Coysun hekayəsi Etimad Başkeçidin tərcüməsində

 

Ceyms Coys

(İrlandiya) 

Evelin

(hekayə)

 

 

O, pəncərənin önündə oturub, küçədə axşamın necə düşdüyünü seyr edirdi. Başı pəncərənin pərdəsinə toxunurdu, burun pərləri tozlu kretonun qoxusuyla dolmuşdu. Yorğun idi.

Küçədən bir neçə adam keçib-getdi. Sonuncu tikilidə yaşayan qonşusu öz evinə tərəf gedirdi. Həmin adamın səkidə taqqıldayan, sonra isə təzə tikilən qırmızı evlərin qarşısındakı kömür külü tökülmüş yolda xırçıldayan addım səsləri eşidildi. Haçansa oralar açıqlıq idi, axşamlar qonşu uşaqlarla birgə həmin açıqlıqda oynayardılar. Sonralar Belfastdan olan birisi həmin sahəni alıb, orada çoxlu ev tikdirdi. Təzə evlər onlarınkı kimi kiçik, qəhvəyi rəngdə deyildi, kərpicdən tikilmiş, parıltılı damları olan gözəl evlər idi. Bacı-qardaşlarıyla birgə məhəllə uşaqlarına – Divaynlara, Uoterslərə, Dunnlara, cılız, şikəst Keorqa qoşulub, hamısı həmin açıqlıqda ora-bura qaçardı. Amma Ernest heç vaxt onlara qoşulmurdu, çünki artıq böyümüşdü.

Adətən, atası gavalı çubuğuyla onları pərən-pərən salırdı. Tez-tez keşikdə dayanan Georq atasının yaxınlaşdığını görən kimi onlara xəbər verirdi. Buna baxmayaraq, özlərini xoşbəxt hiss edirdilər. Onda atası indiki kimi tündməcaz deyildi, anası da hələ sağ idi. Bütün bunlar çoxdan olub-keçib, artıq bacı-qardaşları böyüyüblər, anası isə həyatla vidalaşıb. Tizzi Dunn da ölüb, Uoterslər nə vaxtdı İngiltərəyə qayıdıblar. Hər şey dəyişib. İndi Evelin özü də çıxıb getməyə, başqaları kimi, dogma evini tərk etməyə hazırlaşır.

Doğma ev! Otağa göz gəzidrdi, tanış əşyaları bir-bir gözdən keçirdi. Uzun illər bu əşyaları silib-təmizləmiş, hər dəfə də özünə sual vermişdi ki, görəsən, bir belə toz hardan əmələ gəlir, bunların üstünə necə ələnir? Ola bilsin, gözü öyrəşdiyi bu tanış əşyaları bir daha görməyəcək. Onlarsız həyatını təsəvvür etmirdi, amma bütün bu illər ərzində divarda, sınıq fisharmoniyanın yuxarısında, Müqəddəs Marqaret Meri Alekoka ünvanlanmış vədlərdən ibarət rəngli mətnin yanında saralmış şəkli asılan keşişin adını öyrənə bilməmişdi. Keşiş onun atasının məktəb yoldaşı, həm də dostu olmuşdu. Hər dəfə qonaqlara şəkli göstərərkən atası mütləq əlavə edərdi:

«İndi o, Melburndadır».

Qız evi tərk etməyi, buralardan başını götürüb getməyi qərara almışdı. Görəsən, düz işmi görür? Bunun mənfi və müsbət tərəflərini ölçüb-biçməyə başladı. Necə olmasa da, bura bir sığınacaqdır, yeməyi var, tanış üzlərin, bütün həyatı boyu gördüyü adamların əhatəsindədir. Düzdür, işdə də, evdə də çox çalışmalı olur. Sevgilisinə qoşulub qaçdığını eşidəndə, görəsən, onun barəsində dükanda nə danışacaqlar? Yəqin, «gic, səfeh» adlandıracaqlar, elan verib yerinə başqasını götürəcəklər. Amma bu, miss Qevenin ürəyincə olardı. Bu qız ona həmişə yersiz iradlar tutur, xüsusən də başqalarının yanında.

«Miss Hill, bu xanımlar sizi gözləyirlər, görmürsünüz?»

«Di tərpənin, miss Hill, xahiş edirəm, tərpənin».

Yox, bu dükanla üzülüşdüyü üçün kefini pozan deyil.

Onun yeni evində, uzaq, naməlum ölkədə hər şey başqa cür olacaq. Orda, o yad diyarda Evelin ərdə olacaq. Adamlar ona hörmətlə yanaşacaq, saya salıb onunla hesablaşacaqlar. Hə, necə ki, bir vaxtlar anasıyla hesablaşırdılar!

On doqquz yaşını arxada qoymasına baxmayaraq hələ də atasından çəkinir, hətta bəzən onu görəndə canına vəlvələ düşür. Heç uşaq vaxtlarında da atası onu Harri və Ernestlə eyni gözdə görmürdü, çünki o, qız uşağı idi. Sonralar atası hirslənəndə hər dəfə deyirdi ki, onun üçün nə eləyirsə, yalnız mərhum anasının xatirinə eləyir. Evelinə qahmar çıxacaq heç kəs yox idi. Ernest ölüb, kilsə dekoru ilə məşğul olan Harri də, demək olar, həmişə səfərdədir.

Bu azmış kimi, şənbə axşamları atasıyla pul üstə ardı-arası kəsilməyən didişmələr onu boğaza yığmışdı. Bütün məvacibini – yeddi şillinqi gətirib atasına verirdi, ara-sıra Harri də pul-para göndərirdi, di gəl ki, atasından geri pul almaq müşkül məsələydi. Atası onu yelbeyin sayırdı, deyirdi pulu sağa-sola xərcləyir, min bir zəhmətlə qazandığı pulları ona vermək istəmir, çünki israfçıdır, küçədə-bazarda boş şeylərə xərcləmək fikrindədir. Üstəlik, şənbə axşamları atası özünü pis hiss etməyə başlayırdı. Axırdan-axıra bir qədər pul verib, soruşurdu ki, bazar günü üçün nahara nə almağı planlaşdırır? Onda Evelin yubanmadan ərzaq dalınca qaçmalıydı. Bu zaman pul kisəsini əlində bərk-bərk sıxmalı olurdu: çünki camaatın içindən keçib gedirdi, evə isə əlindəki çantaların ağırlığından əyilə-əyilə çox gec qayıdırdı.

Evdə hər şeyə göz qoyub qeydinə qalmalı, ona tapşırılmış iki kiçik uşağın vaxtı-vaxtında yeməsinə, məktəbə getməsinə nəzarət etməli idi. Çətin iş, ağır həyat idi, ancaq indi, hər şeyi atıb getməyə hazırlaşarkən nədənsə bu həyatı ona çox da məşəqqətli görünmürdü.

Bundan sonrakı həyatını Frankla yaşamaq istəyirdi. Frank qanışirin, comərd, açıqürəkli insandır. Hə, Franka ərə getmək, sevgilisinin Buenos-Ayresdəki evinə köçmək, orda məskunlaşmaq üçün axşam gəmisi ilə yola düşməlidir.

Frankı ilk dəfə gördüyü günü çox yaxşı xatırlayır – oğlan onun tez-tez baş çəkdiyi əsas küçədə mənzil kirayələmişdi. Çox vaxt kepkasını boynunun ardına sürüşdüüb qapının önündə dayanırdı, saçları günəşdən yanıb tunc rəng almış üzünə düşürdü. Elə oradaca tanış olmuşdular. Oğlan hər axşam onu dükanın qabağında gözləyir, sonra da evlərinə ötürürdü. Onlar birlikdə «Bohemiyalı qız»a baxmağa gedirdilər və bu zaman qız özünü göyün yeddinci qatında hiss edirdi: çünki həmişə tək-tənha oturduğu yerdə deyil, başqa yerdə otururdu.

Frank musiqini çox sevirdi, oxumağı da vardı. Adamlar onların görüşdüyünü bilirdilər və Frank dənizçiyə könül vermiş qız haqqında mahnını oxuyarkən Evelin  xoş, nəşəli bir həyəcan keçirirdi. Oğlan adətən qızı «Körpə» çağırırdı. Əvvəl-əvvəl Frank ona arvadbaz təsiri bağışlasa da, sonradan xoşuna gəlməyə başladı. Frank ona gəzib-gördüyü uzaq ölkələrdən danışırdı. Qabaqlar ayda bir frank məvaciblə gəmidə matros şagirdi işləyirmiş, Kanadaya qədər gedib-çıxıbmış. Evelinə işlədiyi gəmilərin, həm də onların hissələrinin adını sadalayırdı. Magellan boğazını üzüb keçən Frank Pataqoniya haqqında dəhşətli hekayətlər də danışmışdı. Özü Buenos-Ayresdə məskunlaşmışdı, bu qədim ölkəyə isə yalnız dincəlməyə gəlirdi. Atası onların münasibətindən xəbər tutan kimi oğlanla danışmağı ona qadağan elədi.

– Yaxşı tanıyıram bu dənizçiləri! – dedi.

Bir dəfə atası Frankla əməllicə mübahisə etdi, bundan sonra Evelin öz sevgilisiylə gizli, xəlvətdə görüşməli oldu.

Küçədə qaranlıq qatılaşırdı. Dizləri üstündəki iki məktub artıq güclə sezilirdi. Məktublardan birini Harriyə, digərini atasına yazmışdı. O, Ernesti çox istəyirdi, amma Harrini də sevirdi. Son vaxtlar atasının heydən düşdüyünü, onun üçün darıxdığını hiss edirdi. Atası bəzən çox yaxşı adam olur. Bu yaxınlarda Evelin bütün günü xəstə yatarkən atası ona tort bişirmiş, yanında oturub kabuslar haqqında hekayət oxumuşdu. Anasının sağlığında bir dəfə onlar Xouf dağına dincəlməyə də getmişdilər. Yaxşı yadındadır, onda atası uşaqları əyləndirmək üçün başına anasının şlyapasını qoymuşdu.

Vaxt daralırdı, amma Evelin hələ də tozlu kretonun iyini ciyərlərinə çəkə-çəkə pəncərənin önündə oturub qalmışdı. Aşağıda – küçənin o başında şarmanka səsi eşidilirdi. Bu qəribə ab-hava ona tanış gəldi. Bacardığı qədər evi qaydasında saxlayacağı ilə bağlı anasına verdiyi vədi xatırladı. Xəstə yatan anasının son günü yadına düşdü. Anası qonaq otağının o tərəfindəki qaranlıq otaqdaydı, bayırda isə İtaliyanın kədərli ab-havası hökm sürürdü. Şarmançıya altı pens verib, buradan uzaqlaşmasını əmr etdilər. Atası ciddi görkəm alıb, xəstənin otağına gəldi:

– Lənətə gəlmiş italyanlar! Hər yeri doldurublar!

Anasının miskin həyatı tezliklə onun yaşamında da özünü göstərdi – bayağı qurbanlar, sonda çılğınlıq və dəlilik.

Qızı əsməcə tutdu, çünki anasının səsini sanki yenidən eşitdi, onun yersiz israrla təkrarladığı sözləri xatırladı:

«Derevaun Seraun! Zövqü-səfanın sonu – ağırdır!»

Varlığını saran qəfil qorxudan dik atıldı. Qaçmaq! O qoşulub qaçmalıdır! Frank onu xilas edə bilər. Frank onu yeni həyata qovuşdura bilər, hətta bəlkə, sevər də. O, yaşamaq istəyir! Axı o niyə əzab çəkməlidir? Axı onun da xoşbəxt olmağa haqqı var. Frank onu ağuşuna alar, güclü qollarıyla qucaqlayar. Frank onu xilas edər.

O, Şimal Divarının yanında, ora-bura vurnuxan kütlənin ortasında dayanmışdı. Oğlan əlindən tutmuşdu və ona təkrar-təkrar nəsə deyir, səfər barədə danışırdı. Vağzal mixəyi çantalı əsgərlərlə dolu idi. O, anqarın geniş qapısından körpüyə yan alan, illüminatorları alışıb-yanan gəminin qara gövdəsini görürdü. Oğlanın sözlərinə cavab vermirdi. Başını itirmişdi, sifətinin avazıdığını hiss edir, çaşqın halda Tanrıya yalvarırdı ki, ona doğru yol göstərsin, yanlış hərəkət etməyə qoymasın. Dumanda gəminin uzun, kədərli fiti səsləndi. Əgər indi gəmiyə minsə, sabah Buenos-Ayresə gedən Frankla bir yerdə olacaq. Biletlərini əvvəlcədən sifariş etmişdilər. Frankın onun üçün elədiklərindən sonra geri addım atmaq nə dərəcədə doğru olar? Keçirdiyi tərəddüdlərdən ürəyi bulandı, dodaqları isə ehtiraslı dualar pıçıldamaqdaydı.

Ürəyi sıxıldı. Frankın onun əlindən tutduğunu hiss etdi:

– Getdik!

Dünyanın bütün dənizləri onun ürəyində qovuşdu. Oğlan onu bu sulara doğru çəkir, orada batırmaq istəyirdi. O, hasarın dəmir barmaqlığından ikiəlli yapışmışdı.

– Getdik!

Yox! Yox! Yox! Bu mümkün deyil. O, qorxudan şiddətlə çığırdı, əlləri isə var gücüylə hasarın dəmirini sıxmaqdaydı.

– Evelin! Evvi!

Frank hasar uzunu qaça-qaça onu səsləyirdi. Oğlan hələ də qaçır, hələ də onu səsləyir… Evelin avazımış sifətini oğlana sarı çevirdi.

Qızın qanı qaçmış hissiyyatsız üzündə aciz heyvanlara xas olan bir laqeydlik duyulurdu, baxışlarında isə nə sevgi, nə vida, nə də etiraf nişanəsi vardı.

 

Tərcümə etdi: Etimad Başkeçid