Bu dünyanın qara daşı göyərməz

 

Musa Yaqub
(1937)

Xalq şairi. “Yarpaqlar oxuyur”, “Bu məhəbbət yaşadır məni”, “Mənim kainatım”, “Üzü bəri baxan dağlar”, “Yaxşı ki, sən varsan”, “Bir sim üstə”, “İki qəlbin işığı”, “Mənim sevgi taleyim”, “Ürəyimdə yerin qaldı”, “Nanəyarpağı”, “Pa­yızdan yaza yol varmı”, “Ruhumla söhbət”, “Bu dünyanın qara daşı göyərməz”, “Dövrün də­yirmanı” kimi onlarla şeir kitabının müəllifidir. Əsərləri bir çox dillərə tərcümə edilib.

 

Bu dünyanın qara daşı göyərməz

 

Leyləklərin çöp yuvası boş qalıb, 
Bahar gedib, payız gəlib, qış qalıb.
Göy çəməndə ocaq yanıb, daş qalıb,
Bu dünyanın qara daşı göyərməz.


Nə o ocaq közərəsi, sönəsi,
Nə o günlər bir də geri dönəsi…
Qəm eləmə, könlümün bir dənəsi,
Bu dünyanın qara daşı göyərməz.


O gülyanaq bənddir bir xoş baxışa,
Körpə budaq əl açıbdır yağışa.
Min baharın hərarəti yığışa,
Bu dünyanın qara daşı göyərməz.


Ot göyərdib o cığırım, o izim,
Tufanlanıb çalxalanmaz dənizim.
Daha məndən sevgi umma, əzizim,
Bu dünyanın qara daşı göyərməz.


Araz boyu çox mənalar sezmişəm,
Elə bilmə əllərimi üzmüşəm.
Ürəyimə daş bağlayıb dözmüşəm,
Bu dünyanın qara daşı göyərməz.

 

Bir sabah sənindir, bir sabah mənim

 

Bir gözün mən əydim, bir gözünü sən,
Niyə narazıyıq bu tərəzidən?..
Sən çeşmə qurudan, mən ağac kəsən
Bir günah sənindir, bir günah mənim.

Bu südə su qatıb hərə bir qaşıq,
Arını şəkərə dadandırmışıq.
Bazarın yağı şor, balı qarışıq
O mətah sənindir, bu mətah mənim.

Söz sözə gələndə sən nəfsi qıran,
Mən dünya malına göz yumub duran.
Amma ayrılıqda daşı da yaran,
Bir tamah sənindir, bir tamah mənim.

Görürük bu silah vurmur hədəfə,
Vurmur, ha atırıq mininci dəfə.
Əlimiz dolaşıb düşüb kələfə,
Bu əl gah sənindir, bu əl gah mənim.

Qoyma yalanımız qalxsın ayağa,
Hay deyirik, haya gəlmirik, qağa.
Sözü güləşdirib, əhdi danmağa,
Bir vallah sənindir, bir vallah mənim.

Yamanca ustayıq hər ehtiyatda,
Dostluq şirnisi də dilimiz altda.
Amma yaman günə əlimiz altda
Bir silah sənindir, bir silah mənim.

Ömür təsəllidi, ümid sabahdı,
İndi öz xeyrinə çoxu agahdı.
Hərə dolanışa bir cür nigahdı,
Bir nigah sənindir, bir nigah mənim.

Orda bulanıq su hopur torpağa,
Burda üzə çıxıb dönür bulağa.
Hələ ki, vaxtımız var durulmağa,
Bir sabah sənindir, bir sabah mənim.

 

Hələ gözləmə

 

Məni yerim olan yerdə gözləmə,
Hələ heç axtarma, bir də gözləmə.
O məqam yerimi tutub durublar,
Durub elə bil ki, oxlov udublar.

Hələ qabağıma kötük atan var,
Şerimin üstünə örtük atan var.
Nəşrdən, dərslikdən atıb sözümü
Adımın üstündən ad yazıbdılar,
Öz ağızlarına dad yazıbdılar.

Sözün min dərdi var, qələm kef deyil,
Vurub özlərini görməməzliyə
Məni bilməzlərə sözüm sərf deyil

Yerimdən deyilən söz qorxuludur,
Mənim də əlim yox dava-dalaşda,
Çoxu şahquludu, ağaquludu
Keçib oturublar yuxarı başda.

Məni yerim olan yerdə gözləmə
Adımı axtarıb bir də gözləmə.

Çəmən, çiçəyim var,
arılar bekar –
Hələ səmənd atım örükdə qalıb.
Fırlanır havada arıquşular,
Arılar gözləyir pətəkdə qalıb.
İndi arı qonmaz gülə gözləmə
Pətəkdən o balı hələ gözləmə.

Qoy arıquşular gedib əkilsin,
Qoyun o sel yatsın, duman çəkilsin
Qoy bir yaxşı gəlsin yaman çəkilsin,
Tamahlar, günahlar səngisin bir az-
Mənafe oyunu dursun geriyə;
Onda bəlkə mənim sözüm yeriyə.

Məni yerim olan yerdə gözləmə
Heç hələ axtarma, bir də gözləmə.

 

Öyrətmə özünə, öyrətmə məni

 

Taleyin qisməti rast saldı bizi.
Yolumuz hardasa qırılacaqsa,
İtirəcəyiksə bir-birimizi,
Xatirəm yadında qalmayacaqsa.
Bu əllər mənimki olmayacaqsa,
Bu tellər mənimki olmayacaqsa
Sən allah, özünə öyrətmə məni,
Hicran qoxusuyla göynətmə məni.

Əlimi saçına öyrətmə belə,
Gözümü gözünə öyrətmə belə;
Üzümü üzünə öyrətmə belə.

Mən bir az baharlı budaq kimiyəm,
Bir az da sadəlövh uşaq kimiyəm.
Bala anasına qovuşan kimi,
Leylək yuvasına qovuşan kimi,
Arı gül-çiçəyə uyuşan kimi,
Eh, mən də adama tez yovuşanam,
Sevgi atəşində tez alışanam,
Amma ki, sönməyim çox çətin olur –
Sevgidən dönməyim çox çətin olur,
Öyrətmə özünə, öyrətmə məni.

Bəlkə gözləmirdik bu xoş görüşü,
Yaman qəribədir dünyanın işi;
Heç vaxt yollarında dayanmadığın,
Heç həndəvərində dolanmadığın
Gəlib birdən sənə nə şirin olur!

Ömrünün içində ömür doğulur.
Bu şirinim acı olacaq isə,
Bir qismət çiçəyim solacaq isə,
Öyrətmə özünə, öyrətmə məni.

Könlümdə yerin var, qopmaz yerindən,
Bir əkiz ləçəyi, haça budağı
Ayırmaq olmursa biri-birindən,
Məni də ayırmaq çətindir axı.

Öyrətmə özünə, öyrətmə məni;
Yox buna təqatim, yox buna tabım
Əlimi əlindən üzmək əzabım,
Sonra bu əzaba dözmək əzabım…
Yoxsa da, könlümün sınıqları var,
Hicranın köz basmış yanıqları var -
Mənim dərdlərimin ayaqları var -
Harda olsa gəlib tapacaq məni,
Yaxıb yandıracaq bu ocaq məni.
Gəl məni özünə öyrətmə belə,
Əlimi əlinə öyrətmə belə,
Gözümü gözünə öyrətmə belə…