Norveç yazıçısının hekayəsi

 

Tarey Vesos

(1897–1970)

 

Qışın son günləri

(hekayə)

 

Göydən sıx, pambıq kimi ağ qar dənəcikləri yağırdı. Amma bu heç nəyi dəyişmirdi. Bu axşam hər şey gözəl idi.

Ətrafda pərakəndə tikilmiş evləri “şəhər” adlandırmaq çətin idi. Onlar təpə boyu nizamsız şəkildə düzülərək xeyli sayda küçə və dalan əmələ gətirmişdilər.

İndi bu evlərin üstü qarın ixtiyarındaydı və yumşaq qar dənəcikləri dar dalanlardakı parlaq küçə fənərlərinin işığında daha aydın görünürdü. İşıq zolaqları qarı olduğundan da ağ göstərirdi.

Qar bu sakit küçələrə yağdıqca yağırdı. Fənərlərin altında bir ayaq izi belə yox idi. Hamı öz evindəydi. Amma yox, bu gözəl axşama elə buradaca dayanıb sevinən də var idi. Evin divarının kölgəsində ortaboylu bir qız dayanıb-durmuşdu. Daha doğrusu, o qız divarın yarımkölgəsində dayanmışdı. Çünki qar və fənər hər tərəfi elə işıqlandırmışdı ki, kölgə, demək olar, itmişdi.

Qız çoxdan buradaydı, izləri də artıq yox olmuşdu, sanki o, bura qarla birgə qaranlıq göydən enmişdi.

Tərpənmirdi. Elə bil bu kimsəsiz yerə beləcə, qara bələnmək üçün gəlmişdi. Amma əslində, bura gəlib qarın altında üşüyə-üşüyə dayanmağının tamam başqa səbəbləri var idi.

Yox, bu qar məni dondurmaz, dondura bilməz! Sevinc hissinin çoxluğundan boğula-boğula düşünürdü. Həmin o qəmli, çuqun adamı altındakı kürsüsüylə birlikdə dondurur, qoy dondursun, özü bilər, amma mənə soyuq-zad deyil, əksinə, qardan isinirəm.

Düzü, qar yanımdan uçub-keçir, üstümə düşəndə isə daha xoş olur.

Bununla belə, sıx, nəm qar dənəcikləri onun çiyinlərinə, iplə boynunun ardından bağladığı oğlan şapkasının üzərinə, ümu­miyyətlə, özünə yer eləyə bildiyi hər tərəfə düşürdü. Qız başdan-ayağacan qar içindəydi.

Uçan qarı müşahidə eləyib əmin oldu ki, bu yağıntı onun da üstünə düşür. Əlbəttə, düşür. Özü də tərpənmək lazım deyil. Hətta belə daha yaxşıdı: qara batmağıma yox, başqalaşmağıma görə. Bu axşam hər şey tamam fərqli olacaq.

Qoy o, bura gələndə məni tanıya bilməsin.

Qız həmin o qəmli, çuqun heykəl kimi donub-qalmışdı, tərpənmirdi. Bu sərgərdan heykəl tək-tənhaydı, qızda isə həyat qaynayırdı.

O gələnəcən beləcə dayanıb-duracam. O axı bu heykəl kimi dəmirdən deyil, ətdən-qandandı, diridi. Soruşacaq – bu sənsən? Yoxsa gördüyüm yalnız qardı?

Qız get-gedə daha da isinirdi.

Qardı da, özüyçün yağır.

İlk dəfəydi, görüş yeri təyin etmişdilər. Əsas da bu idi. Bu axşamdan da, bu qardan da mühüm olan bu idi.

Görən, məni nə gözləyir? – qız xəyal edirdi.

Necə adamdı? Demək olar, onun haqqında heç nə bilmirəm. Cəmi bir neçə dəfə görmüşəm, vəssalam.

Ürəyi həyəcanla döyündü.

Yox, hər halda, onu tanıyıram. Nə qədər lazımdı, o qədər də görmüşəm.

Qara əhəmiyyət vermədən qarşıda onu gözləyən görüş barədə düşünürdü.

Özünü necə aparacaq?

Salamlaşıb əlimdən tutacaq.

Hə, əlbəttə! Bəs sonra?

Tap görüm, necə tapırsan?

Bəlkə, məni qucaqlayacaq? Bilirəm, onlar hamısı belə eləyir. Mənə də az yaxınlaşmayıblar. Amma onları yadıma belə salmaq istəmirəm. İndi hər şey tamam fərqli olacaq.

Bu axşam hər şey istədiyim kimi olacaq.

Hansı hər şey?

Bu barədə düşünmək belə təhlükəliydi. Artıq qarın onu gözəllər gözəlinə çevirdiyini də unutmuşdu. Fikirləri qar fırtınası kimi dövrə vururdu, onları tutub saxlamaq mümkün deyildi. Əslində, buna cəhd də eləmirdi. Həyatında olanları xatırladı. Onlar o qədər də çox deyildi.

Yan-yörəsinə baxıb özünə dedi: yaxşı ki adamın nə düşündüyünü üzündən oxumaq olmur. Düşüncələri – onun sirləridi.

Qar isə yağdıqca yağır, onu da ağ sehrinə bələyirdi. Qız hər şeyə sevinirdi. Balaca, yüngül, on yeddi yaşlı qız.

Düşündü ki, oğlan da ondan böyük olmaz. Daha çox qalmayıb, hansı yolla olur-olsun, onun barəsində nəsə bir şey öyrənəcəm. İndilərdə gəlib çıxar. Axı birinci gəlib gözləməyi özüm istədim.

Budur, gəlir.

Uçan qarın içiylə kiminsə bu tərəfə gəldiyini sezdi. Hələlik gözə dəyən yalnız hərəkətdə olan naməlum bir qaraltı idi.

Mən isə büsbütün qar içindəyəm. Ona yaxınlaşan kişi, ya da oğlan idi. Qız diksindi. Gözlədiyi adam deyildi. Başqasıydı, bu­ralarda, qonşuluqda yaşayırdı. Elə bir tanışlıqları da yox idi. Gözlədiyi isə buralı deyildi. Bəs onda bu nədi? Yəqin, o oğlanın, sadəcə, yolu buradan düşüb. Tərpənmək lazım deyil.

Amma oğlan gəlib ona çatanda ayaq saxladı. Bu qıza, onun gözəl libasına və qarın altında par-par yanan gözlərinə baxdı.

– İlahi!.. – oğlan heyrətdən donub-qaldı. Gözünü qızdan çəkə bilmirdi. Və qız da qeyri-iradi bu baxışlara bütün naz-qəmzəsiylə cavab verdi. Əslində, bu, öz-özünə alındı, qız hətta bu baxışlardan utanmağa belə imkan tapmadı. Qarlı kirpiklərinin altından baxan gözləri işım-işım yanırdı. Artıq o kölgədən də əsər-əlamət qalmamışdı.

Oğlan lap yaxınlaşdı. Qız qəflətən qorxub pıçıldadı:

– Nəsə olub?

Oğlan əlini uzadıb qızı bürüyən qara toxundu, amma dərhal da çəkdi. Deyəsən, nə istədiyini özü də bilmirdi.

– Nəsə olub? – qız təzədən pıçıldadı.

 

Cavab gəlmədi. Oğlan susmuşdu və heyrətlə qıza baxırdı. Gözünü qızdan çəkmədən onun ətrafında dövrə vurdu. Qız ona sarı dönmədi, pıçıltısı da eləcə havaya ünvanlandı:

– Nəsə olub?

Oğlan, nəhayət, özünə gəldi. Qızın üzünə baxdı. Amma suala cavabı olmadı. Qız içində olanları hamıyla bölüşməyə can atsa da, daha əvvəlki kimi göz qamaşdırmırdı.

Oğlan qəflətən səsi kəsilə-kəsilə dilləndi:

– Hə, olub... amma sən qorxma.

Qıza elə gəldi ki, ürəyinə xəncər soxdular. Sanki qeyri-ixtiyari oğlanın hələ dilinə gətirmədiyi sözü eşitdi.

– Gəlməyəcək?

Oğlan gözünü ona zilləyib susmuşdu.

Qız cavabı əvvəldən bilsə də, özündə cəsarət tapıb ən qorxduğu sualı ünvanladı:

– Getdi?

Oğlan başını tərpətdi.

Bu oğlan da çox gənc idi. İndi onun gözləri parlayırdı.

Qız tərpənmirdi və qar əvvəlki kimi eləcə üstündəydi. Dayanıb-durmuşdu. Oğlanın gözləri isə parıldayırdı. Qəflətən qıza elə gəldi ki, qar uçqunu altında qaldı. Hətta gurultu səsi də eşitdi. Soyuq külək əsdi.

– Səni bunu mənə demək üçün göndərib?

Oğlan cavab vermək istəmirdi. Başını tərpətdi də, məgər bu, bəs deyil?!

Özünü toparla! – içindən gələn səs qıza deyirdi.

Amma elçi tamam başqa şeydən danışdı.

– Sakit, tərpənmə. İndi necə göründüyünə özün də məəttəl qalarsan.

Oğlan ona tapşırılanı deyə bilməzdi. Aldığı bu tapşırığı yerinə yetirmək onun gücü xaricində idi.

Ürəyinin bir yerində indi necə göründüyünü qız özü də bilirdi. Neynək, qoy necə istəyir, elə də olsun. Qız daha dözə bilmirdi, gözlərindən yaş sel kimi axdı, dərhal da qurudu. Və bu andaca elə bil hər tərəf isindi. Oğlan dayanıb ona baxırdı.

Qızın göz yaşlarının axmağıyla qurumağının bir olduğunu görüb:

– Bax bu, yaxşı oldu.

Qız onu anlamadı, yalnız bir şeyi soruşmaqla kifayətləndi:

– Səbəbini dedi?

Oğlan dinmədi, sonra dediyi sözdən isə qız səksəndi.

– Gəl səni qardan təmizləyim.

Qız xəyallara dalmışdı. Oğlan qızın razılığını gözləmədən işə başladı. Köhnə əlcəklərini yerə atıb yalın əlləriylə qızın başındakı oğlan şapkasını onun üstünü bəzəyən qar tacıyla birlikdə çıxardı.

– Daha səni bəzəndirən olmayacaq, qar artıq dayanıb.

Hə, qar daha yağmırdı. Qız yalnız indi bunu sezdi. Hər tərəf sakit və isti idi. Oğlan qızın şapkasını çırpıb təzədən başına qoydu və o, yenidən əvvəlki bəstəboy qıza çevrildi. Oğlan onun çiyinlərindəki qar topalarından sanki utanırdı.

– Gərək səni qardan tamam təmizləyək, – deyirdi. – Buranı da, buranı da təmizləyək. Bax belə, aramla, asta-asta...

Sinəsindəki yüngül qar örtüyünü təmizləyəndə qız hiss elədi ki, oğlanın əlləri nəsə əvvəlki inamını itirib. Düşündü ki, yəqin, əlləri soyuqdan donub.

İndi nə edəcək?

Qız nəfəsini udub dayanmışdı. Oğlanın əlləri isə öz işindəydi. Və o, get-gedə adi qıza çevrilirdi.

Nəhayət, oğlan:

– Vəssalam, qurtardıq, – dedi, amma getmədi.

İndi nə istəyir?

Qız yenə nəfəsini uddu. Hiss edirdi ki, oğlan deməyə söz axtarır. Üstündən qarı təmizləyəndə ona baxmaq necə də xoş idi. Qəflətən oğlan dilləndi:

– Sən ağlayırdın.

Nə cavab versin? Oğlan olanı demişdi.

– Deyirəm, sən ağlayırdın.

– Deməli, bir səbəb varmış.

– Yəqin ki... Bilmirəm.

– Əlbəttə. Sən nə bilirsən ki! – qız kəskin tərzdə onun sözünü kəsdi.

– Bilmək də istəmirəm, – oğlan davam etdi, sanki qız onun sözünü kəsməmişdi. – Amma indi hər şey dəyişib, – əlavə etdi.

– Sən niyə getmirsən?

– Sənə baxmaq istəyirəm. Mənə elə gəlir, səni ilk dəfə görürəm. Hər şey necə də qəribədi.

Oğlanın səsində nəsə bir tənhalıq var idi.

– Doğrudan, qəribədi, – qız cavab verdi.

Nəhayət, oğlan:

– Sənə toxunanda əllərim dondu, – dedi. – Tamam qar içindəydin.

– Doğrudan? – sanki qızın ürəyinin sarı siminə toxunmuşdu.

Əlavə nəsə demək lazım idi. Hər ikisi hiss eləyirdi ki, susmaq olmaz. Və oğlan dedi:

– Olarmı əllərimi isidim?

– Yox, – qız tez-tələsik cavab verdi.

– Yaxşı, anladım.

Qız özünü saxlaya bilməyib:

– Bayaq necə də yaxşıydı, – dedi.

Oğlan gözlərini qırpmadan ona baxırdı. Fikirləri bir-birinə qarışmışdı. Qəflətən qızın içində bir nəvaziş hissi oyandı. Utana-utana:

– Qar lap yaşdı, – dilləndi.

Oğlan baxışlarını ondan çəkib:

– Hə, elədi, – dedi.

Doğrudanmı bu dəqiqə dönüb gedəcək? Əlbəttə, o, inadkarlıq göstərməsəydi, oğlan getməzdi.

Qız titrək səslə:

– Gedirsən? – soruşdu.

Oğlan nəsə mızıldandı və ardınca üzücü sükut yarandı. Yox, o getməməlidi.

– Dedin ki, əllərin donub, – qız yenidən titrək səslə dilləndi.

– Hə, nə olsun? – oğlanın eyni açılmışdı.

– Heç nə... Sadəcə, əllərin, doğrudan da, donubsa...

– Boş şeydi, artıq isinib.

– Lap yaxşı.

Hər şey bir-birinə qarışmışdı, amma məhz indi həm də hər şey öz yerindəydi.

Qız:

– Yaxşı, toxun, – dedi və içini nəvaziş bürüdü. Qız bu dəfə etiraz etmədi və oğlanın buz kimi əlləri ona toxundu. Qız bu təmasdan sanki büsbütün əridi. İndi daha donmayacaqdılar.

Oğlan astadan:

– Necə də yaxşıdı, – dedi.

– Hə, – qız pıçıltıyla cavab verdi.

 

 

 

 

Tərcümə edən: YAŞAR