İtaliya yazıçısı Umberto Ekonun nəvəsinə məktubu

 

Əziz nəvəm, bu Milad məktubumun yaxınlarımıza, qohumlarımıza və başqalarına sevgi aşılayan ibrətamiz ruhda olmasını istəməzdim. Sənin bu nəsihətlərə ehtiyacın yoxdu. Çünki çox böyümüsən, mənsə çox yaşlıyam. Dəyərlər elə dəyişib ki, mənim məsləhətlərim sənə yersiz görünə bilər.

Amma sənə elə bir məsləhət vermək istəyirəm ki, planşetdən istifadə elədiyin bu günlərdə karına gələ bilsin. Deyingən qoca kimi görünməkdən ehtiyatlandığım üçün sənə “planşeti bir kənara at” deyə bilmərəm. Axı mən özüm də ondan istifadə edirəm. Uzaqbaşı sənə saysız-hesabsız pornoqrafik saytlara çox diqqət ayırmamağı məsləhət görə bilərəm. Orada yazılanlar və göstərilənlər səni evə bağlamaq və şəhərə çıxıb gözəl qızlarla tanış olmağına, real insanları görməyinə mane olmaq üçündü. Çox gəncsən, bu yaşlı babanın məsləhətlərinə qulaq as: məktəbdə və ya idman meydançasında qızlara bax. Çünki onlar ekran personajlarından yaxşıdılar və nə vaxtsa sənə onlayn qızlardan daha çox sevinc bəxş eləyəcəklər.

Mənə inan, çünki təcrübəm səndən çoxdu. Əgər mən indi sənin kompüterdə izlədiyin seks oyunlarına baxsaydım, atan heç vaxt doğulmazdı. Onda heç sən də olmazdın. Amma mən bu barədə yox, bugünkü və gələcək nəsli təsir altına almış xəstəlikdən – yaddaşın itirilməsindən danışmaq istəyirəm. Bax, məsələn, sən Böyük Karlın kim olduğunu və yaxud Kuala Lumpurun harda yerləşdiyini öyrənmək istəsən, düyməni basmaqla internetdən hər cür məlumat əldə edə bilərsən. Zərurət yarananda bunu elə, amma həmin məlumatın məzmununu yadda saxlamağa çalış ki, eyni şey ikinci dəfə sənə lazım olanda yenidən axtarmayasan. Ən pisi odur ki, sənin istənilən sualına cavab verən kompüter, informasiyanı yadda saxlamaq qabiliyyətini əlindən alır.

Belə bir müqayisə aparaq. Məsələn, harasa tələsən insan biləndə ki, bu küçədən o birinə avtobusla və ya metroyla getmək daha rahatdı, onda qərara gəlir ki, piyada addımlamağa heç bir ehtiyac yoxdu. Amma insan piyada gəzməsə, əlil  arabasıyla  hərəkət etməyə məhkum zavallıya çevrilər. Bağışla, axı sənin idmanla məşğul olduğunu və bədənini istədiyin kimi idarə elədiyini bilirəm. Hə, gəl beyindən danışaq.

Yaddaş sənin ayağındakı əzələlər kimidi – idman eləməsən, süstləşər və sən müqəvvaya çevrilərsən. Üstəlik, hamımızın yaşlandıqdan sonra altsheymer  xəstəliyinə  tutulmaq  riskimiz var. Və belə acı sonluqdan qaçmağın üsullarından biri də yaddaşımızı daim məşq etdirməkdi.

Mənim reseptim belədi. Hər səhər kiçik bir şeir parçası əzbərlə (uşaq vaxtı bizi buna məcbur edirdilər). Dostlarınla yaddaş yarışı keçirə bilərsiz. Əgər poeziyadan xoşun gəlmirsə, futbol komandalarının heyətini əzbərlə. Amma  bunun üçün təkcə Roma komandalarının oyunçularını tanımaq azdı. Digər komandaların oyunçularını, keçmiş heyətləri (təsəvvür elə ki, Superq yamacında qəzaya uğramış təyyarədəki Turin komandasının oyunçularının adı indi də yadımdadı: Baçiqalupo, Ballarin, Marozo və sair) də tanımalısan. Yarışıb görün, oxuduğunuz kitab kimin yadında daha yaxşı qalıb. Məsələn, Dartanyan və üç muşketyorun qulluqçularının adlarını (Qrimo, Bazen, Muşketon və Planşe) yoldaşlarından kim xatırlayır. Əgər “Üç muşketyor”u oxumaq istəmirsənsə (hərçənd o kitabı oxumamaqla nələr itirdiyini özün də bilmirsən), onda başqa kitabları seç.                

Bu, oyuna oxşayır. Əslində elə oyundu. Amma özün də görəcəksən ki, beynin müxtəlif qəhrəmanlarla,  tarixlə, xatirələrlə doldu. Heç özünə sual verirsənmi ki, görən, niyə kompüteri nə vaxtsa elektron beyin adlandırırdılar?

Ona görə ki, bu cihaz beynimizin modeli əsasında hazırlanıb. Amma insan beyninin imkanları kompüterdən artıqdı. Beyin elə bir kompüterdi ki, daim səninlədi. Çoxlu məşq eləsən, imkanları da genişlənər.

Sənin masaüstü kompüterin uzun müddət istifadə edildikdə sürətini itirir və bir neçə ildən sonra yenilənməsi tələb olunur. Amma beynin sənə 90 il xidmət eləyə bilər. Və əgər 90 yaşında da onu məşq elətdirsən, bugünkündən də çox şey yadında qalacaq. Üstəlik də, pulsuz.

Bir də tarixi yaddaş var ki, orada sənin dünyaya gəlişindən əvvəlki hadisələr mövcuddur. Bu gün kinoteatra getsən, gərək seans başlamamış içəri girəsən. Çünki film başlayan kimi sənə hadisələri nəql eləyir. Mənim zamanımda isə kinoteatra istənilən vaxt, hətta filmin ortasında da girmək olardı. Hadisələrin çoxu sən gəlincəyə qədər cərəyan edirdi və filmin əvvəlində nələr olduğunu özün düşünüb tapmalı idin. Müasir həyat mənə o dövrün filmlərini xatırladır... Yaşımızdan əvvəl olanları öyrənmək ona görə vacibdir ki, indiki hadisələrin nə üçün baş verdiyini anlaya bilək. Məktəb bunu sizə yaxşı öyrədə bilmir. Sorğular da göstərir ki, 1990-cı illərdə doğulmuş gənclər 1980-ci illərdə baş verənləri (hələ mən 50 il əvvəli demirəm) bilmir, ya da bilmək istəmir. Onlardan Aldo Moronun kimliyini soruşanda  “Qırmızı  briqadalar”ın rəhbəri olduğunu deyirlər. Halbuki onu elə həmin radikal-solçu təşkilatın üzvləri qətlə yetirmişdilər. “Qırmızı briqadalar”ın fəaliyyəti çoxları üçün sirdi, halbuki onların siyasi səhnədə olmasından cəmi 30 il keçib.

Bil ki, yaddaşını təkcə kitab və jurnallar yox, həm də kompüter vasitəsilə məşq elətdirməlisən. Bu yaddaş təkcə dostlarınla söhbətdə karına gəlməyəcək, dünya tarixini bilməyinə də yardım edəcək. Xettlər kimlər olub? Kolumbun üç gəmisi necə adlanıb? Dinozavrların kökü nə vaxt kəsilib? Mali imperiyası harada yerləşib? Tarixdə ikinci Papa kim olub? Mikki Mausu kim yaradıb? Bu siyahını uzada da bilərəm. Bunların hər biri geniş araşdırma mövzusudu və hamısını yadda saxlamaq lazımdı.

Bir gün sən də qocalacaqsan və əgər Vaterloo döyüşündə “iştirak eləsən”, Yuli Sezarın qətli zamanı “orada olsan”, həvəngdəstədə müxtəlif maddələri qarışdırıb qızıl əldə eləmək istəyən, amma təsadüf nəticəsində barıtı icad eləyib sonra özü də havaya uçan (ona bu da azdı!) Bertold Şvartsın gəzdiyi yerləri “dolaşsan”, minlərlə insan ömrünü yaşadığını hiss eləyəcəksən.  Öz  yaddaşını  zənginləşdirmək istəməyən dostlarınsa, ancaq öz həyatlarını yaşayacaq – monoton, emosiyalardan uzaq bir həyatı.

Odur ki, yaddaşını zənginləşdir və elə günü sabah "Məlahətli Tereza"[1]nı əzbərlə.

 

Tərcümə edən: Güldəstə Nəsib 

[1] XIX əsr İtaliya şairi Luici Seylerin uşaqlar üçün yazdığı şeir