Bolqarıstan şeirinin “üçüncü dalğası”

Bölmə: Art 14.02.2019

 

Sən mənə güclü olmağı öyrətdin,

öyrətdin başı dik tutmağı.

Amma demədin ki,

küləklə qarşıdurmada əyilmək lazım.

(çağdaş bolqar şeirindən)

 

Bolqa­rıstan ədəbiyyatı deyəndə göz önünə, çox uzun olmasa da, bir siyahı gəlir: dünyanı qadın gözəlli­yinin dəyişdirəcəyinə əmin olan Yordan Yovkov, əsərlə­rində həyat fəlsəfəsinin də­rin qatlarını açan Dimitar Dimov, bəzi ədəbiyyatşü­nasların Hüqo ilə müqayisə etdiyi İvan Vazov və əlbəttə ki, keçmiş Sovet, o cümlə­dən Azərbaycan oxucusu­nun yaxşı tanıdığı Pavel Vejinov.

Bolqar poeziyası deyən­də isə... Nədənsə, mən özüm dərhal Peno Penevi xatırlayı­ram. Bəlkə də, Mayakovskini çox sevdiyindən, oğlunun adını Vladimir qoyduğuna və Mayakovski kimi cavan yaşda intihar etdiyinə görə. Yeri gəlmişkən, şair indi az qala hər bolqarın dilinin əz­bəri olan bu misranı ölümün­dən az əvvəl yazmışdı: “Mən dünyaya Günəşi görmək üçün gəlmişdim”.

Son 40 ildə ədəbiyyata gə­lən Bolqarıstan şairlərindən danışsaq, sözsüz ki, ilk sadalanan adlar bun­lar olacaq: Boyko Lambovski, Georgi Qospodinov, Mirela İvanova, Kristin Dmitrova... Bu imzaların hər biri həmin ölkədə məşhurdur və əsər­ləri müxtəlif dillərə tərcümə olunub: ingilis, alman, fran­sız, rus, ispan dillərinə... Hər biri həm yerli, həm də beynəlxalq səviyyədə bir sıra mükafatlara layiq görü­lüb.

Maraqlı məqamlardan bi­ri də budur ki, çağdaş bol­qar şeirinin nüfuzlu imzaları arasında xanımların sayı kişi­lərdən az deyil.

Bu nəslə Bolqarıstan ədəbi mühitində “üçüncü dalğa” da deyirlər. Yeri gəlmişkən, Valeri Petrovun, Nikolay Zidarovun aid edildiyi “birin­ci dalğa” 1940-50-ci illərdə; Konstantin Pavlovun, İvan Dinkovun mənsub olduğu “ikinci dalğa” isə 1960-70-ci illərdə ədəbiyyata gəlib.

Bu nə dövr idi? Bütün postsosialist ölkələrində totali­tar ideologiyanın çöküşü, siya­si sistemin və mədəni dəyərlə­rin dəyişdiyi dövr. Və deməli, yaradıcı düşüncə tərzinə ciddi təsiri olan sosial-psixoloji şərt­lər də dəyişmişdi. Ən əsası isə ətraf dünyaya ədəbi inteqrasi­ya imkanları açılmışdı.

Bolqarıstanda da deyirdilər ki, bütün bunlar postmoder­nizmin “gözlənilən fəsadları­dır”. Yəni nə baş verir? Ədə­biyyatda janrlararası sərhədlər yumşalır, bolqar poeziyasını araşdıran tədqiqatçılardan bi­rinin sözüylə desək, belletristikanın janr dayaqları sarsılır, getdikcə elitar və kütləvi ədə­biyyatın sərhədlərini dəqiq cızmaq çətinləşir, bədii mətn fəlsəfənin, kulturologiyanın, ədəbi tənqidin elementlərini mənimsəyir, üslub eksperimentlərinə imkanlar açılır, poeziya qeyri-lirik sahələrə nüfuz edir, hətta bəzən şeir nəsr fraqmenti kimi, nəsr şeir fraqmenti kimi qəbul edilir.

Məsələn, Boyko Lambovskidən oxuyuruq:

Mənim qardaşım da

torpaq qamarladı

Siera de Quadaramada

uzunluğu iyirmi iki metr

eni heç iki metr də olmazdı

Azadlıq və tank

Dayım Laşko İraqda

bircə dəfə oldu

Evə qayıdarkən

cəmi bir ovuc

torpaq gətirmişdi

milli bayrağa bükülmüş.

80-ci illərin axırlarında Bol­qarıstan şairləri sanki bir həqiqəti birmənalı qəbul et­mişdilər ki, yeni dövrün öz diktəsi var. Yəni mədəniyyət bundan sonra gerçəkliyə de­yil, mədəniyyətə istiqamət­lənir. Postmodernizm yeni oxucu formalaşdıraraq yeni gerçəklik yaradır. Həmin ger­çəkliyin fəlsəfəsinə görə, real həyatda təkcə adamlar və əş­yalar yox, adamların yaratdıq­ları simvollar da yaşayır. Yəni ilk dəfə olaraq məhz “üçüncü dalğanın” nümayəndələri fi­lologiyanın metodlarından yararlanmağa başladılar. Onların qəbul etdiyi başqa bir həqiqət isə bu idi ki, yeni poeziya kəşf etmək onsuz da mümkün deyil, olsa-olsa, yeni müəllif yaratmaq olar. Ancaq bir reallıq da var ki, poeziya­da heç sırf postmodernizm də mümkün deyil. Çünki bu es­tetikanın mənası var olandan yararlanmaq deməkdir. Şeirdə isə artıq yazılmış mətnə təpədən-dırnağacan söykənmək absurd­dur. Ona görə də çağdaş bol­qar poeziyasında, əsasən də Georgi Qospodinovun şeirlərindəki meyillərin xarakteri­ni haradasa konseptualizmin çalarlarında dəyərləndirmək daha münasib sayılır: yəni va­cib olan ideyadır, emosional yaşantılar yox. Deməli, söhbət əsəri yox, əsərin ideyasını yaratmaqdan get­məlidir.

Gözəl axşam idi

ikimizçün də.

O, qaz sobasının üstündə
yemək bişirirdi.

“Bir azdan qayıdıram”

dedi və

qapını açıq qoyub getdi.

Çıxanda paltosunu da
geymədi,

dodaqlarını da

boyamadı heç...

Bir də altı ildən sonra gördüm küçədə.

Qəribə bir həyəcanla

“qazı söndürdün?” – soruşdu,

“hələ yox” – dedim.

Bolqar şeirinin bəhs etdi­yimiz mərhələsinin tənqid­çilərindən birinin düşün­cəsinə görə, postmodern situasiya təkcə postmodern mətnlər yox, həm də başqa “izm”lərin kodunda yazıl­mış mətnlər tələb edir. Postmodernizm poeziya­da ədəbi-tarixi inkişafı irəli aparan növbəti yeni mərhələ, epoxa deyil, cərəyan, üslub da deyil, olsa-olsa, konsep­tual trafaretlərdən biridir ki, ondan yararlanıb şeir yaz­maq olar. Mədəniyyətdəki plüralizm, fərqli estetikalar arasındakı gərginlik çağdaş bolqar şairlərinə imkan ve­rir ki, bütün estetik qəliblərə müraciət etsinlər: simvolizm, ekspressionizm, modernizm, neoavanqard...

Hərçənd bolqar poeziya­sında 80-ci illərin sonların­dan başlayan sərbəstliyin li­rik magiyası yenə də ənənəvi şeirə tərəf çəkir. Hətta Şərq mediativliyini, daxili sakitliyi bu poeziyaya xas olan ümu­mi cəhət kimi göstərənlər də var.

Məsələn, Mirela İvanovadan oxuyuruq:

Bir-birinin dalınca onlarca yanğın söndürürsən kül üzərində şeir, ya da bir ad yazmaqçün.

Eyni “ovqat” Lüdmila Balabanovanın şeirlərində də görünür:

Üzümdə sənin barəndə düşüncələr öpüşür...

Və ya:

Gözlərimlə Göy arasında Göz yaşlarının dumanı.

Adətən, ədəbi ənənələr zamanın tələbləri, dövrün sosial-psixoloji özəllikləriylə uzlaşanda poetik uğur­lar daha ciddi olur. Çağdaş bolqar şairləri dərhal müasir ifadə modellərindən (reklam mətnləri, rok mətnlər...) ya­pışmayıblar. Əvvəlcə ənə­nələrin axınına qoşulublar, sonradan tədricən dövrün tələbləri səviyyəsinə qalxıb­lar. Həmin prosesdən keçən­lərdən biri də Kristin Dmitrovadır:

Gün həmişəki kimi başladı: meteoroloqlar günəşli hava vəd elədilər, jurnalistlər hakimiyyət böhranı, teoloqlar apokalipsis. Gün başa çatdı:

Nə günəşli hava oldu,

nə də apokalipsis,

qalan şeylərsə keçirildi başqa vaxta –

məsələn, çərşənbəyə.

Bunlar öz yerində, an­caq xanım şairlərin yara­dıcılığında əsas mövzu feminizmdir. Onlar qadının məişətdəki rolunu radikal surətdə dəyişir, sanki dünyanın bolqar qadınları tərəfindən fəth olunacağına inanırlar. Amma bu azmış kimi, onlar ənənəvi sevgi süjetlərindən də imtina edirlər. Folklordan gəlmə obrazlar şeirdən sıxışdırılıb çıxarılır, həmin obrazların yerinə Avropa mədəni irsinin mifoloji fi­qurları qoyulur. Çağdaş bolqar poeziyasının xanım şairlərinin mətnə gətirdik­ləri yeni lirik qəhrəmanların “biçimləri” oxucuya qəribə görünə bilər. Bolqar poezi­yasına bu qısa “ekskursiya­mızı” Yekaterina Yosifovanın şeiri ilə yekunlaşdıraq:

Qar şimaldan, külək cənubdan,

su dağdan, yuxu yorğunluqdan...

İşıq kresloda oturub gülümsəyən

qoca anamın otağından.

 

(Şeirlərin tərcüməsi məqalənin müəllifinə məxsusdur)

Salam SARVAN