30 may - böyük Azərbaycan şairi Mirzə Ələkbər Sabirin doğum günüdür

Bölmə: 30.05.2019

 

Mirzə Ələkbər Sabir
(1862-1911)

Azərbaycan şairi. Məşhur “Hophopnamə” kitabının müəllifi. Bədii yaradıcılığa erkən yaşlarında - Şamaxıda, Seyid Əzim Şirvaninin məktəbində oxuduğu illərdə başlayıb. İlk şeirlərini Sədi və Füzulinin təsiri altında lirik üslubda, əsasən qəzəl janrında yazıb. “Molla Nəsrəddin” jurnalı nəşrə başladığı dövrlər - 1906-cı ildə “Hop-hop” imzası ilə nəşr etdirdiyi ictimai məzmunlu satiraları Azərbaycanın hüdudlarını aşaraq, Yaxın Şərq ölkələrində də məşhurlaşıb.

 

Daş qəlbli insanları neylərdin, ilahi?!

Daş qəlbli insanları neylərdin, ilahi?!

Bizdə bu soyuq qanları neylərdin, ilahi?!

 

Artdıqca həyasızlıq olur el mütəhəmmil,

Hər zülmə dözən canları neylərdin, ilahi?!

 

Bir dövrdə kim, sidqü səfa qalmayacaqmış -

Bilməm belə dövranları neylərdin, ilahi?!

 

Məzlumların göz yaşı dərya olacaqmış -

Dəryaları, ümmanları neylərdin, ilahi?!

 

Səyyadi-cəfakardə rəhm olmayacaqmış -

Ahuları, ceyranları neylərdin, ilahi?!

 

Bağın, əkinin xeyrini bəylər görəcəkmiş -

Töxm əkməyə dehqanları neylərdin, ilahi?!

 

İş rəncbərin, güc öküzün, yer özününkü, -

Bəyzadələri, xanları neylərdin, ilahi?!

 

Hökm eyləyəcəkmiş bütün aləmdə cəhalət -

Dildadeyi-irfanları neylərdin, ilahi?!

 

Surtuqlu müsəlmanları təkfirə qoyan bu,

Döşdüklü müsəlmanları neylərdin, ilahi?!

 

Yaxud buların bunca nüfuzu olacaqmış -

Beş-üç bu süxəndanları neylərdin, ilahi?!

 

Qeyrətli danosbazlarımız iş bacarırkən -

Tənbəl, dəli şeytanları neylərdin, ilahi?!

 

Ərlər hərə bir qız kimi oğlan sevəcəkmiş -

Evlərdəki nisvanları neylərdin, ilahi?!

 

Tacirlərimiz Sonyalara bənd olacaqmış -

Bədbəxt Tükəzbanları neylərdin, ilahi?!

 

Sübhanəkə, sübhanəkə, sübhanəkə, ya rəb!

Baxdıqca bu hikmətlərə heyran oluram həp!..

 

***

 Kim nə deyər bizdə olan qeyrətə?!

 

Kim nə deyər bizdə olan qeyrətə?!

Qeyrətimiz bəlli bütün millətə!..

 

Biz qoca qafqazlı igid ərlərik,

Cümlə hünərməndlərik, nərlərik,

İş görəcək yerdə söz əzbərlərik,

Aşiqik ancaq quru, boş söhbətə,

Kim nə deyər bizdə olan qeyrətə?!

 

Çırmanarıq keçməyə çay gəlməmiş,

Başlayarıq qızmağa yay gəlməmiş,

Söz verərik indi - bir ay gəlməmiş,

Asta qaçıb dürtülərik xəlvətə,

Kim nə deyər bizdə olan qeyrətə?!

 

Cümlə cəhan yatsa da, biz yatmarıq,

Qeyrəti-milliyyəmizi atmarıq,

Əhlimizi başqalara satmarıq,

Bir quruşa, bir pula, ya bir çetə,

Kim nə deyər bizdə olan qeyrətə?!

 

Bizdə görünməz nə fəsadü nifaq,

İşləmədə bir-birimizdən qoçaq,

Bax, budur islamı gətirrik qabaq;

Boyləcə xidmət olunur millətə,

Kim nə deyər bizdə olan qeyrətə?!

 

Bir işə min hümmətimiz var bizim!

Bax, neçə cəmiyyətimiz var bizim!

Bunda gözəl niyyətimiz var bizim;

Ay barakallah, bu gözəl niyyətə!

Kim nə deyər bizdə olan qeyrətə?!

 

Hansı məkatib ki, onu açmadıq?

Hansı sənayə ki, para saçmadıq?

Verdiyimiz sözdən uzaq qaçmadıq;

İşlərimiz mindi bütün surətə!..

Kim nə deyər bizdə olan qeyrətə?!

 

Bax, necə darüləcəzə, dari-elm!

Bir neçə məktəb, neçə asari-elm!

Bizlərik, əlbəttə, xəridari-elm!

Çatmışıq ondandı belə hörmətə!..

Kim nə deyər bizdə olan qeyrətə?!

 

Bizdə nə fəhlə tapılar, nə gəda,

Bizdə nə sail və nə bir binəva,

Bəxtəvər övladımıza mərhəba!

Baş aparıb hər biri bir sənətə!..

Kim nə deyər bizdə olan qeyrətə?!

 

Etmişik ifa atalıq mehrini,

Çəkmişik övladımızın fikrini,

Ömrümüz olsa görərik bəhrini,

Onda ki, onlar uyacaq sirqətə,

Həbsdə məşğul olacaq işrətə,

Fəxr edərik biz də bütün millətə!

Kim nə deyər bizdə olan qeyrətə?!

Ay barakallah, bu gözəl niyyətə!..

 

***

 

Sanma əzdikcə fələk bizləri viranlıq olur.

Un təmənnası ilə buğda dəyirmanlıq olur!

 

Qarışıqdır hələlik millətin istedadı, -

Ələnirsə, safı bir yan, tozu bir yanlıq olur!

 

Çalxalandıqca, bulandıqca zaman nehrə kimi,

Yağı yağ üstə çıxır, ayranı ayranlıq olur!

 

Kim ki, insanı sevər, - aşiqi-hürriyyət olur,

Bəli, hürriyyət olan yerdə də insanlıq olur!

 

Ey ki, dersən, ürəfa rahi-xətadə bulunur,

Elmi-məntiqcə bu söz bəhreyi-nadanlıq olur!

 

Ürəfa dersən özün, əhli-xəta dersən özün,

Düşünürsənmi bu sözdə necə hədyanlıq olur?

 

Gözünü xirələdirmi günəşi irfanın?

Haydı, xəffaşsifət, buncamı xulqanlıq olur?!

 

Tanırıq biz sizi artıq, demə ha, biz beləyik,

Tanılır ol kişi kim, tutduğu meydanlıq olur!

 

Baxmasız guşeyi-çeşm ilə fəqiranə tərəf,

Yüyürürsüz ora kim, dadlı fisincanlıq olur!..

 

Adətimiz daş idi dəva günü

 

Adətimiz daş idi dəva günü

Tullandıq əldə sapan qıjhaqıj.

 

Hər kəsə dəysəydi edərdi haman,

Bir neçə gün ahü-fəğan, ufhauf.

 

Mərhəm olurdu, sağalırdı yara,

Əldə qalırdı yenə can sapbasağ;

 

İndi revolverdi, dönüm başına,

Nagəh olur gülləfəşan partapart.

 

Onda görürsən yıxılıb yanbayan

Bir neçə növrəstə cavan laybalay.

 

Tüf belə dövranə ki, bədtər olur

Seyri-fələk, dövri-zaman ilbəil!

 

Milləti-islam qırır bir-birin,

Allah aman, bu nə yaman qırhaqır!

 

Qardaşa bax qardaşını öldürür,

Vəhşi olub əhli-cəhan sərbəsər.

 

Milləti gördükcə belə hərcü-mərc,

Könlüm olur dopdolu qan qatbaqat.

 

Böylə gedərsə Bakı əldən gedər,

Qalmaz o məvadə aman hiç, hiç!

 

Bari, xudaya, özün islah qıl,

Ta edələr pirü cəvan sülh, sülh!