Rəbiqə - Zümrüd quşuna

 

Zümrüd quşuna


Ətcə balalarını yerindən,
əjdahanı yemindən etmişdim, Zümrüd quşu.
Yuvanı tapmamışdım -
ovcumda saxlamışdım balalarını...

Körpə bədənlərindəki yüngül qızartı -
sığal yeri keçəcək,
Ana qucağında ağrıdan yox, sevgidən ağlayırlar,
səsləri kiriyəcək...

İstəsən, bir də dolaşmaram yaşıl ağacların altında,
əjdahanı görəndə yüz ağaclığından keçərəm,
köçərəm quşların olmadığı yerlərə -
yəni kor ola bilərəm göy üzünə.
İstəmə...

Sən yenə qanadın üstündə qaranlıqdan çıxdığımı xatırla,
işığa dönmüşdün tükdən asılı günlərimdə,
"qu" deyəndə "qurban olum",
"qa" deyəndə "qadan alım" söyləmişdim...

İndi alovlu ahlarını tökmə üstümə, Zümrüd quşu,
qəzəbli lələklərini lənət tək yağdırma başıma,
şimşək gözlərində sevməyə nəsə saxla...
Nə-sə.

 

Narahat şeir


Nə olsun ki, soyuğam, nə olsun ki, uzağam,
Nə bir məktub yazıram, nə də zəng eləyirəm.
Bilirəm, tələsirsən, məndən də qurtulmağa,
Mən də sənin başını belə dəng eləyirəm.

Bir yandan arvad-uşaq, ev-eşik qayğıları,
Bir yandan qohum-qardaş, qohumlar, bir də yadlar.
Bilirəm, həya bilmir canının ağrıları,
Qovursan da gəlirlər, öpürlər, oxşayırlar.

Qorxma, bircə sığallıq ömrü var sancıların,
Bir məlhəmlik vaxtım var, gətirib gedəcəyəm.
Gərəkdir ki, özümə bir xatirə saxlayam,
Sənin ağrılarını götürüb gedəcəyəm.

Könlümdən şeir-şeir süzüləcək bu sevgi,
Oxusan, dualarım səni hər an qoruyar.
Məndən narahat olma, canım bərkdi hələ ki,
Gözlərimdə su qalır, ağlayaram, quruyar.

Nə gəlirsə, əlimdən qapıb alır misralar,
Nə deyirəm qurtarmır, sözlərim yenə qalır.
Mənə qalır ağrını çəkib üstümə salmaq,
Məni qəmdən qurtarmaq yenə də sənə qalır.

 

Mənə bir şəkil göndər

Mənə bir şəkil göndər, köhnə illərdən gəlsin,
Canlansın yaddaşımda sarı işıqlı taksi,
Köhnə dayanacaqlar, doqquzmərtəbə evlər,
Xırda-xırda dükanlar, ya da kənd mənzərəsi.
Buludlarla köynəyin birləşsin bir vəzndə,
Mən də bir az hərlənim sənin gəzdiyin yerdə.
Mənə bir şəkil göndər ötən əsrin sonundan.
Doqquzunda, onunda, ya elə otuzunda
Qəfil çəkilmiş olsun. Bir az əzilmiş olsun,
Bir az cırılmış olsun, lap yanında dostların, 
Ya da tanımadığım bir canıyanmış olsun.
Mənə bir şəkil göndər, görüm daha əvvəllər
Görmədiyim halını, tanıyım əhvalını.
Mənə bir şəkil göndər, yanıb yaxılım baxıb,
O kiçik mənzərədə özümə bir yer tapıb
Sənə yaxın dayanım. 
Qoy yuxuma çəkilsin, səhərlər gec ayılım,
Axşamlar erkən yatım o şəklin hesabına.
Otağımda xəlvətcə ona bir yer ayırım,
Şəninə məclis qurum hər ayın axırında,
Hər maaşda göylərə bir az da ah köçürüm,
Mən tək qalan deyiləm, səni çağırmıram da,
Mənə bir şəkil göndər, onunla vaxt keçirim...


Svetayevanı xatırlayaraq...

Payızdı, düşmüşdüm öz budağımdan,
Qaçmışdım üstümə gələn yel ilə.
Bir az da canımı soyuq almışdı,
Ağlım oynamışdı bir az yerindən.


Titrəyən köksümü bağrıma basıb,
Demişdim nə varsa, qızdırmadandı.
Könlümdən nə keçsə, ona yozmuşdum
Nə yaxşı, o gecə qızdırmam vardı.


Nə yaxşı, qapını tanımamışdım,
Gəlib döyməmişdim, açılmamışdı.
Nə yaxşı, sevməyi yadırğamışdın,
Bir də öyrənməyə vaxt olmamışdı.


Nə yaxşı, ciblərim vardı, əllərim
Səndən gizlənməyə yer eləmişdı.
Nə yaxşı, üstümdə söz vardı mənim,
Deməyib, yığmışdım, şeirləmişdim.


Nə yaxşı, uzaqsan məndən, nə yaxşı,
Nə yaxşı, nömrəni əzbər bilmirəm,
Nə yaxşı, səhərlər zəng eləmirsən,
Sən zəng eləmirsən, mən deyinmirəm.


Axşamlar yazmırsan, gecələr yoxsan,
Məna axtarmıram hər sözün altda.
Sən məni sevmirsən, arzulamırsan,
Bilmirsən, bilmirsən necə rahatam.


Mən ki xoşbəxtlikdən ölə bilərdim,
Sağ ol ki, ölmədim, hələ də sağam.