Gültəkinin monoloqu

Bölmə: Monoloqlar 09.04.2019

 

Afaq Məsud

“Qatarın altına atılan qadın" 

Gültəkinin monoloqu

 

Gültəkin: (Kədərlə ətrafına boylanır) Bu da vağzal… ayrılıq və nisgil qoxuyan kədərli məkan... (qəfildən dəyişir, saxta təbəssümlə)  Niyə də kədərli? Bəlkə əksinə? Çıxılmaz darısqallıqlara son qoyacaq yeganə qurtuluş yolu? (Susur, öz-özünə) Yox, belə deyildi… (xatırlamağa çalışır; yaxın relslərdən yola düşən qatar təkərlərinin səsi eşidilir; içini çəkir, kədərlə) Bu da vağzal… Hansı əsərinsə faciəvi sonluğunu andıran kədərli ayrılıq məkanı… (yenə saxta təbəssümlə) Niyə də kədərli? Məgər insanı yeni-yeni sevdalara və azadlıqlara qovuşduracaq bu məkan kədərmi qoxuyur? (Ayağa qalxır, üzü üsyan və qələbə saçır) Əsla!.. (Geriyə çevrilir, uzaqlara) Kədər ki onlar idi… bütün olanlar! Olub, ötüb-keçənlər! Yaddaşında acı kədərdən və sıxıntıdan savayı heç nə saxlamayanlar!.. (Səsi enir) ötüb-keçmə­yənlər... ruhuna, yaddaşına hopub, səninlə bir yaşamağa davam edənlər… (qəfildən dəli təbəssümlə) Bu idimi, şirin, şaqraq, arzuların, çəhrayı ümidlərin sonu? (Donub-qalır; uzaqdan qatar fiti səsi eşidilir; kədərlə) Nə idi bütün bunlar?.. Gur projektor işığı… səssiz, qara dənizi, dərin, dibsiz uçurumu andıran qaranlıq tamaşaçı zalı… oradan ilıq hava burulğanlarıyla sənə tərəf axan, axıb-axıb qollarına, ayaqlarına sarılan sevgi və pərəstiş axıntıları... (gözlərini yumub susur) sonra sakitlik… sakitlik və qaranlıq… (başını qaldırıb yuxarı baxır) tamaşa bitincə, üstünə cəllad baltası tək aramla enən tozlu pərdələrin ölüm xışıltısı… (vahimə içində) kiminsə son gününü andıran ölüm qoxulu, faciəvi sonluq... və bircə o qalır ki, özünü tezcə qrim otağına çatdırasan... əynindəkilər, (paltarını əsəbi hərəkətlərlə dartışdırır) dərini soyan tək, soyub bədənindən çıxarasan!.. (Özünü quyudan çıxan tək, harasa kənara atır) Özünü çölə atıb, bu iblis yuvasından qurtulasan! (Pauza. Yazıq səslə tamaşaçılara) Bilə-bilə ki, sabah yenə bura qayıdacaqsan… təkcə ona görə yox ki, getməyə yerin yoxdu… həm də ona görə ki… (sarsıntı içində susur; musiqi) ona görə ki… (yazıq-yazıq) daha doğruçu olmaq istəməyəcəksən... (qəfildən göylərə bağırır) Daha doğruçu olmaq istəməyəcəksə-ə-ə-ə!!!