Sahila İbrahimova - Qaçırlar

 

Qaçırlar (hekayə)


Anası yun toxunma papağı başına keçirtdi. Papaq qaşlarına qədər alnını örtdü. Sonra boğazlarına şərf doladılar - anası qara, Arzu qırmızı. Qapıdan çıxanda anası diqqətlə Arzuya baxdı, nəsə düşündü, eynəyinin altında əslində olduğundan daha böyük görünən gözlərini qıydı. Çətirini ayaqqabıyığılanın üstünə qoyub tüflilərini soyundu, yataq otağına keçdi. İki gün idi ki, uzunboğaz çəkmələri geyinilməz hala düşdüyündən, tufli geyinib üstünü uzun ətəyi ilə örtürdü. Tezliklə geri qayıtdı, Arzunun boğazındakı şərfi açdı, yerinə tünd- badımcan rəngdə olanı doladı, izah elədi - ölüsü düşən evə gedirik, qırmızı yaramaz.
Qar kəsmiş, şaxta bir az sınmışdı. 6-cı mikrorayonda nişan verilən binanın 36 nömrəli mənzilini tapıb qapının zəngini basdılar. Üçüncü zəngdən sonra qapı gözlüyü qaraldı, zəncir çəkildi, zəif işıqlanmış dəhliz göründü.
- Salam. Ünvanı qardaşınız verib. Dedi şəhidiniz var... - Anası dilləndi.
- Hə, buyurun, buyurun keçin. - Ağ saçları qısa kəsilmiş qadın qapını geniş açdı.
Masanın üstünə köhnə sənədlər, şəkillər, bir neçə təzə qəzet səpələndi.
- Bu, 3 yaşındakı şəklidi, burda ikinci sinifdə oxuyur, buna baxın, Şuşada çəkilib. Bu, institut vaxtıdı, bunlar hamısı tələbəlik illərinin şəkilləridi. Bu, xəstəlik kartoçkasıdı. "Detski" xəstəxanadan götürüb "vzroslılara" verməli idik, yaxşı ki, o vaxt xahiş elədim özümdə saxladım. Çox sağlam uşaq olub, baxın, baxın xanım, çox nadir hallarda xəstələnib. Bütün peyvəndləri vurulub, özü də iynə yerləri dırnaq boyda da qızarmırdı. Çox sağlam uşaq olub. Burda təzə qəzetlər var. Baxın, baxın, o, qəhrəman kimi vuruşub, şahidlər var, çoxlu şahidlər var. Bizə bircə şəhid adı lazımdı. Bircə şəhid adı. Başqa heç nə. Bu ad oğlumun haqqıdı. Nə olsun ki, o, atəşkəsdən sonra ölüb. Fakt, vuruşub. Şahidlər. O, qaçmağı sevirdi. O, elə sürətli qaçırdı... İdmançı olacaqdı. Qaçıb ölümə çatıb.
Saat altını keçirdi, hava qaralmışdı.
- Nə istəsəz edərik, bizdən nə diləsəz, düşünmədən verərik, bircə həqiqəti yazın. Bircə şəhid adı alaq. Axı o vuruşub.
Atəşkəsdən sonra ölüb deyə şəhid adı almayan, xiyabanda basdırılmayan oğlanın anası üç saatdan çox danışdı. O, gah təkrar-təkrar şəkilləri göstərir, gah qəzetlərdə yazılanları oxuyur, gah da "axı o vuruşub" deyəndən sonra bir neçə dəqiqəlik susurdu.
- Bayaq dediniz ki, həyat yoldaşınız Bakı-Astara avtobusunun sürücüsüdü. - Nəhayət, Arzunun anası danışdı. 
- Bəli, bəli. Elədir. Mən Bakı-Astara avtobusunun sürücüsüyəm. Öz maşınımdı yəni. Sürürəm. - Pianoya söykənib arada bir-iki cümlə deməklə kifayətlənən ər həvəslə dilləndi.
- Oğlunuz haqqında yaxşı bir məqalə yazaram, bundan arxayın ola bilərsiz. Məqaləni lazımi yerlərə göstərərsiz. Ümid edək, oğlunuza şəhid adı verərlər.
- O, vuruşub... - Ağsaçlı qadın danışmaq istədi.
Arzunun anası səbirsizcə onun sözünü kəsdi:
- Sizdən bircə şey istəyəcəm. Məqaləni yazaram. Başqa heç nə lazım deyil. Bircə məni Astaraya aparın. Yoldaşınız məni Astaraya aparsın. Mən orda atamla görüşməliyəm. Onunla heç vaxt görüşməmişəm.
- Əlbəttə, əlbəttə, bundan asan nə var? Əlbəttə, Rasim sizi Astaraya aparar.
Oğlu ölən qadın qapı çırpılana qədər arada nəsə danışır, sonra bu sözləri təkrar
edirdi.
...Külək tamam kəsmişdi. Hava ilıqlaşmışdı. Ayaqlarının altında qalan qar həvəslə xırçıldayırdı. Arzu dodaqlarına tarım çəkilmiş badımcanı şərfi araladı:
- Niyə atanı görməmisən?
Anası qızının qəfil sualına çoxdan hazırlaşıbmış kimi dərhal dedi.
- Bu, çoxdan olub. Mən doğulmamışdan qabaq. Bizi qoyub gedib. Qaçıb.
Səhər obaşdan yola düşdülər. Avtobusun qapısı açılan kimi, Arzu özünü sol tərəfdəki birinci oturacağa atdı. Sürücü - oğlu ölən kişi Arzunun anasına izah elədi ki, o oturacaq bir tanışı üçün ayrılıb. Arzu qaşqabağını sallayıb ikinci oturacağa keçdi.
Ağaclar sürətlə arxada qalır, sanki hər dayanacaqda səsi avtobusu başına götürən müğənni daha bərkdən oxuyurdu. Avtobus Salyanda dayandı. Anası dedi ki, Arzu istəsə, tualetə gedə bilər. Qız ehtiyacı olmadığını dedi. Onda anası ətrafda gəzişməyi tövsiyə elədi, Arzu avtobusun ensiz pilləkəni ilə çölə çıxmazdan qabaq onun şərfini boynuna bərk bağlayıb-bağlamadığını yoxladı.
Arzu ağacların arasında gəzişir, əlcəyi ilə gövdələrə yapışmış ilbizləri sivirib yerə tökürdü.
- Buna yaşamaq demək olmaz. O, günü-gündən pisləşir. Ağlı gedir. Beyni pozulub. Dəhşətli dərəcədə çox danışır. O, harda jurnalist görür oğlumuzdan yazmağını istəyir, adamı tutub evə gətirir. Sonra uzun-uzadı danışır.. Dözmək olmur. Guya şəhid adı versələr nə olacaq? Bu nə təsəllidi uydurub özü üçün?! Qazandığım jurnalistlərin cibinə gedir. Evdə məqalə əlindən tərpənmək olmur. Mən dözə bilmirəm. Buna kimsə dözməz. Qaçmaq istəyirəm. Baş götürüb qaçmaq.
Arzu ağacların arasında duran adamlara baxdı. Sözlər sürücünün ağzından çıxırdı. 
Qırmızı şərfini düzəldərək, qollarım kişinin boynuna dolayaraq, zoğalı laklı barmaqları ilə onun üzünü oxşayaraq:
- Qaçmaq istəyirsən qaçaq, - dedi saçıboyalı qadın üzündə məmnunluqla. Adamlar avtobusa doluşdu. Saçıboyalı qadın məmnun üzlə birinci sıradakı yerini tutdu. Arzu onun qırmızı şərfinə baxdı. Sürücü ayağını qaza basdı. Maşının sürəti artdı. Ağaclar arxada qalmağa başladı. “Kişilər qaçır. Onlar qaçır. Qaçır..." Arzu düşündü. Onun on iki yaşlı cılız bədənini qəribə qorxu, anlaşılmaz bir kədər bürüdü. Qulaqlarında oğlu ölmüş kişinin ağac dibində saçıboyalı qadına dediyi sözlər səsləndi - "o, çox danışır. O, danışır. Danışır. Baş götürüb qaçmaq istəyirəm." Anlaşılmaz kədər Arzunun boğazına tıxandı. Qız narahatçılığını azaltmaq üçün bir şey demək istədi. Lakin nəsə onu saxladı. Boynundakı şərflə ağzını bağlayıb susdu, anasına sığındı.