Qasım bəy Zakir

 

Qasım bəy Zakir
(1784-1857)

XVIII-XIX əsrlərdə yaşayıb-yaratmış Azər­baycan şairi. Erkən yaşlarından ərəb və fars dil­lərini mükəmməl öyrənib, əruz və heca vəznlərində lirik və satirik şeirlər yazıb. Əsasən qoşma və qəzəl janrında yazmış şairin ədəbi irsi çoxşaxəliliyi və mövzu rəngarəngliyi ilə seçilir. Yaradıcılığında mənzum hekayə və təmsillər mühüm yer tutur. Çarizmin müstəmləkəçilik qaydaları əleyhinə çevrilən satiralarında şair ictimai nöqsanları, sadəcə təsvir etməklə kit fayətlənmir, eyni zamanda onlara qarşı özünün kəskin tənqidi münasibətini bildirir.

 

 

***

Keçdi növbəti-zimistan,

Yenə fəsli-bahar oldu.

Əndəlibi-binəvanın

Sənəti ahü zar- oldu.

 

Yasəmənü gülü lalə

Bir çəməndə qurub halə;

Ərğəvan tutub piyalə,

Nərgis içib xumar oldu.

 

Əmr olundu, abi-nisyan,

Cansızlara bəxş etdi can;

Yenə təzələndi dövran,

Nə gözəl ruzigar oldu!

 

Səbzpuş olub çəmənlər,

Qaldıdı hər şükufə sər.

Oyan, ey bəxti-bixəbər,

Yatan hamı bidar oldu.

 

Əlac oldu hər bimarə,

Tapıldı dərdinə çarə.

Elə, həsrət qalan yarə

Zakiri-dilfikar oldu.

 

***

Nə müddətdir dost yolları

Bağlanıbdır, xəbər gəlməz.

Nə bir namə, nə bir qasid,

Heç biri, müxtəsər gəlməz.

 

Yazaram, eylərəm minnət,

Gah aşikar, gahi xəlvət.

Yəqinimdir o bimürvət

Həqdi, gəlləm deyər, gəlməz.

 

Hərdəm artırır qəzəbin,

Soruşan yoxdur, səbəbin;

Yad etməkdən ləli-ləbin

Döndü qanə cigər, gəlməz.

 

Xəbər aldım dönə-dönə,

Yar qəhrin çəkən kimsənə,

Əlhəqq, çox dedi genə;

Bivəfadən səmər gəlməz.

 

Lütf eylə Zakiri-zarə,

Baxma təneyi-əğyarə,

Qiyamət qopsa, xublarə

Aşiqindən zərər gəlməz.

 

***

 

Badi-səba, mənim dərdi-dilimi

Ol büti-zibayə dedin, nə dedi?

Ahü naləm asimana yetdiyin

Gərdəni minayə dedin, nə dedi?

 

Düşüb ayağına sən o zalımın,

Söylədinmi necəliyin halımın?

Onun həsrətindən rəngi-alımın

Döndüyün heyvayə dedin, nə dedi?

 

Görsə idin varmı məni-bimarə

Nüsxeyi-hüsnündə onun bir çarə;

Dildə iztirab, təndə buxarə,

Sərimdə sevdayə dedin, nə dedi?

 

Ğəm əlindən payi-bəstə olduğum,

Halpərişan, dilşikəstə olduğum,

Bəstəri-möhnətdə xəstə olduğum,

Gözləri şəhlayə dedin, nə dedi?

 

Sərasər fələyin şəmsü mahına,

Tamam yer üzünün qibləgahına,

Zakirin əhvalın xublar şahına

Ağlaya-ağlaya dedin, nə dedi?

 

***

 

Bayram günüdür, zövqü səfa xanələr içrə,

Cananım oturmuş necə cananələr içrə.

 

Bir hiylə ilə gizlənərdim zülf arasında,

Pünhan gedə bilseydim əgər şanələr içrə.

 

Könlüm quşu pərvaz qılır kuyi-nigarə,

Zahir ki, onun qisməti var danələr içrə.

 

Dil mülkünə göndər həşəmi-dərdü fəraqı,

Şənlik düşə ta, bəlkə bu viranələr içrə.

 

Hicran qəminin badeyi-gülgündür əlacı,

Vazeh, danışırlar bunu meyxanələr içrə.

 

Əzbəs ki, mana şəfqəti var piri-muğanın,

Camım doludur gör necə peymanələr içrə.

 

Ha beylə məni əql xərab eylədi,

yoxsa Bir adəm idim əvvəli divanələr içrə.

 

Haşa çəkib əl həmrəhi-dirinələrimdən,

Bir dəm dolanam aqilü fərzanələr içrə.

 

Kəm tutma rəhi-eşqdə bu Zakiri kim, var

Yanmaqda onun şöhrəti pərvanələr içrə.

 

***

Qadir Allah bir də səbəb salaydı,

Bəyaz cəbinində tağı görəydim.

Sürtəydim üzümü gülgəz yanağə,

Siyah zülfü, tər buxağı görəydim.

 

Səs-səsə verəydi həzarə, bülbül,

Düşəydi payinə bənəfşə, sünbül;

Xuraman-xuraman, əllərində gül

Gəzəydik hər tərəf bağı, görəydim.

 

Bu dövran dolanıb, zəmanə dönə,

Tarının kərəmi olaydı mənə;

Oturub səninlə dizbədiz yenə

Deyib, gülüb, danışmağı görəydim.

 

Dərdü qəm çəkməkdən qan olub cigər,

Gətirən yox nazlı yardan bir xəbər;

O qədərə ölməyəydim, müxtəsər,

Yenə o gördüyüm çağı görəydim.

 

Zakirəm, çəkərəm cövrü cəfanı,

Yadlar ilə sürər zövqü səfanı;

Nə gərək sevəydim ol bivəfanı,

Nə də belə hicran dağı görəydim.