Ezra Paundun obraz və dil haqqında düşüncələri

 

1885-ci ildə Amerikada doğulan Ezra Paund ömrünün çox hissəsini vətənindən uzaqda – Avropada yaşayıb. Yapon və Çin şeir üslubundan təsirlənən şair öz həmkarları ilə birgə imajizm* hərəkatının əsasını qoyub və XX əsr ingilisdilli dünya poezi­yasında etdiyi yeniliklərlə seçilib. “Əks-hücumlar” və “Nəğmələr” adlı silsilə şeirləri ilə dünya şöhrəti qazanıb.

1972-ci il noyabr ayının 1-də İtaliyada vəfat edib.

 Keçmişə baxış və “bəzi edilməməli şeylər”

(İxtisarla)

 Poeziyada yaranmış yeniliklər haqqında son zamanlar bir sıra yazılar ortaya çıxıb. Ümid edirəm ki, keçmişə qısa nəzər yetirməklə etdiyim qeydlərdə təkrarçılığa yol verdiyim üçün məni bağışlayarsınız.

1912-ci ilin yazında (bəlkə də yayın əvvəlləri idi) mən, H.D.* və Riçard Aldinqton* aşağıda qeyd edəcəyim üç əsas prinsiplə bağlı razılığa gəldik:

  1. Subyektiv və ya obyektiv olmağına baxmayaraq, “məsələni” birbaşa həll etmək;
  2. Məqsədə yaramayan əlavə bircə kəlmə də işlətməmək, yəni sözə qənaət etmək;
  3. Şeiri metronom* səsinin yox, musiqi melodiyasının ritminə əsasən yaz­maq.

Bəzi məsələlərdə fikirlərimiz və zövqlərimiz üst-üstə düşməsə də, bu üç prinsiplə bağlı razılığa gəldikdən sonra düşündük ki, ən azı, fransızlar kimi bizim də öz poeziya məktəbimizi yaratmaq haqqımız var. Qeyd edək ki, Harold Monronun redaktorluğu ilə nəşr edilən poeziya jurnalının 1911-ci il avqust sayında cənab Flintin fransız ədəbiyyatında meydana çıxmış həmin ədəbi cərəyanlar haqqında bir yazısı çap olunmuşdu.

Bu poeziya məktəbi yarandığı gündən özünə çoxsaylı izləyicilər toplayıb. Lakin həmin məktəbin nümayəndələri öz yaradıcılıqlarında hansı dəyərlərə əsaslansalar da, yuxarıda qeyd etdiyimiz ikinci prinsiplə bağlı heç zaman ortaq fikrə gələ bilməyiblər. Nəticədə isə əvvəlki şeir vəznlərindəki kimi verlibrdə* də artıq sözlərlə yüklənən uzun və cansıxıcı nümunələr çoxalıb. Belə demək mümkünsə, sərbəst şeir özü ilə birgə qüsurlarını da gətirib. Söz seçimi və dildən istifadə tərzi sələflərimizin əsərlərindəki kimi bərbad vəziyyətə düşüb. Sözləri necə gəldi öz şeirlərinə dolduran bəzi verlibr şairləri əvvəlkilərdən fərqli olaraq bu səhvi ritm və qafiyə xatirinə etdiklərini də bəhanə gətirə bilməzlər. Bu şairlərin yazdıqlarında axıcılığın nə dərəcədə gözlənilib-gözlənilməməsi isə oxucunun qərar verəcəyi bir məsələdir. Şəxsən mən belə şairlərin yaradıcılığında bəzən saxta Svinborn üslubuna bənzəyən çeynənmiş və şablon ritmə rast gəlirəm. Hərdən də görürəm ki, onlar heç bir ritmdən istifadə etmirlər. Amma ümumi götürdükdə, yaxşı olardı, bu məsələlər təzədən bir də təhlil edilsin. Güman ki, həmin yeni üslubda da yaxşı şeirlər yazılıb və əgər, doğrudan da, belədirsə, onda bu yeniliyə haqq qazandırmaq olar.

Tənqid, əslində, yeni meyar, yaxud qadağalar toplusu deyil. O, sadəcə, bəzi məsələlərdəki fikir ayrılıqlarını ifadə edir. Bəzən tənqid vasitəsi ilə oxucunu ayıltmaq da mümkün olur. Təəssüf ki, bu cür dəyərli tənqid nümunələri azdır. Lakin yaşca daha böyük olan sənətkarın öz gənc xələfinə verdiyi məsləhətlərdə tənqidin yaxşı nümunələrinə daha çox rast gəlmək mümkündür. Belə olanda isə tənqid həmin sənətkarın öz keçmiş təcrübələrinə və gözəyarı dəyərləndirmələrinə əsaslanır.

Mən yazı prosesi haqqında öz fikirlərimi “imajizm”lə bağlı ilk qeydlərimin çap edildiyi vaxt bildirmişdim. “İmajist” kəlməsini isə birinci dəfə 1912-ci ilin payızında, “Əks-hücumlar” adlı silsilə şeirlərim nəşr ediləndə, onların altında T.E.Hyulmun* beş şeiri haqqında öz rəyimi bildirərkən işlətmişdim. 1913-cü ilin martında “Poeziya” jurnalında çap edilmiş yazıma əsaslanaraq indi şeirlə bağlı bəzi məsləhətlərimi yenidən xatırlatmaq istəyirəm.

 Bəzi edilməməli şeylər

Obraz – fikir və hisslərin vəhdətinin eyni qəlibdə ani olaraq təqdim edilməsidir. Bu fikrimin doğruluğuna tam əmin olmasam da, buradakı “qəlib” sözünü, Hart kimi yeni psixoloqların istifadə etdiyi tərzdə, yəni termin şəklində işlədirəm.

Mənim fikrimcə, yaxşı obraz – fikir və hisslərin vəhdətinin elə bir “qəlib”də ortaya çıxmasıdır ki, ən böyük sənət əsərlərindəki kimi, oxucuya ani olaraq azadlıq hissini yaşada bilsin, zaman və məkan sərhədlərindən xilas olmaq və yüksəlmək duyğusunu hiss etdirsin.

Ömrü boyu cəmi bircə yaxşı obraz yaratmaq cild-cild əsərlər yazmaqdan daha üstündür.

Amma təbii ki, bu fikirləri kimlərsə mübahisəli hesab edə bilər. Bu məqamda, şeir yazmağa təzə-təzə başlayanlar üçün etməməli olduqları bəzi şeylər haqqında məsləhət verməyə ehtiyac duyuram. Onu da deyim ki, bu qeydlərimin heç biri Musanın qadağaları cərgəsinə əlavə ediləsi şeylər deyil.

İlk olaraq, istərdim ki, yuxarıdakı üç prinsipi (məsələni birbaşa həll etmək, sözlərə qənaət, musiqi və ritm) təkrar xatırlayasınız. Bunları ehkam kimi qəbul etməyin. Ümumiyyətlə, çalışın ki, heç nəyi o cür qəbul etməyəsiniz. Amma nəzərə alın ki, bu prinsiplər uzunmüddətli düşüncələr və axtarışlar nəticəsində ortaya çıxıb. Hətta bu, başqalarının gəldiyi qənaət olsa belə, diqqət yetirməyə dəyər.

Özləri hələ normal bir əsər yarada bilməyən adamların tənqidlərinə fikir verməyin. Yunan şair və dramaturqlarının yazdıqları ilə onların yaradıcılığını vəzn baxımından təhlil edən dilçilərin nəzəriyyələri arasındakı fərqə diqqət yetirin.

                                                                                    Dil

Lazımsız bircə kəlmə də işlətməyin, mənaya heç bir qatqısı olmayan sifətlərdən uzaq durun.

Məsələn, çalışın ki, “sülhün qaranlıq torpaqları” kimi ifadə işlətməyəsiniz. Belə ifadələr obrazı korlayır. Çünki mücərrədlə konkreti bir-birinə qarışdırır. Bu, təbii obyektin ən münasib simvol olduğunu müəllifin hələ dərk etməməsindən irəli gəlir.

Mücərrədlikdən çəkinin. Başqalarının keyfiyyətli nəsr vasitəsi ilə dediklərini ortabab poeziya ilə deməyə çalışmayın. Elə bilməyin ki, yazdığınız cümlələri misra formasında təqdim etməklə, tələb olunan əzab-əziyyətdən yaxa qurtaracaqsınız, yaxud həssas oxucunu aldada biləcəksiniz.

Peşəkar mütəxəssisin bu gün bəyənmədiyi əsər gec-tez kütləni də bezdirəcək.

Heç vaxt düşünməyin ki, poeziya sənəti musiqi sənətindən daha asandır. Yəni elə bilməyin ki, ən azı, orta səviyyəli bir pianoçunun çəkdiyi əziyyətləri yaşamadan poeziya sənətinin peşəkar mütəxəssisini razı salan əsər yarada biləcəksiniz. 

Böyük sənətkarlardan bacardığınız qədər təsirlənin, amma bu təsiri ya mərdliklə etiraf etməyi bacarın, ya da gizlədin.

“Təsirlənmək” kəlməsini, xoşladığınız şairlərin bəzəkli sözlərlə dolu olan lüğətini kürüyüb öz şeirlərinizə gətirmək kimi başa düşməyin.

 

* İmajizm – XX əsrin əvvəlində ingilis və Amerika şairlərinin təşəbbüsüylə ortaya çıxan yeni poeziya cərəyanı

* H.D. – Amerikalı şairə Hilda Dulitl (1886-1961) nəzərdə tutulur. O, öz şeirlərini “H.D.” imzası ilə çap etdirirdi.

* Riçard Aldinqton (1892-1962) – ingilis yazıçısı və şairi

* Metronom – musiqidə sabit bir ritmi təmin etmək üçün müəyyən fasilələrlə səs çıxaran alət

* Verlibr – Bu söz (vers libre) fransızcadan hərfi tərcümədə sərbəst şeir mənasını verir. Verlibr bizim ədəbiyyatımızda sərbəst şeir adlandırdığımız janrın qarşılığıdır.

* Tomas Ernest Hyulm (1883-1917) – ingilis şairi və tənqidçisi

 

İngilis dilindən tərcümə edən: Təvəkkül Zeynallı