Payız muştuluqları

 

Mövlud Süleymanlı
(1943)

Xalq yazıçısı, kinodramaturq. Əməkdar incəsənət xadimi. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. Azərbaycan Yazıçılar Birliyinin “Ulduz”, “Azərbaycan” jurnalında nəsr şöbəsinin müdiri, 1992-2009-cu illərdə Azərbaycan Dövlət Teleradio Şir­kətinin Radio üzrə sədr müavini vəzifələrində çalışıb. “Səs”, “Köç”, “Dəyirman”, “Söz içində söz”, “Şeytan” kimi roman və povestlərin müəllifidir. Ssenariləri əsasın­da “Kökdən düşmüş piano”, “Fatehlərin divanı” tele­viziya tamaşaları, “Bəyin oğurlanması”, Hücum”, “Çətirimiz buludlardır”filmləri çəkilib. “Köç” romanı Azərbaycan Yazıçılar Birliyinin “İlin ən yaxşı əsəri” mükafatına, Moskvada nəşr edilmiş “Çoban İbrahim və velosiped” kitabı M.Qorki adına Ümumittifaq ədəbi mü­kafatına layiq görülüb. Əsərləri bir çox dillərə tərcümə edilib.

 

Payız muştuluqları


Kəndin bütün itləri Tapdığı tanıyırdı. Ona görə də Tapdıq bütün evlərə ev yiyəsi kimi gedirdi. Kəndin poçtalyonu idi. Qabaqlar adına Əyri Tapdıq deyərdilər. Dava başlayandan sonra eləcə Tapdıq dedilər. Bir arıq atı var idi. Gün yerindən oynayanda minib qonşu kəndə poçta gedirdi. Kimi xeyirliyə çağırsaydı, düz qapılarına gedərdi. Xeyir olmasaydı, uzaqdan-uzağa səsləyərdi:
- Ay Yasəmən, Ay Hürü, ay Bəsti...
Evdən-evə xəbər yayılardı ki, Tapdıq filankəsləri çağırırdı, özü də xeyirə deyildi.
1946-cı ilin aydın bir payız səhəri açılmışdı. İl bərəkətli gəlmişdi, torpağın dırnağının gözünə kimi var-dövlət idi. Uşaqların irzindən- rəngindən bilinirdi ki, evlərdə buğda çörəyi bişir. Vaxtlı-vaxtında bacalar tüstülənirdi.
Bəyalı kişinin sazı köynəyindən çıxmışdı. Uşaqlar sevinə bilirdilər. Amma hələ də anlaya bilmirdilər ki, dava nə olan şeydi. Nənələr ağlayanda qız nəvələri də ağlayırdı, oğlanlarsa burunlarını çəkirdilər.
Elə həmin payız səhərinin birində Tapdıq şofer Vəlinin qapısını döydü. İçəri keçdi. Şofer Vəlinin arvadı ocaq qal ayırdı. Od düşməmiş ocağın tüstüsündən gözləri yaşarmışdı. Qapı açılan kimi başını qaldırdı, yaşarmış gözləri ilə qapıya baxdı. Tapdığı görən kimi gülümsədi, bildi ki, xeyirdi, dedi:
- Vəli inəyi naxıra aparıb, indi gələr, otur. Köynəyini niyə gətirmədin suya çəkəydim, ay Tapdıq, bu nə üst-başdı, belə?
Tapdığın çiyinləri ağırlaşdı. Cavab verə bilmədi, elə onu dedi ki, Vəliyə de, sədr çağırır.
Ocaq odlanmışdı. Təzəyin yanıq iyi evi götürmüşdü. Tapdıq tez-tez fikrindən keçirərdi, fikirləşərdi ki, evlənərəm, şofer Vəlinin evi kimi bir ev tikdirərəm. Deyərlər: o tüstü çıxan da Tapdığın evidi, həmişə də bunları fikirləşəndə şofer Vəlinin ocağının iyini xatırlayırdı.
Qapıdan çıxdı, bir az aralanmışdı ki:
- Tapdıq əmi, - deyə çağırdılar.
Geri qanrıldı. Şofer Vəlinin balaca qızı gözlərini ovuşdururdu.
- Tapdıq əmi, - dedi, - mənə də kağız gətirərsən, ağrın alım.
Göyərçin arvadın qapısından keçəndə Cəmili xatırladı. Cəmil Göyərçin arvadın gözünün ağı-qarası idi. Təzəcə nişanlanmışdı ki, dava 
başladı. Kolxozun sürüsünü otarırdı. Naxışlı, yeddimərtəbəli qamçısı var idi. Davaya gedəndə onu da apardı. Sonralar o qamçını vayenkomun otağında gördülər.
Cəmildən tez-tez kağız gəlirdi. Üçkünc məktubunun bir üzündə həmişə bayatı yazırdı:
Götürdü göy at məni,
Saxlasın sayat məni.
Baş qoyum dizin üstə,
Çox yatsam, oyat məni.
Sonra Cəmil bir də məktub yazmadı. Böyükdən-kiçiyə hamını nigaran qoydu. Tapdıq Cəmilin bayatılarını əzbər bilirdi. Arabir özü də düzəldirdi. Çox istəyirdi ki, uzaqlarda bir sevgilisi olaydı. Bu düzəltdiyi bayatıları da ona göndərəydi.
Şenliyə sarı qalxdı. Evlərin heç birinin qırışığı açılmamışdı. Pəncərələrdə, bacalarda hələ də nəm vardı.
Sarı kişinin oğlu bugünlərdə qayıtmışdı. Onlar da ürəkdən sevinə bilmirdilər. Çünki qonum-qonşunun gözü yolda idi. Sevinmək, şadlanmaq olmurdu.
Bu vaxt kəndin ortasından uşaqlar üzüaşağı yüyürüşdülər. Tapdığın ürəyinə damdı ki, gələn var. Dizləri sızıldadı, bir andaca bütün qapılar açıldı, gəlinlər yaşmaqlarını unutdular, qızlar gözaltılarını. Çığırışa-çığırışa səsə sarı yüyürdülər. Çoxu ağlayırdı, kəsik-kəsik səslər gəlirdi:
- Atam-anam, ay qardaş, uğrunda ölüm!
Tapdıq yerindəcə donub-qalmışdı. Heç kəs bilmirdi, bu muştuluq kimin qapısına gedir. Qabaqda qaçan yenə Mədət idi.
Mədət dava qurtaran gündən üç evi muştuluqlamışdı. Bu, dördüncü muştuluq idi. Amma özünün atasından heç bir xəbər yox idi. Anası ağlayırdı: - “Nə oldu bu baxtıqaraya, səs-səmiri çıxmadı”.
Mədət kəndin quzusunu otarırdı. Dava qurtaran gündən quzunu yol üstə aparardı. İndi də quzunu qaşda qoyub, başıalovlu muştuluqla qaçırdı. Yanından keçəndə Tapdıq soruşdu:
- Kimdi gələn, ay Mədət?
Amma Mədət dinmədi, ötüb-keçdi.
Tapdıq bircə onun gözlərini görə bildi. Mədət də ağlayırdı. Tapdıq da onun ardınca qaçdı. Mədət Hürü qarının hasarından atdanıb özünü onların həyətinə saldı. Hürü qarı hay-haraya eşiyə çıxmışdı. Gözləri yaxşı gör¬mürdü. Əllərini irəli uzadıb taqətsiz addımlayırdı:
- Kimsən, ay oğul, kimsən, nə xəbərnən gəlirsən? Tez ol, de, öldürmə məni?! 
Mədət qışqırdı:
- Oğlun İsmayıl gəldi, muştuluğumu ver, ay Hürü nənə!
Hürü qarının dizləri qatlandı. Gəlin-qız hamısı elə bil dumana büründü. Mədət də birdən-birə necə gəlmişdisə, eləcə də yox oldu, Hürü qarı gərmə qalağının dibinə çökdü, özündən getdi...
...Bir azdan İsmayıl Hürü qarını qucağına götürmüşdü. Kövrələ- kövrələ gülürdü:
- Atam-anam, ay ana, noldu sənə, gəlmişəm, neylədiyindi, bir belə gözləyibsən?!
Hürü qarı aradabir özünə gəlirdi, hıçqırırdı. Bacıları İsmayılın ayaqlarını qucaqlayıb ağlayırdılar, hamı gözüyaşlı gülümsəyirdi. Yaşlılarsa Mədəti danlayırdılar:
- İlin bu vaxtında muştuluq gətirəndə də gözləyin, oğul, ürək fağır neyləsin, dərdə yenə birtəhərliknən dözür, belə sevinclərəsə dözmür hərdən, ehtiyatlı olun, gözləyin!
Hürü qarı özünə gəlmişdi. İsmayılın boynunu qucaqlayıb ağlayırdı. Heç kim sakitləşdirə bilmirdi. Mədət peşmançılıq çəkirdi, uşaqların hamısına da qəribə gəlirdi ki, Hürü qarı niyə sevinmir, sevinə bilmir?
Hürü qarının əlində-ovcunda bəslədiyi qoçu muştuluğa kəsdilər. Uşaqlar qatara düzüldülər. Məhəmməd baba barmağını qoçun qanına batırıb bir-bir uşaqların alnına xal vurdu:
- Muştuluq qanıdı, - dedi, - a bala, gəl, alnında gəzdir, dədən gəlsin, sənin də dayın gəlsin, oğul, sənin də əmin gəlsin, qızım!
Hamısının da bir-bir könlünü aldı. Sonra Bəyalı kişinin sazı dördüncü kərə köynəyindən çıxdı, el havası çaldı, oxudu.
Telli qarı da əsasına söykənib gəldi, İsmayıl yerindən qalxıb ona sarı getdi. Telli qarı İsmayılın üzündən-gözündən öpdü. İçini çəkə-çəkə dedi:
- Qaraltınıza qurban olum, ər igidlərim, ürəyimizin yağın əritdi bu beş il. Torpaq götürməyəcək pis adamı. Bizim uşağı görmədinmi bə? Niyə bir yerdə gəlmədiz? Dilim-ağzım qurusun, bir xəta-zad dəyər uşağa. Bir yerdə qayıdaydınız dayna!
İsmayılın kürəyindəki qəlpə yarası sızıldadı, göynədi. İstədi Telli qarıya bir söz desin, udqundu, bir şey düzəldib deyə bilmədi. Bəyalı kişi sazı dilləndirdi, yorğun, ağır səslə oxudu:
Nə yatıbsan, dəli könlüm, Oyan, yar gəldi, yar gəldi.
İsmayıl təzədən kövrəldi, burnunun ucu göynədi. İsmayılın sümüklərindən hələ də səksəkə getməmişdi. Hələ də elə bilirdi ki, indicə
maşın gələcək, dayanacaq evlərinin qabağında. O da minib yenə qayıdıb gedəcək.
Mədətin muştuluğunu verdilər, qayıdıb getdi. Ardınca baxıb, - ayağı sayalı uşaqdı, - dedilər. Atasına oxşayıb, atası da xeyirxəbər adamıydı. Fağırın amma səsi-sorağı çıxmadı. Sən rastına sal, hey!
Mədət ayaqlarını güclə atırdı. Elə bil bayaq quş kimi uçan uşaq bu de¬yildi. Elə bil Tapdıq da onu indi görürdü. Boynu lap nazik idi. Tapdıq indi bildi ki, Mədətə niyə tay-tuşları armud Mədət deyirlər. Əynində yamaqlı şalvar var idi, ayağında quşburun çarıq. Təkcə papağı təzə idi. Onu da Sarı kişi muştuluğa vermişdi.
Tapdıq dava qurtarandan heç kəsi muştuluqlaya bilməmişdi. Gündə gedib qonşu kənddən məktubları gətirərdi. Saatlarla da oturub gözləyərdi ki, bəlkə gələn oldu, Mədətə baxıb deyirdi:
- Zalım oğlu elə bil bulaq gözündə böyüyüb, olub muştuluq quşu! Gün günorta idi. Hələ də qız-gəlin Hürü qarının evinə gözaydınlığına gəlirdilər. Telli qarı hələ də İsmayılın yanını kəsdirmişdi, hələ də soruşurdu:
- Yuxusun görmüşəm apaydın. Başına dönüm, ay İsmayıl, bə nə təhər oldu, bu beş ildə görmədin uşağı? Ürəyimə tıqqıltı salma. Niyə bir şey demirsən?
İsmayıl da suçlu-suçlu deyirdi:
- Bu gün-sabah gələcək, ay Telli nənə, arxayın ol, bu gün-sabah gələcək.
Poçtun vaxtı idi. Tapdıq atı yəhərləməyə getdi. At vaxtını bilirdi. Günorta harda olsa gəlib kəsdirirdi qapını. Tapdığı gözləyirdi. İndi də Tapdıq getdi gördü ki, tövlənin qabağında mürgü döyür. Yəhərləyib yola çıxdı. Beş il idi, uşaqlar yolun ağzını kəsdirib məktub gözləyirdilər. Tapdığın əlinə baxırdılar. İndi dava qurtarmışdı. Məktub gözləyən yox idi. Məktubdan qorxurdular. İndi bütün qapılara muştuluq lazım idi.
Tapdıq bələni aşdı. Mədətin quzusu otlayırdı, özü yox idi. Atın üstündə dikəldi, gördü qaşdaca dayanıb yola baxır, keçib-getdi. Mədət heç dönüb ona baxmadı da. Arıq at yenə də poçtun qabağındakı dirəyə çatıb dayandı. Yenə Tapdıq dirəkdən tutub atdan düşdü, arıq at yenə başını dirəyə sürtdü.
Tapdıq içəri girəndə poçtda işləyən qız gözlərini sildi, birdən-birə gülümsədi, yaşlı gözləri sevindi:
- Sizin Cəfər müəllim gəlir, - dedi, - rayondan zəng eləmişdilər. Get, muştuluqla, ay Tapdıq. Mənim muştuluğumu da sən verərsən.
Tapdığın ürəyi uçundu:
- Yaxşı, - dedi, - lələmin canı üçün sənin muştuluğun məndə. Eşiyə çıxdı. Gördü kəndin içiynən at arabası qalxır. Arabanın içi dolusu ot var. 
Tapdıq ata mindi, arıq at araba atlarını görüb qulaqlarını şəklədi, içini çəkdi. Arabada bir əsgər var idi, bardaş qurub oturmuşdu. Sinəsi orden-medalla dolu idi. Tapdıq yalnız yaxınlaşanda tanıdı ki, Cəfər müəllimdi.
- Hamı yoldan sağlıqla, - dedi, - müəllim!
Gələnlərin hamısının üzündən öpürdü. Amma müəllimindən utandı. Eləcə papağını çıxartdı. Cəfər müəllim diksindi:
- Ömrün uzun olsun, - dedi, - tanıya bilmədim, bağışla.
Tapdıq dedi:
- Mən Sarallı Qulamın oğlu Tapdığam, müəllim.
Cəfər müəllimin gözlərinin qabağında balacaboylu, irigözlü bir oğlan canlandı. Həmişə dərsə hazır gələrdi. Əli göydə olardı. “Müəllim, mən danışım, mən danışım”. Hər səhər baxardın ki, axsaya-axsaya dərsə gəlir. Uşaqlar əyri Tapdıq deyib, cinlədərdilər.
Cəfər müəllim dayanıb tamaşa edirdi. Tapdıq da için-için ağlayırdı. Elə onu Cəfər müəllimin belə baxmağı ağladırdı. Arabaçı başını bulayırdı. Atlar da burun-buruna verib qulaqlarını qırpırdılar. Cəfər müəllim elə onu dedi:
- Elə bilirdim indi yekə oğlan olmusan? Sonra da döndü yan- yörədəkilərə dedi:
- Mənim əlaçı şagirdim idi!
Poçtda işləyən nişanlı qız da orda idi. Yenə gözlərini silirdi. Cəfər müəllimin səsi dəyişmişdi, nazilib sönmüşdü. Onun səsi Tapdığın yadındaydı. Ələsgərdən qoşmalar deyərdi, yoğun kişi səsiylə:
Adım Ələsgərdi, Göycə mahalım,
Dolanım başına, ay ağrın alım...
O qoşmaları Tapdıq əzbər bilirdi. Həmişə də arıq atı minib yola çıxanda oxumaq istəyirdi. Nə qədər eləyirdi, oxuya bilmirdi. Səsi çıxmırdı.
Atı qamçılayıb kəndə xəbərə getdi. Arabaçı da arabasını tərpətdi. Arıq atı çoxdan idi, heç kəs belə qovmamışdı. Yola çıxanda sağrısından tər damcılayırdı. Tapdığın vurduğu qamçının ağrısı arıq at üçün yeni bir duyğu idi. Arıq at da bu sevinci duymuşdu. Var gücü ilə kəndə sarı dartınırdı.
Araba yavaş-yavaş yalı qalxırdı. Kəndə yaxınlaşdıqca, Cəfər müəllim daha çox kədərlənirdi. Ürəyindən keçənlərdən heç kəsin xəbəri yox idi. Arabaçıya nazik, gücsüz səsiylə deyirdi:
- Bu gündə heç bilmirəm, necə çıxacam anamın üzünə. Ağlayıb özünü öldürəcək. Oğlum indi yekələnib yekə kişi olub. Məni belə görsə, sıxılacaq
tay-tuşlarının arasında.
Arabaçı qoca kişi idi. Elə bu arıq atlarıyla, yağsız arabasıyla beş il idi, kəndlərin çörək payını daşıyırdı:
- Niyə belə danışırsan, - dedi, - oğlum? Quruca nəfəsiniz bəsimizdi. Kaş elə mənim oğlum da belə gələydi, amma gələydi. Qız-gəlinin birçəyinin biri ağ oldu, biri qara. Arvad-uşaq qollarını kösöv elədilər. Çalışdılar, dedilər, yeriniz boş qalmasın. İndi sənin belə danışmağın heç kəsə xoş gəlməz. Oğlun yekəlib, maşallah. Niyə elə deyirsən? Başı uca olacaq tay- tuşlarının yanında.
Cəfər müəllim heç nə demədi. Yerində qurdalandı, ayaqları dizdən aşağı yox idi. Otun içində tərpənəndə arabaçının ürəyi səksəkələndi, sarı kürənə bir qamçı çəkdi. Cəfər müəllim taxta ayaqlarını çıxardıb yanına qoymuşdu. Arabaçı birinci dəfə idi ki, taxtadan ayaq görürdü.
Mədət yenə quzuları yamacda qoyub arabanın qabağı ilə kəndə sarı qaçırdı. Tapdıq kəndə çathaçatda idi. Yenə bütün evlərin qapısı açıldı. Gəlinlər gəlinliyini, qızlar gözaltılarını unutdular. Tapdığın qabağına qaçdılar. Yenə nəfəsləri təngiyə-təngiyə deyirdilər: “Ölüm, ay qardaş, uğrunda ölüm”. Tapdıq nazik, cır səsi ilə qışqırdı:
- Cəfər müəllim gəldi, Cəfər müəllim gəldi.
Elə bu səsi, bu sözü Tapdığın ağzından aldılar, bir andaca muştuluq gəlinlərin, qızların, uşaqların səsi ilə yastananı aşdı, Cəfər müəllimgilin qapısına endi.
“Cəfər müəllim gəldi”.
Cəfər müəllimin anası yataqda idi. Bir il idi ayağa durmurdu.
Yanına gələn arvadlara da deyirdi:
- Elə Cəfəricə gözləyirəm, yoxsa çoxdan tapşırmışdım canımı. Quruca nəfəsim qalıb, qoy gəlsin, nəfəsim nəfəsinə dəysin.
İndi qapılar birdən-birə açıldı. Cəfərin arvadı dördyaşlı qızını yerə qoydu. Başıaçıq, ayaqyalın qapıdan çıxdı. Uşaq ağlaya-ağlaya qaldı, tükü ütülmüş pişik uşağın ağladığını görüb ocaq yerindən çıxdı, yumşaq addımlarıyla gəldi, uşağın yanında xumarlandı. Quyruğunu onun üzünə sürtdü, uşaq səsini kəsdi.
Qarı yataqdan dikəldi. Bayıra baxdı. Birdən-birə pəncərənin işığı gurlaşmışdı. Qonşuların həyəti apaydın görünürdü. Nə müddət idi qarının gözləri tor görürdü. Birdən-birə elə bil toru kəsib atmışdılar. Qarı Cəfəri elə bu cür gözləyirdi, bu cür də gəldi. Bir il idi əldə gəzdirirdilər. İndi asanlıqla qalxdı. Qomrovlu sandığının ağzını açdı, koftasını geyindi, dingəsini qoydu, baftasını çəkdi, çəkələyini ayağına alıb eşiyə çıxdı. Hasarın dibinə qədər gəldi, qızlar, gəlinlər qarını ayaq üstə görən kimi təzədən kövrəldilər. 
Arabanı araya almışdılar. Kənddə qəribə səs-küy var idi. Araba yaxınlaşanda Cəfərin anası özünü saxlaya bilmədi. Yanındakı arvadlara dedi:
- Qolumdan tut, ay Sayalı, yıxılıram.
Qarı gözləyirdi ki, Cəfər indi arabadan atdanacaq, yüyürüb hasardan aşacaq, amma Cəfər eləcə oturub gülümsəyirdi. Qurşaqdan aşağısı otun içindən görünmürdü. Qarının ürəyinə tıqqıltı düşdü. Sümüyünə damdı, araba hasarın dibində dayandı. Cəfər elə arabadanca əyilib anasının boynunu qucaqladı:
- Niyə belə, - dedi, - bə ay ana, niyə belə sınıxmısan? Sənə gedəndə demədimmi fikir-zad eləmə?!
Anasının arıq quru əlləri Cəfərin üzündə-gözündə gəzirdi. Cəfər də titrək, kövrək nazilmiş səsi ilə kəsik-kəsik deyirdi:
- Mən də belə gəldim, ay ana, ayağımı orda qoydum. Ağlayıb-eləmə başına dönüm, ay ana!..
Anasısa heç nə eşitmirdi. Oğlunun boynunaca sarılıb:
- Boyuna-buxununa qurban olum, - deyirdi, - vergili bal am, şair balam.
Tapdıq hasarın dibindəcə dayanıb tamaşa eləyirdi. Arıq at da yedəyində yenə araba atlarına sarı dartınırdı. Arabaçı Cəfər müəllimi qucağına götürüb evinə apardı. Taxtın üstünə qoydu. Cəfər müəllim taxtın başından şalı götürüb dizlərinin üstünə saldı. Tapdığın ürəyindən bir gizilti keçdi. Qocalar, gəlinlər, qızlar gəlib yenidən görüşdülər. Cəfər müəllim oğlunun başını sığallayırdı.
Tapdıq arıq atın yüyənindən çəkib getdi. Heç muştuluğunu da gözləmədi. Yan-yörədən uşaqların səsi gəlirdi:
- Gördünmü, Toğrulun atasının medallarını, gördünmü?
Axşam düşmüşdü. Dağlar yavaş-yavaş kölgələnirdi. İnəklər mələyə- mələyə örüşdən qayıdırdı. Cəfər müəllim dikəlib pəncərədən kəndin bu axşamına baxırdı. Kənd elə həmin kənd idi. Sürülü, naxırlı, ilxılı. Bir az adamlar dəyişmişdi. Gəlinlərin səsi kişi səsinə bənzəyirdi, qızların əlləri codl aşmışdı, qabar bağlamışdı. Payız sarala-sarala düz həyətl ərə gəlib çıxmışdı.
Tapdıq, Cəmilin bayatıları da fikrində, arıq atı yedəkləyib hasarların dibi ilə uzaqlaşdı. Cəfər müəllimin ardınca baxdığını hiss eləmədi.