Molla Pənah Vaqif

 

Molla Pənah Vaqif
(1717-1797)

XVIII əsrdə yaşayıb-yaratmış Azərbaycan şairi, siyasi-ictimai xadim. Şərq poeziyasının zəngin klassik formalarından istifadə etməklə qəzəl, təcnis, müxəmməs, müstəzad, məsnəvi və mərsiyə janrında yazsa da, yaradıcılığının bö­yük hissəsini aşıq poeziyasının əsas qolu olan qoşmalar təşkil edir. Azərbaycan dilinin və klas­sik poeziyasının inciləri sırasına daxil edilən “Görmədim”, “Durnalar”, “Yoxdur”, “Pəri”, “Bəri bax”, “Sevdiyim, ləblərin yaquta bənzər” və sair bu kimi əsərləri ilə təkcə Azərbaycanda deyil, Gürcüstan, İran, Türkiyə kimi ölkələrdə də məşhurlaşıb.

 

***

Mən cahan mülkündə, mütləq, doğru halət görmədim,

Hər nə gördüm, əyri gördüm, özgə babət görmədim.

Aşinalar ixtilatında sədaqət görmədim,

Biətü iqrarü imanü dəyanət görmədim,

Bivəfadan lacərəm, təhsili-hacət görmədim.

 

Xah sultan, xah dərvişü gəda bilittifaq,

Özlərin qılmış giriftari-qəmü dərdü fəraq,

Cifeyi-dünyayədir hər ehtiyacü iştiyaq,

Munca kim, etdim tamaşa, sözlərə asdım qulaq,

Kizbü böhtandan səvayı bir hekayət görmədim.

 

Hər sədavü səs ki, dünyaya dolub əksər əqəl,

Cümlə məkrü alü fənnü fitnədir, cəngü cədəl,

Dirhəmü dinar üçündür hər şeyə yapışsa əl,

Müqtədilərdə itaət, müqtədalərdə əməl,

Bəndələrdə simü bəylərdə ədalət görmədim.

 

Xəlqi-aləm bir əcəb düstur tutmuş hər zaman,

Hansı qəmli könlü kim, sən edər olsan şadiman,

O sənə, əlbəttə ki, bədguluq eylər, bigüman,

Hər kəsə hər kəs ki, etsə yaxşılıq, olur yaman,

Bulmadım bir dost ki, ondan bir ədavət görmədim.

 

Alimü cahil, müridü mürşidü şagirdü pir,

Nəfsi-əmmarə əlində sərbəsər olmuş əsir,

Həqqi batil eyləmişlər, işlənir cürmi-kəbir,

Şeyxlər şəyyad, abidlər abusən qəmtərir,

Hiç kəsdə həqqə layiq bir ibadət görmədim.

 

Hər kişi hər şey ki, sevdi, onu behtər istədi,

Kimi təxti, kimi taci, kimi əfsər istədi.

Padşahlar dəmbədəm təsxiri-kişvər istədi,

Eşqə həm çox kimsə düşdü vəsli-dilbər istədi,

Heç birində aqibət, bir zövqü rahət görmədim.

 

***

O şux qəmzələrin, xəncər kirpiyin

Gündə olur yüz min qan qabağında,

Xumar-xumar baxan ala gözlərin

Gərəkdir verəsən can qabağında.

 

Qaşın qabağında sığallı birçək,

Sayə salmış üzə şölə mübarək,

Amma iki dəstə tər bənövşə tək

Qoymuş al yanağın yan qabağında.


Zülfündən qoxuşar gülü reyhanlar,

Qurban hər muyinə yüz min cavanlar,

Pişvazına gəlir huri-qılmanlar,

Məlayik durmuşlar san qabağında.

 

Vaqif qurban zənəxdanın çahinə,

Şirin gülüşünə, xoş nigahinə,

Qul olasan belə xublar şahinə,

Durasan hər axşam, dan qabağında.

 

Sevdiyim, ləblərin yaquta bənzər,

Sərasər dişlərin dürdanədəndir.

Sədəf dəhanından çıxan sözlərin

Hər biri bir qeyri xəzanədəndir.

 

Nədəndir sözümə cavab verməmək?

Həm camal gizləyib, üz göstərməmək?

Gecələr gözlərim xabı görməmək

Ol siyah nərgisi-məstanədəndir.

 

***

 

Mən ha səni nuri-ilahi sannam,

Camalının şöləsinə dolannam.

Atəşinə mərdü-mərdanə yannam,

Bu xasiyyət mənə pərvanədəndir.

 

Bir namə yazmışam can üzə-üzə,

Badi-səba, apar sən o gül üzə,

Soruşsa yar ki, bu kimdəndir bizə?

Söyləgilən: - Sizin divanədəndir.

 

Xumar-xumar baxmaq göz qaydasıdır,

Lalə tək qızarmaq üz qaydasıdır,

Pərişanlıq zülfün öz qaydasıdır,

Nə badi-səbadan, nə şanədəndir.

 

Müştaqdır üzünə gözü Vaqifin,

Yolunda payəndaz üzü Vaqifin,

Sənsən fikri-zikri, sözü Vaqifin,

Qeyri söz yanında əfsanədəndir.

 

***

 

Ala gözlü, sərvboylu dilbərim,

Həsrətin çəkdiyim canan, bəri bax!

Gecə-gündüz fikrim-zikrim, əzbərim,

Üzüldü taqətim, aman, bəri bax!

 

Kim dözər mənim tək belə firqətə,

Rəncü məşəqqətə, bari-möhnətə,

Haçandır düşmüşəm tari-zülmətə,

Çəkilsin üstümdən duman, bəri bax!

 

Payibəndəm, qəmi-eşqə giriftar,

Hicran atəşindən can oldu bimar,

Razi-dilim edə bilməm aşikar,

Çəkərəm dərdini pünhan, bəri bax!