Qohum dillərdən tərcümə problemləri

 

Qohum dillərin öyrənilməsi, həmin dillərdə nitq vərdişinin yaradıl­ması və qarşılıqlı tərcümələr xüsusi hazırlıq, dərin nəzəri bilik və böyük təcrübə tələb edir. Fikrimizcə, türkcədən azərbaycancaya və əksinə tərcümələrə məhz bu müstəvidə – qohum dillərdən tər­cümə nəzəriyyəsi konteks­tində yanaşmaq lazımdır. Azərbaycan və Türkiyə xalq­larını qədim və zəngin ümumtürk mədəniyyəti, or­taq tarixi keçmiş, genotip və dil kökü, məişət, din və adət-ənənələrdəki birlik və yaxınlıq birləşdirir.

Ötən əsrin 80-ci illərinin sonu – 90-cı illərinin əvvəllərindən etibarən, xüsusilə ölkəmiz yenidən öz müstə­qilliyini əldə etdikdən sonra xalqları­mızın qarşılıqlı münasibətləri sürətli inkişaf yoluna qədəm qoyub. Türki­yədə və ölkəmizdə taleyüklü tarixi hadisələr, fundamental ictimai-siyasi dəyişikliklər baş verir, dövlətlərimiz arasındakı siyasi-diplomatik, iqtisa­di-ticari, ədəbi-mədəni və elmi əla­qələr dinamik inkişafla səciyyələnir. Ümummilli lider Heydər Əliyevin türk dünyasında aforizmə çevrilmiş “bir millət, iki dövlət” müdrik kəla­mı müasir Azərbaycan-Türkiyə qar­şılıqlı münasibətlərinin xarakterini kifayət qədər aydın şəkildə izah edir və xalqlarımız arasındakı əlaqələrin inkişaf formulu kimi qəbul olunur.

Bu gün türk dilləri ailəsinin ən böyük qolunu təşkil edən Türkiyə türkcəsinin obyektiv və elmi şəkildə öyrənilməsinə şərait yaranıb. Sözsüz ki, belə bir şəraitdə Türkiyə türkcə­sinin qohum dillərdən tərcümənin nəzəriyyəsi və təcrübəsi müstəvisin­də Azərbaycan dili ilə qarşılaşdırmalı-müqayisəli şəkildə araşdırılması da xüsusi əhəmiyyət kəsb edir. Bu son dərəcə mürəkkəb prosesin öyrə­nilməsi, iki yaxın qohum dilin ümu­mi və fərqli cəhətlərinin elmi-nəzəri tədqiqi, bu fərqlərin türkcədən azəricəyə şifahi və yazılı tərcümə işin­də meydana çıxardığı çətinliklərin müəyyənləşdirilməsi Türkiyə türk­cəsi mütəxəssislərinin qarşısında du­ran aktual problemlərdəndir.

Qohum dillərdən tərcümə nəzə­riyyəsinin özünəməxsus özəllikləri, ümumi tərcüməşünaslıqdan, eləcə də xüsusi tərcümə nəzəriyyəsindən fərqli məziyyətləri var. Hər şeydən əvvəl, qohum dillərdən tərcümə edən mütərcim öz üzərində daim “hazırlıqlı” oxucu nəzarəti hiss edir. Belə ki, uzaq dillərdən fərqli olaraq (təbii ki, söhbət bu dilləri bilənlər­dən və mütəxəssislərdən getmir) qohum dili ümumi şəkildə olsa da (gündəlük danışıq, məişət leksikası və s. səviyyələrdə) hamı başa düşür.

Tərcüməçi öz tərcüməsini iki dili də bilən oxucuya ünvanlayır, tam və ya qismən “ikidillilik” (“bilinqvizm”) məkan və şəraitində işləyir. Müqa­yisə üçün deyək ki, məsələn, ispan, yaxud yapon dilindən tərcümə zamanı belə bir “oxucu nəzarəti” xofu yoxdur. Bu qəbildən dillərin mütə­xəssisi olmayanların həmin dillə­rin orijinalından hər hansı bir bədii əsəri dilimizə tərcümə etməsi faktı ilə qarşılaşmaq mümkün olmadığı halda, Türkiyə türkcəsi mütəxəssi­si olmayan xeyli müəllif var ki, bu dildən azərbaycancaya tərcümələr edir.

Türkcədən azərbaycancaya tərcü­mədə “oxucu nəzarəti xofu” və ya “eyni dil” stereotip düşüncə səbəbiylə əməklərinin istehza ilə qarşı­lana biləcəyi ehtimalını nəzərə alan mütərcimlər türkcədən tərcümələr zamanı “azəricələşdirən”, “azərbay­cancaya uyğunlaşdıran”, “dilimizə nəql edən”, “azəricə işləyən”, “dilimizə uyğulayan” və s. yazırlar.

Türkiyədə isə türk dillərindən tərcümə işi üçün daha çox “aktarma”, “aktarım” (nəqletmə) termininə üs­tünlük verirlər. Halbuki tərcümə tərcümədir, hətta bu, transliterasiya olsa belə. Məsələn, osmanlıcadan müasir türkcəyə, ya­xud dilimizə mətn transliterasiyası bəzən bir mətnin tərcüməsindən da­ha çətin olur və mütərcimdən daha çox əmək tələb edir.

Yeri gəlmişkən, müasir türkcə və azərbaycancanın eyni olması, bu dillərdən tərcümənin absurdluğu və s. barədə mülahizələr də irəli sürülür.

Vaxtilə türk alimi Mustafa Haq­qı Türkəqul Cavidin dili barədə yazırdı: “Cavidin dili istər Azər­baycan daxilində, istərsə də Azər­baycan xaricində ən çox münaqişə və mübahisə olunan bir mövzu­dur. Məlum olduğu kimi, İstanbul türkcəsi ilə Azərbaycan türkcəsi arasında, ufaq da olsa, bir ləhcə fərqi var. Cavid İstanbul türkcəsini mənimsəmiş, bu şivəni bütün incə­liklərinə qədər öyrənmişdi. Yaradıcılığının ilk dövrlərində İstanbul şivəsini məharətlə kullanaraq yarat­dığı əsərlərində bu şivəni Azərbay­can ədəbi türkcəsinə yaxınlaşdır­mağa çalışmış və bu işə müvəffəq olmuşdur. Bunun üçün də Cavi­din türkcəsinə nə tamamilə İstan­bul türkcəsi, nə də tamamilə Azər­baycan türkcəsi demək qabildir.

Cəsarətlə deyə bilərik ki, Cavid bu iki türkcə arasında bir körpü yarat­mış və hər iki şivə arasındakı məsa­fəni qısaltmışdı. ...Cavidin işlətdiyi türkcə olduqca dadlı və işlənmiş, gözəl bir türkcədir. Şimali və Cənu­bi Azərbaycan, Türkiyə, Türküstan və s. türk ellərində tək bir münəvvər bulunmaz ki, Cavidi oxusun, onu anlamasın və onun türkcəsin­dən zövq almasın”.

Türkiyədə təhsil almış, “İstanbul türkcəsini mənimsəmiş, bu şivəni bütün incəliklərinə qədər öyrənmiş” Hüseyn Cavidin XX əsrin I qərinə­sində qələmə aldığı əsərlərinə müna­sibətdə deyilmiş bu fikir dəqiqdir və heç bir şübhəyə yer qoymur. Həqi­qətən də, Hüseyn Cavidin dili məhz türk ellərinin – mənəvi ərazimizin ortaq dilidir. Bizim burada üzərində dayandığımız məsələ hər iki dilin şifahi, yaxud yazılı nitqi və mətnləri­nin son 70-80 ildə diferensiallaşması və müasir sinxron müstəvidə fərqliləşməsi məsələsidir.

Ötən əsrin əvvəllərində ustad M.Ə.Sabir də yazırdı:

 

“Osmanlıcadan tərcümə türkə” – bunu bilməm,

Gerçək yazıyor gəncəli, yainki hənəkdir,

Mümkün iki dil bir-birinə tərcümə, amma

“Osmanlıcadan tərcümə türkə” – nə deməkdir?

 

Böyük şair bunu osmanlıcadan türkcəyə olan tərcüməyə etiraz ola­raq deyib və “türkə eləmək tərcü­mə” ləfzini məntiqlə qələt adlandı­rıb (yeri gəlmişkən, ustadın müasiri Əliqulu Qəmküsar bu etirazın əsas­sızlığına cavab yazsa da, şairi öz fikrindən döndərə bilməyib). Sabi­rin bu taziyanəsində dilə gətirilən etiraz şeirin qələmə alındığı 1910-cu il üçün də, xeyli sonralar da (təx­minən ötən yüzilin 30-cu illərinə qədər) başadüşüləndir. İndi bilmə­yən yoxdur ki, Cavid yaradıcılığı­nın ən müqəddəs ideyalarından bi­ri böyük mütəfəkkirin dil məsələsi, Turançı dil məfkurəsi idi. Bu gün türkdilli xalqların ortaq ədəbiyyatı və dilinin irəli sürüldüyü ideya böyük Cavidin məfkurə­sinin əks-sədası və davamıdır.

Vaxtilə Türkiyədə də, ölkəmizdə də klassik ədiblərin şeirləri olduğu kimi nəşr edilir, başa düşülməyən ərəb, fars kəlmələrinin qarşılığı mətnin axırında (səhifənin aşağısındakı haşiyədə) göstərilirdi. Klas­sik dönəmlərin əsərlərinə münasibətdə özünü doğrultmuş bu üsul və me­toddan müasir mətnlərin tərcümə­si işində də qismən istifadə edilir.

Bizcə, tərcümə prosesində dillə­rin qohum, yaxud uzaq olmasının tərcümənin asanlığı-çətinliyi mə­sələsi ilə birbaşa bağlantısı yox­dur və mütərcimin hər iki dili və ya dillərdən birini zəif bilməsin­dən qaynaqlanır.

Qohum dillərdən tərcümə mət­nin əslindən – orijinaldan edilir (tə­bii ki, vaxtilə türkcə əsərlərin rus dilinə, daha sonra bu dildən azəricəyə çevrildiyini unutmuruq), yəni sətri tərcümə tamamilə orta­dan qalxır, üçüncü bir dil üzərin­dən tərcüməyə ehtiyac duyulmur. Təbiidir ki, orijinaldan tərcüməyə imkan yaradan qohumluq müsbət cəhətdir. Leksik-frazeoloji tərkibin böyük ölçüdə ortaqlığı, morfoloji-sintaktik ümumilik tərcümənin öz əslinə tam adekvat olmasına imkan verir. Bu müsbət cəhət özü­nü poetik tərcümələrdə xüsusi göstərir. Tərcümə prosesində şei­rin forma, misra, bənd kimi kom­ponentlərinin bütünlüklə orijinala uyğunluğunu saxlamaq, qafiyə cütlərinin qarşılıqlarını əksər hal­larda tam mühafizə etmək müm­kün olur. Məsələn, Türkiyənin ta­nınmış şairlərindəm Kamaləddin Kamu Kaminin dilimizə çevrilmiş “Qürbət” şeirinə baxaq:

 

Gurbet o kadar acı

Ki, ne varsa içimde,

Hepsi bana yabancı,

Hepsi başka biçimde.

 

Eriyorum gitgide,

Elveda her ümide,

Gurbet benliyimi de

Bitirdi bir biçimde.

 

Ne arzum, ne emelim,

Yaralanmış bir elim,

Ben gurbette değilim,

Gurbet benim içimde.

 

Bu şeirin tərcüməsinə baxaq. Bi­rinci və ikinci bəndlər cüzi əl gəzdi­rilməklə transliterasiya edilib:

 

Qürbət o qədər acı

Ki, nə varsa içimdə,

Hər şey mənə yabançı,

Hər şey başqa biçimdə.

 

Əriyirəm get-gedə,

Əlvida hər ümidə,

Qürbət mənliyimi də

Bitirdi bir biçimdə.

 

Diqqət etsək, ritm, bölgü, qafiyə cütlükləri tərcümədə eynilə mühafizə olunub ki, bu da dillərimizin yaxın qohumluğunun ən bariz göstəricisi­dir. Lakin şeirin üçüncü bəndinin ilk iki misrasının tərcüməsində qeyri-də­qiqlik nəzərə çarpır ki, nə qədər qəri­bə olsa belə, bu səhv də türk və Azər­baycan dillərinin qohumluğundan qaynaqlanır. Belə ki, şəxs (xəbərlik) şəkilçiləri ilə mənsubiyyət şəkilçiləri türkcədə üst-üstə düşdüyü halda, di­limizdə fərqlidir (müqayisə et: türkcə ben müdürüm, benim müdürüm; azəricə mən müdirəm, mənim mü­dirim). Buna diqqət edilməməsi tər­cümədə məna təhrifinə yol açmışdır:

 

Nə arzu, nə əmələm,

Yaralanmış bir eləm.

Mən qürbətdə deyiləm,

Qürbət mənim içimdə.

 

Mütərcim emelimelim kəlmələrindəki mənsubiyyət şəkilçilərini I şəxs (xəbər) şəkilçiləri ilə vermiş, is­mi xəbərin değilim inkarının sonun­dakı şəxs (xəbər) şəkilçisi ilə qafiyə cütlüyünü qorumağa cəhd etmiş, məna təhrifinə yol açmışdır. İlk iki bənddəki kimi orijinalın transliterasiyasının verilməsi daha doğru olardı:

 

Nə arzum, nə əməlim,

Yaralanmış bir elim,

Mən qürbətdə deyiləm,

Qürbət mənim içimdə.

 

Orijinalda lirik qəhrəmanın – şairin nə arzusu, nə bir əməli qalıb, Vətəni, eli yaralıdır, özü qürbətdə olmasa da, bu sıxıntılar – ölkəsi­nin düşmən tərəfindən işğalı ona öz Vətənində qürbətlik hissi yaşadır. Tərcümədə isə sanki li­rik qəhrəmanın özü nə arzu, nə əməldir, o özü yaralanmış bir eldir.

 

Əsgər RƏSULOV,

filologiya elmləri doktoru