Tereza Ananın duası

 

Əsl adı Aqnes Qonca Boyaçı olan Tereza ana (1910-1997) katolik rahibə, rahibələr konqreqasiyası qismində kasıbla­ra, xəstələrə xidmət və yardım edən Şəfqət Ordeninin yaradı­cısı, Nobel Sülh Mükafatı laureatıdır. Tereza Ananın adı Katolik Kilsəsi tərəfindən müqəddəslər siyahısına daxil edilib. O, 1997-ci ildə ABŞ-ın ali mükafatı olan Konqresin qızıl medalı ilə təltif edilib.

 

Mən Tanrıdan güc istədim, amma O, sınaq göndərdi.

Mən İlahiyə qürurumu əlimdən almaq üçün yalvardım.

Tanrı mənə “Yox” dedi.

Dedi ki, qüruru əldən almaq olmaz.

Ondan imtina etmək olar.

Mən Tanrıdan səbir istədim.

Tanrı mənə “Yox” dedi.

Dedi ki, səbir sınaqların nəticəsidir.

Səbri vermək olmaz, onu qazanmaq olar.

Mən Tanrıdan xoşbəxtlik istədim.

Tanrı mənə “Yox” dedi.

Dedi ki, mənə xeyir-dua verir.

Xoşbəxt olub-olmamağımsa özümdən asılıdı.

Tanrıya yalvardım ki, məni ağrıdan qurtarsın.

Tanrı mənə "Yox” dedi.

Dedi ki, ağrı-acı insanı,

Dünya qayğılarından uzaqlaşdırır,

Ona yaxınlaşdırır.

Tanrıdan dilədim ki, məni mənən böyütsün.

Tanrı mənə “Yox” dedi.

Dedi ki, ruh özü böyüməlidi.

Tanrıya yalvardım ki, Onun məni sevdiyi kimi,

Başqalarını sevməkdə mənə kömək eləsin.

Dedi ki, nəhayət, nəyi istəməli olduğunu dərk elədin...

Tanrıdan güc istədim.

O isə sınaq göndərdi ki, məni dözümlü eləsin.

Mən müdriklik istədim,

Tanrı qayğılar göndərdi ki, onların üzərində baş sındırım.

Mən dözüm istədim, Tanrı təhlükə göndərdi.

Mən Sevgi istədim, Tanrı köməyimə ehtiyacı olanları göndərdi.

Mən rifah istədim, Tanrı mənə imkanlar verdi.

Mən istədiklərimin heç birini ala bilmədim,

Amma özümə lazım olan hər şeyi aldım.