Məşhur yazarlar xanımları haqqında

Bölmə: Art 09.03.2019

 

Söz adamlarının hə­yatında ailə­lərinin, xüsusən də xanım­larının müstəsna yeri var. Həmin qadınlardan bəziləri həyat yoldaşlarının şəxsi mühasibi, köməkçisi, stenoqrafçısı, katibəsi, hətta redaktoru kimi onların ədəbi yaradıcılığında da mühüm rol oynayıblar...

 

Anna Qriqoryevna Dostoyevskaya

 

Fyodor Dostoyevski həyat yoldaşına məktubunda belə yazırdı:

“Əziz mələyim Anna! Qarşında diz çökür, sənə sitayiş edir və ayaqlarını öpürəm. Əziz dostum, on il səni sevdim, bəzən mübahisələr etsək də, sözümüz çəp gəlsə də, yenə səni ölənə qədər sev­dim”.

Onların tale yolları birləşəndə Annanın 20, Fyodor Dostoyevski­nin 40 yaşı vardı. Bu sevgi işgüzar münasibətlər zəminində yaranmışdı. İlk əvvəl Anna dahi yazıçının stenoqrafçısı kimi çalışırdı. Sonralar birgə yaşadıqları dövrdə Anna evi idarə edir, ailə büd­cəsini müəyyənləşdirir, bununla bərabər, yazıçıya yaradıcılıq iş­lərində də kömək etməkdən yo­rulmurdu. Belə ki, Anna korrektədən sonra yazıları bir də oxuyur, stenoqrafçılıq işinə davam edir, həmçinin ərinin ki­tablarının nəşri və satışı ilə məşğul olurdu. Yeri gəlmişkən, Dosto­yevskinin qumarı tərgitməsində də Annanın təsiri az olmayıb.

 

Sofiya Andreyevna Tolstaya

 

Onların evliliyi təxminən yarım əsr davam edib. Bütün bu müddət ərzində Sofiya Andreyevna həmişə ərinin – Lev Tolstoyun yanında olaraq Yasnaya Polyanadan kənara çıxmayıb. Sofiya öm­rü boyu ərinin qeydinə qalıb, ona yaradıcılıq işlərində kömək edib, çoxuşaqlı ailəsinin qayğılarına qatlaşıb. Onların 13 övladı olub.

Sofiya Andreyevna xatirələ­rində yazırdı: “Mən bütün günü uşaqla­rın dərsi, sağlamlığı, ərimin əhvalı, borclar, Samara malikanəsinin satılması və başqa şeylər haqqında düşünürdüm “Kreyser sonatası”nın yeni nəşri, 13-cü cildin korrektəsi, Mişanın gecə köynəkləri, yataq ağları, Andryuşanın çəkmələri, sığor­ta və sair və ilaxır... Bütün bunlar mənim üzərimə düşən işlər idi”.

Lev Tolstoy onun nəzərində ən ideal qadın olan xanımından 16 yaş böyük idi.

 

 

Yelena Sergeyevna Bulqakova

 

Bu izdivac həm Mixail Bulqakov, həm də Yelenanın həyatında üçüncü nikah idi. Bulqakov xanımını çox sevirdi: “Mən yalnız bir qadını – Yelena Nürenberqi sevmişəm”, – deyirdi.

Yelena Mixail Bulqakovun həyat yoldaşı olmaqla yanaşı, həm də ilham pərisi idi. Yazıçının ölümündən sonra məhz həyat yoldaşının səyi nəticə­sində Bulqakovun arxi­vi qorunub-saxlanıldı və sonralar bütün dünyaya tanıdıldı. “Master və Marqarita”nın nəşri də məhz Yelenanın fədakarlığı nəticəsində ərsəyə gələrək işıq üzü gördü. Yeri gəlmişkən, be­lə bir fikir var ki, Marqarita obrazı məhz Yelenanın prototipidir.

 

Vera Yevseyevna Nabokova

 

Vera Vladimir Nabokovun həm katibəsi, həm redaktoru, həm tər­cüməçisi, həm də məsləhətçisi olub. Məlum olduğu kimi, “Lolita”nın əlyazmasını da məhz Vera xilas edib. Vera həmişə ərinin yanın­da idi – hətta yazıçı universitetdə müha­zirə oxuyanda və imtahan götürən­də də həyat yoldaşı onunla birlikdə olurdu. Onlar haqqında çoxlu söz-söhbət gəzirdi. Hətta deyirdilər ki, Nabokovun roman­larını özü yox, arvadı yazır.

Evliliklərinin ilk günlərində ya­zıçı yarızarafat-yarıciddi, bacarmadığı və heç vaxt öyrənə bilməyəcəyi işlərin siyahısını tərtib et­mişdi. Bu siyahıya maşın sürmək, makinada yazmaq, oxucularla ünsiyyət qurmaq kimi işlər daxil idi. Ancaq hər zarafatda bir həqiqət payı var. Sonralar məlum oldu ki, yazıçının siyahıda qeyd etdiyi həmin işlərin hamısının öhdəsindən Vera gəlirmiş.

Nabokov deyirdi ki, Vera ol­masaydı, o, bir roman da yaza bilməzdi. Məktublarının birində yazıçı xanımı haqqında belə deyirdi: “Səni sonsuz dərə­cədə sevirəm! Sənin xəttin yerişinə, səsin sübh şəfəqinə bənzəyir…”

 

Nadejda Yakovlevna Mandelştam

 

Xanımı şairi bir də­qiqə də tək qoymurdu. Osip Mandelştamın ölümündən sonra Nadejda Mandelştam uzun illər hər gün həbs olunmaq qorxusu ilə yaşadı. O, ərinin arxi­vini qoruyub-saxlamağa çalışırdı, ancaq o vaxt bu, təhlükəli olduğundan Nadejda bu yazıları həm də əzbərləyirdi.

Nadejda Yakovlevna ədəbiyyat tarixi­nə yalnız O.Mandelştamın həyat yoldaşı kimi deyil, həm də istedadlı memuar yazarı kimi daxil olub.

 

Vera Muromtseva – Bunina

 

Vera yarım əsr İvan Buninlə birlikdə olub. Vera yazıçının sadiq, təm­kinli həyat yoldaşı idi. O, illərlə ərinin eşq romanlarına, əyləncələrinə dözməli olmuşdu. Bəli, Buninin həyatında çox qadın var idi. Bununla belə, Vera heç vaxt əri ilə münasibətlərə son qoymayıb. Yazıçı Yanovski onun haqqında belə deyirdi:

“Vera ərinin Sibirdə, mədənlərdə, yaxud Monte-Karloda, Stokholmda yaşamasının fərqinə varmadan, özünü təmənnasız qurban verən müqəddəs rus qadını idi”.

Vera tərcüməçi və memuar müəllifi idi. Yazıçının ölümündən sonra o, “Buninin həyatı” və “Yaddaşla söhbət” adlı xatirə kitabları yazıb.

 

Zinaida Nikolayevna Gippius

 

Dmitri Merejkovski və Zinaida Gippius: XIX əsrin sonlarından XX əsrin əvvəllərinədək olan rus ədəbiyyatını bu parlaq cütlüksüz təsəvvür etmək mümkün deyil. Əksər yazıçı xanımlarından fərqli olaraq Gippius həyat yoldaşı qədər məşhur şəxsiyyət olub. Oxşar peşələrə və ortaq maraqlara malik cütlüklərdən biri (əsasən də qadın) özünü və istedadını çox vaxt həyat, tale yolundakı tərəf-müqabilinə və onun uğurlarına qurban versə də, bu ailə öz xüsusi qanunları və həyata baxışları ilə seçilib.