“Bir nəfər hamı üçün, yaxud Mixaylonun qisası” kitabı Müdafiə Nazirliyində təqdim olundu

Bölmə: Xəbər 11.12.2018

 

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin Heydər Əliyev muzey-lektoriyasında Azərbaycanın igid oğlu Mehdi Hüseynzadənin 100 illiyi münasibəti ilə Azərbaycan Dövlət Tərcümə Mərkə­zi tərəfindən nəşr olunmuş “Bir nəfər hamı üçün, yaxud Mixaylonun qisası” kitabı­nın təqdimat mərasimi keçirilib. Mərasimdə Bakı Qarnizonunun hərbi hissələrinin, qoşun növlərinin, xüsusi təyinatlı təhsil müəssisələri­nin, veteran təşkilatlarının nümayən­də­­ləri, kitabı ərsəyə gətirmiş Azərbaycan Dövlət Tərcümə Mərkəzi­nin əməkdaşları, eləcə də Mehdi Hüseynzadənin ailə üzvləri iştirak ediblər.

Tədbirdə Müdafiə Nazirliyinin zabiti, polkovnik Abdulla Qurbani, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin rəisi, general-mayor Gəray Bağırov, Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının rəhbəri, polkovnik Aqil Haqverdiyev, Azərbaycan Dövlət Tərcümə Mərkəzinin Aparat rəh­bə­ri Yaşar Əliyev və əsərin tərcüməçisi Fərhad Abdullayev çıxış ediblər.

Çıxışlar zamanı nəşr haqqında ətraflı məlumat verilib, igid qəhrəmanın həyat və döyüş yolunu canlı şahidlərin xatirələri, sənədlər, mətn və faktlarla işıqlandıran əsər və onun müəllifi – məşhur Sloveniya yazıçısı Peter Amaliettinin yaradıcılığı barədə fikirlər söylənib.

Daha sonra Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin yaradıcı qrupu tərəfindən Mehdi Hüseynzadənin kitabda təqdim olunan şeirləri əsasında hazırlan­mış musiqili ədəbi-bədii kompozisiya təqdim edilib.

Tədbirin sonunda Mehdi Hüseynzadənin bacısı oğlu Mehdi Əzizbəyov qəhrəmanın ailə üzvləri adından Azərbaycan Respublikasının Prezidentinə, əsəri Azərbaycan dilinə tərcümə və nəşr etmiş Azərbaycan Dövlət Tərcümə Mərkəzinə, həmçinin təqdimat mərasimi­nin təşkilinə görə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəhbərliyi­nə təşəkkürünü bildirib.