İşığın monoloqu

Bölmə: Monoloqlar 21.01.2019

 

Əli Əmirli - "İyirmi ildən sonra"

İşığın monoloqu

 

İ ş ı q. Bu nə oyundu mən düşdüm? (Əlləri ilə üzünü qapayır) İndi mən necə yaşayım? Kimə üz tutum, kimə sübut eləyim ki, mən işıq kimi təmiz, su kimi safam? Kim inanacaq mənim yalana bənzər həqiqətimə? O! Hamısı o! O, mənim qaranlıq fəzalarda ulduzlara çırpınan qanadlarımı qırdı, məni məhv etdi, məhv! İndi mənim bir yolum qalır və mən o qurtuluş yoluna doğru qətiyyətlə gedəcəyəm. (Stulun üstünə çıxıb başı üzərindən sallanmış ipin ucunu ilgəyə çevirir. Qoca onun hərəkətini birdən görüb yeməyini saxlayır) Bir qırpımda bir-birinə sarılan zaman və əbədiyyət! İndi mənim bir yolum qalır. Ardımca həyat zindanını bağlayıb əbədi gecələr qapısını açan müdhiş açar - ölüm! Ey bilinməz diyar, sənin nə büsatın varsa, qoy olsun! Fəqət mənim mənliyim məndən ayrılmasın, mənimlə o dünyaya getsin. Qoy iztirablar mənim təmiz adım qarşısında geri çəkilib təslim olsunlar.

Q o c a. Quqquluquuu...

İ ş ı q. (Diksinir) İlahi, bunların günü mənsiz necə olacaq? Bağışla məni, Hamlet! (Ağlayır) Mama qurban sənə... Bağışla qırx üç yaşında ağlını itirmiş ananı, Ofa! Ər evinə səni kim yola salacaq, kim səni urvatlı eləyəcək, qızım? Dərdini-sərini kimə deyəcəksən, anasız balam? Sən də bağışla məni, Otello, keç olmayan günahımdan, mən səni xoşbəxt eləyə bilmədim, zəif çıxdım, sənin kimi dəyanətli ola bilmədim, iyirmi yaşlı məhəbbətimi qoruya bilmədim... (İlgəyi boğazına keçirir)