ƏZİZ ƏD-DİN İBN MƏHƏMMƏD NƏSƏFİ

 

İLAHİ HİKMƏT XƏZİNƏSİ


İnsanın kamillik yolu qədim sufilər tərəfindən İlahiyə – Uca Yaradana canatma, Ona qovuşma yolu kimi baxılır. Onlara görə özündə üç başlıca cəhəti cəmləyən bu sonsuz səyahətin ən ali zirvəsinə çatan yeganə kəs Məhəmməd peyğəmbərdir. “Qanun – mənim dediklərim, Yol – əməllərim, gerçəklik – halımdır”(Məhəmməd peyğəmbər). 
Qədim sufilər Məhəmməd peyğəmbəri kamilliyin ən ali zirvəsinə – Peyğəmbər Möhürü dərəcəsinə ucalan yeganə insan hesab etsələr də, ondan sonra digər qanuni peyğəmbərlərin aşkar olunmadığını təsdiq etsələr də, Uca Yaradana aparan Yolun davam etdiriləcəyinə ümid yerinin qaldığını da bildirirlər.
Böyük sufi Əziz əd-din ibn Məhəmməd Nəsəfiyə görə də bu Yolun nə əvvəli, nə sonu yoxdur:
“Əgər insan bu dünyada min il də yaşasa və bütün o min ili ömrünü özünüdərkə, zahidliyə, zikrə həsr etsə, o yenə öz biliyi və dərəcəsi müqabilində hər gün, hər dəqiqə nə isə dərk etməyə, anlamağa davam edəcək. O səbəbdən ki, Allahın Biliyinin sonu, sərhəddi yoxdur. Odur ki, kamilliyin də son həddinə yetmək – başa gələn iş deyil və kamillik əldə etdiyini düşünən kəs bunun nisbi olduğunu dərk etməlidir. 
Müqəddəs Qanuna görə isə tam kamillik mövcuddur”.

Afaq Məsud

Yazının əvvəli burada: http://aydinyol.az/newsview/1332/EZIZ-ED-DIN-IBN-MEHEMMED-NESEFI  

http://aydinyol.az/newsview/1332/EZIZ-ED-DIN-IBN-MEHEMMED-NESEFI

https://www.aydinyol.az/newsview/1403/EZIZ-ED-DIN-IBN-MEHEMMED-NESEFI

https://www.aydinyol.az/newsview/1435/EZIZ-ED-DIN-IBN-MEHEMMED-NESEFI

https://www.aydinyol.az/newsview/1461/EZIZ-ED-DIN-IBN-MEHEMMED-NESEFI

 

 

 ƏZİZ ƏD-DİN İBN MƏHƏMMƏD NƏSƏFİ

ZÜBDƏT- İL HƏQAİQ 

(HƏQİQƏTLƏR QAYMAĞI)

 

BÖYÜK DÜNYA BARƏDƏ

BİRLİK YOLU ARDICILLARININ QƏNAƏTİ

Birinci fəsil

 

Bil ki, Birlik yolu ardıcıllarının dediyinə görə bir mövcudluq var: o da Uca və Müqəddəs Yaradanın mövcudluğudur, bu mövcudluqdan savayı, ayrı mövcudluq yoxdur və ola da bilməz. Bir də, onların dediyinə görə mövcudluq vahid olsa da, onun zahiri [zahiri] və daxili [batin] var.

Bunu bildikdən sonra, onu da bil ki, Birik yolunun ardıcıllarına görə daxili mövcudluq – işıqdı… Dünyanın canı [can] da, həmin o işıqdı. Dünya bu işıqla doludu… Bu işıq sərhədsiz və sonsuzdu, ucu-bucağı olmayan dəryaya bənzər... Həyatın, biliyin, iradənin, bir sözlə, hər bir şeyin qaynağı, mənbəyi, həmin o işıqdı. Təbii olan hər bir şeyin xasiyyəti və hərəkəti o işıqdandı… görmə, eşitmə, nitq, qavrama, irəliləmə qabiliyyəti də, o işıqdandı. Bu işıqdan savayı, ayrı işıq yoxdu. O səbəbdən ki, var olan hər bir şey, həmin o işıqdandı.

Mövcud olanların keyfiyyəti, hərəkəti və adları həmin o işıqdandı. Mövcud olan hər bir şeyin mahiyyəti, cəmi və təki, eyni dərəcədə, həmin o işığın mahiyyətində var. Bu mahiyyətlərin hər biri, öz-özlüyündə dünyaya açılan qapılardı… və işığın məzmunu o qapılardan saçar.

Dərviş, bil ki, bu dünyanın nə axırı, nə sonu var. Odu ki, fənalıq [fəna] və yoxluq ona nəsib olmayacaq. Qapılar köhnələcək, sonra yenidən təzələnəcək, onlar dönə-dönə köhnələcək və təzələnəcək, sonra külə dönəcək və küldən yenidən törənəcək. Bu qapılar öz-özündən yaranar, özləri yaranar, özlərini də yaradar. Kamillik dərəcəsi əldə etməyə gərək olanların hamısı onların özlərindədi.

Bu işıq öz yaratdıqlarının təzahürlərinə aşiqdi. O səbəbdən ki, o, bu təzahürlərdə özünü, öz gözəlliyini seyr edər, öz əlamətlərini və adlarını nəzərdən keçirər. Bu səbəbdən deyilər: “Əvvəl özünü tanı ki, Allahını tanıyasan”.

Bunu biləndən sonra ki, həmin bu vahid olan işıq dünyanın canıdı və bu dünyada olan hər bir şey öz mahiyyəti etibarı ilə həmin bu işığın təzahürüdü, “bizə qədər olanlar biz idik, indi olanlar da bizik, bizdən sonra olacaqlar da” deyənlərin haqlı olduğunu anlayırıq. Yaxud kimsə desə ki, “bizə qədər olanlar biz deyildik, indi olanlar da biz deyilik, bizdən sonra olacaqlar da biz deyilik”, onlar da haqlı olacaqlar.

Dərviş, bunu bil ki, mövcud olan hər bir kəsin böyük mövcudluğa nisbəti – kitabda olan hərfin, onu (kitabı) yazan mürəkkəbə nisbəti qədərindədi. Odu ki, deyirlər: “Allaha aparan yolun nə eni, nə uzunu var”.

Mövcud olanlar bir-birinə nisbətdə ya bir-birini qabaqlayar, ya bir-birini davam etdirərlər. Bir qismi, keçmiş zamanda, digəri, gələcəkdə.

Nə qədər çalışdım, sözümü qısa deyim, söhbət yenə uzandı...

Dərviş, ən vacib olanı odu ki, qulaq asasan, dinləyib anlayasan, anlayıb xilas olasan. Odu ki, diqqətlə qulaq as, dinlə, anla və xilas ol.

Deməli, bunu bildin ki, bir mövcudluq var, o da Uca Yaradanın mövcudluğudu. Bu mövcudluqdan savayı, ayrı mövcudluq yoxdu və ola da bilməz.

Bu vahid mövcudluğun daxili [batini] işıqdı. Dünyanın canı da Odu. Özünü qapılardan göstərən də, həmin işıqdı. Deyən də odu, eşidən də, verən də odu, alan da. Bu işığı görmək, dünyaya həmin o işıqdan baxmaq – böyük səadətdi.

Bir Şeyx danışırdı ki, “mən o işığa çatdım və onu gördüm. O, sonsuz və sərhədsizdi...  nə üstü, nə altı var, nə sağı, nə solu var, nə əvvəli, nə axırı var... Yuxusuzluq və aclıq hissi məni tərk etdi, rahatlığım əlimdən getdi. Dərdimi açıb müqəddəs bir adama danışanda dedi: “Get, özgənin xırmanından, icazəsiz bir ovuc saman götür. Mən getdim və götürdüm... və bir daha o işığı görmədim”.

Digər bir müqəddəs danışırdı ki: “Mən o işığa çatdım, onu gördüm... amma özümü görmədim, hər şey işıq idi...”

Dərviş, elə ki yolçu o işığa çatar, ona əlamətlər verilər.

Bunun birinci əlaməti budu ki, işığa çatan kəs bir daha özünü görməz. O səbəbdən ki, özünü, yaradılmışların çoxluğunda görər.

Yolçu beləcə özünü itirib yoxa çıxar… qovuşma, ayrılma, duyum da yox olar. O səbəbdən ki, duyum da, qovuşma da, ayrılma da insanlar arasında baş tutar. İşığın izinə düşən yolçu üçünsə, bunların hamısı yoxa çıxar, tək bir Yaradan qalar. Bu ərimədə yolçu vahid olan Allaha qovuşar...                    

İkinci fəsil

İndi bil ki, Birlik yolu ardıcıllarının bir çoxu mövcudluq barədə bu deyilənlərdən savayı, heç nə bilməz və görməz. Onlar deyəndə ki, “bir mövcudluq var və ondan savayı, ayrı mövcudluq yoxdu və bu Allahın mövcudluğudu, bu mövcudluğun batini və zahiri var və onun əsası vahid işıqdı, işığın xaricində olanlar onun inikası, yaxud güzgüsü, yaxud çırağıdı, bu, əlbəttə ki, ədalətlidi”.

Onlar olanı düzgün görürlər, lakin mövcudluğun mahiyyətini dərk etmirlər, bu səbəbdən də əsl mahiyyətin nə olduğuna vara bilməyiblər. Mahiyyət isə, cəbərütdü.

Onlar bildikləri və gördükləri ilə mülk və mələkütə çatıblar, mülkü də, mələkütü də görüblər, cəbərütü isə görə bilməyiblər. Halbuki cəbərütün nisbətində mülk və mələküt, dənizin nisbətində damla qədərindədir.

Mövcud olan hər bir şeyi özündə cəmləyən saf bütövlük, həmin bu cəbərütdür. Bədənin və ruhun mənbəyi, kitabın və sözün, mülkün və mələkütün, mövcudluğun və yoxluğun qaynağı da odur. Mülkdə və mələkütdə nə varsa, o, cəbərütdə də var.

Mülkdə də, mələkütdə də yer də var, göy də, taxt da, tac da. Yerdə də, göydə də çoxlu sayda yaranışlar var. İblis də, insan da həmin bu göydə yaranıb, onlar isə bunu bilə bilmədilər...

Nə isə, söhbət yenə uzandı və biz məqsədimizdən yayındıq. Məqsədimiz isə bu idi, izah edək ki, Vahidlik yolunun ardıcıllarına görə böyük dünyanın toxumunun əsasında olan ilkin özül maddi olub...

Üçüncü fəsil

Bil ki, həmin bu ilkin maddi özül surətlər və quruluşlar əldə edə bilən müstəqil bir özüldü. O, dörd hissədən ibarətdi. Bunun biri, əsası dəmirdən və taxtadan olanıdı ki, müxtəlif surətlər və quruluşlar ala bilir. Bu, ilkin özülün əsas hissələrindən biridir.

Toxum [nütfə] özü də özüldür, o da çoxlu sayda surətlər və quruluşlar ala bilir ki, bu da ilkin özülün ayrı bir hissəsinin hissəsidir.

Ünsürlər də özüldür. Onlar da çoxlu sayda surətlər və quruluşlar ala bilirlər və bu da ilkin özülün ayrı bir hissəsinin hissəsidir.

Maddi özül sadə özüldür və o da çoxlu sayda surətlər və quruluşlar əldə edə bilir. Bu dünyanın və ölümün səbəbi, əbədi və dəyişməz olanın məğzi də odur.

Bu dünyada mövcud olan hər bir şey gizli və aşkar dünyalarda mövcud olan ilkin özülün surətləri və quruluşlarıdır. “Cəbərüt” deyilən, həmin bu ilkin özüldür.

Cəbərüt dünyası mülk və mələküt dünyasının mənbəyi və qaynağıdır. O, mülk və mələkütə aşiqdir. O səbəbdən ki, öz gözəlliyini mülk və mələkütdə görər, adlarını və xasiyyətlərini onlarda seyr edər.

Mələküt də, eynilə bu sayaq mülkə aşiqdi. O səbəbdən ki, mülk mələkütün təzahürüdü, mələküt isə cəbərütün.

Cəbərüt – maddi özüldür, müəyyən surətləri və quruluşları qəbul etsə də, dəyişikliklərə məruz qalır və qalacaq. Surətlər və quruluşlar isə Ali Dünya verər. Surət və quruluşlar qəbul edən, onları pozan da odur. O bunu daim edir və edəcək.

Alçaq dünyanın da surətləri və quruluşları, ölüm və həyat dünyası mövcuddu. Bu ilkin maddi özülün ayrı hissəsinin hissəsidi.

Maddi özülün hissələri haqqında biləndən sonra, onu da bil ki, Birlik yolunun ardıcıllarına görə, ilkin maddi özül hər iki dünyanın, yəni gizli və aşkar dünyanın təməli və əsasıdı. Bu özülün əvvəli-axırı, sərhədi-sonu yoxdu. O, bölünən, hissələrə ayrılan deyil, aşınmağa və yoxluğa qadir deyil.

Bu, sərhədsiz, sonsuz dünyadır… ucu-bucağı, sahili olmayan dənizdir. Mövcudluq ondan yaranır. Hər şey ondan yaranır və ona da qayıdır. O səbəbdən ki, hər şey ondadır, hər şey özüdür. Hər iki dünyanı bəxş edən də odur. Və onun hər iki dünyası, mahiyyət etibarı ilə birdi. Bu, gizli dünyadır. Mahiyyət etibarı ilə tənhalıqlar, təklər dünyasıdır…          

Dərviş, Cəbərütün nə adı, nə işarəsi, nə quruluşu, nə surəti, nə sərhədi, nə qayda-qanunu var. O, duyğularla da anlaşılan deyil. Şüur da onun barədə məlumatsızdı. Şüur ondan heyrətə gələr, təsəvvür çaşqınlığa düşər... Orada balla balqabağın dadı eynidi, zəhər də, məlhəm də eyni təsir gücünə malikdi… Orada qızılquşla toyuq, qurdla qoyun yanaşı yaşayar... Orada gecəylə gündüz bir rəngdədi, nə ölüm, nə əbədiyyət bir məna kəsb etmir... Yüz min il bundan əvvəl də belə olub, yüz min il bundan sonra da belə olacaq. Bu, fərqsizliklər dünyasıdı… Fironla Musanın, Nimruzla İbrahimin barışdığı dünyadı...

Bil ki, Birlik yolunun ardıcılları iki icmaya bölünür. Bir icma təsdiq edir ki, mövcudluq birdi və bu, vahid Allahın mövcudluğudu, bundan savayı, ayrı mövcudluq yoxdu, bütün mövcudluqlar eyni dərəcədə Allahın mövcudluğudu və onlar bu mülahizələrini, bütün təfərrüatıyla açıqlayırlar.

Digər icma isə sübuta yetirir ki, mövcudluq ikidir: həqiqi mövcudluq və ötəri [xəyali] mövcudluq. Allahın mövcudluğu – həqiqi mövcudluq, dünyanın mövcudluğu – ötəri mövcudluqdu.

Onlara görə Allahın mövcudluğu görünməz [nistnamay] mövcudluq, dünyanın mövcudluğu isə, görünən yoxluqdu. Yəni əvvəldən-axıra ötəri görüntüdü. O, həqiqi mövcudluğa, yəni Allahın mövcudluğunda olana bənzər və mahiyyəti etibarı ilə bundan savayı, yəni nəyinsə kölgəsi, ötəri görüntüsü olmaqdan savayı, ayrı bir şeyə qadir deyil.

İkinci icmanın gəldiyi qənaət budur. Onlar özlərini “Birlik yolunun ardıcılları” adlandırırlar.                           

Dördüncü fəsil

Bütün bunları biləndən sonra, bunu da bil ki, mövcudluq barədə, dediyim həmin bu dörd icmanın rəyi həmişə olub və bu haqda bütün biliklərin əsasında, yalnız bu dörd istiqamət dayanır. Qalan digər qənaət və rəylər, saysız-hesabsız cərəyanlar, hansı ki, dünya durduqca yaranıb, yaranır və yaranacaq, həmin bu dörd istiqamətin şaxələrindən savayı, ayrı bir şey deyil.

Şübhə yoxdu ki, bu dörd istiqamətdən biri həqiqət, qalan üçü uydurmadır. Buna baxmayaraq, onların hər biri hər zaman: “haqq bizimlədir, yanılanlar o birilərdir” fikrində olublar və hər icma, söhbət ki, bu yerə yetişdi, deyim, bu rübaini oxuyar:

Şirin sudan xəbərsiz quş

Dimdiyin şor suda saxlar.

Şirin suya qonaq etsən,

O yenə şor su axtarar.

Dərviş! Bunu da yadında möhkəm saxla ki, insanların böyük əksəriyyəti [özlərinin] öz təsəvvürlərində yaratdıqları Allaha sitayiş edərlər. Onların hər biri özü üçün nə isə uydurar və uydurduğunu “Allah” adlandırar, ona da sitayiş edər. Amma bütün bu uydurulanlar xəyaldan, fərdi təsəvvürdən savayı, ayrı bir şey deyil.

Bu adamlar öz aləmlərində yaratdıqlarıyla qürurlanarlar, bütpərəstləri utandırmaqdan ötrü, öz allahlarını özləri öz xəyallarında yaratdıqlarını və öz yaratdıqlarına sitayiş etdiklərini deyib, lovğalanarlar. Və ömürləri uzunu özləri özlərinə sitayiş etdiklərini anlamazlar. Bu, belə də davam edər və onlar heç zaman həqiqi Olandan – allahlar Allahından xəbər tutmazlar.

Dərviş, bu adamları, bu dünyada görüb, tanıyıb, nə olduğunu müəyyən etdikləri hər bir şey – ulduzlar, Günəş, od, büt, işıq, zülmət və sair cəzb edib, özünü onların sitayişgahına çevirə bilib. Əslində isə, mövcud olan yeganə cəzb – Uca və Müqəddəs Allahın İşığıdı. Uca Allah tam ayrı bir Həqiqətdi, ayrı Sima, ayrı Mahiyyətdi.

Məlum məsələdi ki, hər bir şeyin ağası, sahibi var. Lakin ağa bir şeydi, ağalar Ağası tamam ayrı bir şey.

Allahın, yalnız nəzəri şəkildə qəbul edib, mahiyyətini dərk etməyənlər – bütpərəstlərdi. Onların bu dünyada ömürləri insanlarla mübahisədə, dava-dalaşda, sübut-dəlil yarışlarında keçər.

Bu sayaq uydurulmuş xəyali varlığa inanmayan, Allahın müstəsna mahiyyətini dərk edən kəs, bütpərəstlikdən azaddı. Belələri bu dünyanın insanları ilə yola gedər, dava-dalaşlardan və mübahisələrdən qurtular.

Allahı özü öz təsəvvüründə yaratsa da, mahiyyətini dərk etməyən kəs, Onun mövcudluğun etiraf etsə belə, bütpərəstdi. Allaha, Onun mahiyyətini anlayaraq inananlar, şübhəsiz ki, bu mövcudluğun yeganə olduğunu dərk edənlərdir.

Dərviş, hər şey hərlənib-dolanıb bir nöqtədə kəsişir. Odu ki, deyilib: “Özünü tanıyan, öz Allahını tanıyar”.

Bu, o deməkdi ki, özünü tanıyan, böyük dünyanı tanıyar. Odu ki, özünü tanımağa çalış.

 

(ardı var)