amma hətta bu durum belə tərcümə sahəsində fəaliyyətin səngiməsinə əsas verməməlidir. Günümüzün tələbi kimi bədii ədəbiyyatdan çox, elmi və yaxud elmi-populyar ədəbiyyatın tərcüməsi daha məqsədəuyğun olardı.                                                                                                                                                                                                                                            

– Mütərcimlər tərcümə prosesi zamanı çox vaxt dilemma qarşısında qalır: cümlənin zahiri gözəlliyi, yoxsa dəqiqlik? Sizcə, hansı daha vacibdir?

– Bütün hallarda tərcümənin əsas hədəfi dəqiqlikdir – fikrin, düşüncənin, təsvirin dəqiq çatdırılmasıdır. Çünki əsərə zövq üzərindən qiymət verilməz, baxmayaraq ki, doğru seçilmiş bənzətmələrin və ifadələrin oxucuda yaratdığı təəssürat da ciddi amil sayılır.  Xüsusilə də poeziya nümunələrinin tərcüməsində tərcüməçi mətnin məna çərçivəsindən kənara çıxmadan yeni əsər yaradırmış kimi davranmalıdır. Tərcüməçi müəllif qədər bilgili olanda əsəri bütün məna çalarları ilə təqdim etməkdə çətinlik yaşamır və oxucuya da əzab vermir.

– Heç şübhəsiz, mütaliəli məmurla mütaliəsiz məmur arasında fərq, istər-istəməz hiss olunur. Mütaliəsizlik – təkcə insanlara deyil, işə münasibətdə də özünü büruzə verir. Sizcə, mütaliə dövlət məmuruna nə verir?

– Əvvəla, məmur dedikdə, əksər hissəsi ali təhsilli olan qanunla  səlahiyyət verilmiş şəxslər nəzərdə tutulur. Ali təhsilli olmaq isə birbaşa mütaliə vərdişi ilə əlaqəlidir. Bəli, mütaliəsi geniş olan, savadlı məmur həm çalışdığı sahədə fayda verir, həm də vətəndaşlarla münasibətdə daha  ölçülü-biçili və nəzakətli davranış sərgiləyir.  Hüquq və vəzifələrin anlaşılmasında və anladılmasında məmurun mütaliəli olması olduqca mühüm şərt kimi dəyərləndirilir. Mütaliəli məmur xüsusilə xarici siyasət sahəsində, diplomatik fəaliyyətdə  dövlətin nüfuzuna çox ciddi fayda gətirə bilər. Mütaliə vərdişi davranış mədəniyyətinin ən vacib elementlərindəndir və hər bir məmurun bu gerçəkliyi anlaması vacibdir.