ƏZİZ ƏD-DİN İBN MƏHƏMMƏD NƏSƏFİ

İLAHİ HİKMƏT XƏZİNƏSİ

İnsanın kamillik yolu qədim sufilər tərəfindən İlahiyə – Uca Yaradana canatma, Ona qovuşma yolu kimi baxılır. Onlara görə özündə üç başlıca cəhəti cəmləyən bu sonsuz səyahətin ən ali zirvəsinə çatan yeganə kəs Məhəmməd peyğəmbərdir. “Qanun – mənim dediklərim, Yol – əməllərim, gerçəklik – halımdır”(Məhəmməd peyğəmbər). 
Qədim sufilər Məhəmməd peyğəmbəri kamilliyin ən ali zirvəsinə – Peyğəmbər Möhürü dərəcəsinə ucalan yeganə insan hesab etsələr də, ondan sonra digər qanuni peyğəmbərlərin aşkar olunmadığını təsdiq etsələr də, Uca Yaradana aparan Yolun davam etdiriləcəyinə ümid yerinin qaldığını da bildirirlər.
Böyük sufi Əziz əd-din ibn Məhəmməd Nəsəfiyə görə də bu Yolun nə əvvəli, nə sonu vardır:
“Əgər insan bu dünyada min il də yaşasa və bütün o min ili ömrünü özünüdərkə, zahidliyə, zikrə həsr etsə, o yenə öz biliyi və dərəcəsi müqabilində hər gün, hər dəqiqə nə isə dərk etməyə, anlamağa davam edəcək. O səbəbdən ki, Allahın Biliyinin sonu, sərhəddi yoxdur. Odur ki, kamilliyin də son həddinə yetmək – başa gələn iş deyil və kamillik əldə etdiyini düşünən kəs bunun nisbi olduğunu dərk etməlidir. 
Müqəddəs Qanuna görə isə tam kamillik mövcuddur”.

Afaq Məsud

Yazının əvvəli burada: http://aydinyol.az/newsview/1332/EZIZ-ED-DIN-IBN-MEHEMMED-NESEFI  

http://aydinyol.az/newsview/1332/EZIZ-ED-DIN-IBN-MEHEMMED-NESEFI

https://www.aydinyol.az/newsview/1403/EZIZ-ED-DIN-IBN-MEHEMMED-NESEFI

https://www.aydinyol.az/newsview/1435/EZIZ-ED-DIN-IBN-MEHEMMED-NESEFI

https://www.aydinyol.az/newsview/1461/EZIZ-ED-DIN-IBN-MEHEMMED-NESEFI

https://www.aydinyol.az/newsview/1483/EZIZ-ED-DIN-IBN-MEHEMMED-NESEFI

https://www.aydinyol.az/newsview/1506/-EZIZ-ED-DIN-IBN-MEHEMMED-NESEFI

 

ƏZİZ ƏD-DİN İBN MƏHƏMMƏD NƏSƏFİ
 

ZÜBDƏT– İL HƏQAİQ
 
(HƏQİQƏTLƏR QAYMAĞI)

İNSAN TƏBİƏTİNİN, BƏDƏNİNİN, RUHUNUN NƏ OLDUĞU VƏ İNSANDA NEÇƏ RUH OLDUĞU BARƏDƏ FƏSİL 

 

Bil ki, bir qisim qənaətə görə bəzi insanlar dörd ruha malikdir: bitki, heyvan, qəlb və insan ruhuna. Elə qisim insanlar var ki, onlar beş ruha malikdir: bitki, heyvan, qəlb, insan ruhuna və müqəddəs ruha. Onu da deyirlər ki, insan ruhu və müqəddəs ruh uca ali dünyadan – səma mələklərindən olanıdı.

Bitki ruhu, heyvan ruhu və qəlb ruhu isə alçaq dünyadandı, qidanın məğzindən və qaymağından yaranandı.

Bu beş ruhun hər biri ayrı-ayrı özüllərdəndi və bir-birindən fərqlidi.

Belə ki, əgər biz bədəni çırağa bənzətsək, bitki ruhu – bu bədənin camına, heyvan ruhu – onun çırağına, qəlb ruhu – bu çırağı alovlandıran yağa bənzər. İnsan ruhu – onun (bədənin) işığı, müqəddəs ruh isə, o işığın işığıdı.[1]

Digərlərinə görə  isə, hər insanın bir ruhu var və bu ruhun öz dərəcələri var ki, o dərəcələrin də öz adları var. Bayaq dediyim həmin o «bəzi adamlar»ı çaşdıran da, həmin bu adlardı. Onlar ruhların çoxluğunu, həmin bu dərəcə adları ilə qarışıq salırlar. Əslində isə, belə deyil.

Ruh birdir. Eləcə bədən də birdir. Lakin bədənin də öz dərəcələri var və hər dərəcənin də öz adı var. Ruhun da beləcə dərəcələri var, hər dərəcənin də öz adı var və bədən ruha uyğunlaşdığı kimi, ruh da bədənə uyğunlaşar. Mülk mələkütsüz, mələküt mülksüz mövcud ola bilmədiyi kimi, onlar da bir-birindən ayrı mövcud olmazlar.

Bədən də ruh kimi, öz kamillik həddinə çatana qədər böyüyər, təkmilləşər, yenidən doğular və dərəcələr əldə edər. Bədən də, ruh da nə qədər yontalanıb, tərbiyə olunub mükəmməlləşərsə, öz həddinə çatana qədər canında olan keyfiyyətləri bir o qədər üzə çıxarar.

Ay Göyünün [2] altında olanların da hər birinin dərəcəsi, həddi var. Burada da həddə çatılan məqam böyümək, ucalmaq imkanı bitib-başa çatar. Orada doğuluş və qayıdış olmayan dinclik (netiva) dövrü və o dövrün də həddi var. Başqa sözlə desək, Ay Göyünün altında olan hər bir şeyin yenidən doğulma imkanı və bu doğuluşun əvvəlcədən ölçülüb-biçilmiş hədd və ölçüləri var. Bütün bu doğuluşlar və qayıdışlar arasında hərəkətdə olan hər bir şeyin öz dinclik dövrü var və bu dincliyin özünün də həddi və ölçüsü var. Başqa cür desək, Sirat [3] deyilən, budur.

Siratla bir müddət üzüyuxarı, bir müddət üzüaşağı gedilər. "Cəhənnəmin üzəriylə uzandıqca-uzanan, tükdən incə, qılıncdan iti olan Sirat körpüsü" deyilən, budu.

Bəziləri bu körpünü asanlıqla, şad-xürrəm halda keçər, digərləri büdrəyə-büdrəyə, yıxılıb qalxa-qalxa… Bəziləri isə min bir əziyyətlə, nifrət və iztirablarla keçərlər. Bu körpüdən ötüb-keçən – Cəhənnəmdən yan keçər, bir vaxtlar olduğu Cənnətinə yetişər.

Dərviş, bil ki, bu dünyaya gələnlərin hamısı Cənnətdən gələr və Cənnətə qayıtmağa meyillənər...

Yenə sözü uzatdıq və əsas mətləbdən yayındıq. Məqsədimiz isə bu idi ki, anladaq ki, ruh, yalnız bir olur, bədən də, yalnız bir olur. Bədənin də, ruhun da dərəcələri var ki, o dərəcələrin hər birinin öz adı var.

Bu deyilənlər sənə o vaxt aydın olacaq ki, sən bədənin mənbəyinin nə olduğunu, bu mənbənin nədən yarandığını, ruhun mənbəyinin nə olduğunu və bu mənbənin nədən yarandığını anlayacaqsan.

Bil ki, su, torpaq, hava və od öz mahiyyətləri etibarı ilə analardır və hər birinin öz işarəsi və mənası (məna) var.

Külün işarəsini «kül ünsürü» (ünsür), onun mənasını «külün təbiəti» (təbiət) adlandırarlar. O biri dörd ünsürlər də bu minvalla adlandırılar. Onların hər birinin ünsürü, işarəsi üzrə mahiyyəti, hər birinin mənası üzrə müəyyənləşdirilər.

Buradan belə bir nəticə hasil olunur ki, bütövlükdə dörd ünsür və dörd mahiyyət mövcuddur və bu dörd ünsür hər hansı zəruri səbəb və şərtlər üzündən bir-birinə qovuşanda, birinin işarəsi ilə biri o birinə qarışar. Bu işarələrin cəmindən, onların hər birindən olan hissəciklərə malik nə isə yaranar. Ona «bədən» deyərlər. Bu dörd ünsürün mənasının vəhdətindən yaranana isə «ruh» deyərlər.

Deməli, bu dörd ünsür ayrı-ayrılıqda mövcud olarkən, onları «ünsür» və «məna» adlandırarlar, bir-birinə qovuşduqda isə onları «ruh» və «bədən» adlandırarlar.

Hərçənd ki, ünsürlər özləri də ayrı-ayrılıqda, mahiyyət etibarı ilə bədənlərdi və quruluş etibarı ilə sadə olduqları səbəbindən doğulmaya və qayıdışa qadir deyillər. Qovuşmadan yaranan bədənlər isə, dərəcələr üzrə doğular və hər dərəcədə yeni ada sahib olar.

Dərviş, bədənin də, ruhun da, insan təbiətinin də mahiyyəti həmin bu qayda üzrə yaranar.

Bunu da bil ki, bədən – yaradanlar dünyasındandır, ruh – hökm dünyasından. «Bədən – mülk dünyasından, ruh – mələküt dünyasındandır» da demək olar.

Mülk mələkütsüz mövcud ola bilməz, mələküt mülksüz. Onların hər ikisi birdir, hər ikisi doğulmaya meyillidi. Hər ikisi öz kamilliyinə yetişərkən, yenidən geriyə meyillənər, orada yenidən doğular və yenidən qayıdar.

 

DOĞULANLARIN (məvaid) NƏ AZ, NƏ ÇOX,

ÜÇ NÖV OLMASI BARƏDƏ FƏSİL

 

Bil ki, insan xislətinin iki halı var: tarazlıq halı (mütədil) və natarazlıq halı. Ay Göyünün altında tarazlıq  olmaz. O səbəbdən ki, bu, müştərək (müştərik) [4] ərazidi.

Əgər Ay Göyünün altında tarazlıq  olsaydı, o zaman dünya əbədi dəyişməz olar, heç bir dəyişikliyə uğramazdı.

Və bil ki, insan xisləti natarazlığa üç halda düşər: tarazlıq olan yerə (Yer dünyasının mərkəzinə) həddən ziyadə yaxında olanda, oradan həddən ziyadə uzaqda olanda, yaxud oranın yaxınlıqla uzaqlığın tən orta həddində olanda.

Beləliklə, tarazlıqdan çox uzaq düşəndən, mineralların bədəni və mineral ruhu yaranıb. Ona (tarazlığa) yaxınlığın orta həddində olandan, bitki bədəni və bitki ruhu yaranıb. Tarazlığa çox yaxın olandan, heyvan bədəni və heyvan ruhu yaranıb. İnsan heyvanın bir növüdü.

Dərviş, bil: məhz heyvan ruhu tərbiyə alıb bilikləndikdən sonra anlamaq, dərk etmək, zahidlik və xatırlamalar vasitəsi ilə dərəcələr üzrə doğulmağa, hər dərəcə üzrə yeni adlar qazanmağa qadirdi.

Söhbətimiz çox uzandı və biz məqsədimizdən yayındıq. Məqsədimiz isə bu idi: izah edək ki, ruh birdir, bədən ruh, ruh bədəndir və onlar bir-birindən ayrılmazdır.

Dərviş! Bil ki, mövcudluğun, özünə zəruri olan hər zərrəsi onun özündədi. Ruh haradansa gəlmir və harasa getmir. Ruh işıqdı və dünya bu işıqla doludu. Dünyanın canı həmin bu işıqdı. Dünyanı kamilləşdirən, onu hərəkətə gətirən də həmin bu işıqdı – bitki dərəcəsində – təbiəti ilə (bi-t-tab), heyvan dərəcəsində – iradəsi ilə, insan dərəcəsində – əməli və hərəkəti ilə.

Bu işıq təbiət dərəcələrində də var, ruh dərəcələrində də, şüur dərəcələrində də, mövcudluğun əzəli işığı dərəcələrində də.

Dünyanın bütün xalqları daim o işığı axtarar. Amma onlar o işığı özlərindən kənarlarda axtararlar. Və nə qədər çox axtararlar, bir qədər ondan uzaq düşərlər.

               Dedim, axtar, bəlkə, taparsan.

          Bilməzdim bu axtarış ayrılığın özüdü.

Nə qədər qısa danışmağa çalışıramsa da, sözüm biixtiyar uzanır.

Eh, dərviş! Bilsəydin, bu dünyanın dövriyyəsinə hələ neçə dəfə düşəcəksən, nə qədər lüzumsuz, mənasız səyahətlər edəcəksən… Neçə dəfə Kainatın Giriş Qapıları önündən ötüb, həyatını, mal-dövlətini küləklərə verəcəksən... Amma axı, əslinə qalanda, bunların heç birinə ehtiyac yoxdu?! Əslinə qalanda, zahidliyə də, fədakarlığa da ehtiyac yoxdu. Bu baş ağrıdan sirrləri açmağa göstərdiyin səylərə də ehtiyac yoxdu.

Sənin axtardıqların, axtarılmağa dəyməz. Olmayanı axtarmaqmı olar? Sirri, ona aparan yolu axtarmaqmı olar?

Dərviş, bu məsələ arif olan kəslə söhbətə ehtiyaclıdı. Odu ki, axtardığını, arif olan kəslə söhbətlərdə axtar, zahidliyi qəbul et, aza qane ol ki, həyatının qalan hissəsini rahat yaşaya biləsən.

Buna qədər mən düşünürdüm ki, insan canlı varlıq olduğu səbəbindən, müəyyən zəruri ehtiyaclarını təmin etməkdən ötrü işləməlidi ki, ailəsini dolandıra bilsin, qüvvəsi və qabiliyyəti daxilində zəhmətə qatlaşmalıdı ki, insanlara xidmət etsin, onların həyatına yüngüllük gətirsin. İndi isə düşünürəm ki, insan üçün zahidlikdən, aza qane olmaqdan savayı, düzgün yol yoxdu. Nə bu dünya, nə də O dünya sənin, bir anlığa belə olsun, çaşqınlığa düşməyinə, yaxud nəyə görəsə həyəcan keçirməyinə dəyməz.

         O kəs ki, zahidlik yolunu, aza qane olmaq yolunu seçib, şah odur.

         O kəs ki, buna qadir deyil, quldur.

         Qulla şah arasında olan fərq isə çox böyükdü, dərviş...

 

(ardı var)

 

 

[1] Quran – 24: 35.

[2] Ay Göyü - Cəhənnəm ərazisi

[3] Sirat - Quran (37: 23) Cəhənnəmin üzərindən keçən "tükdən incə, qılıncdan iti körpü"

[4] Müştərək  Ayaltı ərazi; müstəqil yer deyil; mülk (maddi dünya) və mələkütə (qeyri-maddi dünya) görə daim dəyişikliklərə məruz qalır.