Ürəyi Şəhidlər Xiyabanında dayanan aktyor

Bölmə: Art 18.01.2019

 

Teatr və kinomuzun qüdrətli aktyorla­rından olan Hamlet Xanızadə cəmi 49 il ömür sürüb. Bu unudulmaz aktyor yaradıcılığı boyu can­landırdığı obrazları ilə mədə­niyyətimizin elə zirvələrini fəth edib ki, yaratdıqları həmişəyaşar olub. Güclü yara­dıcı potensialı olan Hamlet Xanızadə zəngin daxili aləmə və istedada malik idi. Bu sə­bəbdən də, müxtəlif xarak­terli rolları yaratmaqda çə­tinlik çəkmirdi. Hansı rolu oynamasından asılı olmaya­raq, onun ifasında obraz canlı və yaddaqalan olurdu.

Hamlet Xanızadə haqqında düşünəndə ilk olaraq Topal Tey­mur xatırlanır. Hər dəfə bu televiziya tamaşasına baxanda onun yaratdığı Topal Teymu­run ciddi və sərt baxışları uzun zaman gözlərimiz qarşısından çəkil­mir. Aktyor bu obraz üçün elə orijinal üslub seçib ki, tamaşaçı istər-istəməz onun əzəməti, zəhmi qarşısında do­nub qalır.

Televiziyaya gələnə qədər Hamlet Xanızadənin teatrda “Dəli yığıncağı", “İblis", “Ölü­lər" və digər tamaşalarda bütün qəlbi və ruhu ilə yaratdığı nə qə­dər qəhrəmanlar olub. Hər dəfə səhnəyə çıxanda tamaşaçı alqışla­rının ardı-arası kəsilməyib. Mirzə Cəlilin “Dəli yığıncağı"nda Mol­la Abbası, Nəriman Həsənzadənin “Atabəylər"ində Nizamini, Nazım Hikmətin “Şöhrət və unu­dulan adam"ında doktoru sənət­kar məharəti ilə yaradıb.

Kinoya gəlişi isə 70-ci illərə tə­sadüf edib. İlk dəfə onu “O qızı tapın" filmində kinorejissor Hə­sən Seyidbəyli kəşf edib. Özünü təs­diq edəndən sonra Kamil Rüstəmbəyovun “Axırıncı aşırım" filmində rol alıb. Tofiq Tağızadə­nin “Yeddi oğul istərəm" filmin­dəki Gizir obrazını, yəqin ki, çox­ları xatırlayır. “Arxadan vurulan zərbə"də yaratdığı İmaş tamam başqa ampluada olan bir obrazdır.

“Qətl günü" filmindəki Sə­di Əfəndinin – zamanın min bir əzablarından keçmiş bu insa­nın bütün ağrılarını məharətlə yaşayıb, tamaşaçıya da yaşada bilmişdi. Vaqif Mustafayevin “Yaramaz"ında oynadığı zavod direktorunun obrazı isə aktyo­run müasir personajları da ustalıqla yaratdığını bir daha təsdiq edir.

İldırımlı yollarla

Hamlet Xanızadə 1941-ci il iyunun 5-də Bakının Şağan qəsə­bəsində dünyaya göz açıb. Orta təhsilini də burada alıb. Uşaq­lıqdan aktyorluğa marağı olub. Bu həvəs onda hardan yaranıb, yaxınları da bilmir. Atası Bəbir kişi onu aktyor kimi görmək istəmir­di. Bəbir kişi oğlunun adlı-san­lı həkim olmasını arzulayırdı. Amma balaca Hamletin qəlbin­də baş qaldıran aktyorluq həvəsi hər şeyə qalib gəlir. Sənədlərini xəlvəti aparıb Teatr İnstitutuna verir.

Müharibənin dəhşətli ağrıla­rını hələ körpəliyində canında daşıyan bu uşağın taleyində ağrılı məqam­lar kifayət qədər idi. Onun uşaq­lığı İkinci dünya müharibəsinin dəhşətli qovğalarına təsadüf et­mişdi. Xüsusilə də, ağlı kəsən­dən maraqla baxdığı filmlər gənc Hamletin arzularını məhz bu sahəyə – aktyorluğa yönəltmişdi. Ham­let Xanızadə 1961-ci ildə Azər­baycan Dövlət Akademik Milli Dram Teatrında işə başlayır. Bu sənət ocağında son dərəcə fərqli və ziddiyyətli surətləri aktyor öz ruhundan, varlığından keçirərək necə də ustalıqla yarada bilmişdi. Bunların arasında Həsən Səbbah (“Xəyyam"), İblis (“İb­lis"), Qacar (“Vaqif"), Antonino (“Fırtına") xüsusi qeyd olunmalıdır. Əgər bir az da diqqət yetirsək, Hamlet Xanızadənin məhz hansı müəl­liflərin əsərlərində özünü bir aktyor kimi taparaq təsdiq etdi­yi haqqında müfəssəl düşüncəyə sahib ola bilərik. Təbii ki, ilk növbədə, onun məftun olduğu, sevdiyi dramaturqlar vardı: Hü­seyn Cavid, Mirzə Cəlil, Şekspir, Nazım Hikmət, Səməd Vurğun, İlyas Əfəndiyev, Nəriman Hə­sənzadə, Anar, Yusif Səmədoğlu və başqaları. Hamlet Xanızadə Mehdi Məmmədov, Hökumə Qurbanova, Əliağa Ağayev, Ağasadıq Gəraybəyli, İsmayıl Osmanlı, İsmayıl Dağıstanlı ki­mi müqtədir sənət korifeyləri ilə bir yerdə çalışıb. Tanrının bağış­ladığı istedadla yanaşı, Milli Dram Teatrı Hamlet Xanızadə üçün bir məktəb idi. O, ustadlar­dan öyrənərək həm də öz məktə­bini yaradırdı.

Kinonun sehri

Unudulmaz aktyorun yara­dıcılığında ikinci mərhələni kinodakı fəaliyyəti təşkil edir. “Yeddi oğul istərəm", “Axırıncı aşırım", “Arxadan vurulan zər­bə", “Şəhərin yay günləri", “Qı­zıl uçurum", “Babək", “Bir cə­nub şəhərində", “İnsan məskən salır", “İstintaq davam edir", “Qatır Məmməd", “Qəm pəncə­rəsi", “Qərib cinlər diyarında", “Möcüzələr adası", “Nizami", “Topal Teymur", “Yaramaz", “Cansıxıcı əhvalat"... və nəha­yət, “Qətl günü" filmində ya­ratdığı müxtəlif xarakterli ob­razlarda Hamlet Xanızadənin özünəməxsus yozumu yenə hiss olunmaqdadır. O, bu obrazları elə yaradıb ki, han­sısa ikinci bir ifaçı haqqında düşünmək belə ağıla gəlmir.

“Qətl günü" filmindəki Sədi Əfən­di obrazı aktyorun sonuncu işi olur. Film ekranlara çıxanda o, artıq həyatda yox idi. Filmin səsləndirilməsini Fuad Poladov öz üzərinə götürür. Həyat yoldaşı Nailə xanım o günləri belə xatırlayır: “Çə­kilişlər zamanı, bəlkə də gündə neçə yol ölüb-dirilirdi. Filmdə­ki dövrlə bağlı ədəbiyyatı oxu­duqca öz-özünə deyirdi: “Gör biz necə böyük bir millətin övladlarıyıq". Təəssüf ki, bizim milli taleyimizin əks-sədası olan bu filmə Hamletsiz baxdıq".

Bəli, həyatın amansız üzü imkan vermədi ki, Hamlet Xanızadə ya­ratdığı obrazın tama­şaçılar tərəfindən necə maraqla qarşılandığı­nın şahidi olsun.

Hansı rolda çəkil­məsindən asılı olma­yaraq, aktyor oynadığı rolun məsuliyyətini gözəl dərk edirdi. O, rejissorlarla çox asan dil tapırdı. Olduq­ca səmimi, zəhmətkeş bir insan idi. Onu tanıyanlar deyirdilər ki, ekranda yaratdığı qəddar, zəhmli obrazlardan fərqli olaraq, Hamlet heç vaxt insanların qəlbi­nə toxunmazdı.

Hamlet Xanızadə iddialarla yaşamayan çox böyük aktyor idi. Dəfələrlə etiraf edərdi ki, ən böyük xoşbəxtliyi tamaşaçı sevgisində tapır.

Maraqlıdır ki, onun istər teatrda, istərsə də kinoda yaratdığı obraz­lar həm kamilliyinə, həm yaşına, həm də ziddiyyətli məqamlarına görə çox mürəkkəbdir. Heyrətlənməyə bilmirsən ki, bu təzad­lı obrazları Hamlet Xanızadə o cavan yaşında necə də ustalıqla yarada bilib!

Cəmi 49 il ömür sürmüş Hamlet Xa­nızadə 80-ə yaxın filmdə unudulma­z, bir-birindən fərqli, maraqlı ob­razlar yaradıb.

Faciənin faciəsi

Tamaşalarla yanaşı, həm radio verilişlərinə, həm kino çəkilişlərinə gedən, daim iş başında olan aktyor heç vaxt səh­hətindən şikayət etməyib. Mütəmadi olaraq idmanla məşğul olub, sağlam həyat tərzi sürüb. Amma qızı Aygün Xanızadənin dediyinə görə, 20 Yanvar və sonrakı hadisə­lər ona çox ağır təsir etmişdi, onu sarsıtmışdı: “1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə aktyor dostu Bürcəli Əsgərovla şə­hərə getdi. Səhərə qədər evə gəl­mədilər. Sən demə, gecə səhərəcən şəhərdə şəhidlərin nəşlərinin daşınmasına yardım edib, xəstəxanalarda olub, əlindən nə gəlirsə, etməyə çalışıb. 20 Yan­varda günortadan sonra evə gəl­dilər. Elə vəziyyətdəydi ki, sözlə demək mümkün deyil. Özünə yer tapa bilmirdi. Bürcəli Əsgərov ana­mı kənara çəkib dedi ki, ay Nailə, onu bir müddət evdən bayıra çıxmağa qoy­ma. Yoxsa ürəyi partlayacaq".

Dostunun dediyi kimi də oldu. 1990-cı il fevralın 2-də Şəhidlər Xiyabanına ziyarətə gedən Hamlet Xanı­zadənin elə orada beyninə qan sızdı...

Dəfələrlə səhnədə Hamlet Xanı­zadənin tərəf-müqabili olmuş Xalq artisti Şəfiqə Məmmədovanın bir fikri necə də təsirlidir: “Biz onu qoruya bilmə­dik. Elə incə ürəyi bu dəhşət­lər içində qorumaqmı olardı?"

Bəli, o, 20 Yanvar faciəsində millətimizin başına gələn ağır dərdə dözə bilmədi. Anala­rın, bacıların fəryadı­na, insanların faciəli ölümünə dözmədi. Və beləcə, Şəhidlər Xiyabanında – o müqəddəs məkanda ürəyi dayandı.

 

Leyla