Aydın Yol / ƏZİZ ƏD-DİN İBN MƏHƏMMƏD NƏSƏFİ

ƏZİZ ƏD-DİN İBN MƏHƏMMƏD NƏSƏFİ

 

İLAHİ HİKMƏT XƏZİNƏSİ

İnsanın kamillik yolu qədim sufilər tərəfindən İlahiyə – Uca Yaradana canatma, Ona qovuşma yolu kimi baxılır. Onlara görə özündə üç başlıca cəhəti cəmləyən bu sonsuz səyahətin ən ali zirvəsinə çatan yeganə kəs Məhəmməd peyğəmbərdir. “Qanun – mənim dediklərim, Yol – əməllərim, gerçəklik – halımdır”(Məhəmməd peyğəmbər). 
Qədim sufilər Məhəmməd peyğəmbəri kamilliyin ən ali zirvəsinə – Peyğəmbər Möhürü dərəcəsinə ucalan yeganə insan hesab etsələr də, ondan sonra digər qanuni peyğəmbərlərin aşkar olunmadığını təsdiq etsələr də, Uca Yaradana aparan Yolun davam etdiriləcəyinə ümid yerinin qaldığını da bildirirlər.
Böyük sufi Əziz əd-din ibn Məhəmməd Nəsəfiyə görə də bu Yolun nə əvvəli, nə sonu vardır:
“Əgər insan bu dünyada min il də yaşasa və bütün o min ili ömrünü özünüdərkə, zahidliyə, zikrə həsr etsə, o yenə öz biliyi və dərəcəsi müqabilində hər gün, hər dəqiqə nə isə dərk etməyə, anlamağa davam edəcək. O səbəbdən ki, Allahın Biliyinin sonu, sərhəddi yoxdur. Odur ki, kamilliyin də son həddinə yetmək – başa gələn iş deyil və kamillik əldə etdiyini düşünən kəs bunun nisbi olduğunu dərk etməlidir. 
Müqəddəs Qanuna görə isə tam kamillik mövcuddur”.

Afaq Məsud

Yazının əvvəli burada: http://aydinyol.az/newsview/1332/EZIZ-ED-DIN-IBN-MEHEMMED-NESEFI  

http://aydinyol.az/newsview/1332/EZIZ-ED-DIN-IBN-MEHEMMED-NESEFI

https://www.aydinyol.az/newsview/1403/EZIZ-ED-DIN-IBN-MEHEMMED-NESEFI

https://www.aydinyol.az/newsview/1435/EZIZ-ED-DIN-IBN-MEHEMMED-NESEFI

https://www.aydinyol.az/newsview/1461/EZIZ-ED-DIN-IBN-MEHEMMED-NESEFI

https://www.aydinyol.az/newsview/1483/EZIZ-ED-DIN-IBN-MEHEMMED-NESEFI

 

 

 ƏZİZ ƏD-DİN İBN MƏHƏMMƏD NƏSƏFİ

   ZÜBDƏT- İL HƏQAİQ
 
         (HƏQİQƏTLƏR QAYMAĞI)

 

           İKİNCİ BAB

                KİÇİK DÜNYA BARƏDƏ

              (I ƏSİL)

           İNSAN VƏ ONUN DƏRƏCƏLƏRİ BARƏDƏ

 

Rəhmli Allahın Mərhəməti səni hər iki dünyada xoşbəxt eləsin, bil ki, insanın əzəli – həmin o yeganə olan özüldəndi və insanda nə varsa, özüldə də var. Bu özül insan yaranandan əvvəl mövcud olub və hər bir şey, zamanı yetişdikcə orada yaranıb.

Həmin bu "yeganə özül" dediyim – toxumdu [nütfə]. Bu o deməkdi ki, insanın özüldən, yaxud ötərilikdən olan bədən və ruh hissələri onun (özülün) toxumunda da mövcud olub.

İnsana kamilliyə çatmaqdan ötrü zəruri olan nə varsa, hamısı həmin o toxumda var. Ayrı cür desək, bu toxum həm yazan, həm yazılandı, həm kəlam, həm kəlamı yazan mürəkkəbdi.

Dərviş, "kiçik dünya" dediyimin, onun (kiçik dünyanın) cəbərrütünün və mahiyyətinin, toxumunun, eləcə də hisslər və sevgi aləminin özülü də həmin bu toxumdadı.

Bu toxum özü özünə aşiqdi. O daim öz gözəlliyini seyr edər, öz adlarını nəzərdən keçirər… O öz şüalarıyla hərəkət edər və bu xüsusiyyəti ilə artıb çoxalmaya qadirdi, müxtəsərlik halından təfərrüatlar aləminə çevriləndi. O, surətlər və quruluşlar müxtəlifliyi ilə zühur edər ki, gözəlliyi aləmə agah olsun, adları açıqlansın.

Bunları biləndən sonra, onu da bil ki, ana bətninə düşən toxum bir müddət orada toxum halında qalar. Bir müddət qan laxtası şəklində, bir müddət rüşeym halında. Üç ayın tamamınacan bu rüşeymdə sümük və əzələlər, sinirlər yaranar. Günəşin təsir dairəsindən asılı olaraq, dördüncü aydan başlayaraq, onda (rüşeymdə) həyat yaranar, tədricən hissiyyat, hərəkət qabiliyyətləri oyanar və bu gedişat, qalan dörd ayın tamamınacan davam edər. Qalan dörd ay bitib başa çatandan sonra, yəni elə ki rüşeymdə yaranan bədən və ruh özünü tutar, bədən üzvlərinin və əzalarının qurulması başa çatar. 

Bil ki, ana bətninə yığılan qan uşağın qidasıdı. Bu qida körpəyə anasının göbəyindən ötürülər. Səkkiz ay tamam olanacan bətndəki körpənin bədəni, ruhu, əzaları tədricən mükəmməlləşər. Səkkiz ay ki başa çatdı, doqquzuncu ayın başlanğıcında - Müştəri[1] ulduzunun təsir qüvvəsi yenidən fəallaşanda uşaq ana bətnindən çıxar...

İNSAN DOĞULUŞUNUN VƏ RUHUNUN BİR ŞEY,  HEYVAN RUHUNUN AYRI BİR ŞEY OLMASI BARƏDƏ FƏSİL

Bil ki, heyvan ruhu ayrı-ayrılıqda nələrisə qavrayar. İnsan ruhu isə olanları həm ayrı-ayrılaqda, həm də hər şeyi bütöv halda qavrayar.

Heyvan ruhu, olanın xeyirli, yaxud zərərli olduğunu müəyyən edə bilər. İnsan ruhu isə faydanı gətirən faydanı, zərəri gətirən zərəri təyin edər.

Dərviş, insan ruhu diridi, tamahkar və qabiliyyətlidi, eşidən, görən və danışandı. O gördüyündən, eşitdiyindən, dediyindən kənarda qalanları da görə, eşidə və deyə bilər.

Bədən hissələrə bölünə, parçalana bildiyi kimi, ruh hissələrə bölünə, parçalana bilmədiyi kimi, insan ruhu dərk edib, anlayıb, qavradıqca, bütün vücuduyla maariflənər. Görən zaman o bütün vücuduyla göz, eşidən zaman qulaq, danışan zaman bütün vücuduyla nitq olar. Qalan o biri sadə keyfiyyətləri ilə də hər şey belə baş verər.

İnsan ruhu haqqında bunu biləndən sonra, onu da bil ki, şəriət ardıcıllarına görə əgər insan həmin bu qabiliyyətləri müqabilində peyğəmbərlərə inanarsa, onların davamçısı olub, dediklərinə əməl edərsə, o kəs "mömin" adlandırılar, onun ruhuna da bu ad verilər.

Əgər insan peyğəmbərlərə inamın, onların fikir və əməllərini davam etdirməyin üstündən adlayıb, Allaha aramsız, fasiləsiz davamlılıqla ibadət edərsə, gecəsini gündüzünə qatıb, gününün əksər hissəsini Ona (Allaha) itaətdə keçirərsə, o kəs "əməlisaleh" adlandırılar və onun ruhuna da bu ad verilər.

Əgər insan həmin o fasiləsiz, aramsız ibadətlərin fövqünə qalxıb bu dünyadan üz çevirərsə, var-dövlətindən, mövqeyindən imtina edib, bədən həzzlərindən və tamahından azad olarsa, o kəs "zahid" adlandırılar və onun ruhuna da bu ad verilər.

Əgər insan movcudluğun mahiyyətini zahidliyin fövqündə – olduğu halında dərk edərsə və bu dərketmədə ona gizli bir şey qalmazsa və o, təqlid fövqündən hərəkət fövqünə qalxarsa, o kəs "müdrik" adlandırılar və onun ruhuna da bu ad verilər.

Əgər Uca Allah insanı öz yaxınına, bütün bu qavrayış pillələrinin fövqündən buraxarsa, [Özünü] sevdirmək, Özünü tanıtmaqdan ötrü onu seçərsə, o kəs "müqəddəs" adlandırılar və onun ruhuna da bu ad verilər.

Əgər Uca Allah insanı yaxınlıq, sevgi və tanışlıq fövqündə öz möcüzəsinin sirrini açmaqdan ötrü seçərsə, onu Yer üzünə Haqqı xalqa [Onun] simasında çatdırmaqdan ötrü göndərərsə, o kəs "peyğəmbər" [nəbi] adlandırılar və onun ruhuna da bu ad verilər.

Əgər Uca Allah insanı, sirlərin açıqlanması və möcüzənin fövqündə Öz Kitabının çatdırılması üçün seçərsə, o kəs "rəsul" adlandırılar və onun ruhuna da bu ad verilər.

O, dərviş! İnsan ruhunun doğuluşu, bilik əldə etməsi, bütün dövriyyələr və təkrarlanmalar, səylər və xatırlamalar, hamısı bu nizam üzrə baş verər.

Şəriət ardıcıllarına görə bu doğuluşdan savayı, ayrı doğuluş yoxdu və dediyim bu doqquz dərəcənin hər biri insanın bilik və inam dərəcələri üzrə müəyyənləşər. Dərəcə yüksək olduqca, bilik və inam dərəcəsi yüksələr. Bilik və inam artdıqca, dərəcənin adı da, qayıdılacaq məkan da dəyişilər, daha yüksək və daha nəcib olar.

Bil ki, bu doqquz dərəcənin hər biri nemətdi. Hər kəsin məkanı əvvəlcədən müəyyən olunub və bir kəsə, öz məkanını aşıb, yüksəkdə olana çatmaq müyəssər olmaz.

Müdriklik yolunun ardıcıllarına görə isə, bu doqquz dərəcədən o yana da doğuluşlar var, lakin onlar o hədlərin adını çəkmirlər.

Müdriklik yolunun ardıcıllarına görə bu doqquz dərəcə insanların biliyi və qəlb saflığı dərəcələridi. Dərəcə nə qədər yüksək olsa, o kəsin biliyi, qəlb saflığı da bir o qədər yüksək olar. Biliyi və qəlb saflığı nə qədər çox olarsa, qayıdacağı məkan da bir o qədər yüksək və nəcib olar.

Onlara görə bu doqquz dərəcənin hər biri qazanılandı və bir kəsin məkanı əvvəlcədən təyin olunmur, hər kəsin məkanı biliyi və qəlb saflığı dərəcəsi ilə verilir,  bilik və qəlb saflığı hansı dərəcədə olursa, məkanı o qədər ucada olar.

Müdriklik yolunun ardıcıllarına görə heç nəyin nə əvvəli, nə sonu var və əgər nəyinsə sonu varsa, demək onun başlanğıcı da var. Məsələn, Ayın dövriyyəsi başa çatdığı kimi, hər bir şey də öz kamillik həddinə, yəni yolun sonuna çatar. Və deməli, kamilliyin son həddinə çatıldığı təqdirdə, yol başa çatar, yəni dövriyyə qapanar. Sonra yenidən, yeni dövriyyənin yaranışı ilə yeni başlanğıclar əmələ gələr, onlar öz kamillik həddinə çatmaqdan ötrü yenidən dövriyyəyə qoşular…

Birlik yolunun ardıcıllarına görə isə doğuluşun həddi yoxdu.

Onlara görə ən qabiliyyətli insan min il də yaşasa və bütün o min ili zahidlikdə, mücahidlikdə keçirsə, o hər gün, hər saat, hər dəqiqə bilmədiyi nə isə anlayar. O səbəbdən ki, Allahın Biliyinin və Müdrikliyinin həddi-hüdudu yoxdu.

Birlik yolunun ardıcıllarına görə, insanın gedib-qayıda biləcəyi məkanların ən nəcibi – insanlıq mövcudluğudu. O səbəbdən ki, əzəli özüldən olan hər bir şey insan [adam] olmaq dərəcəsinə qədər hərəkətdə, əbədi səyahətdədir, insanlıq dərəcəsinə çatmaqla öz kamil həddinə çatar.

İnsanlar da beləcə, öz mahiyyətlərinə çatana, özlərini dərk edənə qədər çata biləcəkləri kamillik dərəcəsinə yüksəlib nəcibləşənə qədər daim hərəkətdə, yoldadırlar.

O, dərviş! İnsanların çoxu xeyirxah, nəcib və mehribandır. Bir çoxları özünü olduğu kimi dərk edib, lakin hələ də öz kamillik həddinə çata bilməyib. Bir çoxları özünü dərk etməsə də, xeyirxah, əməlisaleh insan qiyafəsinə bürünüb. Belələri öz kamillik həddinə çatmayanlardı.

Buradan belə bir qənaətə gəlmək olar ki, insan kamilliyinin əsası özünüdərkdə və xeyirxahlıqdadı.

Dərviş, mən insan və onun dərəcələri barədə bu yazıda danışdığım qədər, hələ heç bir yerdə danışmamışam. Elə o birilər də, bu barədə, yazdıqları kitablarda dedikləri qədər danışmayıblar.

Bu fəsli [babı] sən bir dəfə yox, bir neçə dəfə, dönə-dönə, düşünə-düşünə, diqqətlə oxumalısan. O səbəbdən ki, gizlinin də, aşkarın da özünüdərk mücrüsünün açarı buradadı.

 

(ardı var)

 

[1] Müştəri - Yupiter