“Atamı bir dəfə də yazı masası arxasında şeir yazan görmədim”

 

Aydinyol.az saytının "Yazı masası" rubrikasında görkəmli şairi­miz İsa İsmayılzadənin işığına yığışdıq. Uzun müddət "Azərbaycan" jurnalın­da baş redaktor müavini işləyən, çağdaş poeziyamıza orijinal məzmunlu şeirləri ilə rəng qatan şairin həyat yoldaşı Ələviyyə İsmayılzadə və oğ­lu Araz İsmayılzadə ilə birgə  keçmişə qayıtdıq, xatirələrə daldıq.

Söhbətimizə də elə İsa İsmayılzadənin fərqli, orijinal xarakterinə toxun­maqla başladıq:

Araz İsmayılzadə: Atamın bir şair və insan kimi özəlli­yini, fərqli xarakterini hələ uşaqlıqdan hiss edirdim. Yaşa dolduqca onun poeziyası ilə tanış oldum və bir daha necə dərin şeiriyyata sahib olduğu­nu anladım. Onun poeziyası kütləyə deyil, elit düşüncəyə hesablanmışdı. Biz atama "ba­ba" deyirdik. Xatırlayıram, bir dəfə dedim ki, "baba, sən çox qəliz yazırsan; bu, kütlə üçün deyil, amma nə yaxşı ki, belə yazırsan, çünki tarixdə sıra­dan yazılan şeirlər yox, ancaq belələri qalacaq". Gülümsün­dü, cavab verdi ki, bunu za­man göstərər.

Amma yeni məzmunlu, oriji­nal üslublu şeirlərinə görə şai­ri ədəbi cameədə çox incitdi­lər. İsa İsmayılzadənin "Yağış gölməçələri", "Həsrət" kimi onlarla şeiri tənqidlərə məruz qaldı.

A.İ.: Atamın anası oxumaq-yazmaq bilməzdi. Amma bir dəfə elə hadisə yaşanmışdı ki, atam onun hərfləri tanımadı­ğına sevinmişdi. O zaman özü deyirdi ki, ömrümdə ilk dəfə anamın oxuya bilməməsinə se­vindim. Deməli, atamla anası bulvarda gedirmişlər, köşklə­rin birində asılan qəzetdə atam onu tənqid edən yazı görür. Yaman pərt olur, nənəm bunu an­layır, soruşur ki, nə olub, ora­da nə yazırlar? Atam həqiqəti deməyib söyləyir ki, bir tanış adam rəhmətə gedib, o xəbəri oxudum, pis oldum.

Ələviyyə İsmayılzadə: Hə­min məqalə tanınmamış, sıra­dan bir adam tərəfindən yazıl­mışdı. Heç bilmirdik ki, kimdi. Amma İsa yaman pis olmuşdu. Xasiyyəti o cür idi: hər şeyi ürə­yinə salardı. Az danışardı, elə bil, əvvəlcə sözünü tərəzidə çəkər, sonra deyərdi. Amma bütün yaşananları ürəyinə sa­lardı. Bu hadisənin üstündən haradasa 20-25 il keçmişdi, hə­min yazının müəllifi özü İsadan üzr istədi.

Şeiri sevməyən masa

İsa müəllim heç zaman yazı masasında şeir yazmayıb. Yal­nız publisistik yazılar və tər­cümə materiallarını yazı ma­sası ilə görüşdürüb. Oğlu Araz bu barədə maraqlı detalı qeyd edir:

Xatırlayıram, atam istər şeir nümunəsini, istər publisistik yazısını, istərsə də tərcümə ma­terialını hər zaman anamla bir­likdə gözdən keçirərdi. Başqa ixtisas sahibi olmasına baxmayaraq, hər zaman anamla məsləhətləşərdi. Şeirə münasi­bəti isə bambaşqa idi. Bir dəfə də görmədim ki, atam yazı ma­sasının arxasında şeir yazsın. Əlbəttə, iş otağında, yazı stolu­nun arxasında oturub işləyir­di, amma orada şeir yazdığını görməmişəm. Şeir yazma pro­sesi onda bədahətən idi. Başqa şairlər qaralamaya yazdıqları şeirlərinin üzərində işləyəndən sonra makinada köçürərdilər. Amma o, birbaşa makinaya yazdırardı. Həmişə bizə zara­fatla deyərdi ki, görürsünüz, baba "pramoy" yazır (gülür).

İsa İsmayılzadənin ömrünün bir hissəsi də "Azərbaycan" jur­nalı ilə bağlıdır. Hamının us­tad redaktor (şairlik bir tərəfə) kimi tanıdığı İsa İsmayılzadə ağır illərdə – müstəqilliyin ilk dönəmlərində, Qarabağ savaş­ları zamanında jurnalın bütün yükünü öz çiyinlərinə götürüb, çətinliklə də olsa, onu yaşadıb:

A.İ.: Həqiqətən də, ağır illər idi. Siyasi-sosial mənzərə mü­rəkkəbləşmiş, bir tərəfdən də savaş davam edirdi. Ailəni dolandırmaq da çətinləşmişdi. Amma atam "Azərbaycan" jur­nalına özünün ikinci ailəsi kimi baxırdı. Həmişə jurnalla bağlı narahatlığını gizləmirdi. Niga­ran idi ki, görəsən materiallar çatacaqmı, görəsən çap üçün vəsait tapılacaqmı, görəsən jur­nal aktuallığını saxlayacaqmı? O illərdə jurnal bəzən aylarla çıxmırdı. Bəzən ildə dörd, bə­zənsə yalnız iki dəfə çıxırdı.

Ə.İ.: İsa, demək olar ki, tək qalmışdı. Vəziyyət çox ağır idi.

Qonorar yox idi deyə, yazı gön­dərən də olmurdu. Əməkdaşla­rın çoxu məcburi şəkildə, ailəsi­ni dolandırmaq üçün başqa işin qulpundan yapışmışdı. Jurnalın bütün redaktəsi onun üzərində idi. Gətirirdi evə, hamısını yeni­dən gözdən keçirirdi.

"Özbək əhvalatı", yaxud "taksi sürən" şair

Ələviyyə xanım İsa müəllim­lə bağlı elə bir "özbək əhvalatı"nı danışır ki, orada şairin portret cizgilərini aydın gör­mək olar:

Ə.İ.: Soyuq fevral günü idi, bərk qar yağmışdı. İsa çalışdı­ğı radionun binasından çıxıb məni işdən götürmək istəsə də, qoymadım. Evə qayıdan­da görüb ki, gənc qadınla kişi yolun kənarında dayanaraq ge­dib-gələn maşınlara əl edir. Qadının da qucağında uşaq var. Nabələd olmaları həmən hiss olunub – kişi qeyri-ixtiyari maşınların qabağına qaçırmış. İsa da onlara fikir verib görür ki, gənc ailə yolun maşın da­yanmayan hissəsinə gedib. İsa tez o istiqamətə sürüb onla­rı maşınına əyləşdirir. Bakıya qonaq gələn gənc özbək ailə­si imiş. İsa onlarla bərabər bir neçə mehmanxanaya getsə də, heç birində boş yer olmayıb. Bil­məyib nə etsin, axırda özbəkləri evə gətirib...

A.İ: O hadisəni xatırlayıram: həyətdə idim, bir də gördüm atam maşını saxlayıb məni ça­ğırdı, dedi, qonaqlara kömək elə. Gördüm, özbəklərdi. Qəti təəccüblənmədim. Çünki ata­mın başqa ölkələrdən tərcü­məçi, yazıçı qonaqları bizə çox gəlirdi. Elə bildim, bunlar da o qonaqlardandı. Nə isə, evə qalxdıq. Qonaqlar rahatlandı­lar.

O gün atamın televizi­yada çıxışı yayımlanacaqdı. Bir xasiyyəti də var idi ki, iş­tirak etdiyi proqramlara çox diqqətlə baxardı. Heç gözləri­ni çəkməzdi. Həmin axşam da iştirak etdiyi verilişə diqqətlə baxırdı. Özbək qonaq buna xeyli təəccübləndi. Veriliş bi­tən kimi dedi ki, sizin çox qəri­bə ölkəniz var. Birinci dəfədir görürəm ki, taksi sürücüsü ba­rədə belə təmtəraqlı televiziya proqramı hazırlayıblar. Sən demə, o, bayaqdan elə bilibmiş ki, atam taksi sürücüsüdür, mehmanxanada yer olmadığı üçün onu öz evinə gətirib. Atam bunu eşidəndə gülümsədi və həqiqəti danışdı. Həmin vaxt özbək qonağın necə utan­dığını indi də xatırlayıram.

Ə.İ: Sonra həmin özbək bir neçə dəfə bizə gəldi. Zoologiya İnstitutunda dissertasiya mü­dafiə edirdi. Heç kimi yox idi. İsa bütün işlərdə ona kömək et­di. Ən sonda – müdafiədən sonra ziyafət məsələsi var idi, İsa həmin anda da onu düşündü, dedi, bu hansı restorana getsə, yazığı soyacaq­lar, gəl elə ziyafəti evdə təşkil edək. Etdik də...

Geri qaytarılan qonorar

Ailə üzvləri İsa İsmayılzadə şəxsiyyətinin açılmasına yar­dımçı olan daha bir xatirəni də danışırlar. Gəlin, birlikdə tanış olaq:

A.İ.: Gənc xanım yazarlardan biri öz şeirlərini "Azərbaycan" jurnalında çap olunması üçün atama vermişdi. İsa İsmayılzadə hər zaman ancaq istedada qiy­mət verən şəxs olub. Odur ki, heç kimin tanımadığı xanımın şeirlərini bəyəndiyi üçün jurnal­da çap edir. Gənc xanım şeirlə­rinin "Azərbaycan" kimi jurnal­da çıxmasına çox təəccüblənir.

Ailəsi imkanlı imiş, atam jur­nalın redaksiyasında işləyən vaxt həmin xanım gəlib, özünü tanıdandan sonra ona təşək­kür edib. Atam da çox danışan deyildi, elə deyib ki, şeirlərin yaxşı idi, öz üzərində işlə. Son­ra işinə davam edib. Xanım da qapıdan çıxarkən masanın üzə­rinə gizlicə zərf qoyub. Atam danışırdı ki, o çölə çıxandan sonra sanki gözümün qulağı ilə nəsə eşitdim, hiss etdim ki, ma­saya nəsə qoydu və çıxdı. Atam tez çölə çıxıb, qadını aşağıda – qapıdan çıxhaçıxda yaxalayıb, əsəbini gizlədə bilməyib, sərt şəkildə pulu üstünə atıb, deyib, bir də gözümə görünmə.

Küskün masa və "bəxtsiz" kostyum

Yenidən yazı masasına qayı­dırıq. Özü də Qarabağ savaş­larının səngimədiyi, insanla­rın min bir əziyyətə qatlaşdığı dövrün yazı masasına. O illər­də İsa müəllim yazı masasın­dan da, şeirdən də küsmüşdü. Səbəbini isə oğlu və xanımın­dan eşidək:

A.İ.: Onun kimi vətənpərvər insan görmədim. Atam uzun illər idi, siqareti tərgitmiş­di. Amma Qarabağ hadisələ­rindən sonra yenidən çəkməyə başladı. Qarabağ hadisələri – itirilən torpaqlar, məcburi köç­künlərin faciəsi ona pis təsir etmişdi. Uzun müd­dət şeir yazmadı. O hadisə­lərdən sonra bizə televizorda konsertə baxmağa icazə ver­mirdi. Ancaq evdə olmayanda nəyəsə baxardıq, evə gəldisə, şən proqramları izləməyimiz mümkün deyildi. Dostları ilə söhbətdə hər zaman deyirdi ki, şeir yazmaq həvəsi içimdə ölüb. Ömrünün son illərində, demək olar, şeir yazmadı. Təəccüb edirdim, çünki ovaxtkı ya­radıcılıq evlərinə 25 günlük ezamiyyətə gedəndə, az qala, bir kitab şeirlə qayıdırdı. Amma Qarabağ hadisələri başlayandan, 6 il ərzində, demək olar, bir şeir də yazmadı.

Ə.İ.: O hadisələrdən sonra toylara da özü getməz, pul yol­layardı. Nadir hallarda gedən­də də əsəbiləşərdi. İnsanların heç nə olmamış kimi şadyana­lıq etməsini, çalıb-oynamasını qəbul edə bilmirdi.

Ömrünün son illərində bir kostyum tikdirmişdi. Onu bir­cə dəfə də əyninə geymədi. Nə qədər desək, xeyri olmadı. Deyir­di, hansı günümə geyinim, torpaqlarımızmı qayıdıb?

Oğlu Araz sonda şair ömrü­nün son anlarından danışdı:

Atam cəmi 18 günün içində dünyasını dəyişdi. Onda o pis xəstəlik aşkarlandı – beyin şi­şi. O, uzunömürlü nəslin nü­mayəndəsi idi, hər gün idman edirdi, özünü qoruyurdu. Yal­nız Qarabağ boyda bir faciə onu 18 günün içində dünyadan apara bilərdi…

Elmin NURİ