Hədis ül-Qüds

 

Nəzərinizə təqdim olunanlar Uca Yaradan tərəfindən İnsana ünvanlanmış müraciətlərdir. Qurani-Kərimin ayrı-ayrı surələrində yer almış bu ilahi göndərişlərin mənası tərcümənin qüdrətsizliyi, yaxud dərgah sirlərinin toxunulmazlığı səbəbindən əsrlər boyu dərkedilməz, izaholunmaz “şifrə” kimi anlaşılmaz qalsa da, XI əsrin əvvəllərində böyük sufi, dövrünün “İslamın sütunu” adını qazanmış İmam Məhəmməd əl-Qəzali tərəfindən ilahiyyat mədrəsəsində oxunan moizələr zamanı açıqlanmışdır.

A. Məsud

 

İMAM ƏL-QƏZALİNİN MOİZƏLƏRİNDƏN

ÇIXARIŞLAR

Hədis ül-Qüds

Uca Yaradan tərəfindən Məhəmməd əleyhissəlama

nazil olunanlardan

 

Uca Yaradan belə buyurub:

 

Ey Adəm övladı! Mən o adama təəccüb edirəm ki... 

Ey Adəm övladı! Mən o adama təəccüb edirəm ki, əvvəl-axır öləcəyini bilir, amma qayğısız, qəmsiz, şad-xürrəm yaşamağa davam edir.

O adama təəccüb edirəm ki, Məhşər Gününün əvvəl-axır yetişəcəyini bilir, amma mal-dövlət, sərvət toplayır.

O adama təəccüb edirəm ki, qəbir evinin onun yolunu gözlədiyini bilir, amma əylənir, şənlənir.

O adama təəccüb edirəm ki, Məhşər Gününün yetişəcəyini bilir, amma ehtiyatlanmır.

O adama təəccüb edirəm ki, həyatın ötəriliyini anlayır, amma rahat, qayğısız yaşamağına davam edir.

O adama təəccüb edirəm ki, o birilərin ayıblarından qeyzlənir, öz qəlbinin ayıblarındansa bixəbərdi.

O adama təəccüb edirəm ki, Uca Yaradanın nəzərlərini üzərində hiss etsə də, itaətə gəlmir.

O adama təəccüb edirəm ki, tək canıyla öləcəyini, qəbir evinə də tək daxil olacağını, hesabatını tək özü verəcəyini bilir, amma xilasını insanlarda axtarır.

Həqiqətən Məndən başqa Allah yoxdur, Məhəmməd Mənim Qulum və Rəsulumdur.

 

Mən sizi sizlərdə və bütün yaradılmışlarda yaratdım...

Mən sizi sizlərdə və bütün yaradılmışlarda yaratdım ki, yeganə olduğumu sübuta yetirim. Bütün yaradılanlarda Mənə bənzəri yoxdur, Məhəmməd Mənim Qulum və Rəsulumdur.

O kəs ki Mənim Hökmümdən narazıdı, sınaqlarıma dözümsüzdü, Rəhmimdən məmnun deyil, ona bəxş etdiklərimlə qane olmur, onda qoy ayrı bir allaha – hər bir şeydə Mənə bərabər olanına itaət etsin.

Kim ki bu dünyanın düyünlü işlərinə kədərlənər, Mənə qeyzlənər.

Kim varlı adamın ayağına gedər, özünü o adamın qarşısında onun var-dövlətinə görə alçaldar, inamının üçdə ikisini itirər.

Kim ölümlə barışmaq istəməz, əziz adamının ölümünə görə özünə əzab verər, əlinə nizə alıb Mənimlə savaşa qalxar.

Kim qəbiristanlıqda bitən bircə budağı qırar, əliylə Mənim Kəbəmin giriş qapılarını dağıdar (qəbiristanlıqda bitən hər bitki “təsbih” [1] qılır, ona toxunmaq günahdır).

Kim dolanışıq naminə qazandığı pulu hansı yollarla əldə etdiyinin fərqinə varmaz, Allahın onu Cəhənnəmin hansı qapısından içəri salacağının fərqinə varmaz.

Kim ki şəriətinə uyğun xeyirxah əməllərini artırmaz, özünü zərərə salar.

Kim öz biliyini həyata keçirər, Uca Allah bilmədiyi elmləri də ona bəxş edər.

Kim ümidlərlə yaşayar, onun xeyirxah əməlləri də saxta olar.

 

Ey Adəm övladı, azla qane ol!

Ey Adəm övladı, azla qane ol ki, heç nəyə və heç kimə möhtac olmayasan. Paxıllıqdan yaxa qurtar ki, rahat yaşayasan. Yasaq olunmuşlardan uzaq ol ki, imanın sahmanlı olsun.

Ey Adəm övladı, bil: kim qeybətdən imtina edər, Mənim məhəbbətim ona əyan olar. Kim insanlardan uzaq qaçar, onların dərd-bəlasından qurtulmuş olar. Kim azla qane olar, Uca Allaha tapınmışlardan olar.      

Ey Adəm övladı! Bir halda ki bildiklərinə əməl etmirsən, xəyalına belə gətirə bilmədiyin biliyi [2] necə əldə etmək istəyirsən? Bu dünyada elə çalışıb vuruşursan, elə bil sabah ölən sən olmayacaqsan, var-dövləti elə yığırsan, elə bil bu dünyada əbədi qalacaqsan.

Ey bu dünyanın olanlar! Sizə tamah salandan qaçın! Sizdən qaçana tərəf gedin, sizləri kənardan seyr edənin olun!

 

Ey Adəm övladı, kim ki bu dünyanın olana görə qəm çəkər...

Ey Adəm övladı, kim ki bu dünyanın olana görə qəm çəkər, Allahından uzaq düşər, bu dünyada əzab-əziyyət, o biri dünyada yorğunluq qazanar, qəlbinə elə bir narahatlıq, elə bir ehtiyac toxumu səpilər ki, bu halından heç bir zaman qurtula bilməz, elə arzular salınar ki, gecə-gündüz ona rahat yaşamağa imkan verməz.

Ey Adəm övladı, sənin həyatın hər gələn yeni günlə qısalır, sən isə bunun fərqinə varmırsan. Hər yeni gün Mən sənə yaşayıb-dolanmağın üçün imkanlar yaradıram, sən isə Mənə şükür etmirsən, azla qane olmursan, çoxla doymursan.

Sənin elə bir günün yoxdu ki, Mən onu sənin üçün qurub-nizamlamayım və elə bir gecən yoxdu ki, mələklər Mənə sənin pis əməllərindən xəbər gətirməsinlər.

Sən Mənim sənin üçün yaratdıqlarımla qidalanırsan və Mənə tabe olmursan.

Sən Məni köməyə çağırırsan, Mən də hər dəfə sənə cavab verirəm.

Sənə Mənim xeyirxahlığım, Mənə sənin pis əməllərin gəlib çatır. Sənin nə yaxşı himayədarın, Mənim nə pis qulum varmış.

Sən Mənim onsuz da sənə verəcəklərimi oğurlayırsan, Mən isə sənin pis əməllərini bir-birinin ardınca ört-basdır edirəm.

Sənə görə Mən utanıram, sən isə Məndən utanmırsan, Məni unudub başqalarını düşünürsən.

Sən insanlardan çəkinirsən, Məndən isə çəkinmirsən.

Sən insanların qəzəbindən qorxursan, Mənim qəzəbimdənsə qorxmursan.

 

Ey Adəm övladı! Tövbə edib günaha batanlardan olma!

Ey Adəm övladı! Tövbə edib günaha batanlardan olma!

Əlvan ümidlərlə yaşayanlardan, xeyirxahlıq etmədən əbədi həyat arzulayanlardan, sözdə mömin olub əməldə fərqli olanlardan olma!

Belələrinə nə verilərsə, qane olmazlar, nə isə əsirgənərsə, səbirləri tükənər.

Onlar saleh əməllərdən danışar, özləri isə heç nə etməzlər.

Onlar pis əməlləri yasaq edər, özləri isə pis əməllərdən çəkinməzlər.

Onlar yaxşı insanları sevər, özləri isə onlardan olmazlar.

Onlar ikiüzlülərə nifrət edər, özləri də onlardan olarlar.

Bu kəslər o mətləblərdən danışarlar ki, özləri ona əməl etməzlər, o işlərə qarışarlar ki, onlara buyurulmayıb.

Onlar verilən sözə əməl edilməsini tələb edər, özləri isə sözlərinə əməl etməzlər.

Ey Adəm övladı! Elə bir gün yoxdu ki, üstündə gəzdiyin torpaq sənə üz tutub: “Ey Adəm övladı, indi sən mənim üstümdə gəzirsən, sabah isə səni mənim içimə basdıracaqlar. Üstümdə səni ehtirasların və nəfsin yeyir, içimdə isə səni əqrəblər, həşəratlar yeyəcək. Axı mən iztirab və sıxıntılar oyuğu, tənhalıqlar, zülmət qaranlıqlar, sorğu-suallar məskəniyəm, ilan, əqrəb yuvasıyam...” – deməsin.

 

Ey Adəm övladı! Ey dinarlar və dirhəmlər qulu!

Ey Adəm övladı! Ey dinarlar və dirhəmlər qulu! O dinarları və dirhəmləri sizlər üçün Mən yaratdım ki, nemətlərimdən onların köməyi ilə qidalana, geyinib-kecinə biləsiniz ki, bəlkə, yadınıza düşəm, Mənə minnətdar olasınız.

Siz Mənim Kitabımı [3] əlinizə alır, onu kənara qoyursunuz, dinar-

dirhəmləri əlinizə alır, onları hər şeydən uca tutursunuz, Mənim evimdən [4] uca evlər tikirsiniz.

Siz yaxşılardan deyilsiniz. Siz azad deyilsiniz. Siz dünya malının qulusunuz. Sizinlə görüş – üstü əhənglə ağardılmış, içi çürüntü və çirkab dolu qəbirlərlə görüşə bənzər.

Siz özünüzü insanlara yaxşı tərəfdən göstərirsiniz, saxta nitqiniz, gözəl ədalarınızla onların məhəbbətini qazanır, sonra onlardan uzaqlaşırsınız. Qəlblərinizin qabalığını, ruhunuzun  eybəcər hallarını gizlətməkdən ötrü onlardan uzaq qaçırsınız.

Ey Adəm övladı! Gördüyün hər işi sidq-ürəklə gör və Məndən istədiyini dilə! Həqiqətən, Mən sənə istədiyindən də artıq verərəm.

(ardı var) 

 

[1] təsbih – Allahın yad edilməsi

[2] İlahi bilik nəzərdə tutulur

[3] Quran

[4] məscid