ƏZİZ ƏD-DİN İBN MƏHƏMMƏD NƏSƏFİ

 

İLAHİ HİKMƏT XƏZİNƏSİ

İnsanın kamillik yolu qədim sufilər tərəfindən İlahiyə – Uca Yaradana canatma, Ona qovuşma yolu kimi baxılır. Onlara görə özündə üç başlıca cəhəti cəmləyən bu sonsuz səyahətin ən ali zirvəsinə çatan yeganə kəs Məhəmməd peyğəmbərdir. “Qanun – mənim dediklərim, Yol – əməllərim, gerçəklik – halımdır”(Məhəmməd peyğəmbər). 
Qədim sufilər Məhəmməd peyğəmbəri kamilliyin ən ali zirvəsinə – Peyğəmbər Möhürü dərəcəsinə ucalan yeganə insan hesab etsələr də, ondan sonra digər qanuni peyğəmbərlərin aşkar olunmadığını təsdiq etsələr də, Uca Yaradana aparan Yolun davam etdiriləcəyinə ümid yerinin qaldığını da bildirirlər.
Böyük sufi Əziz əd-din ibn Məhəmməd Nəsəfiyə görə də bu Yolun nə əvvəli, nə sonu vardır:
“Əgər insan bu dünyada min il də yaşasa və bütün o min ili ömrünü özünüdərkə, zahidliyə, zikrə həsr etsə, o yenə öz biliyi və dərəcəsi müqabilində hər gün, hər dəqiqə nə isə dərk etməyə, anlamağa davam edəcək. O səbəbdən ki, Allahın Biliyinin sonu, sərhəddi yoxdur. Odur ki, kamilliyin də son həddinə yetmək – başa gələn iş deyil və kamillik əldə etdiyini düşünən kəs bunun nisbi olduğunu dərk etməlidir. 
Müqəddəs Qanuna görə isə tam kamillik mövcuddur”. 

Afaq Məsud

YAZININ ƏVVƏLİ BURADA:

http://aydinyol.az/newsview/1332/EZIZ-ED-DIN-IBN-MEHEMMED-NESEFI  

http://aydinyol.az/newsview/1332/EZIZ-ED-DIN-IBN-MEHEMMED-NESEFI

https://www.aydinyol.az/newsview/1403/EZIZ-ED-DIN-IBN-MEHEMMED-NESEFI

https://www.aydinyol.az/newsview/1435/EZIZ-ED-DIN-IBN-MEHEMMED-NESEFI

https://www.aydinyol.az/newsview/1461/EZIZ-ED-DIN-IBN-MEHEMMED-NESEFI

https://www.aydinyol.az/newsview/1483/EZIZ-ED-DIN-IBN-MEHEMMED-NESEFI

https://www.aydinyol.az/newsview/1506/-EZIZ-ED-DIN-IBN-MEHEMMED-NESEFI

https://www.aydinyol.az/newsview/1523/EZIZ-ED-DIN-IBN-MEHEMMED-NESEFI

 

 

 

 ƏZİZ ƏD-DİN İBN MƏHƏMMƏD NƏSƏFİ

 ZÜBDƏT- İL HƏQAİQ
 
 (HƏQİQƏTLƏR QAYMAĞI)

Dərviş! Sən özün barədə, dərəcələrin barədə bildin, on iki qəliz sualının cavabı sənə açıqlandı və izah olundu.

Əvvəla sən bildin ki, ilk əvvəl dörd ünsür olub, göylər və ulduzlar sonradan yaranıb;

ikincisi, bildin ki, əvvəl mahiyyət olub, ruhlar və şüurlar sonradan yaranıb;

üçüncü – bildin ki, göylər də, ulduzlar da, şüurlar və ruhlar da həmin o mahiyyətin və ünsürlərin törəməsi və qaymağıdı;

dördüncü – bildin ki, dərəcə nə qədər yüngül olarsa, bir o qədər yüksələr və “dünyanın mərkəzi”  deyilən yerdən bir o qədər uzaqda qalar;

 beşinci – bildin ki, yüngül olan da, ağır olan da, öz təbiəti (bi-t-tab) etibarı ilə daim dünyanın mərkəzinə can atar. Belə ki, ağır olanı aşağı çökər və dünyanın mərkəzinə yaxın ərazidə yerləşər, yüngül olanı isə dünyanın mərkəzindən uzaqda yerləşər;

altıncı – bildin ki, dünyanın dayaqlandığı nə isə yoxdur ( la məxal)[1], amma ayrı-ayrı hissəciklər öz təbiəti etibarı ilə onun mərkəzinə can atar və bu səbəbdən dünyanın mərkəzi onların məkanına çevrilər;

yeddinci – bildin ki, bədənlər dünyası olan mülk dünyası və ruhlar dünyası olan mələküt dünyası südlə yağ kimi, bir yerdədir. Qalib və təslim dərəcələri üzrə mələküt – qalib, mülk – təslimdir;

səkkizinci – bildin ki, mülk birdir, lakin onun dərəcələri var və bu dərəcələrin hər birinin öz adı var və eynilə beləcə mələküt də birdir, onun da öz dərəcələri və dərəcələrinin adları var;

doqquzuncu – bildin ki, mülk və ona aid olanlar hiss və duyğularla duyulanlardır və duyğunun, orada olan hər bir şeyi mənimsəmək qabiliyyəti var və məhz bu səbəbdən yolçular (zahidlər) deyəndə ki, “təkliyə çəkiləndə biz işıq (hilvat) gördük”, o işıq, əslində, onların xəyalıdı. Bu xəyalı onlar işıq kimi qəbul edərlər. O kəs ki nəyisə uzun müddət gözləyər, hər bir şeydə həmin o arzuladığını görər, onu eşidər, yaxud onu (arzuladığını) yuxusunda görər və elə bilər ki, gördükləri yuxu deyil. Bu mənada, zahidlərin yuxusu yüngül, havalı olar. Bildin ki, zəvvarların ziyarət vaxtı müqəddəs yerlərin üzərində gördüyü işıq da xəyaldı, yaxud onların saxta uydurmasıdı, şüurun, ağlın gözü ilə baxılıb dərk edilən – işıq, alov, yaxud ulduz işığı ola bilər;

onuncu – bildin ki, mülk də, mələküt də, hər ikisi bir özüldəndi, bundan savayı, ayrı özül yoxdu, bu özül, mahiyyəti etibarı ilə alidi və ondan alisi, yüksəyi yoxdu, ümumiyyətlə, ondan yüksək həddə olan nə isə yoxdu, mövcud olan ayrı mahiyyətlər – xırdalıqlardı, bunlar alçaq mahiyyətlərdi və onlardan aşağıda olanı da yoxdu, mülkdə və mələkütdə mövcud olan hər bir şey, yəni orada mövcud olanların və mövcud olacaqların hamısı, həmin bu özüldə olub, sadəcə, özünü büruzə verməyib;

on birinci – bildin ki, insan həyatının ilkin mərhələsində bilik, iradə, eşitmə, görmə və nitq qabiliyyətləri gerçəklikdə mövcud olmur, bilik və iradə, eşitmə, görmə və nitq qabiliyyətini o, ruh dərəcələri üzrə doğulduqca əldə edir. Deməli, kamillik, səbəb (vəch) olan yerdə yaranır. Şübhə yoxdu ki, bar – ağacdan və ağac dərəcələrindən nəcib və incədir. Mövcudluğun barı – insandır. Ali Məlhəm, Misilsiz İksir, Dünyanı Göstərən Cam, Kainatı Tanıdan Güzgü isə – Kamil İnsandır. Dünyanın canı olan İşıq da, Odur.

 Dünya bu işıqla doludur. Bu işıq, ilkin mərhələdə gerçək biliyə, iradəyə, gücə malik olmur, o, həyatı da, biliyi və iradəni də tədricən – dərəcələr üzrə doğulduqca əldə edir. Bu işıq öz zahiri təzahüründən ayrı deyil, öz zahiri ilə, südlə yağ bir-birinə qarışantək qarışıqdı. Dərəcə etibarı ilə bu, sadə təzahürdü, o işığın özü də sadədi, amma elə ki, hər ikisi dərəcələr üzrə doğular, hər ikisinin canında gizli qalan keyfiyyətlər üzə çıxar və görklər (nukuş) yaranar.

 Burdan anla ki, o kəslər ki deyirlər: “Biz o işığa çatdıq, o işığı gördük, bu, sərhədi, sahili olmayan parlaq bir dənizdi”, yalan deyirlər. O səbəbdən ki, o işığı gözlə görmək mümkün deyil. Bu işığa yalnız daxili işıqla çatmaq mümkündü. Hiss və duyğuların o işığa aparan yolu yoxdu, bu işıqdan şüur da çaşqınlığa düşər. Sən bir özün fikirləş, badamın tumuna baxıb, onun yağını görmək mümkündümü? Yaxud südün canında olan yağı görməkmi olar? Bunu bilmək, anlamaq olar, lakin gözlə görmək mümkün olmaz. Hətta duyğularla müəyyən edilən bu yağı, mülk dünyasından olsa da belə, gözlə görmək mümkün olmaz. İşığa gəldikdə, bu, duyulanlardan deyil, üstəlik, o (işıq), mələküt dünyasındandı. Belə olan halda, onu necə görə bilərsən?

 On ikinci – sən bildin ki, insan əvvəl-axır mənbəyə qayıdır, mənbənin zərrəsi, yəni insan onun (mənbənin) möhtəşəm tamlığının köməyi ilə, öz kamilliyinə çatana qədər doğulmalardan keçir, öz dərəcəsi üzrə kamilliyə yetişincə, bütöv olana – mənbəyə qovuşur.

 “Ondan baş alıb, ona da qayıdar”  ifadəsinin mənası budu. “Hər bir şeyin baş alıb gəldiyi mənbəyə qayıdar”  ifadəsinin izahı budu.

 Dərviş! Kim ki bu kitabın köməyi ilə özünü dərk etmədi, o kəs heç bir kitabın köməyi ilə özünü dərk etməz. Bu kitabın hər üç hissəsi eyni nöqtəyə vurur, biri o birini təkrar edir. O kəs ki bu kitabdan sonra özünü dərk etmədi, demək, o heç nəyi dərk etməyə qadir deyil.

 Dərviş, bu əsildə hər şey deyilib və heç nə nəzərdən qaçmayıb. Əgər istəsən belə ki, burada deyilənlərdən çox, ya əlavə nə isə deyilə, mümkün deyil. O səbəbdən ki, bu əsildə bir şey, olduğu kimi, o biri üstüörtülü (eyhamla) deyilib ki, anlana bilsin və əlavə izaha ehtiyac yoxdu.

 O kəs ki öz əvvəlini və axırını dərk edib, beləcə o birilərin də əvvəlini və axırını dərk edib, özünün və o birilərin pillələrindən və dayanacaqlarından, ölümündən sonrakı halından və o birilərin, ölümlərindən sonrakı halından agah olub, onun üçün gizli olan qalmayıb.

 

 

 İKİNCİ FƏSİL

 KİÇİK İNSANIN, BÖYÜK İNSANIN SİYAHISI VƏ İŞARƏSİ OLDUĞU, BÖYÜK İNSANDA OLAN NƏ VARSA KİÇİK İNSANDA, KİÇİK İNSANDA OLAN NƏ VARSA, BÖYÜK İNSANDA OLDUĞU BARƏDƏ FƏSİL

 

Dərviş, bu ikinci fəsil və ondan sonrakı üçüncü fəsil təsəvvüf ardıcıllarının dediklərinin məğzidir. Təsəvvüf ardıcıllarının qənaəti isə mahiyyət etibarı ilə, qalan o biri qənaətlərin cəmidir. Bunun bir hissəsi Şəriət yolu ardıcıllarının, digər hissəsi Müdriklik yolu ardıcıllarının, o biri hissəsi Birlik yolu ardıcıllarının qənaətindən götürülüb. Nələrsə, nələrləsə əvəz edilib, bəzi mətləblər yenidən araşdırılıb.

 Bil ki, Uca Tanrı mövcud olan hər bir şeyi yaradandan sonra, həmin bu yaratdığına “dünya” (aləm) adı verdi. O səbəbdən ki, dünya – Onun mövcudluğunun işarəsidi (əlamət).

 Uca Tanrı bu dünyada mövcudluğunu öz Biliyi, Hökmü, İradəsi və Yazısıyla (namə) bildirər. Məhz bu səbəbdən, dünya “işarə”, “yazı”, “kitab”  adlandırılıb.

 

 Uca Yaradan “Məni, bu kitabı (burada “kitab”  dünya mənasını daşıyır) oxuya bilən kəs dərk edər, Biliyimdən, Hökmümdən, İradəmdən o agah olar”  – deyə buyrub.

 Amma belə alındı ki, dərviş, bizlər həddən ziyadə kiçik olduq. Kitab isə həddən ziyadə böyük oldu və bizim təsəvvür imkanımızın, həmin o kitabın sərhədlərini, səhifələrini anlayıb dərk etməyə gücü çatmadı.

 Onda Uca Müəllim (Yaradan) bizim bu zəifliyimizi görüb, dünyanın siyahısını tutdu və bu Kitabı, bizlər üçün qısaldılmış hala saldı.

 İlkin yaratdığına O, “böyük dünya”, sonradan yaratdığına “kiçik dünya”  adı verdi. Birinci kitabı “böyük kitab”, ikinci kitabı “kiçik kitab”  adlandırdı. Böyük kitabda nə var idisə, O, kiçik kitaba da, əlavəsiz, ixtisarsız Köçürdü ki, kiçik kitabı oxuyan kəs, böyük kitabı oxumuş kimi olsun.

 Bundan sonra O, kiçik dünyaya Öz Xəlifəsini – Yer üzündə Nümayəndəsini, Canişinini göndərdi. Allahın Xəlifəsi – İlkin şüur, Onun əlamətlərinin zahiri təcəssümüdür (məzhar).

 Uca Yaradan bu şüuru öz əlamətləri və əxlaqı (əxlaq) ilə bəzədi və kiçik dünyaya göndərdi. Bu səbəbdən deyirlər ki, Uca Tanrı insanı öz surətində yaratdı.

 Böyük dünyada Allahın Xəlifəsi – İlkin Şüurdu. Bizim şüur isə Allahın kiçik dünyada olan xəlifəliyidir.

                                              

                           

ÜÇÜNCÜ FƏSİL  

ALLAHIN VƏ ONUN XƏLİFƏSİNİN İŞLƏRİ BARƏDƏ

 

 Bil ki, Uca və Müqəddəs Yaradan bu dünyada nə isə Yaratmaq İstəyəndə, ilk əvvəl, həmin o Yaratmaq İstədiyinin görkünü yaradar və onu Öz Taxtına yerləşdirər. Sonra Taxtından Dərgahına, oradan göy cisimlərinin sabitliyini tənzimləyən lövhələrə, oradan göyün yeddi qatına ötürər. Daha sonra həmin o görkü ulduzların işığına uyğunlaşdırıb Yer dünyasına endirər.

 Yer dünyasının sultanı təbiət Uca Tanrının göndərdiyi gizli yolçunu (qayibi) qarşılayar, ona onun mahiyyəti müqabilində dörd ünsür daşıyıcısı olan gəmi (mərkab) bəxş edər ki, yolçu aşkar dünyadakı hərəkətini bu gəminin köməyi ilə həyata keçirə, Allahın Niyyətində Olanı əmələ çevirə bilsin. Buradan belə bir nəticə hasil olunur ki, şahidlik (şəhadət) dünyasında mövcud olanların ruhu Hökm dünyasından, bədəni Yaradılanlar dünyasındandı.

 Uca Yaradandan gələn – saf, bakirə ruhdu. O bu dünyaya gəlişinin niyyətini əmələ çevirəndən sonra yenidən geriyə – Öz Allahına dönər. “Ondan baş alıb, Ona da qayıdar”  ifadəsinin mənası budu. Uca Allahın gizli mahiyyətinin, hədd-hüdudunun, sonu, sərhədi olmayan işarə və əlamətlərinin açması da budu.

Dərviş, bil ki, dünya (afaq) barədə bu bildiklərin insana (ənfus) da şamil edilə bilər. Bil ki, kiçik dünyaya gələn Şüur – Allahın Yer üzünə göndərilən Xəlifəsidir. Onun ruhu – Xəlifənin taxtı, onda olan heyvani ruh – Xəlifənin dərgahıdı. İnsan bədənində olan yeddi daxili bədən üzvü öz mahiyyəti etibarı ilə yeddi zahiri üzvün əksi, yeddi göy, yeddi iqlimdi.

Bunu biləndən sonra onu da bil ki, Allahın Xəlifəsi bir işi həyata keçirmək niyyətində olarsa, o işin görkü, ilk əvvəl öz ruhunda yaradılar, oradan (ruhundan) heyvani ruhuna ötürülər, heyvani ruhundan bitki ruhuna, bitki ruhundan, mahiyyəti etibarı ilə yeddi göy olan daxili əzalarına ötürülər və zahiri əzalarla aşkara çıxar. Və bütün bunlar aşkar dünyada bərqərar olandan sonra onun (Allahın Xəlifəsinin) niyyəti, onun (Allahın Xəlifəsinin) yazısına çevrilər.

Dərviş, bil ki, Allahın Xəlifəsi nə yazarsa, nə edərsə, onu ortaqsız, alətsiz, özü edər. O, bütün elədiklərini öz aləti ilə edər, onun (elədiyinin) görkü sonradan ortağa və alətə çevrilər, üzə çıxar və aşkar dünyada bərqərar olar.

 Birinci görk, şüurda mövcud olandı. İkinci görk maddi dünyada mövcuddu. Birinci görkün mövcudluğu, əsaslı (əsl) mövcudluq, ikinci görkün mövcudluğu, zahiri (zahir) mövcudluqdu.

 Dərviş, bil ki, Allahın Xəlifəsinin işləri barədə bildiklərin, Allahın İşlərinə də şamil edilə bilər.

 Uca Yaradan həyata keçirmək istədiyi hər bir şeyi, ilk əvvəl, heç nəsiz – alətsiz və ortaqsız edər. Yaratdığının görkü sonradan ortaqlara ötürülər, yer dünyasına endirilər və aşkar dünyada bərqərar olar.

 Nə isə, söhbətimiz yenə uzandı və biz yenə məqsədimizdən yayındıq.

 Dərviş, bil ki, əgər bu görk qəlblə aşkarlanarsa, Allahın Xəlifəsi tərəfindən göndərilən gizli yolçunu dil (yazı nəzərdə tutulur – Tərtibçinin qeydi) qarşılayar və ona (yolçuya), onun özünə uyğun, on iki hərfdən, dörd söz və dörd ünsürdən ibarət at bağışlanar. Gizli yolçu həmin ata minib, aşkar dünyada bərqərar olar və o, aşkar dünyada bərqərar olandan sonra, Allahın Xəlifəsinin niyyətində olanlar onun (Allahın Xəlifəsinin) sözünə çevrilər. Yazılanlar yenidən səyahətə başlayar və Allahın Xəlifəsinə, onun öz görümü ilə çatdırılar. “Ondan baş alıb, ona da qayıdar”  ifadəsinin mənası da budur. Qalan hərflər və keyfiyyətlərlə də hər şey, eynilə belə baş verər.

Beləliklə, bil ki, iki cür söz yaradılıb: biri – deyilən, o biri – yazılandı. Və bil ki, Hökm dünyasından gələn gizli yolçuda sözün hər ikisi var. Yolçu, bu dünyada mövcudluğu etibarı ilə yaradılanlar dünyasındandı və yaradılmış hər iki sözün mənasını təşkil edər.

Nə isə… söhbətimiz yenə uzandı və biz məqsədimizdən yayındıq. Məqsədimiz isə bu idi: izah edək ki, böyük dünyada nə varsa, kiçik dünyada da var.

 

(ardı var)

 

 

 

[1]la məxa – dünyanın yerinin, onun nisbətində təyin oluna bilməməsi