Xoş gəldin, dərdim, xoş gəldin!

 

XOŞ GƏLDİN, DƏRDİM, XOŞ GƏLDİN!

 

Göylərin yeddi qatından,

Qəriblərin ovqatından.

Qəmlərimin çatından

Keçib, sinəmə tuş gəldin,

Xoş gəldin, dərdim, xoş gəldin!

 

Yelkən oldun, üzdü gəmim,

Çiçəklədi qüssəm, qəmim.

Tumurcuqladı qələmim.

Qaşsız baxtıma qaş gəldin,

Xoş gəldin, dərdim, xoş gəldin!

 

Sənsiz dünyam həzin düşdü,

Hər günümə hüzn düşdü.

Döndün, odun, közün düşdü.

Boş ruhuma savaş gəldin,

Xoş gəldin, dərdim, xoş gəldin!

 

Üz tutdum Söz dərgahına,

Od üçün köz dərgahına…

Nədənsə öz dərgahına

Qayıdıb əliboş gəldin,

Xoş gəldin, dərdim, xoş gəldin!

 

Gözündən yüz bulaq oydum,

İçdikcə demədim doydum…

Mizan-tərəziyə qoydum.

Sevgimlə baş-başa gəldin,

Xoş gəldin, dərdim, xoş gəldin!

 

ÇİYNİMDƏ TABUT, GƏZİRƏM

 

Alışdım tək daşımağa,

Çiynimdə yük daşımağa,

Yer yox bir tük daşımağa,

Çiynimdə tabut, gəzirəm.

 

Dolaşıram dağı-daşı,

Nə zər, nə yaqut gəzirəm.

Düyün-düyün yollarımı

Aça-aça oxuyan bir

Kökdən düşmüş ud gəzirəm.

Çiynimdə tabut, gəzirəm.

 

Gəzirəm dörd bir tərəfi,

Bilmirəm yolum haradı.

Çəkir məni sirr tərəfi...

Ölümü gördüm, deyəsən,

Görəsən, olum haradı?

 

Suyuna dodaq dəyməmiş,

Köksünə ayaq dəyməmiş,

Sinəsinə ox dəyməmiş

Gözdən uzaq yurd gəzirəm,

Çiynimdə tabut, gəzirəm.

 

Dörd yana meydan sulayan,

Səsi ruhunu dalayan,

Axirət deyib ulayan

 

Yalqız qalmış Qurd gəzirəm,

Çiynimdə tabut, gəzirəm.

 

Balalar çiçək doğulur,

Gül doğulur balalar.

Balalar göyçək doğulur,

...Qul doğulur balalar.

 

Torpaqdan altun doğulur,

Daşlardan yaqut doğulur,

Nədənsə şair doğulan

Çiynində tabut doğulur.

 

Çox göynətdi ürək məni,

Dərdsiz ürəyə qurd düşər...

Silkələmə, fələk, məni,

Çiynimdəki tabut düşər!..

 

AXİRƏT

 

Bir səhər yuxudan durarsan, qardaş,

Bilməzsən səhərdi, ya axşam çağı…

Axar suların da yolu dəyişib,

Görərsən əriyib Himalay dağı…

Yolların da sağı, solu dəyişib,

Suların altında qalıb qəbirlər,

Sular da qəbrinin üstündən axır…

Ruhun da göylərdən qəbrinə baxır…

Baxarsan, elə hey gözün axtarar…

Amma görərsən ki,

Nə bir inni-cinni, nə bir can qalıb.

Nə bəla, nə xəta, nə də qan qalıb...

Nə səs, nə bir səda, …kiriyib hər şey.

Daşlar ağac olub, ağaclar da daş…

Sən özün-özündə

batmısan, qardaş!

Nə nar ağacları, nə əncir, üzüm,

Nə alma, nə püstə, nə badam qalıb.

Dünyanı su basıb, dünya bir ada,

Bu kiçik adada tək Adəm qalıb…

 Adanın köksündə sevgi çatları…

 Nə Həvva görünür, nə övladları…

 

QALMAZ BELӘ, QALMAZ DÜNYA

 

Bığ yeri tәrlәyәn igid,

Girәvә һәrlәyәn igid,

İçindә çәrlәyәn igid,

Qalmaz belә, qalmaz dünya.

 

 Sığınar bir xәlvәt döşә,

 Qorxar baxtı bәndә düşә,

 Boynunu bükmə, bənövşə,

Qalmaz belә, qalmaz dünya.

 

Könül verməzlər şər vaxtı,

Arxanca bir qərib baxdı,

Qara qızın qara baxtı,

Qalmaz belə, qalmaz dünya.

 

Övladların çıxdı naşı,

Qəm yükünü özün daşı,

Axma, anamın göz yaşı,

Qalmaz belə, qalmaz dünya.

 

Başında xoş sevda dəmi,

Ocağında hicran qəmi.

Ağlama, "Yanıq Kərəmi"

Qalmaz belə, qalmaz dünya.