25 mart – Almas İldırımın doğum günüdür

Bu gün Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Almas İldırımın anadan olmasından (1907–1952) 112 il keçir. Bu münasibətlə Aydinyol.az tanınmış jurnalist Fərhad Sabiroğlunun yazısını oxuculara təqdim edir.

 

“Qürbətdə günəşi neylərəm...”

 

Bu təpəni də aşsaq, bəlkə, bir ləpir tapıb harasa yetişmək olar. Amma səhrada nə gecənin, nə də gündüzün hansısa bir fərqi var: üfüqdəki mənzərələr dəyişmir ki, dəyişmir. Eşidilən bircə dəvələrin hənirtisi, zınqırovların cingiltisidir ki, o da hərdən küləyin uğultusuna qarışıb yox olur.

Dünyanın bu qarışıq vaxtında səhrada bir ins-cins görməyə gümanmı var? Bu cəhənnəmin ortasında cığır nə gəzir? Hansı bədbəxt yaxşı həyatdan qaçıb ölüm girdabına bənzəyən susuz səhrada yolçu olar? Qumsallığın gündüzü dəhşətdir, gecəsi də ondan betər.

1933-cü ilin iyun ayıdır. Cəhənnəm və cənnət. Almas İldırım bunların fərqini bütün varlığı ilə duyur. Hamının cənnət saydığı Aşqabadda sürgünlük həyatı yaşamaq anbaan cəhənnəm əzabına çevrilmişdi, rahat nəfəs ala bilmirdi. Qoymurdular, bolşeviklər aman vermirdi.

Direktoru olduğu məktəbdə aramsız yoxlamalar, evdə, küçədə təqiblər. Azərbaycan SSR Baş Siyasi İdarəsi (QPU) şairin hər addımından xəbərdar idi. Hətta Aşqabada xüsusi casus da göndərmişdilər. Bu adam özünü şair Əkbər Ruhi kimi təqdim etmişdi. Amma Almas onunla söhbətin ilk dəqiqələrindən anlamışdı ki, bu şəxsin şeirlə, ədəbiyyatla heç bir əlaqəsi yoxdur: “şair” savadsızın və hiyləgərin biri idi. Tezliklə Əkbərin əsas missiyası da üzə çıxdı: Almasdan “donos” yazmaq, yerli mətbuatda məqalələr dərc etdirərək onu türkmənlərin və bu rеspublikadakı azərbaycanlıların gözündə ləkələmək.

Bir neçə gün öncə Əkbərlə aralarında ciddi mübahisə olmuşdu.

– Siz bizim ideologiyaya zidd gedirsiniz, gənclər arasında pantürkist ideyaları yayırsınız. Şeirlərinizdə hakimiyyətə meydan oxuyursunuz. Bolşeviklərə nifrətiniz aşkar duyulur. Sizin kimiləri...

– Mən azadlıq ideyalarının carçısıyam və son damla qanıma kimi məsləkimə sadiq qalacağam. Şeirlərim də varlığımı, ideyalarımı əks etdirir. Məmləkətimin azadlığı uğrunda mücadilədən əsla vaz keçmərəm. Nə sizə, nə də sizin yırtıcı bolşeviklərə qul olmayacağam.

– Bu sözlərə görə sizi dar ağacından asmaq da azdır!

Bu, Almas üçün ciddi siqnal idi. “Deməli, həbsimə tam hazırlıq gedir. Məni də, ailəmi də məhv eləmək istəyirlər”. Özünə görə qorxmurdu. Almas, ümumiyyətlə, qorxaq adam deyildi. Neçə il idi ki, sürgünlük həyatı yaşayırdı. Artıq belə hədələrə öyrəşmişdi. Bura gəlməzdən əvvəl də həyatı keşməkeşli keçmişdi; amansız təqiblərə məruz qalan şair Azərbaycan Prоlеtar Yazıçıları Cəmiyyətindən хaric оlunaraq əvvəlcə Dağıstana sürgünə göndərilmişdi.

Zirvəndə oynayan rüzgarlar acı,
İllərlə görünməz başının tacı,
Anlat ki, dərdinin nədir ilacı,
Nədir bu dumandan tüllər, a dağlar?

Onun Dağıstanda kеçən ikiillik sürgün həyatı burada ədəbi mühitin qaynar dövrünə təsadüf еtmişdi. Şair pеdaqоji fəaliyyətlə yanaşı, “Dağıstan füqərası” qəzеtində yеni şеirlərini dərc еtdirirdi. Bu şеirlər Dağıstanda yaşayan azərbaycanlılar, ləzgilər, çеçеnlər və başqa хalqların nümayəndələri tərəfindən sеvilə-sеvilə охunurdu. Sürgün illərində A.İldırımın Dağıstan Prоlеtar Yazıçıları Cəmiyyətinin təşkilatlanmasında, cəmiyyətin Dərbənd özəyinin yaradılmasında əvəzsiz rolu oldu.

Gənc şairin Dağıstandakı böyük nüfuzu bolşevikləri narahat еdirdi. Оnun 1930-cu ildə Bakıda “Azərnəşr” tərəfindən çap еdilmiş “Dağlar səslənirkən” kitabı sоsializm quruluşu, fəhlə-kəndli hökuməti əlеyhinə təbliğat məqsədi güdən ziyanlı ədəbiyyat kimi qısa bir zamanda mağazalardan, kitabхanalardan yığışdırıldı. Almas İldırım Yazıçılar Cəmiyyətindən qovuldu və Türkmənistana sürgün olundu.

Almas öz həyatına görə qorxmurdu: canından çox sevdiyi Zivəri, göz bəbəyi, üçaylıq Azəri də böyük təhlükə gözləyirdi. Zivər 1932-ci ilin əvvəllərində Şamaxıdan ailəsi ilə birlikdə Türkmənistana sürgün olunmuşdu. Təbriz əsilli olsalar da, Şirvan mahalına köçmüşdülər. Almas ilk baxışdan bu qıza vurulmuşdu.

Zivər də ona könül vermişdi. Sonra ilk körpələri Azər dünyaya gəldi...

O, sevimli Zivərinin, məsum Azərinin bolşeviklərin əlində cəza alətinə çevrilməsinə yol verə bilməzdi. Ona görə də gecə ikən, kimsədən xəbərsiz Aşqabaddan tacir karvanı ilə İrana qaçmağı, oradan da Türkiyəyə sığınmağı qərara aldı.

...Soyuq, intəhasız səhranın zülməti karvanı yolçuları ilə birgə əjdahatək udmağa hazırdır. Amma qəfildən günəşin ilk şəfəqlərinin işartısı görünür. Almasın gözləri yol çəkir. Bir dəfə uşaqlıqda Çənbərəkənddən baxanda da Xəzərin üstündə belə işartı görmüşdü. Hər gün ürəyini dağlayan misraları yadına düşdü:

Könlümə tək Kəbə yapdım səni mən,
Sənsiz neylim qürbət eldə günü mən?
Sənsiz neylim Allahı mən, dini mən!
Azərbaycan, mənim taxtım, tacım oy!
Oyanmazmı kor olası baxtım oy?!

 

Dəvə karvanı sanki buna bənd imiş kimi ayağa qalxır. Yolçular da, heyvanlar da yorulub əldən düşüb. Sarvan dəvələrdən enən yolçularla hal-əhval tutur. Sonra hamılıqla sübh namazı qılınır.

Almas həyat yoldaşı Zivərin, üçaylıq Azərin durumundan narahatdır.  Aşqabaddan çıxdıqları üç gündür. Amma Zivər bu müddət ərzində elə bil 30 il qocalıb. Bu qadın yorğunluğunu, iztirablarını gizlətməyi bacarır. Almas isə hey susur, öz daxili dünyası ilə mücadilə aparır: “Necə olacaq?” Əgər kimsə bu səhranın ortasında Almas İldırımın beynini saran suallara cavab tapa bilsəydi, o həmin adama ömrünü belə bağışlamağa hazır idi. Əfsuslar olsun ki, Ulu Tanrıdan savayı bu sualların cavabını heç kim bilmir...

Sarvan Almasa yaxınlaşır. Bu fars tacir arif adamdır. Demişdi ki, karvana kənar yolçu götürmür. Amma biləndə ki Almas şairdir, özü də Aşqabada Bakıdan sürgün olunub, İran sərhədinin yaxınlığına qədər aparmağa razılıq vermişdi. Şərt də qoymuşdu ki, bu yolçuluğa görə şairdən pul almayacaq.

– Ayrılmaq zamanı çatdı. O görünən dağların arxası İrandır. Amma sizi ölkəyə qapıdan buraxmazlar. Dərhal tutub zindana göndərərlər. Gərəkdir ki, o dağlardan bir yol tapıb qaçaq yolla girəsiniz bu torpaqlara.

Almas dil-ağız elədi:

– Bu yaxşılığı ömrüm boyu unutmaram, ağa. Mərhəmətinizə görə sizə daim borcluyam. Allahın yanında çox savab iş gördünüz. Ailəmi həbsdən, ölümdən qurtardınız. Tanrı əvəzini verər.

– Müsəlman olan hər kəsin borcudur bunu eləmək. Allah amanında...

Almas sürgünə göndəriləndə anası Nisəxanım da belə demişdi. Çünki bilirdi ki, oğlu ömründə pis iş tutmaz. Evdarlıqla məşğul olub uşaqlarını ehtiyac içində böyüdən bu qadın Almasın kamil bir insan kimi böyüməsi üçün əlindən gələni etmişdi.

Almas İldırım 1907-ci il martın 24-də Bakının Qala kəndində doğulub. Əsl adı Əbdülhəsən olsa da, uşaqlıqdan onu babasının adı ilə – Almas çağırıblar. Əsərlərini də Almas İldırım imzası ilə yazıb. Ailə əvvəlcə Şüvəlana, 1920-ci ildə isə Bakının Çənbərəkənd məhəlləsinə köçüb. Balaca Almas 1914–1915-ci illərdə Cənubi Azərbaycandan Bakı neft mədənlərinə işləməyə gəlmiş fəhlə uşaqları üçün İran hökuməti tərəfindən təşkil olunmuş “İttihad” məktəbində oxuyub. 18 yaşında isə Abdulla Şaiqin məktəbində təhsilini davam etdirib. Bu illərdə müəllimləri A.Şaiq və H.Cavidlə daha çox ünsiyyətdə olub, Ə.Cavad, C.Cabbarlı kimi ədiblərin əsərlərindən ruh alıb və azadlığı tərənnüm edən şeirlər yazmağa başlayıb. “Qızıl Qələmlər İttifaqı”nın məcmuəsində 6 şeiri dərc edilib. 1927-ci ildə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinə qəbul olunsa da, tezliklə Alması təhsil ocağından xaric ediblər. Ona bildiriblər ki, tacir oğlu universitetdə oxuya bilməz. Əslində, bu, bədxahların ona qarşı qurduğu çirkin oyunun başlanğıcı idi.

Amma Almas ruhdan düşmür. 1928-ci ildə gənc şair Azərbaycan Proletar Yazıçıları Cəmiyyətinə üzv olur. Daha sonra İstanbulda çıxan “Həyat” dərgisində “A dağlar”, “Sevdiyim” şeirləri işıq üzü görür. Nəticədə Almas İldırım azadlıq ideyalarının carçısı, mövcud ideologiyaya müxalif şair kimi bolşeviklərin qara siyahısına düşür.

...Karvan gözdən itib. Almas Zivərin əlindən tutub. Hər ikisinin gözü karvan yoluna dikilib. Anasının qucağında olan, dünyadan xəbərsiz Azər isə şirin-şirin yatıb. Alması bayaqdan rahat buraxmayan suallar hələ də cavabsızdır.

Göy bir bulud оlub səndə gərilsəm,
Torpaq olub ayağına sərilsəm,
Bir gül olub sənin üçün dərilsəm,
Ya
оvçunun şikarı bir quş olsam...

Amma tale bu suallara cavab tapa bildi. Çox məşəqqətlərdən sonra qaçaq yolla İrana keçən ailə həbs olunur. Alması bolşevik casusu hesab edərək işgəncə verir, soyuq suyun içərisində saxlayırlar. Nəticədə şair sağalmaz böyrək xəstəliyinə tutulur. Onu 25 gündən sonra azad edib Məşhəd şəhərinə göndərirlər. Almas burada iş tapa bilmir, yoxsul həyat sürür. 1934-cü ildə Türkiyəyə gedərək vətəndaşlığı qəbul edir, katibliklə, kargüzarlıqla məşğul olur, ibtidai məktəbdə dərs deyir, yaradıcılığını davam etdirir.

İstiqlal şairinin Türkiyədə daha 3 övladı – Araz, Otqan, Bakıxan dünyaya gəlir. Almas İldırım maddi çətinliklər içərisində yaşamasına baxmayaraq çox sayda əsər yazır, məqalələr dərc etdirir.

45 yaşında – 1952-ci il yanvarın 14-də vəfat edir. Lakin son nəfəsinədək Vətən həsrəti onu rahat buraxmır…

Of, Bakı... bu ayrılıq mənə ölümdən ağır,
Aləmə bahar gəldi, sənə yağmur, qar yağır.
Gündüzlərin dumanlı, gecələr dilsiz, sağır,
Bu boğulan səsimi varmı duyan, a dağlar?