Ernest Heminqueyin hekayəsi

 

Ernest Heminquey

(ABŞ)

 

Təqib yürüşü

(hekayə)

 

Vilyam Kembell Pitsburqdan start götürən estrada truppası ilə birgə velosiped yürüşündə iştirak etmişdi. Bu yarışmada yürüşçülər bir-birinin ardınca eyni intervalla start götürürlər. Onlar çox sürətlə hərəkət edirlər, çünki ara məsafəsi, adətən, qısa olur və əgər kimsə sürəti azaltsa, digər yürüşçü startda onları ayıran vaxtın əvəzini çıxır. Elə ki arxadan gələn irəlidə gedənlə tənləşir və onu ötüb-keçir – həmin yürüşçü yarışmadan çıxır, velosipeddən düşüb şoseni tərk edir. Ötmə baş verməyəndə isə startdakı ilkin məsafəni hamıdan daha çox qısaltmış yarışçı qalib hesab olunur. Yarışmada yalnız iki nəfər iştirak etdikdə ötmə daha çox altıncı mildən sonra baş verir.

Estrada truppası Vilyam Kembelli Kanzas-Sitidə haqladı.Vilyam Kembell fikirləşirdi ki, düz Sakit okeanın sahilinəcən estrada truppasından ən azı bir qədər öndə gedəcək. Estrada truppası gəlib bura çatanda Vilyam Kembell yataqda idi. Truppanın direktoru onun nömrəsinə daxil olanda Vilyam çarpayıda uzanmışdı. Qərara gəldi ki, daha ayağa qalxmağa heç bir lüzum yoxdur. Kanzas-Sitidə hava soyuq idi və o, küçəyə çıxmağa tələsmirdi. O bu şəhəri bəyənməmişdi.

Vilyam Kembell əlini çarpayının altına soxdu, şüşəni çıxarıb bir az içdi – viski onun mədəsini sakitləşdirdi. Estrada truppasının direktoru mister Terner isə içməkdən imtina elədi. Vilyam Kembellin mister Ternerlə söhbəti bir qədər qəribə alındı. Mister Terner nömrənin qapısını döyəndə Vilyam Kembell “hə” dedi. İçəri girən mister Terner stulun üstünə atılmış bir topa paltar, ağzıaçıq çamadan, çarpayının yanındakı kətilin üzərində viski şüşəsi gördü. Bir də başını adyala bürümüş bir adam yataqda uzanmışdı.

– Mister Kembell, – estrada truppasının direktoru dilləndi.

– Məni işdən azad etməyə sizin hüququnuz yoxdur, – Vilyam Kembellin adyalın altından səsi gəldi. Mələfənin altı isti, təmiz, həm də rahat idi. – Ən azı o səbəbdən hüququnuz yoxdur ki, mən velosipeddən düşdüm.

– Sən keflisən, – mister Terner dedi.

– Hə, əlbəttə, – Vilyam Kembell sözlərini sanki mələfəyə dedi.

– Sən qanmazsan, – mister Terner işığı söndürdü. İşıq bütün gecəni yanmışdı. İndi səhər saat on idi. – Qanmaz əyyaş. De görüm, bu şəhərə haçan gəlib çıxmısan?

– Dünən axşam gəlmişəm, – Vilyam Kembell ağzını mələfəyə dirəmiş halda cavab verdi, mələfə arasından danışmağın ona xoş gəldiyini anlamışdı. – Siz nə vaxtsa mələfənin altından danışmamısınız ki?

– Boşla bu zarafatları. Burda gülməli bir şey yoxdur.

– Mən zarafat eləmirəm, sizinlə mələfənin altından danışıram. Sadəcə, özümçün çərənləyirəm, vəssalam.

– Məhz çərənləyirsən, ağzına gələni danışırsan.

– Siz gedə bilərsiniz, mister Terner, – Kembell dedi. – Mən daha sizinlə işləmirəm.

– Şükür ki, heç olmasa, bunu bilirsən.

– Mən çox şey bilirəm, – Vilyam Kembell mələfəni aşağı çəkib başını çölə çıxartdı və mister Ternerə baxdı. – O qədər məsələlərdən xəbərdaram ki, hətta kişi kimi sizin üzünüzə də baxa bilərəm. Mənim nələri bildiyimi eşitmək istəyirsiniz?

– Yox.

– Lap yaxşı, – Vilyam Kembell dedi. – Əslində, mən heç nə bilmirəm. Bunu elə-belə dedim. – O, yenə mələfəni üzünə çəkdi. – Burda, mələfənin altında elə yaxşıdır ki!

Mister Terner çarpayının yanında dayanmışdı. O, yaşlı bir adam idi, qarnı qabağa çıxmışdı, keçəl idi, özü də bu dəqiqə işi başından aşırdı:

– Billi, burda qalıb müalicə kursu keçsən, pis olmaz, – dedi. – İstəsən, düzüb-qoşa bilərəm.

– Mən müalicə almaq istəmirəm, – Vilyam Kembell qəti cavab verdi. – Müalicə kursu keçməyə zərrə qədər də həvəsim yoxdur. Mən bütün həyatım boyu hər şeydən razı olmuşam.

– Çoxdan beləsən?

– Bu nə sualdı belə? – Vilyam Kempell mələfənin arasından nəfəsini içinə çəkib buraxdı.

– Billi, sən çoxdan içkiyə qurşanmısan?

– Nə olub ki?! Mən məgər pis işləyirdim?

– Yox, Billi, yox! Mən, sadəcə, soruşuram. Deyirəm, çoxdan içirsən?

– Bilmirəm. Amma mənim canavarım qayıdıb. – O, dilini mələfəyə toxundurdu. – Artıq bir həftədir canavarım mənimlədir.

– Yalan deyirsən!

– Yo-o-x! Mənim əziz canavarım, ağzımı şüşəyə yaxınlaşdıran kimi qapının o üzünə keçir. Spirtin iyinə dözə bilmir. Mənim zavallı canavarım. – Mələfəni diliylə dairəvi şəkildə yaladı. – Mənim qəşəng canavarım! Azca da dəyişməyib. Elə həminkidir, necə vardısa, o cür.

Vilyam Kembell gözlərini yumub nəfəsini içinə çəkdi.

– Sənə müalicə olunmaq lazımdır, – mister Terner dedi. – Kili klinikasına get. Peşman olmazsan. Ora pis deyil.

– Kili şəhəri Londondan çox da uzaq deyil.

O, yenə gözlərini yumdu, sonra açdı – kirpikləri mələfəyə toxundu.

– Mələfəciklərdən xoşum gəlir, – Vilyam Kembell Ternerin üzünə baxdı. – Qulaq as, sən elə düşünürsən, mən kefliyəm?

– Bəs necə?! Əlbəttə, keflisən!

– Elə şey yoxdur.

– Sən sərxoşsan, səndə artıq qarabasma halları da olub.

– Yox, – Vilyam Kembell mələfəni başına çəkdi və “mənim qəşəng mələfəciyim” deyib sanki onu nəfəsiylə sığalladı. – Mənim gözəlim. Mələfəcik, de görüm, məni sevirsən? Bunun haqqı nömrənin qiymətinə daxildir. Yaponiyada olduğu kimi. Yox. Qulaq as, Billi, mənim əziz Billim! İndi mat qalacaqsan. Mən sərxoş deyiləm. Mən xirtdəyəcən doymuşam.

– Boşla görüm, – mister Terner dedi.

– Bax, – Vilyam Kembell mələfənin altında pijamanın sağ qolunu irəli uzatdı, sonra sağ əlini adyaldan çölə çıxartdı. Qolunda biləyindən dirsəyinəcən tünd-göy rəngli xırda iynə yerlərini dövrələyən ləkələr vardı. Ləkələr, demək olar ki, ard-arda düzülmüşdü. – Bax, tamaşa elə. Bu mənim yeni nailiyyətimdir. İndi mən nadir hallarda içirəm, özü də çox az. Yalnız canavarı otaqdan qovmaq lazım gələndə...

– Bunu da müalicə edirlər, – Billi Terner dedi.

– Yox, – Vilyam Kembell cavab verdi. – Bizim kimiləri müalicə etmirlər.

– Belə olmaz axı, Billi. Adam gözü görə-görə öz üstündən xətt çəkməz.

Mister Terner yaxınlaşıb onun çarpayısının qırağında oturdu.

– Mələfəmdən muğayat ol! – Vilyam Kembell dedi.

– Billi, lap tutaq ki, bəxtin gətirməyib. Yəni, doğrudanmı, buna görə bu yaşında öz əlinlə üstündən xətt çəkmək, bədənini hər cür murdar şeylərlə ləkələmək istəyirsən?!

– Qanun icazə vermir? Sən bunu demək istəyirsən?

– Mən qanundan danışmıram, deyirəm ki, özünə yazığın gəlsin.

Billi Kembell dodaqlarını və dilini mələfəyə sürtüb:

– Mənim əziz mələfəciyim, – dedi, – mən səni öpə bilərəm, həm də eyni vaxtda burdan hər şey görünür.

– Di bəsdi öz mələfəciyindən danışdın. Bu çirkaba batmaq olmaz, Billi.

Vilyam Kembell gözlərini yumdu – ürəkbulanması asta-asta başlamaqdaydı. Bilirdi ki, öyüməklə yüngülləşən deyil, əksinə, əgər bir tədbir görməsə, getdikcə halı pisləşəcək. O, mister Ternerə içkini də elə bu vaxt təklif elədi, o isə boyun qaçırtdı. Vilyam Kembell bir az içdi. Bu yalnız müvəqqəti yüngüllük gətirə bilərdi. Mister Terner ona altdan-altdan göz qoyurdu. Truppanın direktoru nömrədə lazım olduğundan xeyli artıq oturmuşdu – görüləsi o qədər işi vardı ki. Bütün ömrünü narkomanların arasında keçirməsinə baxmayaraq narkotiklər onu dəhşətə gətirirdi. Vilyamla isə münasibəti yaxşı idi və onu tək qoymaq istəmirdi. Onun halına ürəkdən acıyırdı və düşünürdü ki, müalicə kursunun Vilyama mütləq köməyi dəyər. Kanzas-Sitidə bunun müalicəsi olduğunu bilirdi. Amma indi getməliydi və mister Terner ayağa qalxdı.

– Qulaq as, Billi, – Vilyam Kembell dedi. – Qulaq as, gör nə deyirəm. Sənə Sürüşkən Billi deyirlər. Ona görə belə deyirlər ki, sən həmişə sürüşürsən. Mənə isə Billi deyirlər, sadəcə, Billi. Çünki mən sürüşməyi bacarmıram. Bacarmıram sürüşməyi. Heç vaxt da bacarmamışam. Həmişə nəyəsə ilişirəm. Elə ki cəhd edirəm, çalışıram sürüşəm, o dəqiqə ilişirəm! Bacarmıram sürüşməyi, Billi, – dedi. – Bu isə pisdir; heç bilirsən sürüşə bilməmək nə pisdir?!

– Hə, – Sürüşkən Billi Terner cavab verdi.

– Nə “hə”? – Vilyam Kembell ona baxdı.

– Sən dedin ki...

– Yox, – Vilyam Kembell dedi. – Mən heç nə demədim. Yəqin, səhv olub.

– Sən sürüşməkdən dəm vururdun, deyirdin ki...

– Yox, yox. Sürüşmək barədə söhbət belə gedə bilməz. Qulaq as, Billi, sənə bir sirr açım. Sən mələfələri sev.  Bilirsən, Billi, fahişələrlə... – onun dili dolaşdı. – Sən fahişələrlə xudahafizləş, Billi. Fahişələrlə sadəcə gecə, mələfələrlə isə gündüz...

Susdu və başını mələfənin altına soxdu.

– Mən getməliyəm, – Billi Terner dedi.

– Fahişələrlə fırlansan, mütləq ilişəcəksən, – Vilyam Kembell dedi. – Onlarla yalnız gecə, amma...

– Sən artıq bunu demisən.

– Nə demişəm?

– Gecə və gündüz barədə.

– Hə, düzdü. Mələfəni sevsən. Onlar barədə mən hələ heç nə bilmirəm. Bu mələfəciklə mən hələ təzə-təzə başlamışam.

– Mən gərək gedəm, – mister Terner dedi. – Xeyli işim var.

– Neyləmək olar, buyuracaqsız, – Vilyam Kembell dedi. – Hamı harasa getməlidir.

– Yaxşı, mən getdim.

– Get.

– Sən necəsən, Billi, yaxşısan?

– Heç vaxt belə yaxşı olmamışam.

– Doğrudan, yaxşısan?

– Çox yaxşıyam. İşində ol. Mən hələ bir az da uzanacağam. On ikidə duraram.

Mister Terner günorta onun nömrəsinə gələndə Vilyam Kembell hələ də yatırdı. Həyatın hər üzünü görmüş mister Terner onu oyatmadı.

 

 

Tərcümə edən: Mahir N. QARAYEV