Salvador Dalinin həyatından maraqlı faktlar

Bölmə: Art 20.04.2019

XX əsr dünya təsviri sənətinin ən parlaq nümayəndələrindən olan ispan rəssamı Salvador Dalinin (1904–1989) həyatı da yaradıcılığı qədər maraqlıdı. O, rəsmləri ilə yanaşı, qeyri-adi fikirləri, hərəkətləri ilə də daim diqqət mərkəzində olub. O, Avropanı ifrat dindarlığa, Amerikanı isə ateizmə görə tənqid atəşinə tuturdu. Maraqlı burası idi ki, bütün bu qəribəlikləri həm də ona yaxşı pul gətirirdi. Əksər rəssamlar əsl dəyərini öləndən sonra alsalar da, Dali sağlığında şöhrətin ən yüksək zirvəsinə çata bilmişdi. O hətta həyatından da qazanc mənbəyi kimi istifadə etməyi bacarırdı. Dahi ispan rəssamının həyatından olan bəzi məqamları təqdim edirik.

  • Gələcəyin dahisi ibtidai təhsilini aldığı bələdiyyə və monastır məktəblərində pis oxuyan şagirdlərin sırasında idi. O, ilk uğurlarını və ilk dostlarını yalnız rəssamlıq məktəbinin axşam şöbəsində oxuyarkən qazana bildi. Gənc Dali hətta dostlarıyla birlikdə jurnal da təsis etdi.
  • O dövrün əksər gəncləri kimi Dali də siyasətdə solçu baxışlara malik idi və kommunizm ideologiyasını dəstəkləyirdi.
  • Dali 1921-ci ildə Madriddəki Kral İncəsənət Akademiyasına daxil oldu. Qəbul komissiyası onun təqdim etdiyi rəsmi «möhtəşəm» adlandırıb gələcək rəssamın çərçivələrdən kənara çıxmasına göz yumdu.
  • 1923-cü ildə tələbələrin savadsız hesab etdikləri müəllimə qarşı etiraz aksiyasında iştiraka görə Dalini akademiyadan bir illik xaric etdilər. Təhsilini bərpa etdikdən sonra isə onu akademik kəsirləri səbəbindən təhsil müəssisəsindən həmişəlik xaric etdilər. O, iki imtahanı verə bilməmiş və müəllimlərə demişdi ki, onların onun bilik səviyyəsini dəyərləndirmək iqtidarında olmalarına şübhəylə yanaşır.
  • Ssenarisini dostu olan ispan rejissoru Luis Bunyuellə birlikdə yazdıqları “Əndəlüs köpəyi” filminin çəkilişləri üçün kənar sponsora müraciət etməmək qərarına gəlirlər. Onsuz da qazanc gətirməyəcək bu filmə maliyyə ayıran tapılmayacaqdı. Bunyuelin film üçün anasından aldığı pulun yarısını isə dostlar öz keflərinə xərcləyirlər. Yerdə qalan az miqdarda vəsaitlə isə onlar əsl şedevr yaratdılar.
  • Dali ilə gələcək həyat yoldaşı Qalanın tanışlıqlarının ilk günlərində Bunyuel qəti bəyənmədiyi bu xanımı çimərlikdə az qala boğacaqdı. Dali isə bu zaman öz sevgilisini müdafiə etmək əvəzinə dostunun qarşısında diz çöküb onu buraxmasını xahiş edir.
  • Sonralar yazdığı “Salvador Dalinin gizli həyatı” adlı avtobioqrafik əsrində o, Bunyueli ateist kimi təqdim etmişdi. 1942-ci ildə ABŞ-da bu, donosa bərabər bir ittiham idi. Rejissoru dərhal işdən azad etdilər. Dostunun ittihamına cavabında isə Dali kitabı onun yox, özü haqqında yazdığını demişdi.
  • Qalayla tanışlığa qədər, yəni 25 yaşınacan Dali heç bir qadınla cismani əlaqədə olmayıb. Rəssamın bioqraflarının qənaətinə görə, bu çəkingənlik onda fizioloji deyil, psixoloji problemlərdən yaranıb. Belə ki, hələ uşaqlıqda əlinə keçdiyi tibbi jurnalda Dali zöhrəvi xəstəliklər zamanı yara tökmüş adamların şəklini görüb. Bu şəkillər bütün ömrü boyu sanki Dalini təqib edib.
  • Dali Ziqmund Freydi və onun təlimlərini yüksək dəyərləndirirdi. Psixoanalizin banisi isə, öz növbəsində, təsviri sənətlə bağlı ənənəvi, hətta mürtəce baxışlara malik idi. Odur ki Dali 1938-ci ildə İtaliyaya səfər edəndə Freyd yalnız ümumi dostların xahişlərindən sonra onunla görüşməyə razılıq vermişdi.
  • 1980-ci ildə Dali Qalayla ABŞ-da olarkən qripə yoluxur. Bu vaxt Dalinin 76, Qalanın isə 86 yaşı var idi. İl yarımdan sonra Qala vəfat edir, Dali isə bundan sonra səkkiz il yaşayır.