Məşhur qadınlar haqqında filmlər

Bölmə: Art 27.05.2019

 

“Frida”

Film çılğın təbiətli, ehtiraslarını heç cür cilovlaya bilməyən bir sirli qadın haqqındadır. Məşhur Meksika rəssamı, yaşlı, varlı və eyş-işrəti xoşlayan Dieqo Riveraya ərə gedəndə Fridanın cəmi iyirmi yaşı var idi. Tamaşaçı bu filmdə Fridanı yalnız böyük rəssam kimi deyil, həm də hər şeyini sevgisinə və ailəsinə qurban vermiş bir qadın kimi yenidən kəşf edir.

“Yelizaveta”

Film taxt-tacın onun sahibinə heç də həmişə xoş həyat bəxş etmədiyini nümayiş etdirir. Bir anını belə özünə həsr edə bilməyən I Yelizaveta hətta ən adi insani sevinclərdən də məhrumdur. Tamaşaçının gözü qarşısında qədd-qamətli, güclü, iradəli bir kraliça canlanır. Ehtiraslar, macəralar, saray çəkişmələri, sevgi, xəyanət bir-birini əvəzləyir.

“Koko do Şanel”

Film cəmiyyətə və onun daşlaşmış ənənələrinə meydan oxuyaraq dəb dünyasında mövcud olan stereotipləri dağıtmağı qarşıya məqsəd qoymuş məşhur modelyer Koko do Şanel haqqındadır. Film sanki həyatın özü kimi qabarmalar, çəkilmələr, təmkin və təlatümlərlə müşayiət olunur.

“Gənc Viktoriya”

Adını bütöv bir dönəmə qızıl hərflərlə yazmış kraliça. Öz yolunu müəyyənləşdirib tərəqqi və inkişafa doğru inamla addımlayan, hətta kralların da sevgi hissinə biganə olmadıqlarını təsdiqləyən qadın. Filmdə gənc kraliçanın hakimiyyətinin ilk ili nümayiş olunur.

“Aqora”

Sivilizasiyanın çələngi olan antik dövr. Dəqiq elmlər və fəlsəfə sürətlə inkişaf etsə də, qadınların bu aləmə girişi qadağandır. Amma fitri istedad üçün bütün qapılar açıqdır. Film dahi riyaziyyatçı, filosof, astronom və həkim İsgəndəriyyəli Hipatiyanın həyat yolundan bəhs edir.