Heydərin monoloqu

Bölmə: Monoloqlar 24.12.2018

 

Mirzə Fətəli Axundzadə - "Hacı Qara"

Heydərin monoloqu

Heydər bəy: Pərvərdigara, bu necə əsrdir? Bu necə zəmanədir? Nə at çapmağın qiyməti var, nə tüfəng atmağın hörməti var! Sabahdan axşamadək, axşamdan sabahadək arvad kimi gərək dustaq alaçığın içində oturasan. Dövlət dəxi haradan olsun, pul haradan olsun!? Ah, keçən günlər! Keçən dövrlər! Hər həftədə, hər ayda bir karvan çapmaq olurdu, bir ordu dağıtmaq olurdu. İndi nə karvan çapmaq olur, nə ordu dağıtmaq olur! Nə qızılbaş döyüşü var, nə osmanlı döyüşü var! Əgər qoşuna getmək istəsən də gərək ancaq çılpaq ləzgilərin üstünə gedəsən. Əgər yüz min zəhmətlə birisini dağların dəlik-deşiyindən çıxarsan, bir dağarcıq, bir kürkdən başqa əlinə bir zad düşməyəcək. Hanı qızılbaş və osmanlı döyüşü ki, tamam Qarabağı qızıl-gümüşə boyadı? Aslandüzün çapqınından indiyədək də çox evlər abaddır. Əmiraslan bəyin övladı genə dünən də Ağcabədi bazarında dədələri osmanlıda kəsb etdiyi gümüş rəxtlərdən satırdılar. Bir belə döyüş olsun, hamıdan irəli dəstə başında gedən mən ollam! Bir hünər göstərrəm ki, Rüstəmi-dastan da göstərməmiş ola! Mənim işim budur! Nə ki, naçalnik məni çağırıb deyir: Heydər bəy, rahat dur-otur, quldurluq etmə, yol kəsmə, oğurluğa getmə! Peşman oldum dedim ki, naçalnik, biz də bu əmrə rağib deyilik, amma sizə lazımdır ki, bizim kimi nəcib kimsənələrə bir çörək yolu göstərəsiniz. Qulaq as, gör mənə nə cavab verdi: Heydər bəy, cüt ək, bağ becər, alış-veriş elə. Guya ki, mən Banazor ermənisiyəm ki, gərək gündüz axşamadək kotan sürəm, ya ləmbəranlıyam ki, qurd bəsləyəm və ya ləkəm ki, kəndlərdə çərçilik edəm! Ərz elədim ki, naçalnik, heç vaxt Cavanşirdən kotançı və gümçü görükməyib! Mənim atam Qurban bəy onu etməyib; mən ki, onun oğlu Heydər bəyəm, mən də etməyəcəyəm! Qaş-qabaqlı üzün çevirib atın sürdü.