Ürək yarası

 

Vidadi Babanlı
(1927)

Yazıçı, tərcüməçi. Əməkdar incəsənət xadimi. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif edilib. Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunda təhsil alıb. “Ədəbiyyat və incəsənət” qəzetində ədəbi işçi, “Azərbaycan” jurnalında nəsr şöbəsinin müdiri, “Yazıçı” nəşriyyatında baş redaktorun müavini vəzifələrində çalışıb. Ədəbi yaradıcılığa şeirlə başlayıb. “Gəlin” adlı ilk nəsr əsəri 1954-cü ildə nəşr edilib. “Ayazlı gecələr”, “Həyat bizi sınayır”, “Vicdan susanda”, “Müqəddəs ocaq”, “Ömürlük cəza”, “Ömürlük əzab”, “Ana intiqamı”, “Kişilik haqqında himn”, “Bulanıq dünya”, “Mənim gizlinlərim” adlı nəsr kitablarının müəllifidir. “Həyat bizi sınayır”povestinin motivləri əsasında eyniadlı film çəkilib. V.Rasputinin “Mariyaya pul lazım idi” və “Sonuncu möhlət” romanlarını dilimizə çevirib.

 

Ürək yarası


Axşamdan bir qədər keçmiş qapı döyüldü. Girəcəkdəki balaca otağın yuxarı başında, ensiz taxta çarpayının üstündə yastığa dirsəklənib, uzundəstə qəlyanını fikirli-fikirli tüstülədən Xalıq kişi bu səsə diksindi. Qəlyan onun qara, qalın dodaqlarının arasında sürüşüb açıq sinəsinə düşdü, tənbəki qoru dağılıb batıq köksünü ağ, qıvrım tüklərini qarsıdı. Qaşqabaqlı Xalıq kişi deyinə-deyinə qalxıb tənbəki qorunu üstündən çırpdı. Qılçalarının altına yığıb çarpayının ortasında bardaş qurdu. Acıqlı- acıqlı yan otağı hayladı:
- Adə, ay uşaq!.. Hardasız? Qulaqlarınıza pambıq tıxanıb nədir?.. Çağıranı eşitmirsinizmi?!
Dolub-toxtamış cavan bir qadın arakəsmədə göründü. Xalıq kişi cod səsini tezcə yumşaltdı.
- Günün ağ olsun, a bala, gör kimdir. Deyəsən, gələn var. Cavan qadın boynunun ardına sürüşmüş yun örpəyini düzəldib, dəhlizə yeridi. Uzun, dəmir cəftəni qaldıranda, ağır qapı cırıldayıb öz-özünə açıldı. Vıyıltı ilə içəri təpilən soyuq payız küləyi ilə bərabər, iki daban basaraq evə girdi. Bir boyda, bəlkə də, elə bir yaşda olan bu qocalar qadınla köməkləşib qapını örtəndən sonra astanada bir dəqiqə ayaq saxladılar. İşığa düşüb qamaşmış gözlərini qırpa-qırpa döyükdülər. Taxta çarpayıda təzədən dirsəklənmiş Xalıq kişini görüncə, hündürdən öskürüşüb boğazlarını arıtladılar. Təmkinlə yeriyib qabağa gəldilər, salam verdilər və təklif gözləmədən keçib onun böyründə oturdular.
Qocaların səsinə arıq, uşaq cüssəli Gülüstan qarı da o biri otaqdan çıxdı. Çalmalı başını arakəsmədən çıxarıb gələn qonaqları xeyli tamaşa elədi, tanıyıb irəli durdu.
- Xoş gördük, ay Hümmət qardaş, uşaqlar-zad nə cürdür? - deyə əvvəlcə pambıq kimi dümağ, dəyirmi saqqalı qocaya yanaşıb əl tutuşdu. Sonra da o biri ilə görüşdü:
- Səni də xoş gördük, ay Bilal kişi. Sizinkilərin əhvalı necədi?
- İman yiyəsi ol, Gülüstan bacı. Hamının sənə duası var. Xalıq kişiynən elə ikidə-bir kənd arasında görüşürük. Sən barı nə hallısan?
- Qarı dərindən köksünü ötürdü.
- Eh, nə deyim, yıxılı-qalxa günümü axşam eləyirəm. Üzü qara olsun qocalığın, bizdə can qoyub ki? - Qarı köksünü ötürdü. Çalması özündən yekə görünən başını yırğalayıb əlavə etdi: - Deyirəm, ey gidi dünya ha, 
Hümmət də qocalarmış! Sənin o göy ürgənin belində nər-nər nərildədiyin günlər elə bilirəm dünəndi. Hümmət qardaş. Gör vaxt-vədə necə tezcə gəlib keçdi...
- Eh, ay Gülüstan bacı, biz nəyik bəyəm?!. Bu qoca dünya çox adamlar yola salıb. Yerişindən yer tərpənən neçə-neçə igidlərin adı qara torpaqdan çağırılıb.
- Hı... hı... Elə onu deginən! Bu dünya bir tamaşadır, hər gələn baxar, gedər!
Qarı ürəyinin lap dərinliyindən gələn acı bir təəssüflə dodaqlarını büzdü; xırdaca sönük gözlərini bərəltdi, nəfəsini dərib yenə nə isə demək istəyirdi ki, qaşqabağı bir az da tökülmüş Xalıq kişi dilləndi:
- Sən atayın goru, bağla söz dağarcığıyın ağzını. Macal ver, qoy dərdimizi, çorumuzu danışaq.
- Bıy ay kişi, bir aman versənə görək!.. Heç bilmirəm bu gün sənə nolub? Günortadan gəlib döşənibsən bu taxtın üstünə. Bilən də yoxdu, azarın nədi.
Qarı ərköyünlüklə ərini yamanlayıb, yarımçıq qalan söhbətinə qayıtmağa hazırlaşanda, Xalıq kişi onun sözünü yenə ağzında qoydu:
- Arvad bəsdir! - deyə qışqırıb, kənarda, əlləri qoynunda dayanmış cavan qadını köməyə çağırdı: - Qadan alım, a bala, bu qayınananın dərdi yenə qövr eləyib. Qolundan tut, apar o biri otağa. Yoxsa bizə imkan vermə¬yəcək.
Gülüstan qarı daha dinib-danışmadı. Ürəyində ərindən inciyib geri döndü, doluxsunmuş halda gəlininin qabağına düşüb yan otağa keçdi. Ara¬kəsmənin qapısını Xalıq kişi özü qalxıb örtdü...


* * *
Qırx beş il idi, Xalıq kişi bu arıq, uşaq cüssəli Gülüstanla bir yastığa baş qoyurdu. Hələ bu günəcən onun Gülüstanla sözə gəldiyini, bəzi tündməcaz kişilər kimi, haqq-nahaq dava-qalmaqal qoparıb, evdə üz-gözlük saldığını görən, eşidən olmamışdı. Çöldə tay-tuş arasında sözünün üstündən söz deyilməyən, zəhmli, qaşqabaqlı bir adam kimi tanınan Xalıq kişi evdə, arıq Gülüstanın yanında həddindən artıq mülayim, quzuxasiyyət bir ər olur, arvadının qulluğunda dururdu. Xalıq kişidə bu ikitəbiətliliyə çoxları heyrət edirdi. Amma heç kim bunun əsl səbəbini bilmirdi...
...Gülüstan cavanlıqda səkkiz uşaq doğmuşdu. Ancaq bu uşaqlar doğu¬landan ya üç, ya da beş ay sonra azarlayıb qara torpağa getmişdilər. Övlad üçün burnunun ucu göynəyən Gülüstan lap yarı yaşında dolub, saçı-birçəyi ağarmağa başlayana qədər dərdinə çarə tapmamışdı. Sonsuzluq qorxusu onu
ildən-ilə duz kimi əriyib, yanaqlarının lalə qırmızısını vaxtsız soldurmuşdu. Xalıq kişinin işi-peşəsi bu dərdcil arvadına ürək-dirək vermək, zarafatla, şirin söz-söhbətlə onun könlünü almaq, ovundurmaq olmurdu.
Nəhayət, gün gəldi, tale onların da üzünə güldü. Yarı yaşlarında onları iki oğulla sevindirdi. Oğlanlar qəm-qüssəni Gülüstanla Xalıqın ürəyindən tər-təmiz sildilər. Ayaqları yavaş-yavaş yer tutub, şirin-şirin dil açan uşaqların şən qəhqəhələri evə təzə hava gətirdi, ata-ana ömrünə yeni ömür caladı. Lakin onlara gülən taleyin tərs üzü, sən demə, hələ sonda imiş!..
Keçən müharibə hərəyə bir cür bədbəxtlik gətirdi. Neçə ana ürəyi nis¬gilli, neçə nişanlı qız gözləri yollarda qaldı, Xalıq kişinin müsibəti isə daha yaman oldu. Müharibədən xeyli əvvəl əsgərliyə çağırılmış böyük oğlu Məhərin elə ilk vuruşmalardan səsi-sorağı kəsildi. Ata-ana bütün ümidini kiçik oğluna - Mədədə bağladı. Mədəd orta məktəbi bitirən kimi Xalıq kişi itkin oğlunun dərdini unutmaq üçün kiçik oğluna tez-tələsik toy vurdurdu; onu özü seçib, özü bəyəndiyi gözəl-göyçək bir qızla evləndirdi.
Əlbəttə, elin-obanın belə yaslı-yaralı vaxtında toy xəyalına düşmək, şənlik məclisi düzəltmək heç yaxşı iş deyildi. Kənddə elə bir ev, elə bir ailə yox idi ki, onun ya cəbhədə vuruşanı, ya ağır yara alıb hərbi xəstəxanalarda yatanı, ya da “öldü” xəbəri gələni olmasın. Ancaq Xalıq kişini heç kim qınamadı. Axı o, bunu şənlənmək üçün, kef-damaq üçün eləmirdi!.. Yenidən qəm-qüssəyə batmış Gülüstanına evdə həyan, onun dərdini unutduran bir adam lazım idi!
Müharibənin sədası daha yaxınlardan gəlməyə başladı. Bir səhər Mədəd də hələ gəlinlik paltarını soyunmamış arvadından, ata-anasından ayrılıb cəbhəyə getdi. Aradan heç bir il keçməmiş onun da səsi-sorağı kəsildi. Acı göz yaşlarını çörəyinə yavanlıq eləyən Gülüstan təzədən yorğan- döşəyə düşdü. Bu dəfə yazığın sümüyü də əridi, bürüşüb lap balacalaşdı. Xalıq kişi dözümlü, dəyanətli adam idi. Ancaq indi onun da beli büküldü. Bir yandan itkin oğlanlarının xiffəti. O biri yandan da gözünün qabağında şam kimi əriyən arvadı kişini yaman hala qoydu.
İnsan səbri böyük olur! Xalıq kişi ümidini itirmədi. Gülüstanı uşaq kimi gah qucağına alıb, gah dalına şələləyib yaxın şəhərləri bir-bir gəzdirdi. Neçə-neçə həkimə göstərdi: inadla, inamla sağaltmağa çalışdı. Xəstənin hər əziyyətinə qatlaşıb bir az da mülayim, bir az da mehriban oldu. Arvadını tez-tez dilə tutub:
- Səbir elə, ay Gülüstan, - dedi. - Darıxma, hər şey düzələcək. Bir də görəcəksən, oğlanların böyürdən çıxdı. Allah eləməmiş, “öldü” xəbərləri də gəlməyib... Hövsələ elə görək, nahaq yerə özünü üzmə, gözləmək lazımdır. 
Onlar gözlədilər. Müharibə qurtardı. Çoxları qayıdıb evinə gəldi. Qoca ata-ananın isə qapısını açan olmadı...
Xalıq kişi oğullarından əlini tamam üzüb, başqa təsəlli ilə yaşadı. Cəmisi bircə ay ər üzü görmüş, bu neçə ildə Mədədin yolunu onlarla birlikdə gözləmiş, ağılla, kamalla durub-oturmuş gəlinini şəhərə apardı. İnstituta qoydu. Oxudub ali təhsil verdi. Gəlin onun əməyini itirmədi. Şəhərdən üzüağ qayıdıb kənddə müəllimə işlədi. Qoca yaşlarında sonsuzlamış qayınana-qayınatasına doğma övladlıq elədi. Xalıq kişi onu “gəlin” yox, “qızım” - deyə çağırdı. Beləcə illər keçdi, “gəlin” adı onun üstündən büs¬bütün götürüldü.
Sənubər ağlı-kamalı ilə bərabər, göyçəklikdə, yaraşıqda da öz yaşıdlarından seçilirdi. Müharibədən sonra Xalıq kişidən gizlin ona hər yan¬dan elçi düşdülər. Araya adam saldılar, Sənubərin özünə minnətçi göndərib, söz anlatdılar ki, nə vaxtacan dul oturacaq, cavan gəlinlər, çıxsın ərə getsin, oğul-uşaq sahibi olsun. Mənasız yerə gözləməkdən nə çıxar?..
Sənubər bu sözlərin heç birinə əhəmiyyət vermədi. Dinənin ağzından vurdu, onu almaq xəyalına düşənləri yerində fas-farağat oturtdu. Yalnız bir nəfər inadından dönmədi. Düz üç il Sənubəri kölgə kimi izlədi. Gah uzun- uzadı məhəbbət məktubları ilə, gah da ara adamlarının vasitəsi ilə din- cəltmədi.
Oğlan Sənubərin özü yaşda bir gənc idi. Kolxozda baş aqronom işləyirdi. Qabiliyyətinə, tərbiyəsinə söz yox idi. Kənddə onun xətrini hamı istəyirdi. Bu oğlanı Sənubər də çox bəyənirdi. Ona tərəddüdsüz ərə gedə bilərdi. Bunun üçün heç kim onu qınamazdı. Ancaq qocaları tək qoymağa, onların indi-indi köhnələn yaralarının tamam bərkiməmiş qaysağını qopartmağa, güclə unudulmuş bir dərdi yenidən təzələməyə qıymırdı.
Oğlan tədbirli tərpəndi. Məsələni başa düşüb birinci Xalıq kişidən razılıq almağa çalışdı. Kəndin ən hörmətli qocaları sayılan Hümmətlə Bilal kişini ona minnətçi göndərdi. Xalıq kişi irəlini-gerini dərk eləyən adam idi. Qocaların sözü əvvəlcə onu bərk tutdu, qanı möhkəm qaraldı, dərdi qövr eləyib qəlbini göynətdi, ancaq hirslənib artıq-əskik danışmadı. Qüssəli gözlərini yerə zilləyib xeyli fikirləşdikdən sonra asta, həzin bir səslə:
- Mən nə deyim? Qızın özü bilər, ata-anası bilər, - dedi.
Hümmət kişi sözünü göyərtdi:
- Qızın ata-anası bu məsələyə qarışmır, - deyib Xalıq kişidən əl çəkmədi. - Onlar sənin qabağına keçə bilməzlər. Bu saat onun atası da, anası da sənsən. On ildir o, sənin yanındadır. Hamı bilir ki, sən ona qayınatalıq yox, doğma atalıq eləyibsən. Əsas söz sənindir. Əgər sən razılıq versən, heç kim “yox” - deyə bilməz. Xalıq kişi bir kəlmə “hə”, “yox” cavabı vermədi. Köksünü ötürüb, dalğın-dalğın süzdü. Qocalar daha onun üstünə düşmədilər. Məsələni birdəfəyə həll etmək olmazdı...
Bu əhvalat bir ay əvvəl olmuşdu. O vaxt Xalıq kişi bərk xiffət çəkmişdi. Qocalardan eşitdiyini evdə heç kimə danışmayıb, dərdini ürəyinə salaraq bir həftə axşamını-sabahını verməmişdi; üzü gülüb, qaşqabağı açılmamışdı. Sonra yavaş-yavaş hər şey yenidən unudulmuşdu. Çünki onu narahat eləyən məsələni bir daha yada salan olmamışdı. Söz-söhbət kəsilmişdi.
Amma bu gün kənd arasında həmin qocalar Xalıq kişini yenidən yaxalamışdılar. “Axşam sizə gələcəyik” - demişdilər. Xalıq kişi də günor-tadan gəlib bu taxta çarpayının üstünə döşənmiş, qəlyanını dəmə qoyub oturmuşdu. Onun qonaqları çox soyuq qarşılamasına da, qırx beş il bir yerdə ömür-gün sürüb, bir dəfə xətrinə dəymədiyi qarısına acıqlanmasına da səbəb bu idi...
Qonaqlar çaya-çörəyə qalmadılar, tez getdilər. Onlar qapıdan çıxan kimi, Gülüstan qarı nədənsə duyuxub özünü ərinin yanına saldı. Ürəyində ondan möhkəm inciməsinə baxmayaraq, soruşdu:
- Qonaqlar nə tez getdilər, ay Xalıq? Niyə oturmadılar?.. Qızım çay çörək hazırlamışdı.
Xalıq kişi ona yenə xoş sifət göstərmədi. Acıqlı-acıqlı:
- Nə bilim, - dedi. - Ürəklərinə girməmişdim ki?..
Qarı duruxdu.
- Xeyir olsun, nəyə gəlmişdilər?
- Heç, başqa işləri vardı...
- Nə iş, a kişi?
- Sənə dəxli yoxdur... Ayrı məsələdir!
Qarı gözlərini döydü.
- Mən də bilsəm olmazmı? Hümmət boş-boşuna gəlməzdi.
- Dedim ki, sənə dəxli yoxdur!
Gülüstan matdım-matdım ərinin üzünə baxdı. Onun bu baxışlarında şübhə ilə məzəmmət birləşmişdi.
Xalıq kişi arvadının duyuq düşdüyünü yəqin edib, üzünü daha da bozartdı. Şirin dillə, xoşluqla Gülüstanın gümanını sapdıra bilməyəcəkdi. Sorğu-suala kobudluqla sərhəd çəkməyə çalışdı:
- Əşi, bu nə silistdi başlayıbsan mənnən?!. Qoymazsanmı bu xarabada bir rahat oturaq?! 
- Niyə insafsız söz deyirsən, ay Xalıq? Mən nə vaxt...
- Bəsdi, sən Allah!.. Qaşınmayan yerdən qan çıxarma!
Qarı kövrəldi. Boynunu büküb geri döndü, ara qapısını çəkib möhkəm- möhkəm örtdü. Bu dəfə o, Xalıqdan tamam incimişdi.
Sübhəcən heç biri yatmadı. Birinin yatağına inciklik qor doldurmuşdu, o birinin sabahkı ayrılıq dərdi ərşə çəkmişdi...


* * *
Sənubər həmişəkitək tezdən oyandı. Ocaq qaladı. Samovara od saldı. Çay qaynayıb hazır olanda, səliqə-sahmanlı süfrə açdı, qocaları bir-bir səslədi. Dünənəcən gəlininin dillənməsinə məəttəl olub, əlüstü yer-yerdən hay verən, tezcə yuyunub onun ardınca süfrənin başında iştahla əyləşən qarı- qocadan indi cavab gəlmədi. Yalnız ikinci çağırışdan sonra Xalıq könülsüz- könülsüz durdu, əl-üzünü yudu, süfrəyə yaxın oturdu; çaya-çörəyə əlini vurmamış qəlyanını doldurub tüstülətdi.
Bu səhər Sənubərin də üzü gülmürdü. Onun da gözlərinin ağına qan çilənmişdi. Bütün gecəni o da yatmamışdı. Yanaqlarının qırmızısı solmuşdu. Xəcalətli adamlartək başını yerdən qaldırmırdı.
Bir stəkan çayı zorla içdilər. Sənubər yığışıb məktəbə getməyə hazırlaşdı. Xalıq kişi həyətə onunla birlikdə çıxdı. Doqqazacan yanaşı getdilər. Burada Xalıq kişi ayağını saxladı. Qəlyanı dodaqları arasından götürüb uzun müddət boğuq-boğuq öskürdü. Sonra titrək, qəhərli səslə:
- Qızım, - deyib bir dəqiqə yerə baxdı. - Biz səndən yerdən-göyəcən razıyıq, qızım. Ananın südü sənə halal olsun. Mənim deməyə özgə sözüm yoxdur. Get, xoşbəxt ol! Sənin yaxşı sədanı eşitmək bizim bəsimizdir.
Xalıq kişi bu sözlərlə ürəyinin fəryadını içindəcə boğdu. Bir-iki ağız yenə öskürüb özünü ələ aldı. Gəlininin başını sinəsinə sıxdı, alnından öpüb, gülümsəməyə çalışdı.
- Di get, qızım. Tanrı sənə yar olsun. Biz sarıdan nigaran qalma, dolanacayıq. Hələ o qədər də əldən-ayaqdan düşməmişik. Beş-on günlük ömrümüzü birtəhər başa vuracayıq.
Sənubər dinib-danışmadı. Örpəyinin ucunu gözlərinə basıb, addımlarını yeyinlətdi.
Xalıq kişi onu gözdən itirincə dayanıb dalınca baxdı. Sonra qayıdıb, həyətdə gözünə dəyən qonşu uşağını yanına çağırdı:
- Yüyür idarəyə. Gör, sədrdən, briqadirdən kimi tapırsan. De ki, Xalıq babama bir saatlıq araba lazımdır. Versin, gətir, gəl!
Gülüstan qarı yataqdan hələ durmamışdı. Burnunun ucunadək büründüyü yorğanın altından gözləri xıppıldayırdı. Xalıq kişi onu narahat
etmədi. Araba gəlib çıxana qədər Sənubərin atası evindən vaxtı ilə gətirdiyi cer-cehizləri və özü onun adına aldığı bütün gözədəyən şeyləri götürüb səliqə ilə bir yerə topladı.
Gülüstan ərinin bütün hərəkətlərini təəccüblə izləyir, evdə hər şeyi alt- üst eləməsinə acığı tutur, ancaq ondan küsdüyü üçün hənirini çıxartmırdı.
Araba gəldi. Xalıq kişi yığıb hazırladığı şeyləri qucaqlayıb bir-bir eşiyə daşıyanda, qarı daha dözə bilmədi. Təşviş içində yumalanıb çarpayıdan düşdü, qapıda ərinin qabağını inadla kəsdi:
Başına hava gəlib nədir, a kişi? Qızımın şeylərini hara aparırsan?!
- Yol ver, Gülüstan, qoy işimi görüm.
- Yox qoymaram! Sənin ağlın başında deyil, havalanıbsan!
Xalıq kişi ehtiyatla onu yolundan kənar elədi.
- Qorxma ağlım başımdadı. Bilirəm neyləyirəm. Sən bircə geri dur, əl-ayağıma dolaşma.
- Qoymaram! - Qarı birdən kükrəyib ərinin üstünə şığıdı. Xalıq kişinin qucağındakı şeylərdən yapışıb hönkürə-hönkürə geri çəkdi. - Burax! Vurğunu iti gəlmiş, fikrin nədir?! Burax!
Xalıq kişi qəmgin-qəmgin gülümsədi.
- Niyə qarğıyırsan, ay Gülüstan, məndə nə günah var?.. Qız təzə ərə gedir.
- Ərə gedir?! - Gülüstan mat-mat soruşdu...
Xalıq kişi başını ağır-ağır qaldırıb saldı. Qarının qolları boşaldı, dizlərinin taqəti tükəndi, ayaq üstə dayana bilməyib, qapının dibindəcə yerə çökdü.
Xalıq kişi şeyləri daşıyıb arabaya doldurdu, uşağı onun üstünə mindirdi. Arabanı Sənubərin atası evinə sürdürdü. Dünənki şərtə görə, gəlin bu axşam oradan atlanacaqdı...
Məclis şən keçirdi. Başdan-başa sədəfə tutulmuş sazını sinəsinə basıb bayaqdan nərə çəkən aşıq, indi də sazı silah kimi çiynindən aşırıb ortada asta-asta gəzinir, dastan başlayıb, şirin dillə keçmiş aşiq-məşuqların məhəbbət macəralarından danışırdı.
Növbənöv yemək-içmək şeyləriylə dolu süfrənin başında əyləşən- lənlərin hamısı susurdu. Aşıq söhbətinə ara verib, sazı yenidən bağrına basdı. İncə telləri dilə gətirərək, bir də cəh-cəh vuranda, adamlar arasında çaxnaşma düşdü, bütün məclis ayağa qalxdı. Aşıq cəh-cəhəni xırp kəsdi. Qapıda qəmgin baxışlı, ciddi görkəmli, saç-saqqalı dümağ bir qoca dayanmışdı. 
Xalıq kişi içəri girdi. Məclisə salam verib, təmkinlə irəli yeridi. Ona tezcə yer düzəltdilər, aparıb yuxarı başda əyləşdirdilər, qabağına isti xörək gətirib qoydular. Ancaq o, heç nəyə əl vurmadı, bir stəkan çay istədi və or¬tada durub qalmış aşığa davam etmək işarəsi verdi.
- Çal, aşıq, çal!
Aşığın səsi daha şən, daha gümrah dilləndi.
Xalıq kişi məclisdə az oturdu. Çayını içib ayağa durdu, aşığa nəmər verib, toy yiyəsinə “toyun mübarək”, - dedi və gəldiyi kimi də vüqarla, təmkinlə çıxıb getdi.
...Xalıq kişi evdən çıxandan bəri Gülüstan qarı bir küncə qısılıb oturmuşdu, gözünün yaşı qurumamışdı. Xalıq kişi gəlib onu yenə eyni vəziyyətdə tapdı, əyilib qolunu qarısının boynuna saldı, çöməlib onunla yanaşı əyləşdi. Qəhərdənmi, sevincdənmi, ya nədənsə səsi titrəyə-titrəyə:
- Gözünün yaşını sil, ay Gülüstan, gəlinə sən də xeyir-dua ver, - dedi. - Qoy getsin özünə ev-eşik qursun, oğul-qız anası olsun. Hər bir kəs, ona verilmiş ömrü insan kimi yaşamalıdı. Biz daha bu gün-sabahlığıq, köçümüz yol üstədi. Onu da özümüzlə qocaldıb, günaha batardıq.
Qarı dinmədi. Yetimləmiş uşaq kimi, yanıqlı-yanıqlı içini çəkdi.