Qismət - Tanış küçələrdə

 

Alman hesabı

 

O gün, hə, o gün

sən dodağında qırmızı qətiyyət,

əynində "qadın hüquqları və qaşqabaq"

gəlmişdin görüşə,

mən boğazıma qara bir ciddiyət taxıb,

təraş olub,

bəyəndiyin ətirdən də vurmuşdum.

 

O gün idi, hə, o gün

13-ü cüməyə düşmüşdü,

"Araz" kafesində ayrılmaq üçün görüşürdük,

Azərbaycan kimi...

ofisiant,

bizi görən kimi öskürmüş,

sifətinə gülüş, dilinə hazır rusca sözlər geyinib

gəlmişdi yanımıza.

Mən "Günah anandadı!" salatı,

yanında "Sən məni başa düşməzsən" qızartması istəmişdim.

Sən "Özün bilərsən" şorbası demişdin,

bir də "Mən yaxşı yaşamaq istəyirəm" püresi.

Sükutun qədəhinə

qırmızı, kəmturş ittihamlar süzülən kimi,

hörmət quşunun boğazı üzülən kimi, hesabı istəmişdik.

 

O gün, hə, o gün,

13-ü cüməyə düşmüşdü

Ucuz bir ayrılığın hesabını ödəmişdik

alman hesabı.

Sən masadan

"Sənə qalmamışam" deyərcəsinə çantanı götürüb getmişdin.

Mənsə addımlarımın

saatını çox geri çəkmişdim,

amma qürurumdan - çinarlara qohum qürurumdan,

sən bir Meduza kimi uzaqlaşarkən,

dönüb baxmamışdım arxanca.

 

Arada düşünürəm o günü:

dönüb baxmışdınmı arxamca?

Baxmışdınsa, axı nədən

o gün o küçədə bircə heykəl vardı,

Nizaminin heykəli.

 

Wall Street

 

Küçənin ayağında bir uşaq dilənirdi,

saç rəngi: qürubdan bir saat əvvəl.

Ağköynək bir kişi hər saatbaşı

üzü Brodveyə baxan binadan eşiyə çıxırdı,

papiros çəkib, boşluğa atılmış bumeranq kimi

geri qayıdırdı şüşə qapıdan.

 

Hər dəfə ağarırdı o kişinin bənizi

siqaretə çıxdıqca.

Təzyiqi dollar kimi qalxıb-düşürdü sanki; qalstuku əyilirdi.

 

Cırıq, kirli paltarı bir quldur gəmisinin

yıpranmış bayrağıtək küləkdə dalğalanan,

papağı səkilərin hər yeriylə öpüşmüş

o balaca dilənçi, oxuduğu romanda

xoşladığı cümlənin altından cızıq çəkən

bütün adamlar kimi, bir an ayaq saxlayıb

ona qəpik tullayan mərhəmətli kəslərin

xəyalında böyrünə yekə bir quş qoyurdu.

 

Dəcəl, yaramaz külək,

şüşəli qapıdan hər saatbaşı

siqaret çəkməyə çıxan kişinin

qalstukunu çox qədim bir saat kəfgiritək

yelləyirdi durmadan.

Axşama az qalırdı.

 

O dilənçi uşağın tərtəmiz gözlərində,

get-gedə anasına oxşamağa başlayan

balaca, qonur pişik əl-üzünü yuyurdu...

 

Tanış küçələrdə

 

Axşamüstü saat beş radələrində,

sənədsevər dövlət idarələrində

içindəki şeiri qanunsuz silah kimi

hamıdan gizlədən bir adam

tez-tez saatına baxmağa başlayır;

bir pişik miyoldayır divardakı kölgəsinə,

qalstukunu boşaldır,

dünəndənqalma bir ümid tapıb başını qatır...

Öz adı başqa olan qadınlar küçəsindən keçib düşünür:

çoxdandır yorğun təbəssümlər ayıdır, ödənişli səadətlər həftəsi.

İndi onun fikrincə,

dostların yarısı xərçəngdən gedib,

yarısı təkəbbürdən...

İndi o bilir ki,

mövsümlərin dəyişməsini çiçək dükanları,

yolların uzunluğunu siqaret qullabları ilə ölçdüyü adam

meşələrin birində ağaclara qonşudu.

 

Axşamüstü saat beş radələrində,

bir adam mövsümləri masasındakı

təqvim yarpaqlarından cırıb atmağa başlayır.

Bir azdan tanış küçələrdən birində,

əlləri ciblərinin,

gözləri eynəyinin dərinliyində çırpınarkən,

başını qaldırıb buludlara baxacaq və gülümsəyəcək.