Elnaz Eyvaz - İndi necə sevirsən, bax, elə də unutma

 

Tamdan hissə-hissəyəm,

hissə-hissəyəm, Adam.

Bir az sevincəm, sevinc,

bir az qüssəyəm, Adam.

 

Harda, nə vaxt bilmirəm

bölündüm para-para.

Uzun-uzun yol gəldim,

haralardan gör hara.

 

Yarı mənəm, bildiyin,

yarı Sənəm, yarı Sən.

Bütünə gücüm çatmır,

kömək elə barı sən.

 

Nəyim varsa, toplayıb

gəlmişəm üzü Sənə.

Ruhumu duymayanın

qurbandır yüzü Sənə...

 

* * *

 

Bir səs,

bir söz,

bir baxışla

çəkilirsə duman,

dağılırsa kədər,

Yaşamağa dəyər!!!

 

Qoynuna girdiyin torpaqdır

indi sevgilin.

Aranıza girməyə nə həddim?!

Səni

bircə ona qısqanmadım,

xoşbəxt olun, şəhidim!

 

* * *

 

Heç kimə bənzəmirsən

heç kimə...

hardan, necə, bilmirəm,

yol elədin qəlbimə...

Səndən bircə ricam var

kimsəni bundan belə

ürəyimə tanıtma.

indi necə sevirsən,

Bax, elə də unutma.

 

* * *

 

Barmaqlarımın ucunda,

gözlərimin qarasında,

dodaqlarımın arasında

gizildəyir yoxluğun...

Ciyərlərim ağrıyır,

burnuma gəldikcə qoxun...

 

* * *

 

Mən Səni belə sevmişəm:

ruhundan bədənə kimi.

Allah Sənə ömür versin,

mən ölüb gedənə kimi...

 

* * *

 

Hardan biləsən ki, necə öldürür

adamı darıxmaq?

Döyüş də uzaqdan belə görünür:

qurbansız, asan!

Axı Sən heç vaxt

Səndən ötrü darıxmamısan...