Anar Amin - Ağaclar quşların görüş yeridi

 

 

 

Ağaclar quşların görüş yeridi

 

...Dərələr, təpələr, ağaclar, quşlar,

gördüyün o yerlər örüş yeridi.

Ağacda sevişmək quşların haqqı,

ağaclar quşların görüş yeridi.

 

Bu ömür yoludu bax, kələ-kötür,

bu yolda gör yaxşı nə varsa, götür...

Adamlar hər yanda bir-birin ötür,

dünyanın hər yeri yarış yeridi.

 

O kimdi, çağırdım, səsə tərpəndi,

tərpəndi, əlində əsa tərpəndi...

Elə bil alnımda nəsə tərpəndi,

deyəsən, alnımda qırış yeridi...

 

Şeir - dəniz, heyif, qayıq deyiləm ...

 

İlahi, bilirəm, nəsə bir şey var,

Edilən hörmətin, xətirin altda.

Görəsən, o adam nəyi gizlədib

Üstünə səpdiyi ətirin altda?!

 

Qışdan, yazdan çıxıb yaya giririk,

Yayda da çırmanıb çaya giririk.

Su ki aydınlıqdı, niyə giririk

Hər yağış yağanda çətirin altda?!

 

Ölüm gəlsə, ayıq-sayıq deyiləm,

Şeir - dəniz, heyif, qayıq deyiləm.

Gözəl bir cümləyə layiq deyiləm,

Məni basdırarsız sətirin altda...

 

Bəlkə də, ilk alver göydə olubdu

 

...Şımala, Cənuba, Şərqə, Qərbə bax,

Məhkum eyləyibdi qütblər bizi.

Azadlıq deyəndə, bir-bir susdurub,

Sonra iki-iki tutublar bizi...

 

Gözümüz badədə, meydə olubdu,

İçməyə həvəs də, hey də olubdu.

Bəlkə də, ilk alver göydə olubdu,

Dünyadan dünyaya satıblar bizi...

 

Yaradan onlara agah eyləyib,

Onlar da buğdaya tamah eyləyib.

Adəm də, Həvva da günah eyləyib,

Ona görə yerə atıblar bizi...

 

 

Su səsi

 

...O adam düşünüb dərk edə bilsə

O səsi, Allahın səsidi, bəlkə...

Bu adam kar olub eşidə bilsə

Bu səsi, Allahın səsidi, bəlkə?!

 

Çox şükür, nə verib, nədirsə, ona!

Gələnlər üz tutub gedirsə ona...

Dalğalar ibadət edirsə ona,

Qu səsi Allahın səsidi, bəlkə?!

 

Min ildi oyaqdı, yatmır su səsi,

Səsini səslərə qatmır su səsi...

Bütün səslər batır, batmır su səsi,

Su səsi Allahın səsidi, bəlkə?!...

 

Özgəyə yaxınam, özümə yadam

 

...Suallar quşların qanadlarında,

Cavablar quşların dimdiyindədi.

Günahlar sünbülün dənələrində,

Savablar quşların dimdiyindədi.

 

Özgəyə yaxınam, özümə yadam,

Haçansa başıma uçacaq bu dam...

Cəsədi qurd-quşa yem olan adam,

Əzablar quşların dimdiyindədi.

 

Girsin öz içinə azmaq istəyən,

Gördüyü yuxunu yozmaq istəyən...

Min ildi o şair yazmaq istəyən

Kitablar quşların dimdiyindədi...

 

Yaxşı bax

 

...Güllələr açıla, yaralanasan, damarında

gəzən qəlpə görəsən...

Nə ola, bir dəfə ölüb-dirilib,

başının üstündə türbə görəsən...

 

Kimdənsə, nəyisə umub, susuruq,

verməsə, üstünə cumub susuruq...

Elə ağzımızı yumub susuruq,

şeytan hardan girir qəlbə, görəsən?...

 

Əri olmayacaq nədən o qızın?

Ruh Yaradanındı, bədən o qızın...

Yaxşı bax, yaxşı bax, gedən o qızın,

gələndə yanında körpə görəsən...

 

Bir palıd yıxıldı

 

...Səndən, məndən qabaq körpələr olub,

səndən, məndən sonra körpələr oldu...

Bizim aramızda olan körpələr

bizim aramızda körpülər oldu...

 

Doluya dəymədi boşlara dəyən:

başları daşlardan daşlara dəyən...

Elə zaman-zaman başlara dəyən

zərbələr çevrilib türbələr oldu...

 

...Abırdan, ismətdən, həyadan öldü,

əlin üzdü kökdən, mayadan, öldü...

Bir palıd yıxıldı qayadan, öldü,

şahidi dərələr, təpələr oldu...