Görkəmli şəxsiyyətlər İsmayıl Şıxlı haqqında

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 28 yanvar 2019-cu il tarixli sərəncamı ilə bu il Xalq yazıçısı, görkəmli ədəbiyyatşünas, pedaqoq və ictimai xadim İsmayıl Şıxlının 100 illiyi qeyd olunur.

XX əsr Azərbaycan bədii nəsrinin inkişafında müstəsna rolu olan İsmayıl Şıxlı xarakterlər və yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik obrazlar silsiləsi yaradıb. Onun “Dəli Kür” romanı milli ictimai şüurda dönüşə və özünüdərkə yol açan ədəbi-mədəni hadisə hesab olunur. Üslub mükəmməlliyi, bədii dilin obrazlılığı, daxili aləmin təsvirinin genişliyi və əlvanlığı İsmayıl Şıxlı nəsrinə xas olan səciyyəvi cəhətlərdir.

Azərbaycanın görkəmli şəxsiyyətlərinin müxtəlif dövrlərdə İsmayıl Şıxlı haqqında söylədikləri fikirləri təqdim edirik.

***

İsmayıl Şıxlının əsərlərindən gənclərimizin, hər bir Azərbaycan vətəndaşının aldığı təəssürat onları milli azadlıq ruhunda tərbiyə edibdir, onlar bu ruhda püxtələşibdir, vətənpərvər kimi yetişibdir və xalqımızı elə bir səviyyəyə çatdırıbdır ki, o öz milli azadlığını və müstəqilliyini əldə edibdir.

Heydər Əliyev, Ümummilli lider

 

İsmayıl Şıxlı bildiyi həyatdan yazır. Əsərdəki ictimai həyat səhnələri, xalqın adətləri, təbiət mənzərələri – yazıçının göz açdığı gündən gördüyü, sevdiyi, tanıdığı səhnələr, adətlər və mənzərələrdir. İsmayıl Şıxlı Azərbaycan klassik və sovet ədəbiyyatının yaxşı ənənələrini öyrənmiş, mənimsəmiş və onlara sadiq qalmağa çalışmışdır.

Mirzə İbrahimov, Xalq yazıçısı

 

Şıxlı “Müəllimin almaları” adlı bir yaxşı hekayə yazmışdır. Bu hekayənin yazılışı, dili, təsvir olunan hadisə maraqlı və səlisdir.

Rəsul Rza, Xalq şairi

 

İsmayıl Şıxlı öz həyat və fəaliyyətində olduğu kimi, ədəbi mühitə münasibətində də ali, ülvi duyğularla, qayğıkeşliklə, sənətə düz qiymət verməklə, inam, əqidə və məslək sahibi olmaqla ədəbi mühitin inkişaf etməsinə xidmət göstərmişdir.

Buludxan Xəlilov, filologiya elmləri doktoru

 

İsmayıl Şıxlı üslubu əsl müasir üslubdur və bu üslub epik sakitliyi, təmkini ilə başqalarından seçilir.

***

Bizim çoxumuz, ali məktəb müəllimləri, zamanın havasına uyduq, təmiz adımızı qoruya bilmədik. İsmayıl Şıxlı isə bu adı ürəyi kimi təmiz saxladı.

Qulu Xəlilov, filologiya elmləri doktoru

 

İsmayıl Şıxlı Azərbaycan xalqının həyat və məişətinə, milli adət-ənənələrinə, milli ruh və psixologiyasına, onun varlığını təşkil və təmsil edən milli-mənəvi dəyərlərə dərindən bələd yazıçı idi.

Yaqub İsmayılov,  filologiya elmləri doktoru

 

Şıxlı elə ədəbi şəxsiyyətlərdəndir ki, öz yaradıcılığı ilə, istedad orijinallığı ilə Azərbaycan nəsrinin böyük hadisəsinə çevrildi.

Məhərrəm Hüseynov, filologiya elmləri doktoru

 

İsmayıl Şıxlı realist yazıçıdır və əlinə qələm aldığı dövrdən zəmanəsinin gerçəklərini təsvir edibdir.

Sabir Azəri, nasir, tərcüməçi

 

Azərbaycan ədəbi-mədəni, ictimai-estetik təfəkküründə İsmayıl Şıxlı obrazı yazıçının yaratdığı obrazlardan, əgər belə demək mümkündürsə, daha mükəmməl, daha məşhur, daha bədiidir... O, həyatı, fəaliyyəti, yaradıcılığı ilə təkrarsız bir obraz – İsmayıl Şıxlı obrazı, qeyri-adı metafora – İsmayıl Şıxlı metaforası yaratdı.

Nizami Cəfərov, akademik

 

İsmayıl Şıxlı bizim haqq deyən, haqq söyləyən, ədalət söyləyən ziyalımızdır.

Yusif Səmədoğlu, Xalq yazıçısı

 

İsmayıl Şıxlı elə sənətkar idi ki, təsvir etdiyi hər hansı bir dövrü bütün ictimai-mənəvi aspektləri, təmayülləri ilə bədii reallığa çevirirdi.

Vaqif Yusifli, filologiya elmləri doktoru

 

İsmayıl Şıxlı böyük insan, böyük sənətkar və müəllim idi... İsmayıl Şıxlı mədəniyyət tariximizdə yazıçı, pedaqoq, ictimai xadim kimi özünə şərəfli yer qazanmışdır.

Paşa Əfəndiyev, filologiya elmləri doktoru

 

 İsmayıl Şıxlı yalan dünya ilə haqq dünyasını, maddiyyat düşüncələri ilə mənəvi paklığı uca tutanları, iblislərlə munisləri qarşılaşdırmaqla oxucularını əsl mətləblərdən agah edir, onların düşüncə sferasını genişləndirir və dərinləşdirir.

Nikolay Qasımov, filologiya elmləri doktoru

 

İsmayıl Şıxlının əsgər gündəliyində elə məqamlar var ki, onu nə qəzetdə, nə kitabda oxuya bilərsən, ən qaynar fantaziya belə onu doğura bilməz. Bu, cahanşümul hadisələrin fəal iştirakçısının təcrübəsidir. Bu gündəlik ön xətlərdən biridir ki, hərbi mövzular buradan yeni zirvələrə qalxmağa başlamalıdır.

İvan Tretyakov, publisist, nasir, tənqidçi

 

Dünya bir pəncərədi, İsmayıl baxdı getdi,

Qılınc kimi parladı, Gün kimi şaxdı getdi,

“Dəli Kür” qoydu getdi, Dəli Kürə bərabər

Bir əsrin ağrısıydı, yanğısıydı bu əsər.

Nəriman Həsənzadə, Xalq şairi