“Nəsiminin Avropa və Şərq poeziyasına böyük təsiri olub”

“Aydinyol.az” saytının suallarını AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov cavablandırır...

 

– Paşa müəllim, Azərbaycan Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ölkədə Nəsimi ili elan edilib. İlk öncə sizə belə bir sualla müraciət etmək istərdik. Bir araşdırıcı kimi Azərbaycan ədəbiyyatında Nəsiminin yerini necə görürsünüz?

– Nəsiminin Azərbaycan, o cümlədən türkdilli xalqların ədəbiyyatındakı yeri onun divan poeziyasının formalaşmasında oynadığı rolla müəyyən olunur. Eyni zamanda onu fəlsəfi şeirimizin banisi də hesab etmək olar. Nəsimi, heç şübhəsiz, sözün həqiqi mənasında mütəfəkkir şairdir. Bütün bu xüsusiyyətlərinə görə o, XIV–XV əsrlər ədəbiyyat tariximizin ən böyük sütunlarındandır. İlk dəfə Yusif Vəzir Çəmənzəminli 1921-ci ildə yazdığı “Azərbaycan ədəbiyyatına bir nəzər” kitabında onun  yaşadığı dövrü və poeziyamızdakı yerini dəqiq göstərib, adını görkəmli ədəbiyyat nümayəndələrimizlə bir sırada çəkib. Bundan başqa, Salman Mümtaz məqalələrində Nəsiminin təkcə Azərbaycan deyil, bütün türkdilli xalqların ədəbiyyatında oynadığı roldan bəhs edib. Onu Əhməd Yəsəvi, Cəlaləddin Rumi, Məhəmməd Füzuli ilə bərabər, türk dünyasının dörd böyük sənətkarından biri kimi təqdim edib. 1926-cı ildə isə o, ilk dəfə Nəsiminin şeirlərini “Kommunist” nəşriyyatında toplu halında nəşr etdirib. Amma həmin vaxtacan Türkiyədə, 1844-cü ildən 1880-ci ilə qədər Nəsiminin əsərləri üç dəfə nəşr olunmuşdu.

– Yəni düşünürsünüz ki, Nəsiminin Azərbaycan ədəbiyyatında öz layiqli yerini daha gec tutmasının məsuliyyəi bizim ədəbiyyatşünasların üzərinə düşür?

– Amma, hər halda, XX əsrdə Nəsiminin yaradıcılığını ciddi araşdıran tədqiqatçılarımız olub. Onlardan Mirzağa Quluzadənin “Böyük ideallar şairi” monoqrafiyası, Cahangir Qəhrəmanovun “Nəsimi divanının leksikası” kitablarının adlarını çəkmək olar. Bundan başqa, Zümrüd Quluzadə Nəsiminin elmi-fəlsəfi fikirlərini tədqiq edib, son dövrlərdə isə Səadət Şıxıyeva davamlı olaraq bu işlə məşğuldur. Yəni ümumilikdə Nəsimi yaradıcılığı ilə bağlı ciddi işlər görülüb, Nəsiminin əsərləri dəfələrlə nəşr edilib, xalqa çatdırılıb. Bu işdə Həmid Araslının böyük xidmətləri olub.

– Nəsimi yaradıcılığında mübahisəli məqamlar da az deyil...

– Elədir. Əvvəlcə gəlin “iki cahan” məsələsinə aydınlıq gətirək. “Məndə sığar ikən cahan” ifadəsini işlətməklə adını çəkmək istəmədiyim mərhum akademikimiz böyük yanlışlığa yol vermişdi. Əslində, bunu ayırd etmək elə də çətin deyil. “İki cahan” anlayışı Nizamidə və ümumilikdə poeziyamızda həmişə olub. “İki cahan” nə deməkdir? Fiziki və mənəvi dünya, mikromühit və makromühit, bu dünya və o dünya. Bu, Şərqdə geniş yayılmış anlayışdır. Ərəb və fars ədəbiyyatında da bu mövzu çox işlənib. Bunu dəqiqləşdirməyin bir yolu da var. Yəni Nəsiminin əlyazmalarını oxuyanda görürük ki, hamısında “ikən” yox, “iki cahan”dır. Alim gərək mənbəyə əsaslansın.

Sizə deyim ki, Nəsimi mətnlərinin bir çox məqamlarını hətta tədqiqatçılar da anlamır. Bunun da səbəbi var. Bizim klassik poeziyamız tərcümədə uduzur. Çünki klassik poeziyamız çoxqatlı, çoxşaxəlidir. Hər misranın bir neçə gizli mənası olur. Nəsimi də, bildiyiniz kimi, hürufi olsa da, şeirləri yalnız hürufi məzmunlu deyil. Şərqin bütün poetik dünyasını özündə əks etdirən irfan şeiri onda çox güclüdür; məsələn, “ənəlhəqq” ifadəsi Mənsur Həllaca məxsus olsa da, o, hürufi deyildi. “Ənəlhəqq” in ideyası ondan ibarətdir ki, əgər insan Günəş zərrələri kimi Tanrıdan qopubsa, demək, onda da Tanrıdan bir əlamət var. İnsanda Tanrının əlaməti olduğu Quranda da deyilir. Bu mənada Nəsimi də Mənsur Həllac kimi özünü ideya uğrunda fəda edən şəxsiyyət olub.

– Paşa müəllim, ədəbiyyata bugünkü oxucu yanaşması sizi qane edirmi? Sizcə, Nəsimi ilində onun yaradıcılığı, irsi ilə bağlı tədqiqatları hansı yöndə aparmaq, onu oxucu, tamaşaçı kütləsi üçün necə cazibədar etmək olar?

– Maraq varsa, hər şeyi həll etmək mümkündür. Nəsiminin bir sıra şeirlərində olan irfanilik, hürufilik sovet dövründə – 70-ci illərdə dərc edilmiş divanların son hissələrində şərh olunurdu. Ancaq bu, yetərli deyil. Mən bu fikirdəyəm ki, Nəsiminin divanlarını, şeirlərini şərhləri ilə birlikdə yenidən küll halında nəşr etmək lazımdır.

Bütün hallarda klassik ədəbiyyata gedən yol tədqiqatdan keçir, onu birbaşa oxuyub başa düşmək çətindir. Hətta tədqiqatçı özü də bir misranın, bir şeirin mənasını bir neçə mənbə əsasında anlaya bilir. Dərsliklərdə də klassik ədəbiyyat şərhlə verilməlidir, əks halda məktəbli onu anlamayacaq.

– Paşa müəllim, müsahibənin əvvəlində Nəsimini fəlsəfi şeirimizin banisi kimi təqdim etdiniz...

– Bəli, Nəsiminin dünyagörüşündəki, şeirlərindəki həyata münasibətə əsaslanaraq onu filosof-şair adlandırırıq. Şairin bütün yaradıcılığında dünyanın yaranışı, insan-Tanrı münasibətləri, insanın Tanrının bir zərrəsi, təcəllası olması, onun həyatdakı, cəmiyyətdəki mövqeyi, bu dünyaya təsadüfi deyil, xüsusi missiya ilə gəlməsi vurğulanır. Həmçinin o, dini anlayışları da öz təfəkkürü və yanaşması ilə fərqli şəkildə şərh edir.

– Hürufiliyin fəlsəfə elminin inkişafına təsirindən danışmaq olarmı?

– Hürufilikdən o dövrün fəlsəfi cərəyanlarından biri kimi danışmaq olar. Burada hərf və rəqəmlərin müqəddəsliyindən söhbət gedir. Hürufilər həyatı, kainatı özünəməxsus şəkildə şərh edirdilər. Müasir fəlsəfə elmi də bunu nəzərə alır, hürufiliyi ayrıca cərəyan kimi öyrənir.

– Nəsiminin Azərbaycan ədəbiyyatına, ümumilikdə Şərq poeziyasına hansı təsiri olub? Hansı şairləri onun davamçıları hesab etmək olar?

– Hürufiləri kafir hesab etdiklərindən adını çəkməsələr də, bir çox şairlərə Nəsiminin güclü təsiri olub. Hələ çox çalışmalı, şairin bizlərə miras qoyduğu irsi dərindən araşdırmalıyıq. Orta əsrlərin böyük türk şairi Əlişir Nəvainin təzkirələrində Nəsiminin adı böyük hörmətlə, ustad kimi yad edilir. Nəvai onun şeirlərinə nəzirə yazıb. Məhəmməd Füzuliyə də Nəsiminin böyük təsiri hiss olunur. Onun da bir neçə şeiri Nəsimiyə nəzirədir. Şairlərdən Rəfiinin adını çəkə bilərik. Rəfii onunla Şirvandan Anadoluya səfər etmişdi. Rəfii ana dilində yazdığı iki məşhur əsəri – “Bəşarətnamə” və “Gəncnamə”də Nəsimiylə şəxsi tanışlığından söz açır və onun ideyalarını təbliğ edir. Nəsiminin təsiriylə yazanlardan biri də Süruridir. Onun indiyə qədər bir neçə şeiri məlum idi. O, bir müddət Şah İsmayıl Xətainin sarayında yaşayıb. Sonralar onun şeirlərini Vatikanın “Apostol”, Türkiyənin “Manisa” və “Süleymaniyyə” kitabxanalarından əldə etdik və bu əsərlərin müqayisəli mətnini hazırladıq. Süruri XV–XVI əsrlərdə yaşayıb. Həmçinin həmin dövrdə yaşamış Kişvərinin də yaradıcılığında Nəsiminin təsiri hiss olunur. Son illər bir çox şairlərin əsərlərinin surətlərini ölkəmizə gətirə bilmişik. Onların arasında Heyrəti adlı bir böyük Osmanlı şairi var. O, ömrünün son illərində Makedoniyaya gedib, Üsküp şəhərində yaşayıb, Nəsiminin şeirləriylə səsləşən şeirlər yazıb. Onun divanını alıb oxudum, öz diliylə deyir ki, mən əslən Əcəm elindənəm, yəni azərbaycanlıyam. Nəsiminin təsiriylə şeirlər yazan Heydərinin adını çəkə bilərəm. O, sonradan Hindistana gedib, Moğol imperatoru Əkbər şaha şeirlər həsr edib. Onun fars dilində divanı var. Təsəvvür edin, Azərbaycan, Orta Asiya, İran da daxil olmaqla, Avropadan Hindistana qədər geniş bir coğrafiyanın poeziyasına Nəsimi yaradıcılığının böyük təsiri olub. Bunu mənbələr əsasında ortaya qoymaq bizim vəzifə borcumuzdur.

– Paşa müəllim, məlumdur ki, Qul Nəsimi imzalı bir şair də var. Hətta onun “Minnət eyləməm” şeirini hərdən Nəsiminin adına çıxırlar. Həmin şairi də Nəsiminin davamçısı saymaq olarmı?

– Qul Nəsimi XVII əsr şairidir. O bu təxəllüsü təsadüfən götürməyib. Bəli, Nəsiminin təsiriylə şeir yazan şairlərin sayı çoxdur. Hətta bəziləri şeirlərində öz təxəllüslərindən istifadə etməyiblər, hürufiliyi təbliğ etmək üçün Nəsimi adıyla yazıblar. Həm də bu, Nəsimiyə heyranlıqdan irəli gəlib.

– Bu şeirlərin, əslində, hansının Nəsimiyə aid olduğunu müəyyən etmək çətindirmi?

– Olduqca çətindir. Ümumiyyətlə, son vaxtlar müxtəlif ölkələrdən Nəsiminin altı divanının surətini gətirmişik. Buradakı şeirlərin bir hissəsi bizim nəşrlərdə yoxdur. Məlumdur ki, Nəsiminin divanlarında müxəmməs yoxdur. Mən əvvəlcə çox sevindim ki, bu son divanda  beş müxəmməsə rast gəlmişəm. Ancaq müasir əlifbaya çevirən kimi gördüm ki, Nəsimidəki bədii keyfiyyət bu şeirlərdə yoxdur. Diqqətlə oxuyub bildim ki, bu şeirlər ona məxsus deyil. Böyük şairimizin əsərlərini fərqləndirə bilmək üçün Nəsiminin yaradıcılığına, üslubuna yaxşı bələd olmaq lazımdır. Bu, çətin olduğundan xeyli vaxt alır və işlər uzanır.

– Paşa müəllim, Nəsimi ilində böyük şairimizin ədəbi irsiylə bağlı ortaya qoyacağınız hansı yeni işlər var?

– Bu il Nəsiminin davamçısı Sürurinin divanının geniş ön sözlə  nəşri gözlənilir, yeni araşdırmalarımızı da dərc edəcəyik. Digər institutlar da bu istiqamətdə işlər görür. Bizdə, həmçinin digər elm ocaqlarında Nəsimi yaradıcılığı ilə bağlı konfraslar keçiriləcək. Nəsimiylə bağlı bir çox qaranlıq məqamlar indi ortaya çıxır. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Nəsiminin 600 illik yubileyi YUNESKO-nun tədbirləri siyahısına daxil edilmiş və 1973-cü ildə beynəlxalq miqyasda qeyd olunmuşdu. Amma o vaxt dünya kitabxanalarına giriş çətin idi. Əslində, indi də asan deyil, amma, heç olmasa, icazəmiz var. Material bolluğunun öhdəsindən gəlmək də asan məsələ deyil. Tələsik nəsə eləmək olmaz, gərək xətaya yol verməyəsən.

– Nəsiminin əlyazmaları, əsasən, hansı ölkələrdədir və onları Azərbaycana gətirmək üçün hansı işlər görülür?

– Əlimizdən gələni edirik. Təkcə mən özüm son vaxtlar Türkiyə və İrandan şairin altı əlyazmasını gətirmişəm. Çox maraqlı məsələlər ortaya çıxıb. Belə ki, Nəsiminin əlyazmalarının böyük hissəsi Türkiyə kitabxanalarındadır. Onları bir-bir gəzib araşdırmaq da vaxt və maliyyə tələb edir. Nəsimi təkcə “Nəsimi” deyil, “Seyid”, “Hüseyni” və digər təxəllüslərlə də şeirlər yazıb. Onları da əldə etmişik və hazırda araşdırmaqla məşğuluq. Görək tədqiqatçıların dediyi kimi, doğrudanmı Nəsimi hürufiliyə qədər gənc yaşlarında yazdığı şeirlərdə yalnız “Hüseyni” təxəllüsündən istifadə edib, yoxsa paralel olaraq bir neçə təxəllüslə yazıb? Bu, Nəsiminin həyatının öyrənilməsi baxımından da ciddi əhəmiyyətə malikdir.

Türkiyənin Ankara Milli Kitabxanasından surətini əldə etdiyimiz İmadəddin Nəsiminin anadilli divanının yeni naməlum əlyazma nüsxəsi böyük maraq kəsb edir. Müxtəlif janrlarda yazılmış şeirlərdən ibarət 134 səhifəlik divanın əvvəlində kitabın Bəktaşi təriqətinə məxsus Mömin Dədə təkyəsinə vəqf edildiyi barədə qeyd var. Bu nüsxədəki qeyd göstərir ki, Nəsimi Bəktaşi təriqətinin nümayəndələri arasında hörmət sahibi olub, şeirləri bu mühitdə sevilərək oxunub. Əlyazma nüsxəsinin əvvəlində yazılmış “Kitabi-Seyyid Nəsimi əl-Hüseyni” sözləri şairin “Hüseyni” təxəllüsünün kifayət qədər geniş oxucu kütləsinə məlum olduğunu göstərir.

 

Sevinc Fədai