“Rəssamlar üçün çılpaq təbiət daha maraqlıdır”

 

Aydınyol.az saytının suallarını Xalq rəssamı Arif Hüseynov cavablandırır

– Arif müəllim, Siz 75 il əvvəl Bakının qədim Qala kəndində dünyaya göz açmısınız. Doğulduğunuz yeri vurğulamaqla, bir məqama toxunmaq istərdik. Məlum olduğu kimi, Abşeronun qumluqlarla əhatə olunmuş çılpaq, quru, haradasa rəngsiz mənzərəsi ilk baxışdan belə təsəvvür yaradır ki, rəssama yaratmaq üçün heç bir stimul verə bilməz. Amma məsələ bundadır ki, Azərbaycanın əksər böyük rəssamları çeşmələrin qaynadığı, çayların axdığı, yaşıllıqlara qərq olan dilbər guşələrimizdən deyil, məhz Abşerondan çıxıb. Siz bu paradoksu nə ilə izah edərdiniz?

– Rəssam üçün məsələ bir qədər fərqlidir. Dediyiniz gözəl təbiət mənzərələri bizim şair və yazıçılar üçün mühüm ola bilər. Çünki Azərbaycanda söz adamlarının böyük əksəriyyəti məhz elə mənzərəli yerlərdə doğulub-böyüyüb. Onlar şəlaləni, bulağı, dağı, meşəni ideallaşdırırlar. Rəssamın yaradıcılığı üçün bunların elə bir əhəmiyyəti yoxdur. Əksinə, bizdə rəssamlar əsasən Bakıdan, daha doğrusu, Bakıətrafı kəndlərdən çıxıblar. Məsələn, Əzim Əzimzadə Novxanıdan, Səttar Bəhlulzadə  Əmircandan, Mikayıl Abdullayevin əsli Maştağadan, Tahir Salahov Suraxanıdandır. Yəni rəssamlıq üçün Bakı və onun ətrafı obyekt kimi maraqlıdır. Çünki bizim məqsədimiz gözəl mənzərələri kətana çevirmək deyil. Biz qurumuş əncir, ya tut ağacını çəkirik, Abşerondakı qədim yerləri rəsmdə canlandırırıq. Demək olar ki, hamımız nağıla bənzəyən İçərişəhərdə böyümüşük – əyri-üyrü, dolanbac küçələri, Qız qalasını, Şirvanşahlar sarayını çəkmişik. Təkcə bizə yox, bütün dünya rəssamlarına yaradıcılıq üçün çılpaq təbiət, səhralıq, qədim tikili-komplekslər daha maraqlıdır.

 

– Yeri gəlmişkən, şairlər ilham pərisi, vəhy barədə çox danışırlar. Rəssamların “kənar təsirlər”ə münasibəti necədir?

– İlham pərisi şairlərin uydurmasıdır. Yadıma bir epizod düşdü: bir dəfə jurnalist mərhum sənətkarımız Qədir Rüstəmova sual verir ki, ilham pərisinə inanırsınız? Qədir müəllim cavab verir ki, qonşumuzda bircə Pəri tanıyırdım, o da öldü-getdi. İndi onun sözü olmasın, mən ilham pərisinə inanmıram. Yəni oturub gözləyim ki, vəhy gələcək, işləyəcəm, belə olmur. Amma mistikaya inanıram. Məsələn, sizə başıma gələn bir hadisəni danışım: şair Əliağa Kürçaylı ilə onun ömrünün sonuncu ilində tanış olmuşdum. Portretini naturadan işləməyə imkanım olmamışdı. O, dünyasını dəyişəndən sonra bir neçə dəfə xatirəsini əbədiləşdirmək istəsəm də, alınmırdı. Bir dəfə Abşeronu gəzəndə dağılmış balıqçı vətəgəsinə bitişik püstə ağacı gördüm. Külək qumu sovurmuş, ağacın köklərini açıqda qoymuşdu. Bilirsiniz ki, Kürçaylı xərçəng xəstəliyindən dünyasını dəyişib. O kökləri metastaza bənzətdim. Bu mənzərə məni təsirləndirdi və cəmi ikicə günə şairin portretini çəkib hazırladım. Yəni belə mistik hadisələr olur.

  

– Siz bir rəssam kimi daha çox qrafika ustası kimi tanınırsınız. Nizami Gəncəvi, Məhəmməd Füzuli, Hüseyn Cavid və digər klassiklərimizin yaradıcılığı daim əsərlərinizə yeni-yeni mövzular verib. Sizi haradasa «sözlərə rəng qatan rəssam» kimi də xarakterizə etmək olarmı?

– Bəlkə də olar. Amma bunu öz dilimdən demək mənim üçün çətindir. Bəli, mən kitab işi ilə məşğulam, yəni ədəbiyyat həm də mənim işimdir. 1968-ci ildə məni “Göyərçin” jurnalına dəvət etdilər və ilk rəsmlərim “Göyərçin” jurnalında çıxmağa başladı. O vaxtdan nağıllara, müxtəlif bədii ədəbiyyat nümunələrinə rəsmlər çəkməklə məşğulam. Yüzdən artıq kitab tərtib etmişəm. Amma sizə bir sirr açım ki, indiki rəssamlar nə üçünsə ədəbiyyatla bir o qədər bağlı deyillər. Hərdən onlara deyirəm “kitab oxumursuz”, xətirlərinə dəyir. Düşünürəm ki, mütaliə hamı üçün, xüsusən də rəssamların dünyagörüşünün formalaşması üçün çox vacibdir.

 

 

–  Bir vaxtlar Azərbaycan rəssamlıq məktəbi keçmiş SSRİ-də ən güclü məktəblərdən sayılırdı. S.Bəhlulzadə, T.Salahov, C.Mircavadov, T.Nərimanbəyov kimi rəssamlar nəinki SSRİ-də, bütün dünyada məşhur idi. Bu sahədə indi vəziyyət necədir?

O vaxt biz də digər sovet respublikaları ilə yanaşı SSRİ-ni təmsil edirdik. Haqlısınız, rəssamların qaynar yaradıcılıq və inkişaf dövrü keçən əsrin 60-cı illərinə təsadüf edir. Nikita Xruşşovun SSRİ-yə rəhbərliyi dövründə yaradıcılıq sahəsində “buzlar əriməyə başladı”. Azərbaycanda da bu fürsətdən bacarıqla istifadə edildi. Sovet hökuməti də bunu əldə bayraq tutub bildirirdi ki, biz xalqların mədəniyyətlərinin inkişafına şərait yaradırıq. O zaman gənc, novator rəssamlar irəli çıxdılar. Təsviri sənətimizin sütunları da məhz o dövrdə yetişdi.

İndi ayrı-ayrı müəlliflər var, dünyada tanınırlar, əsərləri satılır, amma küll halında Azərbaycan rəssamlığını təqdim edə bilmirik. Bundan başqa, o dövrdə rəssamlığa maraq da çox idi. Bu gün daha çox dizaynerliyə, modelyerliyə üstünlük verilir. Rəssamlıq Akademiyasında tələbələrin əksəriyyəti modelyerlik üzrə təhsil alan qızlardır. Görünür, bu, dövrün tələbidir. Başqa sahələr üzrə – dəzgah boyakarlığı, dəzgah rəssamlığı üzrə də oxuyanlar var. Ancaq bu sahələr o qədər də populyar deyil. Bir də ki, gənc rəssamlar irəlini öncədən düşünürlər – yəni təhsil alandan sonra nə işlə məşğul olacaqlar – bu, onları narahat edir. Akademiyanı qurtaran o qədər rəssam var ki, emalatxanası yoxdur. Emalatxanası olmayan rəssamın işləməsi mümkün deyil. Bunlar hamısı problemdir...

 

– Müasir gənclik daha çox postmodernizmə – ənənəvi olanların dekonstruksiyasına üstünlük verir. Bu, yalnız rəssamlıqda deyil, incəsənətin digər sahələrində də özünü qabarıq göstərir. Yaşlı nəslin nümayəndəsi kimi gənc fırça ustalarının Azərbaycan rəssamlıq ənənələrinə münasibəti Sizi qane edirmi?

– Bilirsiniz, ənənələrə qarşı getmək üçün gərək ən əvvəl onlara bələd olasan. İndi Rəssamlıq Akademiyasında dərs dediyim tələbə var ki, heç Leonardo da Vinçini, Rafaeli belə tanımır. Öyrənməyə də həvəsi yoxdur. Çox zaman qrupda bir, ya iki nəfər üçün dərs deyirsən. Hər qrupdan bir rəssam çıxırsa, bu özü bizim üçün qənimət sayılır. Bəli, gənc rəssamların bəziləri  daha çox abstrakt əsərlərə üstünlük verirlər. Əslində, Avropada abstrakt bumu çoxdan keçib. Təəssüf ki, bizdə bəzən abstrakt sənəti bilməyənlər də bu işlə məşğul olurlar.

 

– Hal-hazırda hansı əsərlər üzərində işləyirsiniz? Həmçinin gələcək planlarınız barədə bilmək istərdik.

– Əlli işdən ibarət “Qarabağnamə – tarixin səhifələri” adlı silsiləm hazırdır. Bu layihəyə Alban kilsələrindən tutmuş, Qarabağın ustad xanəndələri, İslam mədəniyyəti, şəxsiyyətlər, son tarixi hadisələr – Xocalı faciəsi və s. daxildir. Hazırda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında tədrislə də məşğulam, gənclərlə birbaşa təmasdayam. Azərbaycan Dövlət Televiziyasında hər bazar günü uşaqlarla bağlı maarifçilik xarakterli verilişim efirə gedir. Gələcək planlarım da az deyil. Dəyərli şairlərimizin əlyazmaları üzərində rəsmlər çəkib sərgi təşkil etməyi düşünürəm.


                                                                                        Rəbiqə