Xətai – şah və şair

Bölmə: Art 09.04.2019

 

Hələ gənc yaşlarında Səfəvilər kimi güclü bir dövlət yaradan Şah İsmayılın portretləri avropalı rəssamlar tərəfindən bir neçə dəfə çəkilib.

Bu gün kitablarda və digər mənbələrdə gördüyümüz, onun sırf Qızılbaşlara xas olan papaqlı portretinin müəllifi isə naməlum florensiyalı rəssamdır.

XVI əsrin əvvəllərində Səfəvilərin Təbrizdəki sarayına tez-tez venesiyalı tacirlər, sənətkarlar və elçi qismində diplomatlar təşrif buyurardı. Avropada Şah İsmayılın şəxsiyyəti, görkəmi haqqında ilk rəy yaradanlar da elə Venesiya tacirləri olub. Venesiyalı bir tacir 1518-ci ildə yazdığı yol qeydlərində Şah İsmayılla Təbrizdəki görüşlərini belə xatırlayır və onu bu cür xarakterizə edir:

“İndi onun 31 yaşı var. Ortaboylu, olduqca yaraşıqlı və mərd bir kişidir. Saqqalını qırxır, bığ saxlayır. Solaxaydı və çox qüvvətlidir. Onun oxatma məşqləri, adətən, musiqi ilə müşayiət olunur. Rəqsi çox sevir və rəqqasələr oynayarkən onun şəninə yazılmış mahnılar oxuyurlar.

O hər gün əyanlarıyla oxatma yarışlarına çıxır və həmişə günün qaliblərinə mükafatlar təqdim edir. Bu zaman onun şərəfinə çalıb-oxuyur, rəqs edirlər. Bu sufi öz təbəələri, xüsusilə də əsgərlər tərəfindən sevilir, ona pərəstiş edilir. Əsgərlərinin çoxu döyüşə yalın əllə – dəbilqə və zirehsiz girirlər, əmindirlər ki, İsmayıl onları döyüşdən salamat çıxaracaq”.

Çox güman ki, Xətainin portretini də həmin tacirlərlə eyni vaxtda onun sarayına gələn və adı məlum olmayan rəssamlardan biri çəkib.

Xətainin portretini Nizami və Füzulinin portretindən fərqləndirən əsas cəhət budur ki, o, ehtimallar əsasında yox, naturadan çəkilib. XVI əsrin əvvəllərində çəkilən portret hazırda Florensiyada yerləşən “Uffitsi” muzeyində saxlanılır. İtaliyanın Mediçi sülaləsi tərəfindən inşa edilən muzeyin ilk eksponatlarından biri məhz Şah İsmayılın portreti olub. 1560-cı illərdə Toksana hersoqu I Kosimo Mediçinin iqamətgahı kimi inşa olunan sarayın memarı isə dünyaca məşhur Corco Vasaridir.

Onun ölümündən sonra iş digər memarlar – Alfonso Parici və Bernardo Buontalenti tərəfindən davam etdirilib və 1581-ci ildə I Kosimo Mediçinin oğlu, Florensiya hersoqu I Fransisko Mediçinin dövründə sarayın inşası tamamlanıb. Sonralar II Fransisko Mediçinin xanımı Vittoriya della Rovere tərəfindən Uffitsinin kolleksiyası zəngiləşdirilib və saray, əsasən, muzey kimi fəaliyyət göstərməyə başlayıb. Həmin muzey günü bu gün dünyada ən çox ziyarət edilən 25 muzeydən biridir.

Şah İsmayıl Xətainin sonrakı rəsmlərinə isə fransız səyyahı və coğrafiyaşünası Andım Tevenin kitabında rast gəlinir. Səyyahın fəaliyyəti Səfəvilərin hakimiyyəti dövrü ilə üst-üstə düşsə də, 1584-cü ilə aid olan həmin portretin Xətaiyə məxsusluğu tarixçilər tərəfindən birmənalı qarşılanmayıb.

Daha sonra miniatürçü rəssamlar Şah İsmayılın cizgilərini çəkməyə cəhd göstərib. 1510-cu il Səfəvilərlə Şeybanilər arasında baş verən Mərv döyüşünə aid rəsm Şah İsmayılı ən yaxşı xarakterizə edən miniatür kimi qeyd olunur.

Məlum olduğu kimi, həmin döyüş Səfəvilər hakimiyyətinin möhkəmlənməsində böyük rol oynayıb. Xorasanı ələ keçirən Səfəvilər bundan sonra beş dövlətin müəyyən ərazilərinə nəzarəti ələ keçirməyə başlayıblar ki, bu da onlara çox əlverişli strateji mövqelər qazandırıb. Həmin döyüşdə öldürülən Şeybani xanın kəllə sümüyündən Şah İsmayıl qızıl suyuna çəkilən qədəh düzəltdirib. Həmin miniatür I Şah Abbasın saray tarixçisi olan İsgəndər bəy Münşinin “Abbasın tarixi” əsərində verilib.

Bəli, Şah İsmayıl Xətai klassik Azərbaycan fəlsəfəsinin, dövlətçilik tarixinin və ədəbiyyatının yeganə simasıdır ki, onun vizual görüntüsü digərlərindən fərqli olaraq real təsvirlər əsasında təqdim edilib.

Həm Səfəviyyə şeyxi, həm şah olan Xətai ömrünün sonuna qədər maddi aləmdən özünü “təcrid” edə bilmədi. Burada təcrid Nəsimi, Mənsur, Şeyx Fəzlullaha aid olan anlamda qəbul edilməlidir. Şah Xətai ömrünün sonuna qədər buna can atsa da, dövlətçilik missiyası onu Nəsimi qədər azad edə bilmədi...

 

Şah İsmayılın bayılması

 

Sufi fəlsəfəsində insanın bəqadan fəna aləminə keçidi bahariyyə kimi təsvir olunur. Şah İsmayıl Xətaidə daha çox rast gəlinən bu rəmzi keçid, əslində, böyük Nizamidə özünü ən gizli tərəfləri ilə açıb göstərə bilmişdi. Füzulinin “Leyli və Məcnun” əsərində də qəzəllərin biri bahariyyəyə həsr olunub.

Leyliyə olan rəmzi sevgisi fəna aləminin qapılarını Məcnunun üzünə açır. O öz baharına qovuşmağın həsrətini çəkir. Poemada əsas məntiq də bu həsrətdədir. Məcnun səhrada Leylidən məhz ona görə imtina etmişdi ki, qoy illüziya kimi ruhunda yaratdığı “Leyli baharına” qovuşa bilsin. Bu mərhələ sırf elmi-fəlsəfi mahiyyət kəsb edir. Belə ki, real həyatda mart ayının sonlarında, bahar gəldikdən sonra təbiət qış yuxusundan ayılır, ağaclar çiçək açır və s. İnsanın ruhsal aləmində də bu hallar baş verir. Fəna məqamına çatandan sonra insanda qəflət yuxusundan ayılma, bu ayılmadan sonra bədəninə yayılan enerji və onun dövri hərəkəti nəticəsində ruhun cavanlaşması, bədənin gərginlikdən xilas olması halları baş verir. Bir sözlə, İlahi aspektə doğru hərəkət edə-edə insan bioloji varlığı ilə ruhsal varlığının inteqrasiyasını həyata keçirərək onları vahid nöqtədə birləşdirir. Məhz bu vahid İlahi nöqtədə birləşmə prosesi klassik ədəbiyyatda və Şərq fəlsəfəsində bahariyyə adlanır.

Rəvayətə görə, Təbrizdə özünü yenicə şah elan etmiş İsmayıl hücrəsinə çəkilərək uzun müddət kimsə ilə ünsiyyət qurmazmış. Onu da qeyd edək ki, Şah İsmayılın şahlıq dönəmində Səfəvi sarayında sufilər, şeyxlər üçün hər zaman gizli hücrələr olub. Şah İsmayılın özünə aid olan gizli hücrələrin sayı çox idi. Şah xüsusən 1514-cü ildə, qanlı Çaldıran döyüşündəki məğlubiyyətdən sonra ömrünün qalan 10 ilini, əsasən, həmin hücrələrdə keçirib.

Gənc şahın hücrədən çıxandan sonra qeyri-adi fikirlər səsləndirməsi, şahdan daha çox, ruh adamına xas olan anlayışları təlqin etməsi hətta dövrünün ən öncül şeyxlərini də təəccübləndirib. Xətainin Ələst məclisindən bəhs edən misraları da həmin məqamlardan sonra meydana gəlib:

 

Yer yox ikən, göy yox ikən ta əzəldən var idim.

Gövhərin yektanəsindən irəli pərgar idim.

Girdim Adəm cisminə, bir kimsə bilməz sirrimi,

Mən bu beytullah içində ta əzəldən var idim.

 

Xətainin bu misraları səsləndirəndən sonra bayıldığını deyənlər də var. Ələst məclisinə gəlincə, təsəvvüf təmsilçilərinin sözlərinə görə, dünya var olmazdan əvvəl Allahla mələklərin böyük məclisi keçirilib. Fəna aləmində bu dünyanın, necə deyərlər, eskizləri cızılıb, inkişaf tarixi planlaşdırılıb. İnsanın həmin məclisdə iştirakı onun kainatdan da əvvəl var olduğuna bir işarədir. Xətai də həmin misralarında məhz buna işarə edib. Onun ruh davamçısı olan Aşıq Ələsgərin “Ələstdən “bəh” dedim, nə xoş kamaldı yüküm” misraları da bu sirli məclisə işarədir.

 

Təhrif olunan ləqəb

 

Deyilənlərə görə, Şah İsmayıl İraqı işğal etdikdən sonra Kərbəlanı ziyarət edir və burada Həzrət Hüseynlə bir yerdə şəhid olmuş Hürrün məzarını açır. Görür ki, Hüseynin Hürrün yarasına başladığı dəsmal eləcə olduğu kimi qalıb. Dəsmalı oradan açanda qan axmağa başlayır və sonra yerinə qaytarıb qoysa da, qan dayanmır. Və İsmayıl xəta etdiyini anlayıb təxəllüsünü “Xətai” qoyur.

Tarixçilərin bu ehtimalını irfan alimləri təkzib edir. Onların fikrincə, “xəta” sözü, əslində, heç bir məna daşımır. Yəni bu söz ərəb əlifbasında olan “ta” ilə yox, nöqtəli “te” ilə yazıldığından konkret ifadə etdiyi anlam yoxdu. Bu sözü təşkil edən hərflərin əbcəd hesabı isə cəm halda “1001”-ə bərabərdir ki, məlum olduğu kimi, bu rəqəm islam fəlsəfəsində sonsuzluq bildirir.

 

Elmin Nuri