Mən tələsmirəm

 

Səməd Vurğun

(1906-1956)

Xalq şairi. Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət mükafatı laureatı. Azərbay­can Yazıçılar İttifaqının sədri (1941-1948), Azərbaycan SSR EA-nın vitse-prezidenti (1954­1956) vəzifələrində çalışıb. Yüzlərlə lirik şeirin, iyirmidən artıq poema və mənzum dram əsə­rinin müəllifidir. A.S.Puşkinin “Yevgeni One­gin”, M.Qorkinin “Qız və ölüm”, N.Gəncəvinin “Leyli və Məcnun”, Ş.Rustavelinin “Pələng dərisi geymiş pəhləvan” əsərlərini dilimizə çe­virib.

 

Mən tələsmirəm

Dostlar, badələri qaldırın içək! 
Gecə, ulduzludur, hava da sərin. 
Demirəm məst olub dünyadan keçək… 
Deyirəm mehriban düşüncələrin 
İsti qücağında qızınaq bir az… 


Qoy uzansın gecə, geciksin səhər, 
Yuxuya getməsin məclisdəkilər – 
Mənim söhbətimdən yorulmaq olmaz. 
Hələ yer üstündə, insan yanında 
Deyib danışmaqdan doymamışam mən… 


Uzadaq ömrünü hər bir anın da, 
Yel kimi keçməsin vaxt üstümüzdən… 
Bu aylı gecədə, bu dağ döşündə, 
Bu sazlı, söhbətli bulaq başında 
Bu saat, bu dəm 
Heç yana, heç yerə mən tələsmirəm! 

Sevgilim, qolunu boynuma dola! 
Demə ki, yorğunam, ya qocalmışam. 
Mən hələ dünyadan nə zövq almışam? 
Dur, bütün aləmi gəzək qol-qola! 
Yenə də fikrimin səyyar yelkəni 

Dənizdən – dənizə atsa da məni, 
Qorxma! Ürəkdə de:: «Uğurlar ola!» 


Dur, bütün aləmi gəzək qol – qola, 
Sellərdən, sulardan yeyin axsam da, 
Şimşəklə yanaşı göydə çaxsam da, 
Nə şadlıq səyirtsin atını, nə qəm, 
Heç yana, heç yerə mən tələsmirəm! 

***

Sən də, ovçu dostum, tələsmə sən də, 
Bu qəlbi dağları qoy asta aşaq. 
O çay yanındakı yaşıl çəməndə 
Asta addımlayıb ağır dolaşaq. 
Hər güllə, çiçəyə salam verməsəm, 
Xoş üz göstərməsəm, xoş üz görməsəm; 
Nanələr, reyhanlar inciyər məndən. 
Güllərin yarpağı tökülər dən – dən… 
Odur ki, yel olub çöldə əsmirəm, 
Heç yana, heç yerə mən tələsmirəm! 



Bulud tez keçməsin başımın üstdən, 
Çay da yavaş axsın…sular boyunca. 
Baxım hər zərrəyə, baxım doyunca… 
Ürək tərpənməyir ötərgi səsdən, 
Nə çıxar bir anlıq yanan həvəsdən? 
Elə zənn etmə ki, ağırlaşmışam, 
Ayağı sarıqlı şikəst bir quşam… 
Qoy dünya böyüsün, zaman uzansın, 
Bir günün ərzində aylarla yansın 
Al günəş üzündən nur yağa – yağa.. 
Ömrün kitabını tamamlamağa 
Çox da can atmasın əlimdə qələm, 
Mən tələsmirəm, 
Mən tələsmirəm! 

 

Dağlar

Binələri çadır-çadır 
Çox gəzmişəm özüm, dağlar! 
Qüdrətini sizdən aldı 
Mənim sazım, sözüm, dağlar! 

Maral gəzər asta – asta, 
Enib gələr çeşmə üstə. 
Gözüm yolda, könlüm səsdə, 
Deyin, necə dözüm, dağlar? 

Hər obanın bir yaylağı, 
Hər tərlanın öz oylağı, 
Dolaylarda bahar çağı, 
Bir doyunca gəzim, dağlar! 

Qayaları baş–başadır, 
Güneyləri tamaşadır. 
Gödək ömrü çox yaşadır, 
Canım dağlar, gözüm dağlar! 

Bir qonağam bu dünyada, 
Bir gün ömrüm gedər bada, 
Vurğunu da salar yada 
Düz ilqarlı bizim dağlar.

 

Şair, nə tez qocaldın sən

Nemətsə də gözəl şer, 
Şair olan qəm də yeyir. 
Ömrü keçir bu adətlə, 
Uğurlu bir səadətlə. 
Görən məni nədir deyir: 
Saçlarına düşən bu dən? 
Şair, nə tez qocaldın sən! 

Dünən mənə öz əlində 
Gül gətirən bir gəlin də 
Gözlərində min bir sual 
Heykəl kimi dayandı lal... 
O bəxtəvər gözəlin də 
Mən oxudum gözlərindən: 
Şair, nə tez qocaldın sən! 

Ovçuluğa meyil saldım, 
Gecə-gündüz çöldə qaldım, 
Dağ başından enib düzə 
Bir ox kimi süzə-süzə 
Neçə ceyran nişan aldım; 
Cavab gəldi güllələrdən: 
Şair, nə tez qocaldın sən? 

Bəzən uca, bəzən asta, 
Ötür sazım min sim üstə. 
Andı yalan, eşqi yalan, 
Dostluğu da rüşvət olan, 
Ürək yıxan bir iblis də 
Üzəvari deyir hərdən: 
Şair, nə tez qocaldın sən! 

Saç ağardı, ancaq ürək 
Alovludur əvvəlki tək. 
Saç ağardı, ancaq nə qəm! 
Əlimdədir hələ qələm... 
Bilirəm ki, deməyəcək 
Bir sevgilim, bir də Vətən: 
- Şair, nə tez qocaldın sən!